Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Oktyabr 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu

Tanrının seçilmiş bəndələrindən olan bütöv insan (Esse)

Baxılıb: 4163     Tarix: 15-09-2022 22:11   


Azərbaycan Respublikasının Əməkdar jurnalisti Eyruz Surxay oğlu Məmmədovla
bizim tanışlığımızın və bu tanışlığın dostluğa çevrilməsinin tarixi 1976-cı ilə gedib
çıxır. Yadımdadır ki, mən həmin vaxt ali məktəbi bitirəndən sonra Hüseyn
Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrında aktyor işləyirdim. Və o dövrün
cavanları demək olar ki, tez-tez Sumqayıt teatrının tamaşalarına baxmağa
gəlirdilər. Tamaşalardan sonra olan müzakirələrdə fəal iştirak edirdilər. Yaradıcı
gənclər bu barədə mətbuatda maraqlı yazılar, ressenziyalar çap etdirdilər. Onlar
Sumqayıtda keçirilən mədən-kütləvi tədbirlərdə, bu şəhərə qonaq gələn məşhur
insanlarla olan görüşlərdə çox yaxından iştirak edirdilər. Bax, həmin cavanlardan
ən fəalı isə məhz Eyruz Məmmədov idi. Mən ondan üç yaş böyük olsam da, biz
Eyruza bir ağsaqqal kimi baxırdıq. Çünki dediyi orijinal fikirlər, hamıya diqqətlə
qulaq asması, hər bir məsələ haqqında maraqlı, məntiqli fikirlər söyləməsi, müdrik
düşüncə tərzində olması və hətta dünya şöhrətli insanlarla apardığı müsahibələr,
onlara verdiyi sualların orijinallığı onu ağsaqqal kimi görməyə əsas verirdi. Eləcə
də məşhurlarla keçirilən görüşlərdə Eyruzun onlara verdiyi dolğun suallar və
həmin insanların bu sualları yüksək qiymətləndirməsi onun cavan yaşında
mükəmməlliyinin göstəricisi idi. Eyruzun həmin vaxtlar Azərbaycanda ana
dilimizlə yanaşı, əsas dövlət dili kimi qəbul olunan rus dilini də dərindən bilməsi,
onu həmyaşıdlarından fərqli edirdi. Yazdığım bu məziyyətlərinə görə Eyruz
Məmmədovun bizdən fərqli olaraq dostları daha çox idi. Demək olar hamısı da
onunla hesablaşırdılar. Yadıma gəlir ki, lap cavanlıq illərindən Eyruz dünya
dahilərinin kəlamlarını, aforizmlərini toplayırdı və yeri gələndə onlardan həm
yazılarında və həm də dostlar arasında yerindəcə ustalıqla istifadə edirdi. Məşhur
fransız yazıçısı, filosofu Helvetsinin bu kəlamını ilk dəfə mən ondan eşitmişəm:
“Ürəyə sancılmış iynələri yalnız dost əli çıxara bilər”. Bəli, Eyruz həmişə
dostlarının yanında olub və onlara əlindən gələn köməkliyi əsirgəməyib.
1977-ci ildə Sumqayıt Dövlət Dram Teatrındakı işimlə paralel mənim şəhərin
tarixində ilk dəfə yaratdığım “Ümid” Teatr-Studiyasının məhz birinci ən böyük
təbliğatçısı idi Eyruz Məmmədov. Çünki o, həmişə yeni, eksperiment işlərin
tərəfkeşi idi. Kollektivimizin tamaşaları haqqında maraqlı yazılar yazırdı. “Ümid”
Teatr-Studiyası, 1979-cu ildə Mədəniyyət nazirin əmrilə Sumqayıt Gənclərinin
Xalq Teatrı adını alanda, 1980-ci ildə Moskvadan SSRİ Xalq Təsərrüfatı
Nailiyyətləri Sərgisindən Sumqayıta Qızıl medal gətirəndə ilk olaraq bütün bunlar
haqqında məhz Eyruz Məmmədov yazdı. Bizi öz işimizə həvəsləndirdi və
respublikada daha yaxşı tanıtdı...
Beləcə illər keçdi... Hər ikimiz həyatda təcrübə qazandıqca, uğurlar əldə etdikcə,
bir-birimizin uğurlarına sevindikcə daha da yaxınlaşdıq və əsl dost olduq.
Eyruz Məmmədov “Exo Sumqayıta” qəzetinə rəhbərlik etməyə başladığı ilk
günlərdən dünya səviyyəli informasiyalar toplayırdı. İnanırdıq ki, bütün bunlar
gələcəkdə xaqlımız üçün ən dəyərli yazılar olacaq. Bu informasiyaların, xəbərlərin
bəzilərinin əsasında Eyruz Məmmədov çox maraqlı məqalələr hazırlayıb dünya
mətbuatına çıxarırdı və oxucuları tərəfindən yüksək səviyyədə qarşılanırdı. Eləcə
də o, 1988-ci ilin fevral ayının 28 və 29-unda ermənilərin və SSRİ Dövlət
Təhlükəsizliyi Komitəsinin əlilə Sumqayıtda törədilən qanlı hadislər əsasında
“Sumqayıtın əks-sədası” adlı çox maraqlı kitablar yazdı. Bu kitablar əsasında
Eyruz Məmmədov çox istedadlı rejissor, vaxtsız vəfat eləmiş Davud İmanovla
birlikdə ssenari yazaraq “Sumqayıtın əks-sədası” adlı çox seriyalı sənədli
kinofilm araya-ərsəyə gətirdilər. Bu sənədli kinofilmdə çəkilən keçmiş SSRİ-nin
rəhbərlərilə Eyruz Məmmədov və Davud İmanovun görüşməsinə Moskvada
yaşayan həmyerlimiz, maraqlı nasir, dramaturq, ssenarist, mərhum dostumuz
Fərhad Ağamalıyev çox köməklik elədi. Belə ki o, həmin adamların telefonlarının
tapılmasında, onlarla görüşlərin təşkilində xeyli iş gördü. “Sumqayıtın əks-sədası”
keçmiş Sovetlər birliyində həqiqətən böyük əks-sədayartdı. Az bir vaxtda bu
kinofilmə görə Eyruz Məmmədov və Davud İmanov respublikamızda və MDB
məkanında çox məşhur oldular. Mən də hər iki dostumun bu uğurlarına çox
sevinirdim.
Eyruz topladığı maraqlı, tarixi məlumatlar haqqında biz dostlara çox böyük qürurla
danışırdı. İnanırdıq ki, bunlar gələcəkdə Azərbaycan üçün çox qiymətli yazılar
olacaq. Amma sən saydığını say, gör fələk nə sayır. Günlərin bir günü Eyruz
Məmmədovun “Exo Sumqayıta” qəzetindəki kabineti kimlər tərəfindənsə yarıldı
və oradakı kompüterlər və içindəki yazıların hamısı oğurlandı. Bax, bütün bunlarla
həmin şərəfsizlər dostumuz Eyruz Məmmədova böyük stresslər, depressiyalar
yaşatmaq, onu peşə fəaliyyətindən uzaqlaşdırmaq, vaxtından tez haqq dünyasına
qovuşdurmaq istəsələrdə, arzularına çata bilmədilər. Əslində onlar bu namərd
hərəkətlərilə dostumuza böyük güc, qüvvət, daha geniş işgüzarlıq, təxəyyül
verdilər. Eyruz həmin vaxtı cəmi dörd aya Sumqayıt şəhərinin 50 illik yubileyinə
həsr olunan 800 səhifəlik “Sumqayıtım mənim” adlı çox böyük, geniş həcmli
kitabını yazdı. Özü də kohnə bir kompüterdə. Bu kitab Sumqayıt tarixində bir
salnamə oldu. Çünki bu kitabda heç vaxt yazılmayan çoxlu oçerk, tarixi məqalə
toplanmışdı. Bu yazılar da gələcək nəsillərimiz üçün bir töhfə kimi qaldı. Həmin
kitabın Sumqayıtda çox geniş müzakirəsi oldu. Respublika mətbuatında bu haqda
çox yazıldı, televiziyalar verilişlər hazırladı. Beləliklə, Eyruzu diz çökdürmək
istəyənlərin arzuları ürəyində qaldı və özləri mənən diz çökdülər.
Eyruzun lap cavanlıq illərindən xasiyyətində olan yeddi cəhət həmişə məni valeh
eləyib. Elə bu gün də həmin yeddi cəhət onunla təmasda olan və dostluq edən hər
kəsi valeh eləyir. Birinci- Eyruz qarşısındakı adamı yüksək səviyyədə dinləmək
mədəniyyətinə, qabiliyyətinə malikdir. İnkici-Eyruz az danışmağı və çox iş
görməyi xoşlayır. Danışdığı az cümlələrlə böyük fikirlər demək qabiliyyətinə
malikdir. Üçüncü-Eyruz dostluqda, yoldaşlıqda həmişə bütövdur. O, kiminlə
dostluq, yoldaşlıq edirsə, heç vaxt təmənna güdmür və bu dostluğa həmişə sadiq
olur. Dördüncü-Eyruz ailəsinə çox bağlı insandır. Onun üçün ailə ən
müqqəddəsdir. Beşindi- Eyruz valideynlərinə və ümumiyyətlə, yaşlı insanlara
həmişə hörmətlə yanaşıb və onlarasadiqdir. Altıncı-doğulduğu və yaşadığı
Sumqayıtı canı, qanı ilə sevir. Buna görə də jurnalistlər arasında Sumqayıt
haqqında ən çox yazan və bu şəhərin salnaməsini yaradan böyük ziyalıdır. Eyruz
Sumqayıtı bir gözəl şəhər kimi quran, tarixə köçürən insanları tarixdə əbədi
yaşadır. Bu da bizə bunu deməyə əsas verir ki, o, əsl cəfakeş sumqayıtlıdır.
Yeddinci- Eyruz Azərbaycanı ən böyük, ən unikal, ən qədim ölkə hesab eləyir və
bu haqda dünya səviyyəsində çap olunan silsilə yazıların müəllifidir. Vətənini,
xalqını sevməkdə dostum Eyruz Məmmədov bir etalondur.
Eyruz təkcə dostuna, yoldaşına deyil, hər bir insana əlindən gələn köməkliyi böyük
həvəslə eləyən dəyərli vətəndaşdır. Həmçinin böyük maarifpərvərdir, yaxşı
müəllimdir. Onun yüzlərlə jurnalistin yetişməsində əvəzsiz xidmətləri vardır.
Eyruz çox maraqlı yazıçı kimi də tanınır. Hər bir oxucunun tez-tez müraciət
etdiyisevimli əsərlər ərsəyə gətirib. Bu vaxta qədər otuz kitabı çap olunub və
ondan çox kitabı da işıq üzü görmək üçün zamanını gözləyir.
Eyruzun böyüklüyü və müdrikliyi ilə bağlı mən maraqlı bir hadisəni qeyd etmək
istəyirəm. 1997-ci ildə Sumqayıt Dövlət Musiqili-Dram Teatrının bədii rəhbəri və
direktoru çalışdığım vaxt mənə qarşı çox böyük haqsızlıq olduğuna görə ərizə
yazıb işdən çıxandan sonra Dağıstana gedib, orada Azərbaycan-Dağıstan
Beynəlmiləl Teatr Truppası yaratmışdım. Üç il həmin teatrla Dağıstanın hər
yerində maraqlı çıxışlar edirdik və 1950-ci ildə bağlanmış Dağıstan-Azərbaycan
Dövlət Dram Teatrını bərpa elədik. Azərbaycan Mədəniyyət Nazirliyinin məkrli əli
Dağıstana da uzandı və məni həmin teatra rəhbərlik eləməyə qoymadılar. 2000-ci
ildə mən yenidən Azərbaycana qayıtsam da burada teatrlarda quruluşçu rejissor
işləməyimə belə imkan vermədilər. Məni ölkə rəhbərliyinə bir dissident kimi
qələmə vermişdilər. Həmin vaxt bu haqsızlıqlardan infarkt keçirdim. Eyruz
Məmmədov bir dost olaraq mənim yanımda oldu. Mənə ürək-dirək verdi və hətta
Sumqayıtla bağlı çəkdiyi çox seriyalı sənədli kinofilmə Sumqayıt teatrı və
mədəniyyətilə bağlı bildiyim fikirləri və mənim xidmətlərimə həsr olunan
maraqlı süjetlər çəkdi. Həmin sənədli kinofilmdə aparıcılıq da elədim. Eyruz
mənim özümə inamımı geri qaytardı. İnfarktdan sağaldım. Məşhur yazıçı Oneri de
Balzakın bu kəlamı yadıma düşdü: “ Nə edirsən et, necə yaşayırsan yaşa: amma
gülə bilmək üçün kimisə ağlatma və öz mənafeyin üçün kimisə satma”. Eyruz da
öz mənafeyini qorumaqla özünə olan pisliklərdən heç vaxt qorxmayıb, həmişə
işıqlı insanlara arxa-dayaq olub, yaşamaq üçün inam, ümid verib. Qocaman palıd
kimi onların arxasında durub.
Eyruzun böyüklüyünə, ürəyigenişliyinə aid başqa bir misal. Mən baxmayaraq 16-
17 yaşlarından jurnalistika ilə, bədii yaradıcılıqla məşğul olsam da, teatrlara
rəhbərlik elədiyim vaxt teatr işinə başım qarışdığından bu sahədə az çap
olunurdum. Çünki əsas fikrim teatr idi. Yalnız pyeslərim və tərcümə elədiyim
əsərlər teatrlarda tamaşaya qoyulurdu. 2000-ci ildə “Məhkəmədən əvvvəl
məhkəmə və ya Kəfənini geymiş qoca” həkayələr, pyeslər toplusu çap
etdirməmişdən əvvəl həmin kitabı oxumaq üçün Eyruz Məmmədova verdim və
ondan xahiş elədim ki, mənə dəqiq rəyini desin. Eyruz həmin kitabı bir neçə günə
oxudu və məni məcbur elədi ki, bu kitabı hökmən çap etdirim. Əsər çap olundu və
az bir vaxtda böyük oxucu marağına səbəb oldu. Bununla da Eyruz məni bədii
əsərlər yazmağa daha çox həvəsləndirdi. Artıq 20 kitabım çap olunub. Ən
başlıcası isə Eyruzda paxıllıq, həsəd, ayaq altını qazmaq, pislik etmək, arxaca
danışmaq kimi naqis cəhətlər yoxdur. Ucalığı, böyüklüyü onu hər kəsə sevdirib.
Bu da Ulu Tanrı tərəfindən yalnız seçilmiş insanlara verilir.
Eyruz Məmmədov ömrünün artıq ən müdrik dövrünü yaşayır. 70 illik yubileyin
mübarək, dəyərli dostum, qardaşım, əqidədaşım, məsləkdaşım Eyruz Surxayoğlu.
Atalar gözəl deyib: “Ot kökü üstündə bitər”. Sən Surxay kişi kimi bir
ağsaqqalımızın, Böyük Vətən Müharibəsinin odlarından, alovlarından keçən
qorxmaz, cəsur kişinin layiqli övladısan. Başqa cürə də ola bilməzsən.
Peyğəmbərimiz İmam Əli deyib ki, “dostluqda sadiq olmayan, həmişə
xəcalətlidir”. Sənin başın həmişə ucadır. Çünki sən həm dostluqda sadiq olmusan
və həm də sülh tərəfdarı kimi həmişə küsənləri barışdırmısan. Onlar arasında da
dostluq toxumu səpmisən.
Bir sözlə, əziz dostum, sən bütöv insansan. Bütöv insan olmaq isə həyatda hər kəsə
nəsib olmur...



Ağalar İDRİSOĞLU,
yazıçı-rejissor,
Əməkdar incəsənət xadimi






Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər