Öz işinin mütəxəssisi olan tibb bacısı
Baxılıb: 3185 Tarix: 31-07-2022 15:39

Zəmilə İsmayılova: “Azərbaycan müalicəvi mineral suaları, palçıqları və dərman bitkilərilə zəngin olan bir ölkədir”.
Öz işinin yaxşı mütəxəssisi, gözəl insan, yaxşı təşkilatçı Zəmilə xanımla beş il bundan qabaq tanış olmuşam. Həmin vaxtı müalicə almaq üçün Sumqayıt şəhər Tibb Mərkəzinin 1 nömrəli Xəstəxanasının fizieoterapiya şöbəsinə gəlmişdim. Şöbənin müdiri, öz işinin yüksək dərəcədə peşəkarı, çox gözəl xasiyyətli, bütün xəstələrə diqqətcil olan Aybəniz xanım İbrahimova məni cavan, yaraşıqlı bir xanımla tanış elədi. Dedi ki, “bu xanımın adı Zəmilədir. Bizim böyük tibb bacısıdır. Onun rəhbərliyilə burada sizə necə lazımsa tibbi xidmət göstəriləcək”. Tanış olduğum ilk gündən bu xanımın savadı, özünü xəstələrlə çox mədəni aparması və hər xəstə ilə tez dil tapması, insan psixalogiyasını yaxşı bilən bir yazıçı, rejissor, publisist, jurnalist kimi nəzərimdən yayınmadı. Zəmilə xanım bir neçə dəqiqə xəstə ilə apardığı söhbətdən onu tam başa düşür, hər xəstənin də öz dilində onunla danışır və həmin dəqidə də onu razı salırdı. Xəstə ilə mehribanlaşırdı. Sevindim ki, bizim belə savadlı, yüksək mədəniyyətli, ziyalı tibb işçilərimiz yetişir. Bəs, niyə biz onları çoxminli oxucularımıza tanıtmayaq? Ona görə də belə qərara gəldim ki, Zəmilə xanımla oxucuları da daha yaxından tanış edim.
Qısa arayış: Zəmilə Cəbrayıl qızı İsmayılova 1973-cü ilin aprel ayının 2-də Tovuz rayonunda anadan olub. Orta məktəbi yaxşı qiymətlərlə bitirsə də ilk arzuzu kooperasiya sahəsində işləmək olub. Ona görə də Bakı şəhərində bu sahədə təhsil alıb. Sonra rayona qayıdıb və ticarət sahəsində işləyib. Ailə həyatı qurub. Tale elə gətirib ki, Sumqayıta pənah gətirib. Sumqayıt şəhər Tibb Mərkəzinin 1 nömrəli Xəstəxanasında pullu xidmət nəzarətçisi işinə düzəlib. Həmin vaxtı xəstəxananın baş həkimi, Sumqayıt səhiyyəsi üçün əvəzsiz işlər görən, gözəl həkim, gözəl insan, hal-hazırda Azərbaycan Dövlət Tibb Universitetinin ailə-təbabət kafedrasının müəllimi, tibb elmləri namizədi, Avro-Asiya Klinikasının baş həkiminin müavini Bayram Əsədov bu xanımın tibbi sahəyə marağı olduğunu görüb və onu göndərişlə Sumqayıt Tibb Texnikumuna təhsil almağa göndərib. İki il burada təhsil alan Zəmilə xanım yenidən doğma kollektivə qayıdıb və artıq burada böyük tibb bacısı kimi işə başlayıb. O, on üç ildir ki, bu sahədə işləyir. Zəmilə xanım bu xəstəxanada fizeoterapeyanın əsasını qoyan məşhur doktor Məlik Əliyevi və onun davamçısı olan Aybəniz xanım İbrahimovanı heç vaxt yaddan çıxarmır və deyir ki, “fizioterapiya sahəsində mən onlardan çox şey öyrənmişəm. Onlar həqiqətən bu sahənin əsl professoru, universitetidirlər. Əfsus ki, haqq dünaysına qovuşan Məlik Əliyevdən biz çox şeyləri lazım olan kimi öyrənə bilmədik. O, əsl məktəb idi. Çox sevinirik ki, onun yetirməsi Aybəniz həkimdən, Məlik Əliyevdən öyrənə bilmədiklərimizi öyrənirik. O da səbrlə fizeoterapiya işinin incəliklərini bizə öyrədir”.
- Böyük tibb bacısı çox çətin və cavabdehli sahədir. Çünki gərək hanının nazı ilə oynayasan və onları öz işinlə razı salasan. Olurmu ki, gününüz çox gərgin keçir?
- Əlbəttə, demək olar ki, hər günümüz gərgin keçir. Çünki xəstələr çoxdur. Amma mən xasiyyətcə bir qədər sakit insanam. Tez əsəbləşmək, tez özümdən çıxmaq məndə lap uşaq yaşlarımdan yoxdur. İmam Əlinin belə bir maraqlı kəlamı var. Deyir: “Əsəbiliyin başlanğıcı dəlilik, sonrası isə peşimançılıqdır”. Ona görə də gərək elə ilk əvvəldən əsəbiləşməyəsən ki, sonra peşimançılıq keçirməyəsən. Dediyim hər bir sözü də əvvəlcədən ölçüb-biçib deyirəm. Çünki söz qədər yüngül və söz qədər ağır şey yoxdur. Sözü elə deyə bilərsən ki, dediyin adama həmin söz ömürlük bir zərbə ola bilər. Amma sözü elə də deyə bilərsən ki, o söz həmin insana böyük qol-qanad, şuxluq, fərəh, inam gətirər. Sözü əvvəlcədən ölçüb-biçib deməyim də həmişə mənim köməyimə çox gəlir. Ona görə də hamı ilə tez dil tapa bilirəm. Ümumiyyətlə, xəstəxanaya gələn hər bir adamın canı ağrıdığına görə bura gəlir. Əlbəttə, artıq o, bura gələndə əsəbləri yerində olmur. Həkim və tibb bacısı da bunu başa düşməli və ona canıyananlıq göstərməli, onu özünün şirin sözləri, müdrik fikirləri ilə düşdüyü stressdən çıxarmalıdır. Tibb işçisi hər bir xəstəni özünün əziz qohumu bilməlidir. Bəs böyük dahilər boş yerə deməyiblər ki, “həkimlər, tibb bacıları Böyük Yaradanın yerdə elçiləridir”. Və ya “bir həkim bir aləm deməkdir”. Bəli. Güzdür günümüz çox gərgin keçir. Çünki Sumqayıtdakı bütün xəstəxanalardan və poliklinikalardan fizeoterapiya şöbələrinin hamısını bizim xəstəxanaya köçürüblər. İşçi çox, yerimiz dar. Amma çalışırıq ki, bu çətin vəziyyətdə xəstələr üçün əlimizdən gələni eləyək. Yəqin ki, tezliklə bu problem öz həllini tapacaq. Ən əsası odur ki, xəstəxanamızın baş həkimi, gözəl həkim, yaxşı təşkilatçı Mətləb Musayev hər bir işçinin əməyini yüksək qiymətləndirir və xəstələrə qarşı da çox diqqətcildir. O, baxmayaraq ki, az müddətdir baş həkim vəzifəsində işləyir, amma bu müddətdə bütün kollektivin böyük hörmətini qazanıb.
-Xəstə onu müalicə eləyən həkimə, tibb bacısına inananda daha tez sağalır. Sizin xəstələrə arzunuz, diləyiniz nədir?
-Onlara Allahdan şəfa diləyirəm. Heç vaxt xəstələnməsinlər. Sadəcə hər altı aydan bir bu tibb ocağına gəlib prafilaktikadan keçsinlər. Fizeoterapiya müalicəsi alsınlar. Qoy onlar bizim yanımıza xəstə kimi yox, bir dost və yoldaş kimi gəlsinlər. Bizimlə küçədə görüşəndə ən əziz insanları kimi görüşsünlər.
- Zəmilə xanım, Sumqayıt şəhəri günü-gündən gözəlləşir. Sizin bu gözəlliyə münasibətiniz necədir?
- Allah həmişə cənab Zakir Fərəcovun köməyində olsun. O, bu şəhərə rəhbərlik etdiyi müddətdə şəhərimiz üçün belə gözəl işlər görüb ki, saymaqla qurtarmaz. Heydər Əliyev parkının ətrafı, orada olan unikal binalar, yeni salınan dəniz kənarı park, şəhərin hər iki tərəfdən gözəl, yaraşıqlı girişi, meydançalar və ümumiyyətlə Sumqayıtda hər yer günü-gündən gözəlləşir. Şəhər artıq özünün ikinci intibah dövrünü yaşayır. Mən öz şəhərimlə fəxr edirəm. Tovuzdan sonra Sumqayıt həqiqətən mənim ikinci Vətənimdir. Biz sumqayıtlılar ölkə başçımız cənab İlham Əliyevə dərin minnətdarlığımızı bildiririk ki, Zakir müəllim kimi belə yüksək təşkilatçı insanı bizim şəhərin İcra Hakimiyyətinin başçısı təyin edib. İnanıram ki, Sumqayıt hələ bundan sonra da günü-gündən gözəlləşəcək. Çoxlu iş yerləri açılacaq. Bu şəhər əvvəlki kimi özünün əsl firavan , gözəl günlərini yaşayacaq. Mən inanıram ki, həmin günlər heç də uzaqda deyil. Sumqayıt tezliklə təkcə keçmiş Sovetlər Birliyinin yox, həm də dünyanın ən gözəl şəhərlərindən biri olacaq.
-44 günlük Vətən müharibəsidən sonra sizin yanınıza, fizeoterapiya şöbəsinə çoxlu qazilər, şəhid ailələrinin həyat yoldaşları, valideyinləri, uşaqları gəlir. Mən görürəm ki, onalara burada böyük diqqət, qayğı göstərilir.
-Bəs belə də olmalıdır. Axı onlar 32 il həsrətində olduğumuz müqəddəs torpaqlarımızı, cənnətməkan Qarabağımızı bizə qaytarıblar. Bizim də borcumuz onlara necə lazımdırsa qulluq, xidmət etməkdir. Onların sağalmasına çalışmaqdır. Bu gün bir millət olaraq hamımız, başımızı dik tutub qürurla deyirik: “Qarabağ azaddır”. Çünki Qarabağ bizim dədə-baba yurdumuzdur. Mən inanıram ki, Ali Baş Komandanımız cənab İlham Əliyevin sayəsində tezliklə Qarabağda böyük quruculuq işləri görüləcək. Elə Kəlbəcərdəki İsti su müalicəvi sanatoriyası tezliklə bərpa olunandan sonra, həmvətənlərimiz orada lazım olan kimi müalicə olunacaqlar. Böyük şəfa tapacaqlar. Dünyanın çoxlu ölklərindən insanlar müalicə olunmaq üçün ora gələcəklər. Ümumiyyətlə, Azərbaycan cənnətməkan bir ölkədir. Bizim çoxlu müalicəvi mineral sularımız, müalicəvi palçıqlarımız, şəfa ocaqlarımız var. Bu müalicəvi mineral suların, palçıqların, dərman bitkilərinin dünyada analoqu yoxdur. Biz öz Vətənimizlə fəxr etməliyik. Əgər həmin müalicəvi mineral sualardan, palçıqlardan, dərman bitkilərindən lazım olan kimi istifadə eləyə bilsək, bunlar Azərbaycana böyük valyuta gətirə bilər. Çünki dünyanın çoxlu ölkələrindən insanlar bura gəlib, müalicə olunarlar. İnanıram ki, mənim bu arzularım tezliklə reallaşacaq. Allah Ali Baş Komandanımızı və millətimizi qorusun. Dahi Cek London deyib ki, “insanın başlıca vəzifəsi mövcud olmaq yox, yaşamaqdır”. Gəlin biz də mənalı, bir-birimizlə mehriban yaşayaq ki, sonradan peşiman olmayaq. Buna görə də ilk öncə sağlamlığımıza fikir verək və onu qoruyaq.

Ağalar İDRİSOĞLU
Əməkdar incəsənət xadimi



loading...
Ən çox oxunanlar