Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Oktyabr 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu

Yaddan çıxan rejissor - Vaqif Abbasov - (Bədii, sənədli oçerk)

Baxılıb: 2451     Tarix: 30-08-2022 10:09   


1975-ci ilin əvvəllərində, biz Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinin 4-cü kursunda oxuyarkən kurs yoldaşımız Nəbi Qədirov bir gün dərsə gələndə, səhv eləmirəmsə mart ayında mənə belə dedi:

- Moskvada Dövlət Teatr Sənəti İnstitutunda rejissorluğu bitirən Vaqif Abbasov adlı bir şəxslə tanış olmuşam. Çox maraqlı insan və istedadlı rejissordur. İstəyir ki, Bakıda Teatr-Studiya açsın. Aktyor Ağarəfi Rəhimovun rəhbərlik etdiyi Respublika Kino Həvəskarları Klubunda məşğələlər keçir. (Rəhmətlik Ağarəfi Rəhimov bir vaxtlar Vaqif Abbasovun rəhbərlik etdiyi Xalq teatrında onun yetirməsi, tələbəsi olmuşdu. Şəki Dövlət Dram Teatrında, Azərbaycan Musiqili Komediya Teatrında aktyor işləmişdi. Çox istedadlı aktyor idi. O, Vaqif Abbasovu çox sevirdi.) İstəyirsən dərsdən sonra gedək ora və səni də onunla tanış edim. Əgər həvəsin olsa həmin Teatr-Studiyada məşğul olarsan.
Tələbə yoldaşım Nəbi Qədirov çox istedadlı aktyor idi. Sənət müəllimimiz, SSRİ Xalq artisti Mehdi Məmmədov və onun assistenti Ədalət Ziayadxanov Nəbinin gələcəyinə böyük ümid bəsləyirdilər. Çünki onun səhnə üçün uca boyu, gözəl yaraşıqlı siması, yüksək, qaltanlı səs tembri və fitri istedadı vardı. O, Şəki Dövlət Dram Teatrından qayıdandan sonra bir müddət Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Kino-Studiyasında işlədi. Ayrı-ayrı kinofilmlərdə epizodik rollarda çəkildi və sonra çox əfsus ki, birdəfəlik sənət aləmindən ayrıldı. Amma çox heyif. O, teatr və kino sənətində çox iş görüb, böyük uğurlar qazana bilərdi. Azərbaycan teatr və kino tarixində yadda qalan yaxşı obrazlar yaradardı.
Açığı, Nəbi dünən orada olduğunu və bizə keçirilməyən dərs və məşğələlər haqqında elə həvəslə danışdı ki, məndə maraq yarandı. Və biz dərsdən sonra ora getdik. Vaqif Abbasov Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında tamaşa hazırlayırdı. Məşqi gec qurtardığından bir saat gec gəldi. Bunu əvvəlcədən Ağarəfi Rəhimova zəng vurub deyibmiş. Nəhayət, Vaqif Abbasov gəldi. Nəbi məni Vaqif Abbasovla tanış elədi. O, orta boylu, uzun qara saçlı, eynəkli, qarabuğdayı, arıq və ayağının biri bir qədər axsaq, amma çox gülərüz, 33-34 yaşlarında, mehriban baxışları olan insan idi. Mənə təklif elədi ki, oturub onun keçdiyi məşğələlərə baxım. O, bura toplaşan iyirmiyə yaxın oğlan və qızlarla plastik hərəktləri məşq eləməyə başladı. Sonra onlara aktyor sənətinə aid tapşırıqlar, sözsüz və sözlü etüdlər verdi və onlar da həmin tapşırıqları doğrultmağa çalışdılar. Əlbəttə, onların çoxunda Vaqif Abbasovun verdiyi tapşırıqlar lazım olan səviyyədə alınmırdı. Amma Vaqif Abbasov özü həmin təklif olunmuş vəziyyəti çox ustalıqla ifa edirdi. Sonra yenə də tələsmədən, aramla, məntiqlə aktyor sənətinə aid maraqlı fikirlər deyir və yeni-yeni tapşırıqlar, etüdlər verirdi. Həmçinin Moskvada, dünya şöhrətli Anatoli Vasileviç Lunaçarski adına Dövlət Teatr Sənəti İnstitutunda onlara keçirilən dərslər haqqında danışırdı. O vaxtlar bizim üçün əlçatmaz və dünya şöhrətli rejissorlar- teatr islahatçıları, yaşama sənətinin baniləri Konstantin Sergeyeviç Stanislavskinin və Vladimir İvanoviç Nemiroviç-Dançenonun tələbəsi olan Mariya Osipovna Knebelin, Mayakovski adına teatrın rəhbəri Alenksandr Qonçarovun, Malıy Bronnıy Teatrının quruluşçu rejissoru Anatoli Efrosun, İosif Tumanovun, “Sovremennik” Teatrının yaradıcısı Oleq Yefremovun,Taqankadakı Dram və Komediya Teatrının yaradıcısı Yuri Lyübimovun, Satira teatrının rəhbəri Valentin Pluçekin, “Lenkomun” rəhbəri Mark Zaxarovun və başqalarının quruluş verdiyi tamaşalar haqqında danışdıqları maraqlı söhbətlər, iş metodu, tələbələrlə işləməsi proseslərini çox aydın formada bizə izah edirdi. Həmin vaxtlar Dövlət Teatr Sənəti İnstitutu SSRİ-də də teatr təhsili sahəsinin Akademiyası sayılırdı. SSRİ-dəki ən məşhur rejissorlar məhz həmin ali məktəbin yetirməsi idi. Ora qəbul olmaq da çox çətin idi. Azərbaycandan isə bu Dövlət Teatr İnstitutunun rejissorluq fakultəsini o vaxta qədər cəmi səkkiz-doqquz nəfər bitirmişdi. Onlar da Azərbaycan teatr aləmində üzdə olan rejissorlar sayılırdılar. Bunlar-Rza Təhmasib, Yusif Ulduz, Adil İsgəndərov, Mehdi Məmmədov, Məhərrəm Haşımov, Tofiq Kazımov, Arif Ağayev və sonuncu da Vaqif Abbasov idi. Sonralar bu böyük təhsil ocağında Baba Rzayev və mən də təhsil aldıq. Çox maraqlı rejissorlar və pedaqoqlar Nəsir Sadıqzadə, Fikrət Sultanov və Ədalət Ziyadxanov da orada iki illik pedoqoji kurs bitirmişdilər.
... Üç saata qədər davam eləyən bu məşğələlərdə hamı böyük həvəslə iştirak edirdi. Bu məşğələlərdən sonra mən, Nəbi Qədirov, Ağərəfi Rəhimov və bir neçə nəfər qalıb onunla söhbət elədik. Vaqif Abbasov məni çox sorğu-suala tutdu və sonra mənə də tapşırıqlar verdi. Mən onları yerinə yetirəndən sonra dedi ki, sabahdan məşqlərə gəlim. Sonra da bildirdi ki, “əgər bizim kursdan istəyənlər varsa onları da bura cəlb eləyim”. Sabahsı mən və Nəbi gəlib bu söhbəti kurs yoldaşlarımızın arasında danışdıq. Hüseynağa Atakişiyev, Əlican Əzizov və Gülşad Baxşıyeva da həmin Teatr-Studiyanın məşğələlərinə getməyə razılaşdılar. Vaqif Abbasov onlarla da tez dil tapdı. Hüseynağa ilə isə fikirləri tez bir zamanda üst-üstə düşdü. Çünki həmin vaxt Hüseynağa Atakişiyev Moskvada Boris Şukin adına teatr məktəbində Xalq teatrları rejissorluğu fakültəsində qiyabi təhsil alırdı. (Biz isə bunu ali məktəbi bitirəndən sonra bilmişik.) Yuxarıda yazdığım kimi, həmin vaxtlar Vaqif Abbasov Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının rus truppasında Maqsud İbrahimbəyovun “Za vse xoroşeqo smert” (“Hər yaxşıya görə ölüm”) pyesinə quruluş verirdi. Bu tamaşadan sonra onun teatra quruluşçu rejissor götürülməsi məsələsi həll olunmalıydı. O, diplom işini Perm vilayətinin Berezniki şəhərindəki Dövlət Gənc Tamaşaçılar teatrında quruluş verdiyi V. Ziminin “Taxta kral” nağıl-tamaşasına görə müdafiə etmiş və dövlət imtahan komissiyasının “beş” qiyəmtini almışdı. Hətta beş illik təhsili o, dörd ilə başa vurmuşdu. Təyinatını Rusiya teatrlarına vermək istəyiblər. Amma istəyini nəzərə alıb, Azərbaycana göndərilmişdi. Azərbaycan Mədəniyyət Nazirliyinin əmri ilə ona bu teatrda tamaşaya quruluş vermək tapşırılmışdı. Amma Vaqifin işləri Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında heç də yaxşı getmirdi. Çünki teatrın baş rejissoru və direktoru ilə aralarında tez-tez konfliktlər yaranırdı. Belə ki, Vaqif Abbasovun Moskvadan gətirdiyi “ab-hava” aktyor truppasında böyük maraq yaratmışdı. Yəqin teatrın rəhbərləri də başa düşürdülər ki, əgər o, tamaşanı müvəffəqiyyətlə təhvil versə, bundan sonra teatrda quruluşçu rejissor kimi işləməlidir. Və Vaqif Abbasovda olan təşkilatçılıq, aktyorlarla iş metodu, pyesi rejissor kimi maraqlı təhlil etmək bacarığı, dərin, mükəmməl biliyinə görə kollektivin onu sevməsi, aktyorların təkidi ilə Vaqifi tezliklə bu teatrın baş rejissoru eləyə bilərdi. Ona görə də teatrın rəhbərliyi var qüvvəsi ilə onun işlərinə mane olurdu. Onu da vurğulamaq istəyirəm ki, tanınmış rejissor olan və Yuq Dövlət Teatrının yaradıcısı, Əməkdar incəsənət xadimi, rəhmətlik Vaqif İbrahimoğlu da həmin vaxt Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının rus truppasında aktyor idi və Vaqif Abbasovun quruluş verdiyi tamaşada oynayırdı. O, sonralar mənə etiraf eləmişdi ki, Vaqif Abbasovdan rejissorluqla bağlı çox şeylər öyrənib. Vaqif Abbasova qarşı teatr rəhbərliyinin belə sərt mövqe tutmasına o, bəzən əsəbləşir və bəzən də buna adi bir iş kimi baxırdı. Çünki onun böyük istəyi Bakıda yeni bir teatr açmaq idi. Məhz bu səbəbdən də bu Teatr-Studiyada bizimlə artıq iki pyesin məşqlərinə başladı. Bunlar Yusif Əzimzadənin “Yadigar” və dünya şöhrətli Karel Çapekin “Ağ xəstəlik” pyesləri idi. “Ağ xəstəlik” pyesini isə dilimizə Hüseynağa Atakişiyev tərcümə eləmişdi. Oradakı baş rol-Sigeliyusu mənə vermişdi. Bu artıq o vaxtlar idi ki, biz diplom müdafiəsində idik. Həmin vaxtlar Şəkidə, rayonun o vaxtkı birinci katibi, yüksək təşkilatçı, böyük ziyalı Sadıq Murtuzayevin çox böyük təkidi, ideyası və Mədəniyyət naziri Zakir Bağırovun razılığı ilə yeni Dövlət Dram Teatrının yaranması haqqında ölkə rəhbəri Heydər Əliyev də əmr vermişdi. Hətta bizim kurs gedib Şəkidə rejissor, maraqlı pedaqoq, rəhətlik Faiq Zöhrabovun quruluşunda Mixail Lermontovun “Maskarad” tamaşasını oynamışdıq. O vaxtlar başda Sadıq Murtuzayev və ideoloji katib Ənvər Nəzərli olmaqla, Şəki camaatı bizi çox yaxşı qarşılamışdı. Tamaşadan sonra bizə banket vermişdilər. Sadıq Murtuzayev həmin banketdə Mixail Lermontov və onun yaradıcılığı, eləcə də tamaşa haqqında maraqlı fikirlər dedi. Sonra Lermontovun bir neçə şeirini rus və Azərbaycan dilində əzbərdən, peşəkar aktyor kimi söylədi. Raykom katibinin belə savadlı, yüksək natiqlk bacarığı olması bizdə böyük maraq yaratdı. Eləcə də o, bizə, gələcəkdə Şəki teatrını yaradacaq tələbələrə uğurlar dilədi.
İnstitutun rektoru, sənətşünaslıq doktoru, professor, əsl ziyalı Rahib Hüseynov da bizimlə böyük təbliğat-təşviqat işi aparırdı ki, həmin il aktyorluğu qurtaran üç kurs- Adil İsgəndərovun, Mehdi Məmmədovun və Fikrət Sultanovun kursları bütövlükdə Şəkiyə gedib təzə teatrı açsınlar. Hətta belə bir maraqlı fikir də deyirdi: “İnstitutdan sonra Bakı teatrlarında səhnədə ayaqqabı cütləməkdənsə, kütləvi rollarda oynamaqdansa, gedin Şəkidə istədiyiniz rolları oynayın. Sonra mənə təşəkkür edəcəksiniz”.
O vaxtlar Şəki Teatrında baş rejissor işləmək üçün sənət aləmində tanınan bir neçə nəfərin adı da artıq hallanırdı. Hətta o adamlar gəlib bizimlə söhbətlər aparırdıdılar. Həmin günlər biz Vaqif Abbasovla pyeslərin məşqini edəndən sonra, bir neçə nəfər bir-iki saat çay süfrəsi arxasında əyləşib, teatr haqqında söhbətlər edirdik. Daha doğrusu, Vaqif Abbasov Moskvadakı teatrlar və dünya teatrları haqqında söhbətlər edir, biz də çox həvəslə, maraqla qulaq asırdıq. Çünki Vaqif Abbasov Moskvada təhsil aldığı vaxtlarda təkcə paytaxt teatrlarının yox, Sankt-Peterburqdakı (Leninqraddakı) Georgi Tovstanoqovun rəhbərlik etdiyi Böyük Dram Teatrının və məşhur rejissor Miltenesin rəhbərlik etdiyi, artıq dünyada tanınan Panevejes teatrının da tamaşalarına gedib baxırmış. Hətta o vaxtlar adı dünya teatr aləmində hallanan, Panevejes teatrının baş rejissoru Miltineslə söhbətləri, onun məşqlərində iştirakı haqqında maraqlı fikirlər, əhvalatlar da danışırdı. Ümumiyyətlə, Moskvadakı Dövlət Teatr Sənəti İnstitutunda tanınmış məşhur rejissorlar rejissorluq fakültəsində təhsil alan tələbələrə ustad dərsləri keçirdilər. Mən də orada təhsil aldığım vaxtlarda həmin ustad dərslərində iştirak etmişəm və o məşhur rejissorlardan çox bəhrələnmişəm. O vaxtlar bizə icazə verilmişdi ki, özümüzlə maqnitafon götürək və həmin ustad rejissorların danışdıqlarını lentə köçürək. Ona görə də Vaqif Abbasov təkcə öz müəllimi İosif Tumanovdan yox, həm də Mariya Osipovna Knebeldən, Anatoli Efrosdan, Aleksandr Qançarovdan, Oleq Yefremovdan, Yuri Lyübimovdan, Mark Zaxarovdan və başqalarından rejissura ilə bağlı çox şeyləri öyrənmişdi, onların danışdığı söhbətləri lentə köçürmüşü. Həmin lent yazılarının bir neçəsinə o vaxt mən də qulaq asmışdım və onlardan bəhrələnmişdim.Vaqif aktyorlarla işləmək qaydasını da çox mükəmməl səviyyədə bilirdi. Çalışırdı ki, hər aktyor öz rolunu lazım olan kimi təhlil eləyə bilsin.
Amma Azərbaycan Dövlət İncəsənət İnstitutunda bizəb elə şeyləri danışmırdılar və öyrətmirdilər. Həm də pyesə aktyorun yaradıcı yanaşma üsulunu, pyesin təhlil formasını, hansı sualları dəqiq qoymaqla pyesi necə təhlil etmək olar metodunu da çox səthi formada öyrədirdilər. Amma Vaqif Abbasov bizə bunları çox asan və anlaşılan formada öyrədirdi. O, başa salırdı ki, hər bir akytor hökmən öz rolunun rejissoru olmalıdır. Çünki, oynadığı rolu obraz səviyyəsinə qaldıra bilsin. Və bir qrup aktyor hətta pyesin rejissor təhlili üsulunu da ilk dəfə ondan öyrənməklə, sonra bəziləri rejissorluq təhsili alıb, bu sənətə gəliblər. Mən onlardan Hüseynağa Atakişiyevin, Şahmar Qəriblinin, Rövşən Almuradlının, Mərdan Feyzullayevin, Novruz Cəfərovun, bu yazının müəlifinin və başqalarının adını çəkə bilərəm. Eləcə də mən, rejissorun yeddi sualı ortaya qoymaqla pyesi necə təhlil etmək olar və tamaşanın hərəkət xətti ilə təhlili üsulunu ilk dəfə ondan öyrənmişəm və Moskvada Dövlət Teatr Sənəti İnstitutunda təhsil alanda bunları daha da kamilləşdirmişəm. Həmin yeddi sual vasitəsi ilə də uzun illərdir ki, pyesin professional səviyyədə yazılmasını, zamanla səsləşməsini, obrazların kamilliliyini, konfliktlərin bütövlüyünü, kəskinliyini daha tez müəyyənləşdirmək mənim üçün çox asanlaşıb. Hətta dramaturq kimi pyeslər yazanda, burada vəziyyətləri necə dramatikləşdirmək, tamaşaçıda maraq yaratmaq, gözlənilməz hadisələri pyesə daxil etmək formasında da bu suallar mənə çox köməklik eləyir. Həm də tamaşalara quruluş verəndə məhz bu sualları əsas götürürəm. Həmin suallar isə bunlardır:
1. Pyesin qısa məzmunu (süjet xətti ilə təhlili).
2. Hadisələr silsiləsi və hər bir hadisənin dəqiq mahiyyəti, inkişafa köməyi.
3. Pyesin ali məqsədi və ideyası.
4. Pyesin janrının dəqiq tapılması.
5. Rejissorun bu pyesə quruluş verməkdə ali məqsədi.
6. Pyesdəki obrazlarının dəqiq təhlili və özəklərinin dəqiq tapılması.
7. Pyesin ümumi kompazisiyası və onun rejissor kimi səhnə həlli.

Artıq bu sualları ətraflı, dəqiq təhlil eləməklə həm də qarşındakı pyesin səhnə üçün yararlı olub-olmadığını, müasir zamanla necə səslənməsi, onun tamaşaçının xoşuna gəlib-gəlmədiyini də çox asanlıqla müəyyənləşdirmək olur.
... Həmin gün çay süfrəsi arxasında olan söhbətimizdə mən təklif etdim ki, Vaqif Abbasov Şəki teatrında baş rejissor işləmək üçün bizimlə getsin. Çünki Bakıda Teatr-Studiya açmaq da o vaxtlar müşkül məsələydi. Bu iş dövlət səviyyəsində həll olunmalıydı. Hətta əvvəllər də bir neçə rejissorlar belə teatrlar və teatr-studiyalar açmaq istəmişdilər, amma bu iş onlara da müyəssər olmamışdı. Çünki burada maliyyə məsələsi əsas rol oynayırdı. O vaxtlar Sovet quruluşu olduğuna görə pulu hökmən dövlət ayırmalı idi. Hətta yadımdadır ki, bizim kursun rəhbəri, SSRİ Xalq artisti Mehdi Məmmədov da bizim kursla yeni teatr yaratmaq istəyirdi, amma ona imkan vermədilər... Hətta konfliktə saldılar. Biz dördüncü kursda oxuyanda o, küsüb institutda işdən çıxdı. Ona görə də bizmlə diplom tamaşasını Faiq Zöhrabov hazırladı.
Əvvəl Vaqif Abbasov mənim bu təklifimlə razılaşmadı. Sonra Hüseynağa, Gülşad, Ağarəfi, Əlican və Nəbi də mənimlə razılaşandan sonra Abbasov dedi:
- Xoroşo (yaxşı), qədeş mən razı. (Özünə məxsus “noxudu formada” gülümsündü. Onun bu gülüş forması ətrafında olanları da güldürürdü. “Xoroşo”,“Qədeş” və “Çıldırım vırım qıçuy sındırım” sözləri onun şakəri idi. Tez-tez gülə-gülə bu sözləri deyirdi.) Amma məni ora baş rejissor işləməyə kim göndərir? Dövlət Gənc Tamaşaçılar Teatrınının rəhbərliyi Mədəniyyət Nazirliyinə mənim haqqımda pis məlumatlar verib. Guya mənim heç rejissorluqdan xəbərim yoxdur. Əgər rejissorluqdan xəbərim yoxdursa, bəs onda beş illik təhsili dünya şöhrətli institutda dörd ildə necə başa vurmuşam? Diplom tamaşası kimi quruluş verdiyim “Taxta kral” nağıl-tamaşasına institut rəhbərliyi, müəllimim İosif Tumanov niyə “beş” qiymət veriblər? Niyə mənə oxuduğum müddətdə həmişə rejissuradan əla qiymətlər yazıblar?
Özü də mən dünya şöhrətli rejissor, SSRİ Xalq artisti İosif Tumanovun kursunda təhsil almışam. O, elə bir adam idi ki, istedadsız və savadsız adamı kursunda saxlamırdı. Biz İosif Tumanovun kursuna 25 nəfər qəbul olunmuşduq. Amma oranı 13 nəfər bitirdik. Təvazökarlıqdan uzaq olsa da deyim ki, mən onun ən sevimli tələbələrindən olmuşam. Mənə yazdığı məktublar da bunu sübut eləyir...
Sonra o, susdu. Yenə də özünəməxsus gülümsündu, qalın, böyük eynəyini sağ əlilə yuxarı qaldırdı və qarşısındakı çayı içməyə başladı.
Vaqif doğrudan da yaxşı oxuduğuna görə institutit rəhbərliyinin razılığı ilə vaxtından əvvəl imtahanlar verdiyinə görə, beş il əvəzinə dörd il təhsil almışdı. Vaqif Abbasova Moskvada A.V. Lunaçarski adına Dövlət Teatr Sənəti İnstitutunda necə böyük hörmətin olduğunu sonralar mən həmin institutda təhsil alanda görmüşəm. Hətta tale elə gətirib ki, onun yaşadığı otaqda mən də yaşamışam. Birinci gecə həmin otaqda qalanda bilməmişəm ki, Vaqif də bu otaqda qalıb. Gecə onu yuxuda görmüşəm. Səhərə qədər çox narahat yatmışam. Səhəri günü təsərrüfat işləri üzrə yaşlı qadın mənə təmiz döşək və balış üzü ağları verəndə Vaqifin də bu otaqda qaldığını deyib. Bu otaq birinci mərtəbədə və hamam otağına yaxın olduğundan, Vaqif Abbasovun da ayaqları yandığına görə tez-tez isti suya qoyurmuş ki, ayaqlarında qan yaxşı işləsin, qanqrena olmasın. İnstitut rəhbərliyi də cəmi bir yerlik olan bu otağı ona veribmiş. Vaqif Abbasov institutda oxuduğu dörd il müddətində bu otaqda qalıbmış. Hətta yataqxana üzrə tələbə komitəsinin sədri olub. Dünyanın otuz beşdan artıq xarici ölkəsindən və SSRİ-nin on beş respublikasından təhsil alan tələbələr içərisində tələbə komitəsinin sədri olmaq o vaxtlar çox böyük vəzifə, inam, etibar sayılırdı. Mən eşidəndə ki, Vaqif də bu otaqda qalıb, yaman kövrəldim. Yaşlı arvad mənim ağladığımı görüb, təəccüblə soruşdu: “Niyə ağlayırsan?” Mən isə ona bildirəndə ki, Vaqif Abbasov artıq bu dünyada yoxdur, həmin arvad və onun yanında olan qadınlar da ağladılar. Hətta o vaxtlar Anatoli Vasileviç Lunaçarski adına Dövlət Teatr Sənəti İnstitutunda dərs deyən məşhur rejissor və çox maraqlı kitabların müəllifi, teatr islahatçıları Konstantin Sergeyeviç Stanislavsikinin və Vladimir İvanoviç Nemiroviç-Dançenkonun tələbəsi, mənim müəllimim Aleksandr Aleksandroviç Barmakın müəllimi olmuş Mariya Osipovna Knebellə söhbət edəndə də, məndən Vaqif Abbasovu soruşdu. Mən artıq Vaqifin bu dünyada olmadığını ona deyəndə, hamının kişi xasiyyətli, sərt qadın kimi tanıdığı Mariya Osipovna da ağladı. Vaqifin çox yaxşı rejissor olduğunu dedi. Mariya Osipovna Tofiq Kazımovun da ölüm xəbərini məndən eşidəndə beləcə ağladı və “oy moy bednıy sın Tofiq” (“Oy, mənim bədbəxt oğlum Tofiq”) dedi. O, məşhur rejissor və pedaqoq, teatr sənəti, rejissura haqqında maraqlı kitabların müəllifi Aleksey Papovla birlikdə Tofiq Kazımova dərs demişdi. Və Tofiq Kazımovu öz övladı qədər sevirdi. Onun rejissor istedadına çox inanırdı. Hətta “O tom mne kajetsya osobenno vajnım” (“Mənim teatr sənətində əsas bildiyim məsələlər”) kitabında Azərbaycan teatrında özünün məktəbini yaratmış Tofiq Kazımov haqqında maraqlı fikirlər də yazıb.
... Həmin gün belə razılaşdıq ki, bizim kursun tələbələri ərizə ilə Mədəniyyət naziri, fəlsəfə elmləri doktoru Zakir Nəriman oğlu Bağırova müracət edək və həmin ərizədə bildirək ki, Şəkiyə bir şərtlə işləməyə gedirik, həmin teatra baş rejissor Vaqif Abbasovu göndərsinlər. Elə orada Vaqif Abbasovun köməkliyi ilə ərizə yazıb hazırladıq. İmza yerlərini boş saxladıq. Səhəri gün tələbə yoldaşlarımızla iclas keçirdik. Hamı bizimlə razılaşdı. Çünki biz onlara tez-tez Vaqif Abbasov haqqında məlumat verirdik. Həm də Vaqifin açmaq istədiyi Teatr-Studiyada artıq bizim kursun demək olar ki, 6-7 nəfəri məşğul olurdu. Bir gün sonra biz vaxtı itirmədən həmin ərizə ilə Zakir Bağırovun qəbuluna getdik. Bizi onun qəbuluna yazmaq istəmədilər. Öyrəndik ki, o, hər gün səhər saat 10-da birinci mərtəbədən sağdakı birinci liftlə üçüncü mərtəbəyə qalxır və sonra liftin yanında olan kabinetinə gedir. Səhəri günü saat ona qalmış Hüseynağa Atakişiyev, Gülşad Baxşıyeva, Ağarəfi Rəhimov və mən artıq liftin yanında dayanıb, onu gözləyirdik. O, binanın birinci mərtəbəsində liftə yaxınlaşanda biz də ona yaxınlaşdıq. Gəlişimizin səbəbini bildirdik. Zakir müəllim dedi ki, “məktubu poçta verin baxarıq”. Lakin biz xahiş etdik ki, yalnız onun özü ilə görüşüb, ərizəni təqdim etmək istəyirik. Çünki artıq həmin ərizədə iyirmi beşdən artıq tələbənin imzası vardı. Razılaşdı ki, elə həmin gün günortadan sonra bizi qəbul eləyə bilər. Həmin gün Hüseynağanın rəhbərlik etdiyi Sumqayıtdakı Səməd Vurğun adına Mədəniyyət Sarayındakı Xalq Teatrında tamaşası vardı. Ona görə də Zakir Bağırovun qəbuluna mən, Ağarəfi Rəhimov və Gülşad Baxşıyeva getdik. Zakir müəllim bizi çox yaxşı qəbul elədi və gəlişimizlə bağlı danışmağı təklif elədi. Mən danışdım və sonra fikrimi Gülşad xanım və Ağarəfi davam etdirdilər. Məsələni belə qoyduq ki, biz yalnız Vaqif Abbasovun rəhbərliyi ilə Şəki Dövlət Dram Teatrına işləməyə gedə bilərik. Zakir Bağırov fəlsəfə elmləri doktoru idi. Və həm də həddindən artıq yüksək mədəniyyətə, dərin siyasətə malik olduğu üçün, bizim belə ötkəm danışmağımızdan gülümsündü. Sonra özü danışdı. Bizim fikirimizlə razılaşdı. Çünki o, yaxşı bilirdi ki, yeni yaranan teatrda eyni fikirli insanların işləməsi artıq ilk uğur demək idi. Əsl ağsaqqal, dəyərli ziyalı və dərin filosof kimi çıxışının sonunda söz verdi ki, həmin teatra baş rejissor yalnız Vaqif Abbasovu göndərəcək. Onu da bildirdi ki, “Şəki teatrına baş rejissor biz tamam başqa bir adamı nəzərdə tutmuşduq. O, özü yaxşı aktyordur, yaxşı pedaqoqdur, bir-iki tamaşaya da quruluş verib”. Biz həmin aktyorun kim olduğunu bilirdik. Mən onun adını deyəndə Zakir müəllim mənim dediyimi təsdiq elədi. O, söhbətinin sonunda bizimlə çox mehribancasına görüşüb, otağının qapısına qədər yola saldı və orada yenə də bizimlə görüşdü. Sonralar artıq özüm də 1985-ci ilin sentyabrında A. V. Lunaçarski adına Dövlət Teatr Sənəti İnstitutunun axırıncı kursunda oxuyan zaman Ağdam Dövlət Dram Teatrına təyinatla quruluşçu rejissor göndəriləndə Zakir Bağırov məni qəbul eləmişdi və bir ağsaqqal kimi çox dəyərli məsləhətlərini vermişdi. Mən 1975-ci ildə bizi necə qəbul etdiyini, Vaqif Abbasovun Şəkiyə göndərməyini də yadına salmışdım... Mənim bu sözlərimdən o, gülümsünüb belə demişdi: “Deməli, mən o vaxt Vaqif Abbasovu Şəkiyə göndərməkdə heç də səhv eləməmişdim. Şəki teatrı bu gün respublikanın ən aparıcı teatrlarından biridir”.
Mən beş-altı ay Ağdam teatrında işləyəndən sonra hazırladığım dörd tamaşa həm kollektivin, həm rayon rəhbərliyinin və həm də bu tamaşalara Moskvadan, Bakıdan baxmağa gələn teatr mütəxəssislərinin, Bakıda yaşayan ağdamlı ziyalıların xoşuna gəldiyinə görə, teatr kollektivinin yazılı məktubu və Ağdam rayon partiya komitəsinin birinci katibi Sadıq Murtuzayevin Mədəniyyət Nazirliyinə təkidi, yazılı məktubu ilə teatrın direktorunu, baş rejissorunu işdən çıxarıb məni bu iki vəzifələrə təyin elədilər. Beləliklə, teatrın baş rejissoru və direktoru oldum. Ağdam Dövlət Dram Teatrına rəhbərlik elədiyim dövrdə, bu teatrın baş rejissoru və direktoru işlədiyim vaxtlarda Zakir müəllimin xeyir-duasını almışdım. Və hər dəfə kollegiyada onunla görüşəndə görürdüm ki, belə səxavət və mədəniyyət Zakir Bağırovun daxilindən gəlir. O, çox pak, rüşvət almayan əsl Mədəniyyət naziri idi. Həqiqətən də gözü, könlü tox bir insan, əsl ziyalı idi. Əfsus ki, Azərbaycana rəhbərlik eləyən Əbdürrəhman Vəzirov kimi birisi ona və Azərbaycan mədəniyyətinə böyük haqsızlıq edib, dəhşətli zərbə vurub, 1988-ci ildə onu işdən çıxardı. Onun yerinə təşkilatçılıq səriştəsi olmayan, özündən müştəbeh, savadsız və sonralar Azərbaycan mədəniyyətinə böyük zərbə vuran birisini gətirib nazir təyin elədi. Zakir Bağırov da bu haqsızlığa dözməyib dünyasını dəyişdi…
... Beləliklə, biz imtahanları verəndən sonra istirahətə getməyib Vaqif Abbasovun rəhbərliyi ilə 1975-ci ilin iyun ayının 27-də onun ad günündə Şəkiyə işləməyə getdik. Hətta İsmayıllıda Bədo deyilən böyük bir bulağın başında biz Vaqif müəllimin anadan olmasının otuz dörd illiyini yaxşıca qeyd etdik.
Qısa arayış: Vaqif Abbasovgilin nəsli əslən Qərbi Azərbaycanın İrəvan şəhərindəndir. Sonralar onlar Bakıya köçüblər. Vaqif 1941-ci ilin iyun ayının 27-də Bakıda anadan olub. Burada orta məktəbi bitirib. Teatra həvəsi olduğuna görə Dram dərnəyinə gedib. Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif və Xalq teatrları rejissorluğu fakültəsinin tələbəsi olduğu vaxtlarda Xalq teatrına rəhbərlik eləyib. Bir neçə tamaşaya maraqlı quruluş verib. Elə həmin vaxtı onun Xalq teatrındakı tamaşalarına baxan böyük rejissor Adil İsgəndərov ona təklif eləyib ki, Moskvaya gedib rejissorluq təhsili alsın. Azərbaycan Dövlət İncəsənət İnstitutunun sonuncu kursunda oxuyan vaxt Vaqif dərsdən çıxıb evə gələndə məktbəliləri aparan bir avtobusun yandığını görür. Yaxşı idmançı olan Vaqif yanan avtubusun qapılarını sındıraraq orada yanan uşaqları xilas etdiyi vaxt özünün də ayaqları yanıb. Xoşbəxtlikdən bütün uşaqlar salamat qalıb. Onun ayaqlarının müalicəsi isə çox çəkib. Hətta Moskvada müalicə olunsa belə, amma Vaqifin ayaqları tam sağalmamışdı. Tez-tez ona əziyyət verirdi. Bu igidliyinə, qorxmazlığına görə SSRİ Yanğından Mühafizə Nazirliyinin əmri ilə Vaqifə “Yanğınla mübarizədə igidliyə görə medal verilmişdi”. Məşhur yazıçı-jurnalist Faiq Mustafayev onun bu igidliyi haqqında rus dilində “Alovun içində” adlı çox maraqlı bir povest yazmışdı. Sonra Vaqif Abbasov Moskvada A. V. Lunaçarski adına Dövlət Teatr Sənəti İnstitutunun musiqili teatrlar rejissorluğu fakültəsinə qəbul olub. Beş illik təhsilini yuxarıda yazdığım kimi dörd ildə bitirib və təyinatla Azərbaycana göndərilib.
... Biz İsmayıllı rayonunun Bədo bulağında bir neçə saat istirahət eləyəndən və Vaqif Abbasovun ad gününü keçirəndən sonra Şəkidən Bakıya, bizim ardımızca göndərilmiş avtobusla elə həmin günü də Şəkiyə gəldik. Bizi orada yataqxanada yerləşdirdilər. Səhəri günü Şəki rayon partiya komitəsinin birinci katibi Sadıq Murzuzayev bizi böyük təmtəraqla qəbul elədi. Teatr sənətindən, ədəbiyyatdan, həyati məsələlərdən çox maraqlı söhbətlər elədi. Yuxarıda yazdığım kimi, biz “Maskarad” tamaşasını Şəkidə oynayan zaman da o, maraqlı çıxış eləmişdi. Bu çıxışı isə daha möhtəşəm oldu. Açığı biz raykom katibinin belə savadlı, hərtərəfli biliyə malik olmasına valeh olduq. Sonra bildik ki, o, filologiya elmləri namizədi, alimdir. Şekspirin “Hamlet” pyesini bizim üçün bir neçə variantda təhlil elədi. (Sonralar mən Ağdam Dövlət Dram Teatrında işlədiyim vaxt onunla daha yaxından təmasda olanda öyrənəcəm ki, Sadıq Murtuzayev Zaqatala Pedaqoji Texnikumunda dərs deyən vaxtı orada dram dərnəyi yaradıb. Bir neçə tamaşaya quruluş verib. Hətta özü də rollarda oynamışdı. O, saatlarla əzbərdən şeir deyirdi. Hamletin və Otellonun monoloqlarını yüksək aktyor bacaracağı ilə söyləyirdi. Hətta bu monoloqları Danimarkada Azərbaycan nümayəndələrinin rəhbəri olan vaxt “Hamlet” pyesindəki hadisələrin getdiyi Qəsrdə rus, ingilis və həm də Azərbaycan dilində, eləcə də Londonda Şekspirin yaratdığı teatrın binasının səhnəsində söyləyib. Orada olan insanlar onu böyük alqışlarla qarşılayıblar. Tale elə gətirib ki, mən Sadıq Murtuzayevin bir neçə kitabının redaktoru olmuşam. Hətta onun haqqında “ Mümkün olmayanı mümkün eləyən rəhbər” adlı esse və eyni adlı kitab və “Torpağa bağlı insan” adlı kitab yazmışam.Eləcə də onunla müştərək, Şeyx Şamilə həsr olunan “İmam Şamil” adlı povest və pyes yazmışıq. Bu kitabların hər üçü çap olunub. Birinci kitab - “Mümkün olmayanı mümkün eləyən rəhbər” onun 90 illik yubileyinə həsr olunub. Bu kitabı o, çox bəyənib. 2018-ci ldə çap olunan ikinci kitab “İmam Şamil” də onun çox xoşuna gəlirdi. 700 səhifəlik üçüncü kitab isə 2022-ci ilin iyul ayında çap olunub. Əfsus ki, Sadıq müəllim bu kitabı görə bilmədi. O, 2021-ci ilin fevral ayının 4-də 94 yaşında haqq dünyasına qovuşdu.)
... Həmin gün Sadıq Murtuzayevlə Bakıdan gələn biz məzunların təxminən dörd saatdan çox maraqlı söhbətimiz oldu. Və söhbətin sonunda bildirdi ki, yeni tikilən evdə bizə mənzillər veriləcək. Sonra doğrudan da elə oldu. Bakıdan gedən aktyorların hamısına, subaylara bir, ailəlilərə isə iki və üç otaqlı mənzillər verildi.
Özülü Vaqif Abbasov tərəfindən düzgün və peşəkar səviyyədə qoyulan Şəki Dövlət Dram Teatrı indi də məmləkətimizin sayılıb seçilən teatrlardandır. Bu, ilk növbədə teatrın rəhbərliyi tərəfindən sənətkarın sənətinə olan münasibətindən və yaratdığı obrazları sevərək canlandırdığından qaynaqlanır. Bu, həm də əsasən teatrı özündən, evindən artıq sevmək və professional sənət sahibi olmaqdan irəli gəlir.
Şəki Teatrının yaranma tarixi də çox maraqlıdır. Belə ki, görkəmli maarifçi və yazıçı Rəşid bəy Əfəndiyev 1877-ci ildə Tiflisdə Mirzə Fətəli Axunzadə ilə görüşüb. M. F. Axundzadə ona Vətəni Şəkidə komediyalarından birinin oynanılmasını arzuladığını bildirib. 1879-cu ildə gənc Rəşid bəy böyük mütəfəkkirin arzusunu həyata keçirərək barama anbarında Mirzə Fətəlinin “Hacı Qara” komediyasını Şəki ziyalıları ilə birlikdə tamaşaya hazırlayıb. Hacı Qara rolunu Rəşid bəy Əfəndiyev özü ifa edib. Beləliklə, Şəkidə peşəkar teatrın təməli qoyulub. 1933-1950-ci illərdə Şəkidə fasilələrlə Mirzə Ələkbər Sabir adına Dövlət Dram Teatrı fəaliyyət göstərib. Həmin vaxt SSRİ-nin rəhbəri İosif Stalinin bic siyasətli əmrilə Azərbaycanda əksər dövlət teatrları maliyyə problemi adı ilə bağlanıb. 1959-1975-ci illərdə isə bu teatr Xalq teatrı kimi fəaliyyət göstərib. 1975-ci ildə yenidən Dövlət Dram Teatrı yaranıb və az müddət ərzində böyük uğurlar qazanıb.Teatrın 1975-ci ildə tikilmiş binası 2011-ci ildə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamı ilə müasir formada təmir edilib və teatrsevərlərin istifadəsinə verilib.
Yarandığı müddətdə bu teatr həm Azərbaycan, həm də dünya klassiklərinin əsərlərinə səhnə tərtibatı verib və öz dəsti xətti ilə şöhrət qazanıb. Repertuarında xarici və Azərbaycan dramaturqlarının əsərləri olan və indiyədək səhnəsində 200-dən artıq tamaşaya həyat vermiş Şəki teatrı bir çox xarici ölkələrdə - Gürcüstan Respublikasının Tiflis və digər şəhərlərində, Özbəkistan Respublikasının Daşkənd və Səmərqənd şəhərlərində, Tatarıstan Respublikasının Kazan şəhərində, Moskvada, Türkiyədə qastrol səfərlərində olub və eləcə də SSRİ-də keçirilən bolqar, rumın, macar, alman dramaturgiyası festivallarında uğurla çıxış edərək qalib olub və diplomlar alıb. 2007- ci ildə Türkiyənin Giresun, 2008-ci ildə İstanbul şəhərlərində Slavomir Mrojekin “Xoşbəxt hadisə” tamaşası ilə çıxış edən teatr 2012-ci ilin aprel ayında Konya şəhərində keçirilən türkdilli xalqların “Min nəfəs, bir səs” V teatr festivalında Jan Batist Molyerin “Aldadılmış ər”, 2015-ci ilin aprel ayında isə Konya və Giresun şəhərlərində keçirilən VIII teatr festivalında Jan Batist Molyerin “Xəsis” tamaşası ilə çıxış edib.
2014 , 2016, 2018-cı illərdə Şəki Dövlət Dram Teatrı Azərbaycanda keçirilən beynəlxalq teatr festivallarına yüksək səviyyədə ev sahibliyi eləyib.
Yuxarıda yazdığım kimi, bu коllекtivin təşəккül tаpmаsındа Vaqif Аbbаsоvun zəhməti, xidməti əvəzsizdir. Müхtəlif illərdə Şəкi tеаtrındа bаş rеjissоr işləmiş Hüseynağa Аtакişiyеvin, Cahangir Nоvruzоvun, Mərdan Fеyzullаyеvin də коllекtivin prоfеssiоnаl səviyyəyə qаlхmаsındа zəhmətləri böyüкdür. Bəstəкаrlаrdаn Еmin Sаbitоğlu, Аydın Əzimоv, Cavanşir Quliyеv, bаlеtmеystеr Əli Əşаri, drаmаturqlаrdаn Ramiz Rövşən, Vaqif Səmədоğlu, Аnаr, Nəriman Həsənzadə, Nəbi Xəzri, Rəhman Əlizadə və bаşqаlаrı Şəкi tеаtrı ilə həmişə sıх yаrаdıcılıq əlаqələri sахlаyıblаr.
Teatrın bu günki uğurları yaradıcı heyətə rəhbərlik edən, Respublikanın Əməkdar incəsənət xadimi Mirbala Səlimlinin adı ilə bağlıdır. 1985-ci ildən Şəki Dövlət Dram Teatrında işləyən Mirbala Səlimli Azərbaycan və dünya dramaturgiyasının incilərindən sayılan 30-dan çox dram əsərinə bu teatrda quruluş verib. Bu uğurların nəticəsi olaraq Azərbərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə teatrın baş rejissoru Mirbala Səlimli 2012-ci ildə “Əməkdar İncəsənət Xadimi” fəxri adına və Prezident mükafatına, aktyorlardan Xanlar Həşimzadə 2013-cü ildə “Fəxri mədəniyyət işçisi” döş nişanına, 2015-ci ildə “Sənətkar medalı”, 2015-ci ildə “Əməkdar artist” fəxri adına və Prezident mükafatına, Əbülfət Salahov 2015-ci ildə “Əməkdar artist” fəxri adına və Prezident mükafatına, Akif Yusifov 2013-cü ildə “Fəxri mədəniyyət işçisi” döş nişanı, 2018-ci ildə “Əməkdar artist” fəxri adına, Rəhim Qocayev 2018-ci ildə “Əməkdar artist” fəxri adına, Aydın Əlibalayev və Brilyant Babayeva 2013-cü ildə “Fəxri mədəniyyət işçisi” döş nişanına layiq görülüblər. 
Yuxarıda yazdığım kimi, indiki Şəki Dövlət Dram Teatrı 1975-ci ildən fəaliyyət göstərir. O vaxt başda rejissor Vaqif Abbasov olmaqla 20 nəfərlik aktyor heyəti Şəkiyə gəldik və bir neçə aydan sonra Şəkidə teatr yenidən pərdələrini açdı. Teatra yeni gələn biz gənc aktyorlar və yerli Xalq teatrının həvəskar aktyorları ilk gündən Səməd Vurğunun eyni adlı poeması əsasında İsgəndər Coşqunun yazdığı “Komsomol poeması”, Sabit Rəhmanın “Nişanlı qız”, Mirzə Fətəli Axundzadənin “Hacı Qara” tamaşalarının məşqlərinə başladıq. Və getdikcə bu tamaşaların sayı artmaqda davam elədi. Xalq şairi Nəriman Həsənzadənin “İmzalar içində”, Xalq yazıçısı Anarın “Adamın adamı”, Xalq şairi Nəbi Xəzrinin “Əks-səda” va bağqa tamaşalar maraqla qarşılandı. Ən maraqlı tamaşa isə Vaqif Abbasovun quruluşunda Vilyam Şekspirin “Kral Lir” tamaşası olub. Bu tamaşa keçmiş ittifaq səviyyəsində çox maraqla qarşılanıb. Bu tamaşa Vaqif Abbasovun rejissor şərhində çox maraqlı iş idi. Aktyorlar da yaxşı oynayırdı. Kral Lir rolunda cavan aktyor və sonralar maraqlı aktyor, rejissor olan Rövşən Almuradlı oynayırdı.
Vaqif Abbasov həmin dövrdə bugünkü Azərbaycan teatrının vəziyyətini görürdü. Teatra gəldiyi ilk gündən burada Teatr-Studiya yaratdı. Gənc, həvəskar aktyorları həmin Teatr-Studiyaya topladı, onları imtahandan keçirdi. Həmin Teatr-Studiyada Hüseynağa Atakişiyev aktyor sənətindən və mən səhnə danışığından dərslər keçməyə başladıq. O Teatr-Studiyada sonralar teatrın ən aparıcı aktyorları olan cavanlar yetişdi. Onlardan Hikmət Nəbili, Fərman Abdullayev, Xanlar Həşimzadə, Vahab Allahverdiyev, Əbülfəz Salahov və başqaları sonra teatrın aparıcı aktyorları oldular.
Bir kursda oxuduğumuz yoldaşlar, artıq bir yerdə işləyəndə, aramızda yaradıcılıq sahəsində mübahisələr başlayırdı. Hər kəs öz fikrinin dəqiq olduğunu sübut eləmək istəyirdi. Həm də yataqxanada olan şəraitsizlik, maaşların vaxtlı-vaxtında verilməməsi, teatrın direktorunun bəzən kobud və biganə hərəkətləri konfliktləri dərinləşdirirdi. Bu konfliktlər dərinə getsəydi, kollektiv bütövlükdə dağıla bilərdi. Ona görə də Vaqif Abbasovun rəhbərliyi ilə çox böyük bir iclas keçirdik. Belə qərara gəldik ki, bir qrup aktyor teatrdan getsin və qalanları qalıb öz işlərini davam etdirsinlər. Təxminən on nəfər ayrılıb yenidən Bakıya qayıtdıq və on nəfər orada qaldı. Biz ayrı-ayrı teatrlara işə düzəldik. Şahmar Qəribli ilə mən Sumqayıt Dövlət Dram Teatrına, Şükufə Yusupova, Telman Adıgözəlov və Mirzə Ağabəyli Milli Akademik Dram Teatrına, Vaqif Siyabov Opera və Balet Teatrına, Nəbi Qədirov, Zəfər Murtuzov Cəfər Cabbarlı adına Dövlət Kino-Studiyasına, Əlican Əzizov Gəncə Dövlət Dram Teatrına işə düzəldilər. Qalanları da teatrlara yox, başqa yerlərə işə düzəldilər.
Beləliklə, bizim yollarımız ayrılsa da dostluğumuz davam elədi. Şəkidə yeni Dövlət Dram Teatrının rəsmi açılışını səbirsizliklə gözlədik. Teatrın açılışı çox təmtəraqlı oldu. Sonra onlar üç tamaşa ilə- Sabit Rəhmanın “Nişanlı qız”, Anarın “Adamın Adamı” və Nəbi Xəzrinin “Əks-səda” əsərləri ilə Bakıya qastrola gəldilər. Bu tamaşalar da Bakıda həm tamaşaçılar və həm də mütəxəssislər tərfindən yaxşı qarşılandı. Onların bu sevincinə biz də həmin tamaşalara baxmaqla şərik olduq. Və Azərbaycanın tanınmış ziyalılarının, teatr mütəxəssislərinin iştirakı ilə keçirilən bu tamaşaların müzakirəsində iştirak elədik.
Vaqif Abbasovun, Xalq şairi Nəriman Həsənzadənin “İmzalar içində” tamaşasına quruluş verməsi də sensassiya oldu.Bu tamaşa böyük dövlət xadimi, maraqlı yazıçı-dramaturq Nəriman Nərimanovun dramatik, keşməkeşli həyatına həsr olunan maraqlı pyes idi. Nərimanov rolunda isə cavan aktyor Muxtar İbadov oynayırdı. 1980-ci ildə biz Sumqayıt Dövlət Darm Teatrında bu əsərə “Bütün Şərq bilsin” adı ilə quruluş verdik. Bu pyesi Nəriman müəllimlə demək olar ki, yenidən işlədik. Bu tamaşa Mərahim Fərzəlibəyovun Sumqayıt teatrında quruluş verdiyi son tamaşa oldu. Burada Nəriman Nərimanov rolunda Xalq artisti Məlik Dadaşov çox yaxşı oynayırdı. Bu tamaşada bütün aktyorlar çox yaxşı oynayırdılar. Mərahim Fərzlibəyov da tamaşaya çox yaxşı quruluş vermişdi. Mən həm tamaşanın ikinci rejissoru idim və həm də iki rol oynayırdım. Bu tamaşanı biz 1981-ci ilin əvvəlində Moskvada Mayakovskl adına teatrın binasnda oynadıq. Tamaşanı moskvalılar çox maraqla qarşıladılar. Bu tamaşaya görə bizim teatra SSRİ Yazıçlar İttifaqının və SSRİ Mədəniyyət Nazirliyinin birinci dərəcəli diplomları verildi.
Vaqif Abbasov quruluş verdiyi “İmzalar içində” tamaşasında da Meyrxold, Vaxtanqov, Bertold Brext və Azərbaycan meydan teatrını çox ustalıqla sintez edərək maraqlı bir formada tanaşaçıların ixtiyarına vermişdi. Ümumiyyətlə, Vaqif Şəkidə hazırladığı bütün tamaşalarda bu sintezdən istifadə edirdi. Sonralar həmin üslubu Hüseynağa Atakişiyev davam etdirməklə daha da cilaladı və quruluş verdiyi tamaşaların çoxunda bundan istifadə elədi. Eləcə də mən quruluş verdiyim tamaşaların bəzilərində bu üslubdan istifadə eləmişəm.
Vaqifin ayaqlarında problemlər yarandığından və Şəkidə hava nəmişlik olduğundan o, tez-tez xəstəxanaya düşürdü və hətta müalicə üçün yenə də Moskvaya getmişdi. Həkimlər məsləhət bilirdilər ki, o, sağlamlığına görə Şəkidən Bakıya qayıtmalıdır. Həmin vaxt Moskvadan Sadıq Murtuzayevə məktub yazıb, vəziyyətini ətraflı demişdi. Yerinə isə baş rejissor Hüseynağa Atakişiyevin qoyulmasını təklif eləmişdi. Çünki Hüseynağa Atakişiyev onun metodunu bilirdi və bu işi davam etdirməyə hazır idi. Çox səmimi yazılmış həmin məktubu sonralar Sadıq Murtuzayev mənə vermişdi və oxumuşdum. O məktub bu gün də Sadıq müəllimin arxivindədir.
Beləliklə, Mədəniyyət Nazirliyinin əmri ilə Vaqif Abbasov Şəki Teatrınından Azərbaycan Dövlət Musiqili Komediya Teatrına baş rejissor vəzifəsinə dəyişildi. Şəkidə isə onun yerinə Sadıq Murtuzayevin çox böyük təkidilə Hüseynağa Atakişiyevi baş rejissor təyin elədilər. Hüseynağanın ali rejissorluq təhsili olmadığına görə Mədəniyyət Nazirliyi onu baş rejissor qoymaq istəmirdi. Hüseynağa isə ona olan ümidləri doğrultdu. Şəki Teatrında bir-birindən maraqlı tamaşalar hazırladı. Teatr tez-tez ümumittifaq və xarici festivallarda iştirak eləyib, birinci dərəcəli diplomlara layiq görüldü. Hüseynağa Atakişiyevin quruluş verdiyi Bertold Brextin “Artur Uinin karyerası”, Roçe Stoyanovun “Ustalar”, Şander Petefinin “Pələng və kaftar” tamaşaları keçmiş Sovetlər Birliyində çox maraqla qarşılandı.
Vaqif Abbasov isə Musiqili Komediya Teatrında librettosu Faiq Mustayevin və musiqisi Adil Bəbirovun olan “Yer tutanlar” tamaşasına maraqlı quruluş verdi. “Hicran” tamaşasından sonra Nəsibə Zeynalova, Siyavuş Aslanov və Hacıbaba Bağırov ilk dəfə burada, bir tamaşada oynadılar. Bu əsər Sovet quruluşunda yarıtmaz rəhbərlərə qarşı çox kəskin satirik boyalarla işləndiyindən, onları kəskin tənqid etdiyindən tamaşanın oynanılmasına icazə vermək istəmirdilər. Amma hər üç tamaşa böyük anşlaqla keçdi. O vaxt Vaqif Abbasovun vəziyyəti çox pis idi. Ayağının birini kəsmişdilər. Ayağının yarası sağalmasa da o, məşqlərə gedirdi. Ayağına protez taxmağa tələsirdi. Həkimlər buna icazə verməsə də Vaqif həkimlərə qulaq asmırdı. Çünki ayağının yarası hələ sağalmamışdı. Bu da özünün möhkəm fəsadlarını göstərdi. Ayaqları çürüməyə başladı... Vaqif evdə xəstə yatanda tez-tez gedib ona baş çəkirdim. Həmin vaxt mən Sumqayıt Dövlət Dram Teatrında aktyor işləməklə paralel artıq Sumqayıtda 1977-ci ildə “Ümid” adlı Teatr- Studiya yaratmşdım. Bu Teatr-Studiyada da iki yüz əllidən artıq həvəskar vardı. Mən və bir neçə aktyor dostum (Kazım Abdullayev, Şahmar Qəribli, Rövşən Almuradlı, jurnalsit Ələsgər Qurbanov, baletmeytsr Məmməd Mehdiyev) onlara aktyor sənətindən, səhnə danışığından plastikadan, jurnalistikadan, ədəbiyyatdan, teatr tarixindən dərslər keçirdik. Bu Teatr-Studiyada hazırladığım tamaşalarla həmişə respublika festivallarında birinci yeri tutduğumuzdan, oynadığımız tamaşalar Sumqayıtda və qastrollara getdiyimiz rayonlarda uğurla qarşılandığından Mədəniyyət Nazirliyinin əmrilə 1979-cu ildə Sumqayıt Gənclərinin Xalq Teatrı adını almışdı. Teatra rejissor, rəssam və başqa ştatlar da verilmişdi. Hətta biz Feyruz Məmmədovun “Bir bayraq altında” teatrlaşdırılmış tamaşasını 1980-ci ildə Moskvada SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində oynayıb, on beş respublika arasından ən yaxşı tamaşa kimi Qızıl medala layiq görülmüşdük. Vaqif Abbasov Musiqili Komediya Teatrının baş rejissoru olsa da, amma istəyirdi ki, Bakıda yenidən bir teatr yaratsın. Onun vaxtilə Azərbaycan Dövlət İncəsənət İntitutnda dərs dediyi və onlarla Edvard Olbiyenin “Hər şey bağdadır” əsərini “Dəyyuslar” adı ilə hazırladığı tamaşasında oynayan tələbələri və mənim Teatr-Studiyamda olan istedadlı uşaqlar bu teatrın aktyorları olsunlar. Teatra eyni zamanda ikimiz birlikdə rəhbərlik eləyək.
Mənimlə elədiyi söhbətlərdə həmin illəri xatırlayan Əməkdar artist, Milli Akademik Darm Teatrının aktyoru, bir vaxtlar Dövlət Gənclər Teatrında mənim quruluş verdiyim Zeydulla Ağayevin “Haray” pyesində Hans və Aleksandr Suxovo-Kabılınin “Tarelkinin ölümü” əsərində Tarelkin kimi çox maraqlı rollar oynayan Ayşad Məmmədov Vaqif Abbasovla bağlı bizim bilmədiyimiz çox maraqlı məlumatlar verdi. Qərara gəldim ki, onun sözlərini yazıya əlavə eləyim:
-İlk dəfə Vaqif müəllimlə görüşümüz 1980-81-ci illərdə olub. Bizim kursun rəhbəri, rəhmətlik Nəsir Sadıqzadə idi. Üçüncü kursda oxuyanda Nəsir müəllim onu dəvət eləmişdi ki, bizimlə bir tamaşa hazırlasın. Həmin vaxt Vaqif Abbasov artıq Musiqili Komediya teatrının baş rejissoru təyin olunmuşdu və Azərbaycan Dövlət İncəsənət İnstitutunda dərs deməyə başlamışdı. Nəsir müəllim bizi peşəkar teatr rejissoru ilə işləməyə hazırlayırdı. Beləliklə, o, bizimlə Edvar Olbienin “Hər şey bağdadır” əsərini “Dəyyuslar” adı ilə hazırlamağa başladı. Orada mənə Cek rolunu həvalə eləmişdi. Düzdür bu rolu o, əvvəlcə başqa tələbə yoldaşımıza vermişdi. Sonra mənə dedi ki, sən də bu rolu işlə. Elə oldu ki, mən daha yaxşı oynadım və Vaqif müəllim məni elə bu rolda saxladı. Bu tamaşada Cek rolunda oynayanda Vaqif müəllim özününün ağ və çox yaraşıqlı, düz varatnikli, bahalı köynəyini vermişdi ki, mən geyinim. Sonra həmin köynəyi geri almadı. Dedi ki, “məndən yadigar saxla. Ətəyində də yazarsan ki, Cek rolunda oynadığım bu köynək Vaqif Abbasovdan mənə yadigardır”. Mən Şəkiyə işləməyə gedəndə bu köynəyi Şəki Teatrına bağışladım. Kostyum sexində qoydum. Həmin tamaşada tələbə yoldaşlarım Zenfira Abdullayeva (Əbdülsəməd), İradə Abdullayeva, Fikrət Vəliyev, Adilə Yarıyeva, Ələkbər Hüseynov və başqaları iştirak eləyirdi. Tamaşa çox möhtəşəm alınmışdı. Təsəvvür eləyin ki, tələbə tamaşası haqqında ilk dəfə idi Azərbaycan Dövlət Televizayasında xüsusi bir veriliş hazırlanmışdı. Həmin vaxt institutun rektoru fəlsəfə elmləri doktoru Aslan Aslanov idi. O da tamaşanı çox bəyənmişdi. Oynadığım Cek rolu mənə çox köməklik elədi. Belə ki, məni elmi kommunizm fənnindən imtahanda kəsmişdilər. Dekan bu məsələni Aslan Aslanova demişdi. O da mənim oynadğım Cek roluna görə mənə həmin fəndən qiymət yazdırmışdı. Vaqif müəllim bizimlə məşq eləyndə ayağı kəsilmişdi. Ona görə də məşqdə çox əziyyət çəkirdi. Hətta biz bayram günləri də məşq eləyirdik. Onun ayağının ağrısından sifətindən gildir-gildir tər axsa da o, bu əzab-əziyyətini bizə bildirmirdi. Belə vəziyyətində deyirdi ki, “məşq eləyin. Məşq eləyin... Məndən istifadə eləyin. Mənim dediklərimi sizə heç bir rejissor deməyəcək”. Bir dəfə ağır xəstə olanda biz tələbələr evinə getdik. Onun stolunun qabağında servant vardı. Qrupumuzn şəklini həmin servantın qabağına qoymuşdu və dedi ki, “axşamlar yata bilməyəndə səhərə kimi sizinlə danışıram”. Vaqif müəllimin çox böyük arzuları vardı. Yadımdadır ki, sizinlə birlikdə yeni teatr açmaq istəyirdi. Bunu bizə də demişdi. O vaxt yeni yaradacağı teatrın ilk tamaşası olacaq Aleksandr Vampilovun “Ötən yay Çlyümskdə” adlı əsərinin məşqlərinə də başlamaq istəyirdik. O, həmin pyesi bizim üçün çox maraqlı formada təhlil eləyirdi...
Təsəvvür eləyin ki, Vaqif müəllim rəhmətə gedəndən sonra biz tələbələr heç bir müəllimlə işləyə bilmirdik. Çünki ondan aldığımız enerjini heç bir müəllimdə görə bilmirdik. Bir dəfə rəhmətlik Faiq Zöhrabov bizimlə kurs tamaşası hazırlamaq istəyirdi. Gəlib bir-iki dəfə dərslərdə oturdu və pyes də götürdü, amma bir-iki məşqdən sonra bizimlə tamaşa hazırlamaqdan imtina elədi və institutun rəhbərliyinə dedi ki, “mən bunlarla bacarmıram”. Çünki Vaqif Abbasov bizə o qədər enerji, o qədər bilik vermişdi ki, başqa müəllimlər bizimlə bacara bilmirdilər. Onun çox maraqlı bir sözü vardı. Deyirdi: “Hər bir aktyor öz rolunun dəqiq apelsinini tapa bilməsə, həmin rolu oynaya bilməyəcək”. Apelsin həmin rolun dəqiq özəyi demək idi. O, bizə Şəki teatrından çox danışırdı. Mənə deyirdi ki, “orada Fərman Abdullayev adında aktyor var. Sənin rol üzərində işləmək tərzin onun iş prosesinə çox oxşayır”. Onun Şəki teatrı haqqında maralı danışması bizdə bu teatra böyük maraq yaratmışdı. Vaqif müəllim üçün Yaponiyadan protez gətirmişdilər. O, deyirdi ki, “protezi geyinəndən sonra sizinlə birlikdə qaçacam. Çünki protez ayağa geyinilən kimi özü hərəkət eləyir”. Protezi götürmək üçün tələbələrdən kimsə onunla getməli idi. Hər kəs deyirdi ki, mən gedərəm. Həmin vaxtı mən başıböyüklük eləyib arxada oturmuşdum və heç nə demirdim. Vaqif müəllim gözaltı mənə baxıb dedi: “Mənimlə Ayşad gedəcək”.
Bir dəfə də başıböyüklük eləmişəm. İndi də yadıma düşəndə utanıram. Pilləkəndə dayanmışdıq. Vaqif müəllimin ayağında protez vardı. Pilləkəndən düşmək istəyirdi. Mən də fikirləşmirdim ki, onun qoluna girib, düşürtmək lazımdır. Mənə baxıb gülümsündü və dedi: “Buna bax ey. Əlini mənə vermək istəmir”. Çox utandım və tez onun qoluna girib, düşməyinə könəklik elədim. Açığı, fikirləşirdim ki, bu , cavan, çox məğrur adamdı, qoluna girsəm inciyər.
Vaqif müəllimin vəziyyətinin ağır olduğu vaxtda və sağalacağına ümid olmayanda ona söz verdim ki, gedib Şəki Dövlət Dram Teatrında işləyəcəm. Vaqif müəllim vəfat eləyəndən sonra mən hələ üçüncü kursda oxuyanda Şəkiyə getdim və Hüseynağa Atakişiyevə dedim ki, biz ali məktəbi bitirəndən sonra bir neçə tələbə gəlib burada işləyəcəyik. Həqiqətən də dördücü kursu bitirəndən sonra bir qrupumuz Şəki teatrına işləməyə getdik. Mən, Adilə Yarıyeva, Zenfira Abdullayeva (Abdulsəməd), Ələkbər Hüseynov, İradə Abdullayeva (Fərmanın həyat yoldaşı) və başqaları. Burada da bizə aktyorlar Vaqif Abbasov və onun iş prosesi haqqında həmişə maralı xatirələr danışırdılar.
Yuxarıda dediyim ki, o, Musiqili Komediya Teatrının baş rejissoru idi və bizə dərs deyirdi. Biz onun ərköyün uşaqları idik. Anası onunçün yemək qoyurdu və biz də ərköyün uşaq kimi gəlib yeməyindən götürürdük. Daha doğrusu o, özü bizi məcbur eləyirdi ki, həmin yeməkdən biz də yeyək. Ona həkimlər siqaret çəkməyə qəti icazə vermirdilər. Biz də bunu bildiyimizdən onun şkafını açıb, siqaretləri oradan götürürdük. Vaqif müəllim şkafda siqaret olmadığını görəndə bizi məcbur eləyirdi ki, ona siqaret verək. Heç kim siqaret vermək istəməyəndə deyirdi: “Bir dənə siqaret verin, sizə maraqlı bir şey danışacam. Bunu da məndən başqa sizə heç kim deməyəcək”. Uşaqlar məcbur olub, ona bir siqaret verirdilər. Biz Musiqili Komediya Teatrında onun üçüncü mərtəbədə olan qapısını ərköyün uşaq kimi döymədən açırdıq. Amma teatrın aparıcı aktyorları onun kabinetinə girmək üçün icazə alırdılar. O, protezi ayağına tez geyinməməli idi. Tez geyindi və ayağı qanqrena oldu və bu iltihab da qanına keçdi. Çünki o, çəliksiz, sərbəst gəzməyə çox tələsirdi. Ayağının kəsilməsi ilə heç cürə barışa bilmirdi. Həm Musiqli Komediya Teatrında, həm də bizimlə tamaşa hazırlayırdı və istəyirdi ki, hər iki tamaşanı tez təhvil versin. Yəqin buna görə də protezi tez geyindi. Axırda da belə faciə baş verdi...
Vaqif müəllimi haqq dünyasına yola salanda tələbələri onun tabutunun altına girmişdi və hamımız hönkür-hönkür ağlayırdıq. Bəlkə də öz doğmamız, əzizimiz üçün belə ağlamazdıq. Bax, bu, sevimli müəllimə istək, ülvi sevgi idi. Onun ölümündən sonra hamımız çox ağrılı günlər keçirirdik. Elə bil dünya bizimçün məhv olmuşdu. Heç yerdə qərar tapa bilmirdik. Bizə böyük zərbə olmuşdu. Baxmayaraq ki, bilirdik tezliklə Vaqif müəllimlə əbədi vidalaşacağıq, amma bununla barışa bilmirdik. Tez-tez onun qəbrinin üstünə gedirdik. Orada da hamımız hönkür-hönkür ağlayırdıq...
Ayşad Məmmədovun bu sözlərindən sonra yenə də keçmiş illər yada düşdü.Vaqif Abbasov bilirdi ki, mənim rejissor təhsili almağa həvəsin çox böyükdür. Hələ tələbəlik illərimdən Hüsü Hacıyev küçəsindəki “Azərnəşr”dəki Mədəniyyət İşçilərinin Evində dram dərnəyi yaratmışdım və orada tamaşalar hazırlayırdım. Deyirdi ki, “sağalım, səni Moskvaya müəllimim İosif Tumanovun yanına aparacam. Sən onun yanında təhsil alacaqsan. İnanıram ki, sən yaxşı rejissor olacaqsan. Çünki buna görə lazım olan bacarığın var”. Amma Vaqiflə birlikdə Moskvaya getmək arzusu nə ona, nə də mənə qismət olmadı. Vaqif 1981-ci ilin may ayının 6-da haqq dünyasına qovuşdu. Onun baş daşının üstündə Vaqif Abbasovun bu sözləri yazıldı: “Ana! Mən sənin yaşatdığın illəri yaşadım. Özüm yaşamalı olduğumu yaşaya bilmədim”. Bəli. Vaqif həmişə bizə deyirdi: “Mənim biliyimdən və savadımdan nə qədər bacarırsınızsa istifadə eləyin. Çünki mən çox yaşamayacam. Bunları da sizə heç kim deməyəcək”. Elə bil onun ürəyinə dammışdı ki, həyatdan tez köçəcək. Ona görə də çox istəyirdi ki, rejissura sahəsində nələrsə eləsin və çoxlu öz davamçılarını yetişdirsin. Yuxarıda Ayşad Məmmədovun dediyi kimi, onlarla hazırladığı Edvard Olbiyenin “Hər şey bağdadır” (“Dəyyuslar”) tamaşasında oynayan tələbələr də ondan çox razılıq edirdilər.
Tələbə yoldaşım, bir vaxtlar Ağdam Dövlət Dram Teatrının baş rejissoru işləmiş, mənim “Məhəbbət yaşayır hələ” pyesimə, “Qaçırlmış qız” adı ilə maraqlı quruluş verən və hal-hazırda Gəncə Dövlət Dram Teatrının aparıcı aktyoru olan Əməkdar artist Novruz Cəfərov da bizimlə Şəki teatrını yaratmağa getmişdi. Uzun illər orada aktyor işlədi. O da özünün “İncəsənət fədailəri” pyesində Vaqif Abbasov və bizim haqqımızda maralı fikirlər, yumoristik epizodlar yazıb... Bu pyes onun “Pyeslər” kitabında da çap olunub.
... Mən 1981-ci ilin may ayının sonunda Moskvaya gedib, sənədlərimi A. V. Lunaçarski adına Dövlət Teatr Sənəti İnstitutunun rejissorluq fakültəsinə verdim. Orada İosif Tumanovu axtardım. Ən dəhşətlisi budur ki, öyrəndim o da artıq bir həftədir dünyasını dəyişib. Əlbəttə, bundan çox pis oldum. Amma imtahanlara mükəmməl hazırlaşdığıma görə bütün sənət imtahanlarından beş qiymətlər alıb, elə Vaqif Abbasovun oxuduğu “musiqili teatrlar rejissorluğu” fakültəsinə qəbul olundum. Yuxarıda yazdığım kimi, onun qaldığı otaqda qaldım. Ali təhsilimi yüksək qiymətlərlə başa vurandan sonra mənim də teatr sahəsində peşəkar rejissor və teatr rəhbəri kimi karyeram başladı. Ağdam Dövlət Dram Teatrına, Sumqayıt Dövlət Musiqili-Dram Teatrlarına rəhbəlk elədim. Hər iki teatrın bədii rəhbəri və direktoru işlədim. Sumqayıt Dövlət Dram Teatrı mənim ideyamla Musiqili-Dram Teatrı oldu. Teatra əlavə 90 ştat verdilər. Teatrda çox peşəkar orkestr yaratdıq. Yaxşı balet truppamız vardı. Dramatik tamaşalarla birlikdə bir-birindən maraqlı musiqili tamaşalar da hazırladıq. İlk musiqili tamaşa isə mənim quruluşumda 1992-ci ilin aprel ayında Üzeyr Hacıbəyovun “Arşın mal alan” tamaşası oldu. Bu əsərə mən orijinal formada quruluş verdiyimə görə tamaşa respublika teatr ictimaiyyəti arasında çox maraqla qarşılandı. Sumqayıt Dövlət Musiqili-Dram Teatrına rəhbərliyim dövrdə keçmiş Sovetlər Birliyinin bir neçə respublikalarına- Qazaxıstana, Gürcüstana, Dağıstana, Şimali Osetiyaya çox maraqlı qastrol səfərləri təşkil elədik. Tamaşalarımız həmin respublikalarda çox yaxşı qarşılandı. Azərbaycan Dövlət Televiziyası bununla bağlı maraqlı verilişlər hazırladı. Respublika qəzetləri bu haqda maralı yazılar çap elədi. Azərbaycanda 1989-1994-cü illərdəki xaos dövründə teatrların vəziyyəti hədsiz ağır olduğu bir vəziyyətdə Sumqayıt teatrının kolletkivi çox yaxşı əmək haqqı alırdı. Kollektivin güzəranı çox yaxşı idi. Hər il ən azı 6-7 tamaşa hazırlayırdıq. Mən teatra rəhbərlik edənə qədər Sumqayıt teatrı 20 ildə 60 tamaşa hazırlamışdı. Mənim 10 il rəhbərlik etdiyim dövrdə də 60 tamaşa hazırladıq. Hər biri bir-birindən peşəkar səviyyəli, maraqlı tamaşalar idi. Sumqayıtın bütün ziyalıları teatrda olurdu. Bütün tamaşalarımız anşlaqla keçirdi. Bakıda ən üzdə olan ziyalılar da tez-tez bizim tamaşalara baxmaq üçün Sumqayıtda olurdu. 1994-cü ildə Bakıda Dövlət Gənc Tamaşaçılar Teatrının binasında oynadığımız yeddi tamaşa çox böyük uğurla qarşılandı. Teatrımız haqqında çoxlu ressenziya yazıldı və tamaşalardan süjetlər televiziyada göstərildi. Bütün bu uğurlu işlərimə görə mən 1992-ci ildən Azərbaycan Teatr Xadimləri İttifaqının katibi və idarə heyətinin üzvü və həm də Teatr Xadimləri İttifaqının Sumqayıt şöbəsinin sədri oldum. Sonra o vaxtlar Mədəniyyət Nazirliyimizə rəhbərlik eləyənlərlə aramızda yaranan kəskin konfliktlərə, onların “bığlarının altından” keçmək istəmədiyimə görə mən 1997-ci ilin sentyabr ayında ərizə yazıb, Sumqayıt Dövlət Musiqili-Dram Teatrı rəhbərliyindən işdən çıxıb, Dağıstana getdim. Üç illik Dağıstan həyatım başladı. Orada yaratdığım Azərbaycan-Dağıstan Beynəlmiləl Teatr truppası ilə bütün Dağıstanı gəzdik. 1950-ci ildə bağlanılan Dağıstan Azərbaycan Dövlət Dram Teatrının yenidən bərpa olunmasında xüsusi xidətlərim oldu. Bu teatrın Nizamnaməsini də Dərbənd Mədəniyyət idarəsinin rəisi Hüseynbala Hüseynovla birgə yazdıq. Həmin vaxt yaranan bu Dövlət teatrının bədii rəhbəri və direktoru mən olmalıydım. Artıq bu haqda Dağıstanın baş naziri Xizri İsayev və Mədəniyyət naziri Nahidə Abdulhəmidovna da razılıq vermişdilər. Oxuduğum A. V. Lunaçarski adına Dövlət Teatr Sənəti İnstitutunda artıq musqili teatrlar aktyorluğu və rejissorluğu kafedrasının müdiri işləyən müəllimim Aleksandr Aleksandroviç Barmakla danışıb razılığa gəlmişdik ki, Dağıstandan 20 nəfər istedadlı azərbaycanlı gənc gedib orada aktyor sənətindən dərslər alacaqdı və həmin institutda qiyabi oxuyacaqdı. Buna Dağıstan rəhbərliyi də razılıq vermişdi. Amma mənə qarşı düşmən mövqeyində olan Azərbaycan Mədəniyyət Nazirliyindən Dağıstana uzuanan qara, məkirli əllər bu işə mane oldu. Belə ki, məni bədii rəhbər və direktor təyin eləmək istəmədilər. Bu teatra Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, Xalq artisti Tariel Qasımovu baş rejissor göndərdilər. Tarielin də rejissura sahəsində nə savadı, nə də səriştəsi yox idi. Teatra isə Dərbənddə “pendir satan” kimi tanınan və teatr sahəsində heç bir səriştəsi olmayan, ticarətçi Şahlar Mehdiyevi direktor təyin etdilər. İki-üç ayın içərisində onların arasında çox böyük konfliktlər yarandı və Tariel Qasımov yenidən Azərbaycana qayıdası oldu. Bu konfliktləri görən Dağıstan rəhbərliyinin də teatra qarşı münasibəti pisləşdi. Hətta milliyyətcə azərbaycanlı olan, Dağıstan Ağsaqqallar Şurasının üzvü, Dərbənd rayon İcra Hakimiyyətinin başçısı, hansı ki, mənim bu teatra rəhbərlik etməyimi çox istəyən Seyid Camal oğlu Qurbanovun da teatra münasibəti dəyişdi. Biz onunla teatra yeni bina almaq məsələsini də Xizri İsayevlə həll eləmək istəyirdik. Bundan sonra isə teatra daha bina verilmədi. Bu gün də Dağıstan Azərbaycan Dövlət Dram Teatrının binası yoxdur.
Mən də Dağıstandan Azərbaycana qayıdıb, quruluşçu rejissor kimi öz işimi tələbə yoldaşım Hüseynağa Atakişiyevin yaratdığı Dövlət Gənclər Teatrında davam etdirdim. (Ən acınacaqlısı isə budur ki, çox dəyərli aktyor, rejissor, teatr təşkilatçısı Hüseynağa Atakişiyev də Mədəniyyət Nazirliyinin ona qarşı olan haqsızlıqlarına dözə bilməyib, 52 yaşında insult oldu və 57 yaşında haqq dünyasına qovuşdu. Onun yaratdığı bu teatrı da ləğv edib, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı ilə birləşdirdilər. Mənə olan haqsızlıqlara dözə bilməyib mən də 2001-ci ilin may ayında 51 yaşımda infakrt keçirdim.) Hüseynağa Atakişiyevin rəhbərlik etdiyi Dövlət Gənclər Teatrı Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı ilə 2009-cu ildə birləşəndən sonra yenə də quruluşçu rejissor kimi işimi burada davam etdirirəm. Tamaşalara quruluş verirəm. Eləcə də bədii əsərlərimi, publisist yazılarımı, məqalələrimi yazıram. Bu uğurlarımda mən əlbbəttə, başqa müəllimlərim kimi Vaqif Abbasova da çox borcluyam.
Rejissura ilə məşğul olduğum bu dövrdə 140-dan çox tamaşaya quruluş vermişəm. Əfsus ki, Vaqif Abbasov mənim quruluşumda heç bir tamaşama baxa bilmədi... Eləcə də çoxlu pyes, nəsr əsəri, publisist yazılar yazmışam. İyirmi kitabım çap olunub. Vaqif onları da oxuya bilmədi. İnanıram ki, Vaqif sağ olsaydı bu tamaşalara maraqla baxacaq və bu əsərləri də həvəslə oxuyacaqdı. Bunlardan böyük fəxarət duyacaqdı. Çünki Vaqifdə paxıllıq hissi yox idi. O, bizə həmişə məsləhət bilirdi ki, “heç kimə paxıllıq eləməyin. Paxıllıq insanın ən naqis cəhətidir. Paxıllıq ilk öncə elə həmin adamın özünə pis təsir eləyir və onu məhv edir”.
Vaqif Abbasovla bağlı bacısı Zərifə xanımın təşkilatçılığı və mərhum jurnalist Telman Mehdixanlının rəhbərliyi ilə 1990-cı illərdə bir kitab çap olundu. Həmin kitabda mən də öz ürək sözlərimi yazmışdım.
Bəli. Bu gün Vaqif Abbasov adlı rejissor demək olar ki, yaddan çıxıb. Onun haqqında demək olar ki, heç bir teatrşünas yazmır. Axı bu böyük rejissor az bir vaxtda Azərbaycan teatr aləmində öz sözünü deyən rejissorlardan olub. Öz məktəbini yaradıb. Məgər belə maraqlı və dəyərli rejissoru yaddan çıxarmaq olarmı?.. Axı biz niyə belə unutqan millətik?..
Ümumiyyətlə, Azərbaycan rejissorları və onların quruluş verdiyi tamaşalar haqqında çox az yazılır. Bu isə təkcə Azərbaycan rejissurasına yox, məmləkətimizin teatr sənətinə qarşı çox böyük hörmətsizlik və ədalətsizlikdir. Bu da yəqin ondan irəli gəlir ki, rəhmətlik Zakir Bağırovdan sonra işləyən iki nazirdən heç birinin teatra və ümumiyyətlə Azərbaycan mədəniyyətinə maraqları yox idi. Onlar Mədəniyyət Nazirliyinə ticarət təşkilatı kimi baxırdılar və bu Nazirliyə ayrılan dövlət pullarını talan eləyirdilər. Amma onlar bir müqəddəs məsələni dərk eləmirdilər ki, dünyada hər bir milləti onun ədəbiyyatı və incəsənəti ilə tanıyırlar. Biz, bir millət və teatr mütəxəssisi kimi başa düşməliyik ki, keçmiş rejissorlarımızın yaradıcılığı təhlil olunmalıdır ki, gənc rejissorlar da bundan bəhrələnsinlər. Dahi Lev Tolstoy deyib ki, “sənət, xeyirlə şəri fəqləndirmək, yaxşını tapmaq vasitəsidir”. Rejissorlar quruluş verdikləri tamaşalarda yaxşını tapıb, tamaşaçıya çatdırmağa çalışıblar. Bəs onların tapdıqları bu yaxşılıqları teatrşünaslar niyə oxuculara çatdırmaq istəmirlər?!.. Teatr, bütün sənətlərin içərisində ən gözəl sənətdir. Başda rejissorlar olmaqla, bütün teatr yaradıcıları Ulu Tanrının Yerdəki elçiləridir. Bu insanları sevmək və layiqincə təbliğ eləmək, onlara lazım olan qədər əmək haqqı vermək lazımdır. Bu gün teatr işçiləri çox ağır vəzyyətdə, ağır güzəranda və kirayədə yaşayırlar. Görəsən onlar haqqında fikirləşən və onların sosial şəraitini düşünən olacaqmı? Biz bir şeyi bilməli və dərk etməliyik ki, teatrını sevməyən millət, heç vaxt dünya millətləri arasında öndə ola bilməz. Bu, tarixlər boyu təsdiq olunmuş bir həqiqətdir. Çünki teatr hər millətin barometri, onun yoluna işıq saçan gur və müqəddəs mayakdır.
P. S. Mənim yeni Mədəniyyət naziri cənab Anar Kərimova gərəkli təklifim var:
-Bir vaxtlar Moskvada Yevgeni Vaxtanqov öz tələbələrilə bir teatr-studiya yaratmışdı, tamaşalar hazırlayırdı. Ən maraqlı tamaşası isə “Prinsesa Turandot” tamaşası idi. O, dünyasını dəyişdikdən sonra həmin teatr-studiyaya Vaxtanqovun adını verdilər. Bu teatr indi dünyada məşhur Akademik Dram Teatr olub. Vaqif Abbasov da bir vaxtlar Şəki Dövlət Dram Teatrını yaradıb. Bir vaxtlar bu teatr Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrı adlanıb. İndi sadəcə Şəki Dövlət Dram Teatrıdır. Həmin teatra Vaqif Abbasovun adı verilməsi həm Vaqifə qarşı haqq-ədalətin bərpası sayılar, həm də təkcə Şəki camaatının deyil, respublikanın bütün teatrsevərlərinin ürəyincə olar.



Ağalar İDRİSOĞLU,
yazıçı-rejissor,
Əməkdar incəsənət xadimi


Sumqayıt şəhəri,
05-21 avqust, 2022-ci il










Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər