Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu

Qanla yazılan tarix: 20 Yanvar

Baxılıb: 4320     Tarix: 19-01-2021 20:26   
Qanla yazılan tarix: 20 Yanvar
Tural Vəlizadə,
Qərbi Kaspi Universitetinin müəllimi,
Bakı Dövlət Universitetinin doktorantı


Kütləni xalqdan (millət) fərqləndirmək lazımdır. Xalq quruluşa malikdir, həyati təməllərində, təfəkkür və ənənələrində özünü dərk edir. Xalq kvalitativ və substansional olandır, onun toplumunda hansısa bir atmosfer var, xalq içində olan adam həm də xalqın onun üçün əsas olan gücü sayəsində xarakterinin şəxsi cizgilərinə malikdir.

Kütlə isə əksinə strukturlaşmayıb, özünüdərkə malik deyil, o təbliğat və təlqin obyektidir, məsuliyyət bilmir, şüurun ən aşağı səviyyəsində yaşayır.

Azərbaycan xalqı məhz birincilərdəndir; sözün hər iki mənasında. 1988-ci ilin xalqı seçilən Azərbaycanlılar iki il sonra - 1990-cı ilin 20 yanvarında öz qanları ilə Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə daha bir qəhrəmanlıq səhifəsi yazdılar. 31 il bundan öncə - 1990-cı ilin 20 Yanvarında ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusu döyüş hissələri yeridildi.

20 Yanvar hadisələri bəşər tarixində bənzərinə heç də tez-tez rastlaşılmayan qanlı olaylar silsiləsindəndir. Həmin müthiş gecə sovet qoşunlarının qanunsuz əməlləri nəticəsində Bakıda və respublikanın rayonlarında 147 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, o cümlədən 112 nəfər SSRİ-nin müxtəlif şəhərlərinə aparılaraq həbsxanalarda saxlanılmışdı. Hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları dağıdılmış, yandırıcı güllələrin törətdiyi yanğınlar nəticəsində külli miqdarda dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir.

Dövlət, ictimai və şəxsi əmlaka həmin dövrün qiymətləri ilə 5.637.286 rubl miqdarında maddi ziyan vurulmuşdu.

Faciənin miqyası o dövrdə Rusiyada fəaliyyət göstərən “Şit” ictimai təşkilatının ekspertlərinin hesabatında daha dəqiqliklə ifadə edilmişdi:

– adamları xüsusi qəddarlıqla və yaxın məsafədən güllələmişlər. Məsələn, R.Rüstəmova 23, Y.Meyeroviçə 21, D.Xanməmmədova 10-dan çox güllə vurulmuşdur;

– xəstəxanalar, “təcili yardım” maşınları atəşə tutulmuş, həkimlər öldürülmüşdür;

– içərisində sərnişinlər, o cümlədən uşaqlar olan 39 nömrəli “İkarus” markalı marşrut avtobusu gülləyə tutulmuşdur;

– adamlar süngü-bıçaqla qətlə yetirilmişlər. Onların arasında hər iki gözü tutulmuş B.Yefimtsev də var;

– “Kalaşnikov” avtomatının ağırlıq mərkəzini dəyişən 5,45 mm çaplı güllələrindən istifadə edilmişdir.

Həlak olanlar arasında yetkinlik yaşına çatmayanlar, qadınlar, qocalar, şikəstlər də var idi.

Qabaqcadan düşünülüb hazırlanmış bu təcavüzkarlıq aksiyası Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq, xalqı təhqir edərək ona mənəvi zərbə vurmaq məqsədi daşımışdır.

Bütün bunlar nəinki Azərbaycan xalqının gözünü qorxutdu, əksinə onun Sovet imperiyasına qarşı nifrətini qat-qat artırdı. Xalq avtomat süngülərinin, tank lülələrinin ona tuşlanmasından qorxmayıb öz şəhidlərini küçə və meydanlardan topladı. Topun-tüfəngin hər küçədə, hər tində qoyulmasına, fövqəladə vəziyyət rejiminə baxmayaraq yanvarın 22-də xalq öz şəhidlərini “Azadlıq” meydanından son mənzilə – Şəhidlər xiyabanına yola saldı. Dünyanın heç bir ölkəsində şəhidlərimizin dəfn mərasimindəki kimi izdihama təsadüf edilməyib. Azərbaycan xalqı 40 gün matəm saxladı. Xalq aclığa dözdü, lakin etiraz əlaməti olaraq 40 gün tətil etdi.

Xalqa qarşı sovet ordusunun qanlı cinayətləri isə hələ bitmək bilmirdi. Qanlı qırğına etirazını bildirmək üçün Bakı buxtasına gəlmiş “Xəzər neft donanması”nın gəmiləri hərbi gəmilər tərəfindən mühasirəyə alınaraq gülləboran edilmiş, onlarla dənizçi həbs olunmuşdu.

20 Yanvar qırğınlarından sonra xalq vahimə içində idi. Yanvarın 21-də fərdi təqaüddə olan Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək burada təşkil olunmuş izdihamlı yığıncaqda çıxış etdi. Bu ağır günlərdə xalqla həmrəy olduğunu bildirdi. Əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd, Moskvanın və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa etdi.

Xalqın tələbi və bir qrup deputatın təşəbbüsü ilə 1990-cı il yanvarın 22-də çağırılan Azərbaycan SSR Ali Sovetinin fövqəladə sessiyasında respublikanın əksər siyasi və dövlət rəhbərləri iştirak etməmişdilər. Sessiyaya respublika rəhbərlərinin gəlməmələri onların xalqın taleyinə biganə qaldıqlarını, törədilmiş cinayətdə bu və ya digər dərəcədə iştirak etdiklərini göstərirdi. Fövqəladə sessiya Bakı şəhərində törədilmiş faciəli hadisələrin təhqiqi üçün deputat-istintaq komissiyası yaradılması barədə qərar qəbul etmişdir. Lakin bu komissiya hadisəyə hüquqi-siyasi qiymət vermək əvəzinə, ölənlər və yaralananlar, dövlətə və ictimai təşkilatlara, vətəndaşlara vurulan ziyan haqqında informasiya xarakterli məlumatlar toplamaqla işini bitirmişdi. Bu komissiya öz rəyini faciənin törədilməsində iki il sonra – 1992-ci ildə SSRİ dövləti süqut etdikdən sonra Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurasına təqdim etmişdi. Milli Şura isə 20 Yanvar faciəsinə hüquqi-siyasi qiymət vermək əvəzinə, deputat-istintaq komissiyasının rəyini qənaətbəxş hesab edib, onu təsdiq etməklə kifayətlənmişdi.

1990-cı il yanvarın 24-dən 25-nə keçən gecə Azərbaycan KP MK-nın təşkilati məsələyə həsr olunmuş plenumu keçirilmişdir. Plenumda gündəliyə respublikada siyasi vəziyyətlə əlaqədar məsələ salınmış, Bakı şəhərində fövqəladə vəziyyətin tətbiqinin səbəblərini təhqiq etmək üçün komissiya yaradılmışdır. Lakin respublika kommunistlərinin ali orqanı faciəyə siyasi qiymət verməmiş, ümumiyyətlə, heç bir bəyanatla çıxış etməmişdir.

SSRİ Baş Prokurorluğunun ədliyyə polkovniki V.Medvedevin rəhbərliyi ilə təşkil etdiyi istintaq qrupu cinayət hadisələrinin araşdırılmasını çox səthi aparmış, istintaq hərbçilərin hərəkətlərində cinayət tərkibi olmaması nəticəsinə gəlmişdi. 20 iyul 1990-cı il tarixdə cinayət işinin xitam olunması barədə qərar qəbul olunmuş, cinayət işinin materialları Moskvaya aparılmışdı. Təəssüf ki, həmin vaxt Azərbaycan Respublikası Prokurorluğu törədilmiş cinayət hadisələri ilə bağlı heç bir cinayət işi başlamamışdı.

Zaman keçdikcə bir sıra həqiqətlər meydana çıxır, 20 Yanvar faciəsinin qaranlıq məqamları aydın olur. 100 cildlik istintaq materiallarının 68 cildi Bakıdan Moskvaya, keçmiş SSRİ Prokurorluğuna aparılmışdır və indiyədək qaytarılmayıb. Bir sıra sənədlərin, o cümlədən keçmiş SSRİ-nin yüksək instansiyalarında, xüsusən də hazırda Rusiya Federasiyası Prokurorluğunda saxlanılan 68 cildlik cinayət işinin materiallarının əldə edilməsi 20 Yanvar faciəsinin miqyasını və baiskarlarının məsuliyyət dərəcəsini tam dəqiqliklə üzə çıxara bilər.

Qanlı Yanvar qırğını həm də rus şovinistlərinin ermənilərlə birgə apardıqları anti-Azərbaycan siyasətinin, tərkib hissəsi idi. Lakin imperiya cəlladları qanlı əməlləri ilə Azərbaycan xalqının iradəsini qıra bilmədilər. Qanlı Yanvar milli azadlıq hərəkatının daha da yüksəlməsinə və nəticədə Azərbaycanın yenidən müstəqilliyə qovuşmasına gətirib çıxardı.

20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilməsi məsələsi ümummilli lider Heydər Əliyevin sayəsində həllini tapmışdır. Onun tövsiyəsi ilə 1994-cü ilin fevral ayında Milli Məclisin xüsusi sessiyası keçirilmişdir. Sessiya 1990-cı il yanvarın 20-də Sovet Silahlı Qüvvələrinin Bakı şəhərinə və respublikanın bir neçə rayonuna yeridilməsini, nəticədə haqq və ədalətin müdafiəsi naminə küçələrə çıxmış silahsız adamların qəddarcasına qətlə yetirilməsini Azərbaycan xalqına qarşı totalitar kommunist rejimi tərəfindən hərbi təcavüz və cinayət kimi qiymətləndirmişdir. Xalq hərəkatını boğmaq üçün 20 Yanvar faciəsini təşkil etmiş Sovet İttifaqı Kommunist Partiyası, Sovet dövləti və hökuməti rəhbərliyinin, o cümlədən şəxsən Mixail Qorbaçovun Azərbaycan xalqına qarşı ağır cinayət törətdiyi qeyd olunmuşdur. Eyni zamanda, xalqa qarşı törədilən hərbi təcavüzə görə məsuliyyətin o dövrdəki respublika rəhbərliyinin (Əbdürrəhman Vəzirov, Ayaz Mütəllibov, Viktor Polyaniçko) üzərinə düşdüyü, onların Azərbaycan xalqına xəyanət etdikləri qeyd olunmuşdur.

“20 Yanvar Şəhidi” fəxri adının təsis edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti 31 mart 1998-ci il tarixdə fərman imzalamışdır. 29 dekabr 1998-ci ildə “20 Yanvar şəhidi” fəxri adi haqqında Əsasnamə təsdiq edilmişdir. 1990-cı il yanvarın 20-də keçmiş SSRİ silahlı qüvvələrinin Bakıya və respublikanın bir neçə rayonuna hərbi təcavüzü zamanı həlak olmuş 147 nəfərə indiyədək “20 Yanvar şəhidi” fəxri adı verilmişdir.

1990-cı ilin Qanlı Yanvar hadisəsi Azərbaycan xalqı üçün təkcə böyük faciə deyildir. O, ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifədir.

Qanlı Yanvar müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub. Ümummilli lider Heydər Əliyevin söylədiyi kimi, bu təcavüz xalqımızı mənəvi cəhətdən çox sarsıtsa da, itkilərə məruz qoysa da, onun mənliyini tapdalaya bilmədi, qürurunu sındıra bilmədi, qəhrəmanlıq salnaməsinə yeni bir səhifə kimi yazıldı.

1990-cı ilin yanvarında Bakıda, onun ardınca isə Neftçalada, Lənkəranda sovet ordusu tərəfindən törədilən qətl və talanlar bir məqsədə - xalqımızın milli istiqlal hərəkatını beşikdəcə boğmaq, xalqımızın fiziki varlığına son qoymaq, geostrateji baxımdan son dərəcə əlverişli, təbii sərvətlərlə zəngin vətənimizin bir qismini və bəlkə də böyük bir hissəsini “böyük Ermənistan” arzusu ilə qovrulan erməni daşnaklarına “pay” verməklə, bütövlükdə Azərbaycanı Rusiya imperiyasının təsir dairəsindən heç bir vəchlə buraxmamaq məqsədinə xidmət edirdi.

Bu gün Qanlı 20 Yanvar olaylarından 31 il keçir. Müstəqil Azərbaycan dövləti istər XX əsrin əvvəlləri, istərsə də sonlarında əvəzedilməz qurbanlar verməsinə baxmayaraq, iftixar edə bilər ki, o ağır sınaq günlərində müstəsna iradə və cəsurluq, milli ruhun sarsılmazlığını və mətinliyini nümayiş etdirdi. Həm ötən əsrin əvvəlində, həm də sonlarında malik olduğu qədim dövlətçilik ənənələrini bərpa etdi.

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər