Xəbər xətti
21-06-2021
20-06-2021
Yazarlar





Rublika
Arxiv
«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Ən çox oxunanlar
Sorğu

Laçında doğuldu, Qubadlıya gəlin köçdü, Sumqayıtda ilk qadın bələdiyyə üzvü oldu...

Baxılıb: 2244     Tarix: 18-05-2021 17:41   
Laçında doğuldu, Qubadlıya gəlin köçdü, Sumqayıtda ilk qadın bələdiyyə üzvü oldu...

Hər il təqvimdə qara işarələyib, qəm-kədər içində Laçının işğalı günü kimi qeyd etdiyimiz gündü bu gün. Ancaq daha biz o günü tarixin arxivinə gömdük. Yaşadıqlarımızı unutmamaq, tarixi yaddaşlardan silməmək şərtilə 18 may tarixinin üzərindən qara ləkəni sildik. Laçın azadlığına qovuşdu, biz də qürurumuza. Laçında doğulub, Şuşada təhsil alan, Qubadlıya gəlin köçən, erkən yaşda həyat yoldaşını itirib, ailə yükünü zərif çiyinlərində daşıyan, minlərlə soydaşı kimi yurd itkisi yaşayan, ancaq ayaqda qalmağı bacaran dəyərli bir xanımla o illərdən, illərin əziyyətindən və nəhayət ömrümüzə yazılan Qələbə sevincindən danışdıq. İctimai fəaliyyəti ilə həmişə öndə olan həmsöhbətimlə xatirələri çözələdik, kövrəldik, ümidimizi çıraq tutduq viran qalmış yurd yerlərinin üstünə. İnam duyğuları ilə sabaha boylandıq... Sumqayıtın ilk qadın bələdiyyə üzvü Gülrəng Cümşüdovadı həmsöhbətim. Söhbətdaşım gənc yaşlarından ictimaiyyətçi olub, sonralar taleyin sərt üzü onu doğma yurdundan didərgin salanda balaları ilə birgə Sumqayıt şəhərinə pənah gətirib. Sumqayıt şəhərinin ictimai, siyasi həyatında da fəallığı ilə seçilib. Müxtəlif titul və təltiflərinin olmasına, illərlə yüksək vəzifələrdə çalışmasına baxmayaraq çox sadə və təvazökardır. Səmimiyyəti, çalışqanlığı, işgüzarlığı ona həmişə hörmət gətirib. Mən də bu alicənab xanımın səmimiyyətinə sığınıb könlündən, dilindən qopanları sizinlə bölüşürəm...

Sumqayitfakt.Az əməkdaşımızın əslən Laçından olan, uzun illər Sumqayıt bələdiyyəsində müxtəlif vəzifələrdə çalışmış Gülrəng Cümşüdova ilə müsahibəsini təqdim edir:

Qeyd edək ki, Gülrəng Nəsir qızı Cümşüdova 4 may 1951-ci ildə Laçın rayonunun Mığıdərə kəndində anadan olub. O, 1970-ci ildə Şuşa Pedaqoji Texnikumunu bitirdikdən sonra Laçın rayonunda müəllim kimi əmək fəaliyyətinə başlayıb. Sonra Azərbaycan Dövlət Pedaqoji Universitetində Azərbaycan dili və ədəbiyyatı fakültəsində ali təhsil alıb. Müəllimlik fəaliyyətinin uğurlu nəticəsinə görə Təhsil Nazirliyinin qərarı ilə “Baş Müəllim”, “Metodist müəllim”, “Ali kateqoriyalı müəllim” adlarına layiq görülüb.
Gülrəng Cümşüdova pedaqoji fəaliyyəti ilə yanaşı, uzun müddət Qubadlı rayonu “Şəhid anaları xeyriyyə mərkəzi”nin sədri vəzifəsində də işləyib. 1998-ci il 27 iyul tarixdə Respublika Sarayında Qaçqınlar və Məcburi Köçkünlərin məsələlərinə həsr olunmuş Ümumrespublika müşavirəsində iştirak eib. Ulu Öndər Heydər Əliyevin iştirak etdiyi həmin müşavirədə geniş məzmunda çıxış edib. 1999-cu il 13 iyun tarixdə Respublika İdman-Konsert Kompleksində Ulu Öndər Heydər Əliyevin Azərbaycanda siyasi rəhbərliyə gəlməsinin 30 illiyinə həsr olunmuş “Quruculuq Salnaməsi” sərgisinin açılışında iştirak edib və şəxsən Ulu Öndərlə görüşüb.1999-cu il 12 dekabr tarixdə Sumqayıt Bələdiyyəsinə üzv seçilib. Həmin vaxtdan Sumqayıt Bələdiyyəsi İcra aparatının təşkilat şöbəsinin müdiri, 2002-ci ildə isə Bələdiyyə Qulluqçuları Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifələrində çalışıb. 24 sentyabr 2004-cü il tarixdə bələdiyyə işində səmərəli fəaliyyətinə görə “Bələdiyyə Bayrağı döş nişanı” ilə təltif olunub. Azərbaycan Respublikası Həmkarlar İttifaqı Konfederasiyasının yaranmasının 15 illiyi münasibəti ilə 10 aprel 2008-ci il tarixdə Həmkarlar İttifaqı hərəkatında xidmətinə görə “Yubiley medalı” ilə təltif olunub və məclis üzvüdür. Sumqayıt şəhərinin sosial-iqtisadi həyatında, yerli özünüidarəetmənin təşkili və inkişafında, əhaliyə göstərilən ictimai xidmətlərin müvəffəqiyyətlə idarə edilməsində göstərdiyi xidmətlərə görə Fəxri Fərmanlara layiq görülüb. Dəfələrlə Müəllimlər, Qadınlar, Həmkarlar İttifaqı, Qırmızı Aypara Cəmiyyətinin Qurultaylarına nümayəndə seçilib.
5 övladı, 14 nəvəsi var.


- Xoş gördük, Gülrəng xanım! Bir neçə gün əvvəl yubiley yaşınızı qeyd etdiniz. Bu münasibətlə sizi təbrik edir, sağlam ömür diləyirəm.

-Xoş günlər görəsiz. Təşəkkür edirəm, var olun!

- Ömür var ki, boşa gedər, yaşanıb-yaşanmadığı bilinməz. Siz dolu, zəngin bir ömrün sahibisiniz. 70-dən geri boylananda Gülrəng xanım həyatında nəyin və yaxud nələrin əksikliyini duyur?

- Ömrümün 19 ilini təhsilə sərf etmişəm. Ailə həyatı qurmuşam, həyat yoldaşımı tez itirmişəm. O qədər ağrılı -acılı illər keçirmişəm ki, heç geri boylanmaq istəmirəm. Düzdü, əmək fəaliyyətimdə məhsuldar olmuşam, ancaq əzab-əziyyətim həddindən artıq çox olub. Onun üçün də geri boylanmıram, daim irəli baxıram. Cavanlara da arzulayıram ki, geri boylanmasınlar, daim irəli baxsınlar.

-Daima fəaliyyətdə olan bir xanım kimi ailə ilə iş arasında vaxt, qayğı balansını necə tarazlaya bilmisiniz?

- Çox doğru dediniz, daima fəaliyyətdə olmuşam, 51 illik iş stajım var. 1970-ci il avqust ayının 1-dən müəllimlik fəaliyyətinə başlamışam. Bu 51 ildə istər ailədə, istərsə də işdə üzərimə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışmışam, qayğılar həmişə olub və mən bu yükü daşımağa, qayğıları çəkməyə səfərbər olmuşam. Çox çətindi, ancaq məndəki həyata inam, əzmkarlıq, balalarımı böyütmək, təhsil vermək, iş, ev, ailə sahibi etmək arzusu məni heç vaxt sınmağa qoymayıb. Düşünürəm ki, bütün çətinliklərə baxmayaraq, öhdəsindən gəlmişəm...

- Doğulduğunuz Laçın torpağı 29 ilə yaxın düşmən əsarətində qaldı. Bu illər ərzində yurd həsrətinə necə dözdünüz?

- Atalar deyib ki, ellə gələn qara gün toy bayramdı. 29 illik həsrət tək mənim deyil, bir milyon məcburi köçkün və qaçqınların həsrəti idi. Yurd həsrətini birlikdə çəkmişik. Bizi yaşamağa vadar edən bizim öz prezidentimizə ümid çırağı kimi baxmağımız olub. Bu barədə mən ulu öndər Heydər Əliyevlə görüşəndə ona da demişdim. Biz onu ümid çırağı sanmışıq. Ona görə də heç vaxt sınmamışıq və yurd həsrətinə dözüb dayanmışıq.

-İçinizi sızladan yurd həsrətinin bitəcəyinə inanırdınızmı?

- Düzünü deyim ki, son vaxtlar tamam inamım itmişdi. İllər əvvəl ulu öndərimizə müraciət edərək dedim ki, bizim məcburi köçkün həyatımıza son qoy, bizim alnımızdakı damğanı götür. Cənab prezident bir az diqqətlə mənə baxdı və dedi ki, ana, heç narahat olma, Allah qoysa sizin əzəli yurdlarınızı alacağıq, siz oranın əbədi sakinləri olacaqsız. Çox inanırdım. Amma son illər heç inamım qalmamışdı, elə hey düşünürdüm: bu yurd həsrəti bitəcəkmi, bitməyəcəkmi...

-İctimai, siyasi, mədəni həyatında fəallıq göstərdiyiniz Qubadlının xarabalıqlarını gördükcə nə hislər keçirirsiniz?

-O xarabalıqlara baxarkən insan özünü o qədər pis hiss edir ki, onu sözlə ifadə etmək mümkün deyil. Həyat yoldaşım 37 yaşında dünyasını dəyişib, məzarı Qubadlıdadı. Müharibədən sonra oğlum gedib atasının qəbir yerini tapa bilməyib. Böyük bir qəbristanlıqda beş köhnə qəbir daşı qalıb, qalan hamısını vəhşilər, barbarlar yerlə yeksan ediblər. Buna ürək necə dözər. Çox ağrılıdı. Ancaq səbr edirik, inanırıq ki, orada biz yenidən qurub yaradacağıq.

-Ötən ilin sonlarında nəhayət ki, işğal altında olan torpaqlarımızı geri qaytarmaq nəsibimiz oldu. Ata-baba yurdunuzun azadlıq xəbərini necə qarşıladınız?

- 44 gün biz gecə -gündüz yatmadıq. Allaha dua etdik, ordumuza kömək, prezidentimizə can sağlığı dilədik. Biz bu Qələbəni 30 il idi gözləyirdik. O Qələbə sevinci heç nə ilə əvəz olunmaz. İllərlə həsrət qaldığın yurd yerlərinin, atanın-ananın, doğmalarının dolaşdığı torpaqların qaytarılması ifadə olunmaz hislər yaratdı bizlərdə. Bu elə bir sevincdi ki, insanın az qalır ürəyi partlasın.

-İş fəaliyyətinə müəllim kimi başlamısınız. Və bu sahədə nailiyyətləriniz var. Müxtəlif titullar, mükafatlar qazanmısınız. Bir müəllim kimi ən böyük uğurunuz nədir?

-Bir müəllim kimi ən böyük uğurum yetişdirdiyim “meyvələrdi”. Bu gün şagirdlərim müxtəlif sahələrdə, müxtəlif vəzifələrdə çalışır. Azərbaycanın hər yerindən müəllim, həkim, mühəndis, hərbçi və.s peşə sahibləri olan şagirdlərimin sorağını alıram. Vaxtı ilə dərs dediyim şagirdlərimi yüksək rütbəli hərbçi kimi görəndə iftixar hissi keçirirəm. Şagirdlərimə fənn tədrisi ilə yanaşı vətənpərvərlik hissi aşılaya bildiyim üçün çox xoşbəxtəm. Dördüncü sinifdən buraxılışa qədər dərs dediyim, sinif rəhbəri olduğum şagirdlrimdən biri Sevil xanım indi Sumqayıt şəhər 16 saylı orta məktəbin direktorudu. Bundan böyük nə uğur ola bilər. Yetirmələrim mənim qürur yerimdi.

-22 illik tarixi olan Sumqayıt Bələdiyyəsinin ilk üzvlərindənsiniz. Necə oldu ki, bu quruma üz tutdunuz, seçki prosesinə qoşulmaq öz istəyiniz idi, ya namizədliyiniz irəli sürülmüşdü?

- 22 il bundan əvvəl bizim cəmiyyətdə çox az sayda adamın bələdiyyə haqqında məlumatı varıydı. Yeni bir qurum idi. Həmin dövrlərdə mən müəllimliklə yanaşı Qubadlı rayon "Şəhid anaları xeyriyyə mərkəzi"nin sədri vəzifəsini icra edirdim. Və sədr kimi müxtəlif tədbirlərdə iştirak və çıxış edirdim. Həmçinin, Ulu öndər Heydər Əliyevin, on dörd nazirin, iki min beş yüz nəfərin iştirak etdiyi Qadınların birinci qurultayında da məruzəçi olmuşam. İctimai fəallığım, çalışqanlığım qədirbilən Laçın, Qubadlı ictimaiyyətinin nəzərindən yayınmadı. Həm öz istəyim oldu, həm də onlar məni o yerə layiq gördülər. Seçki prosesinə qoşuldum və səs toplayaraq bələdiyyə üzvü seçildim. Sumqayıt bələdiyyəsinə seçilmək həyatımda yeni bir səhifə açdı. Özümü bir şanslı insan sayıram ki, yarım milyolnuq əhalisi olan böyük bir şəhərin ilk qadın bələdiyyə üzvü olmuşam. Şəhərin sayılıb-seçilən qurucularından on səkkiz nəfər kişinin içində bir qadın seçilmişəm. Çox vaxt şəhərdə mənə on səkkiz qardaşın bir bacısı deyirdilər.

- Sonrakı iş fəaliyyətiniz də məhz Sumqayıt Bələdiyyəsi ilə bağlı olub, qurumda müxtəlif vəzifələri icra etmisiniz. Əməyiniz yetərincə dəyərləndirilibmi?

- Bəli, mən bələdiyyədə hər bir uğura, müvəffəqiyətə nail olmuşam. Həmişə də əməyim yüksək qiymətləndirilib. “Qabaqcıl Bələdiyyə Bayrağı” döş nişanı ilə təltif olunmuşam. Fəaliyyət göstərdiyim bələdiyyədə təşkilat şöbəsinin müdiri vəzifəsilə bərabər, 2002 -ci ildən Sumqayıt bələdiyyəsində ilk həmkarlar təşkilatının sədri kimi də fəaliyyət göstərmişəm. Neçə-neçə qurultayların- Müəllimlər, Qadınlar, Həmkarlar İttifaqı qurultayının nümayəndəsi olmuşam. Və həmişə işimə yetərincə dəyər verilib, diqqət göstərilib.

-Taleyinizə yazılan 3-cü şəhər kimi Sumqayıtın inkişafında, ictimai, siyasi, mədəni həyatında rolunuz böyükdür. Bu şəhər sizə nə dərəcədə doğmadır?

- Bu şəhər bizə qol-qanad gərib, qucaq açıb. İllərlə qurub yaratdığımızı, varımızı itirib, heç nəsiz bu şəhərə pənah gətirmişik. Evlərinin, məktəblərinin, bağçalarının və. s qapısını üzümüzə açıb bu şəhər. Ümumiyyətlə, bu şəhər bizə övladı, balası kimi mehriban davranıb, sevgisini əsirgəməyib. Sumqayıt bizim üçün ikinci yurd yeridi, əzizdi, doğmadı. Sumqayıtla bağlı gözəl xatirələrimiz var və yurdumuza dönəndə həmişə bu şəhəri xoş hislərlə xatırlayacağıq. Elə düşünürəm ki, ən az ildə bir dəfə Sumqayıta gəlməsək onun üçün çox darıxacağıq. Övladlarımı bu şəhərdə böyütmüşəm. Burda mən yüzlərlə şəhid və qazi ailələri ilə təmasda olmuşam. Sumqayıt mənim üçün həmişə əziz olub, əzizdi və əziz olaraq qalacaq.

-Xarakterinizdəki məğrurluğu yəqin ki, Laçın dağlarının əzəmətindən almısınız?

-Doğrudur! Bir adam ki, Kirs dağlarının ətəyində böyüyə, buz bulaqların suyundan içə, sıx meşəliklərin havasını uda, o məğrur olmaya bilməz. O, həmişə uca zirvələri fəth eliyən bir qəhrəman olmalıdı.

-Ziyarət etmək imkanı yaradılsaydı ilk hara gedərdiniz, ata ocağına, yoxsa...?

- Bütün Qarabağ mənim üçün əzizdi. Yəni, ayaq basmaq imkanım olsa bütün Qarabağı ziyarət edərdim. Yox, əgər doğulduğum torpaqla, yuva qurduğum torpaq arasında seçim etməli olsam, Laçın Qubadlıdan sonradı, gərək Qubadlıdan keçəm ki, gedəm Laçına. Və yaxud da Şuşadan gəlsəm, onda da birinci Laçına baş əyərəm, sonra Qubadlının daşını-torpağını öpüb, gözümə sürtərəm. Əslində fərq qoymuram, mənim üçün Laçın da, Qubadlı da, Şuşa da əzizdi. Hər üçü şəhər mənim taleyimdə iz buraxı. Birində doğulub boya-başa çatmışam. Birində gəncliyim, təhsil illərim keçib. Birində ailə qurub, ev-eşik sahibi olmuşam. Böyük İftixar hissi duyuram və fəxr edirəm ki, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin komandanlığı ilə rəşadətli ordumuz torpaqlarımızı işğaldan azat etdi və bizə o Zəfər gününü yaşatdı.

- Ağrılı, sevincli, xatirəli, arzulu, dualı səmimi söhbət üçün sizə təşəkkür edirəm, Gülrəng xanım!

- Sağ olun. Mən də diqqətiniz üçün sizə təşəkkür edirəm.

Söhbətləşdi: Sevinc Qərib
Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər