Xəbər xətti
23-07-2021
21-07-2021
Yazarlar





Rublika
Arxiv
«    İyul 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Ən çox oxunanlar
Sorğu

"Sənə inanmazlar, sən inanmasan"-Zülfüqar QODMANLI

Baxılıb: 3696     Tarix: 12-02-2016 20:29   
Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsi hər həftə “Yad et məni” silsiləsindən şəhərimizdə yaşayıb dünyasını dəyişən qələm sahiblərinin birinin əsərlərindən nümunələri Sumqayitfakt.az-da oxuculara təqdim edir:

"Sənə inanmazlar, sən inanmasan"-Zülfüqar QODMANLI


İNAM

Sənə inanmazlar, sən inanmasan,
Özünə inanan, özünü danmaz.
Mininin eşqiylə əgər yanmasan,
Biri də eşqinə alışıb yanmaz.

Ölümə getsən də bu, bir adətdir,
İnan gələcəyə, inan özünə.
Ən böyük dəhşətdir, məğlubiyyətdir,
Əgər inanmırsa insan özünə.

Həm inan, həm yoxla yanılmayasan,
Şəfəqdən don geyən səhərin olsun.
İnanmaq özü də deyildir asan,
Gərək ağlın olsun, hünərin olsun.

İnamsız yaşama, inamsız olma,
Ya bahara inan, ya qışa inan.
İnamsız yaşama, inamsız olma,
Barı bir ağaca, bir daşa inan.

Kiməsə, nəyəsə inanmalısan,
İnamsız yaşamaq çətindir, çətin.
Ya gərək özünə inansın insan,
Ya da varlığına əbədiyyətin.

Fikrin çəmənində şübhələr bitir,
İnamda şübhələr bitirmə ancaq.
Dövlətini itir, varını itir,
Çalış inamını itirmə ancaq.

İnamla dağı da çapıb talarsan.
Poladdan möhkəmdir, dağdan mətindir.
Varını itirsən, yenə taparsan,
İnamı itirsən tapmaq çətindir.

İnamla qızıldır söyləsən daşa,
Daş qızıla dönər, qızıl olacaq.
İnana - inana həyatda yaşa,
Yaşaya - yaşaya inanma ancaq.

İnam xöşbəxtlikdir, nur çilər gözə,
Ən güclü, qüdrətli silahımızdır.
Əgər inanmasaq bir - birimizə,
Bu, bizim ən böyük günahımızdır.

UCUZLAŞARMIŞ

Yarat ad - san olanda,
Yaşa insan olanda.
Həyat zindan olanda,
Zindan ucuzlaşarmış.

Kimdir dünyada qalan,
Kitabda yadda qalan,
Ayaq tutanda yalan,
Böhtan ucuzlaşarmış.

Xəstə üçün nə fərman,
Nə təmtəraq, nə qurban.
Sağaltmayanda dərman,
Loğman ucuzlaşarmış.

Geri dönməz o anlar,
O qayğılar, inamlar.
Şeytanlaşsa insanlar,
Şeytan ucuzlaşarmış.

Hünər cəbhə yaranda,
Yorulan da, yoran da.
Küt meydan suvaranda,
Meydan ucuzlaşarmış.

Qorxutmayıb şaxta - qar,
Səni heç vaxt Zülfüqar,
Bağın verməyəndə bar,
Bağban ucuzlaşarmış.

Dərya aşıb - daşanda,
Su - od qucaqlaşanda.
Hər şey bahalaşanda
İnsan ucuzlaşarmış.

SÜNİ ÜRƏK

Soyuqluq sünilik insanda varkən,
İnsan süni ürək niyə yaratdı?
Dünya arzumuza hələ dar ikən,
Ağlımız dünyanı niyə daraltdı?

Nə arzusu olar,
Nə də istəyi.
Arzusuz, diləksiz insan olarmı?
İnsanın olarsa süni ürəyi,
Ulu arzulara qurban olarmı?

Arzular, istəklər qəlbi tərk edər,
Danışan kötüyə çevrilər insan.
Sevməyi, duymağı bilməz tərgidər
İnsana biganə görünər insan.

Süni ürəklərdə cəsarət olmaz,
Cəsarət olmasa
İnsan ucalmaz.
Süni ürəklərdə məhəbbət olmaz,
Məhəbbət olarsa
İnsan qocalmaz.

Mənə sevinc deyil,
Kədər gətirdin,
Kədərim, sevincim bilinməz həkim.
Süni ürəkləri hədər gətirdin,
Gətirdin dünyaya dərdini çəkim?

Qorxub çəkinirəm süni ürəkdən,
Sinədə bu yükü daşımaq olmaz.
Yaşamaq olsa da süni çörəklə
Süni ürək ilə yaşamaq olmaz!
Bu dərdi ürəkdə daşımaq çətin,
Ürək döyünərmi süni diləklə?
Çətindir,
Yaşamaq, yaratmaq çətin
Süni məhəbbətlə,
Süni ürəklə!



Zülfüqar Qodmanlı


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər