Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu

ÖMRÜMÜN HANASI TOXUNMAZ DAHA-Məmməd ASLAN

Baxılıb: 3828     Tarix: 05-02-2016 13:11   
Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsi hər həftə “Yad et məni” silsiləsindən şəhərimizdə yaşayıb dünyasını dəyişən qələm sahiblərinin birinin əsərlərindən nümunələri Sumqayitfakt.az-da oxuculara təqdim edir:

ÖMRÜMÜN  HANASI  TOXUNMAZ  DAHA-Məmməd ASLAN



«Başına döysə də su qırmancları,
…Çiçəklər əl açar yağışa doğru».

Sabir Rüstəmxanlı



Bir yanım alqışdı, bir yanım qarğış,
Qədər dartdı məni qarğışa doğru.
Gözümdə günəş var, saçımda qar var,
Gün yaza çağırar, qar qışa doğru.

Qayğılar, həsrətlər - ovxarlı qayçı,
Ürək cəllad oldu, dilim - harayçı,
Günüm ağarmamış ağartdım saçı,
İndi də iz salır qar, qışa doğru.

Qəmimlə sevincim durub yarışa,
Sevinc tək - tək gələr, qəm qoşa - qoşa,
Bir asudəlik var, bir də qarğaşa;
Asudəlik - xəyal, qarğaşa - doğru.

Acı da nemətdi…iştaha olsun,
Min dəfə dadmışam, bir daha olsun…
Gərək baş sahibi əcdaha olsun,
Yüz qayğı baş alsa bir başa doğru.

Qəm mənə toxunub, toxunmaz daha!
Qəmdən toxam, qəmi tox ummaz daha.
Ömrümün hanası toxunmaz daha,
Üzükməz ərişim arğaca doğru.

DAĞLAR HƏSRƏTİMİ DUYACAQDIMI

Bacım Xublara məktub

Kəndin kənd qayğısı qorxutdu məni,
Götürüb başımı şəhərə qaçdım.
O dağlar nə qədər şax tutdu məni,
Şəhərə çatınca balacalaşdım.

Yüz çiçək toxumu gətirdim o vaxt,
Səpdim ki, beş - onu bəlkə cücərdi.
Əgər əlim boyda göyərib qalxsa,
Deyərdim: bu güllük bir Kəlbəcərdi.

Qəlbim səksəkəyə düşdü get - gedə,
Gözlədim, gülləri baxışım quca.
Göyərib qalxmadı bir dənəsi də,
Zəhmətim özümə qaldı eləcə.

Mən dözüb dayandım, günəş yaxsa da,
İlişib saçımda ağardı zaman.
Torpağa bənd olan rişəm yoxsa da,
Hələ ki, budağım tutar havadan.

Daha daşdan çıxır suyum - çörəyim,
Hər kəsin səpdiyi cücərməz burda.
Dağların başında laçın ürəyim
Daş kimi yerindən dəbərməz burda.

Gahdan bir tozanaq yağar şəhərə,
Bədxah qulluq edər min bir xəyala.
Bir işin qulpundan yapışa hərə,
Qoyalar adamı bir rəngdə qala.

Çənələrdə keçir bəzən vax - vədə,
Marıqda dayanır ağzıgöyçəklər.
Mənim bu müqəddəs kədərimə də
Kim bilir nə qədər rəng çəkəcəklər.

Quruca nehrədən bərəkət uman,
Cılxa su çalxayıb, yağ gözləyən var.
Vaxt olur tərsinə çevrikir vicdan,
Nə qoruq - qaytaq var, nə söz deyən var.

Bəzən qəhrəman tək soxulur gözə
Qamışdan at minib dördnala çapan.
Az qala hökm etsin kürreyi - ərzə
Özgə süfrəsindən bir loğma qapan.

Beləsi çoxsa da, bu, hamı deyil,
Burada, yaxşılar yaxşıdan yaxşı!
Gözümə, könlümə yağar elə bil
Bir gül ürəklinin çeşmə baxışı.

Yazımdan - pozumdan xəbər olanda
Şəst ilə çəkərsən adımı, bacım.
Sağ canım olmadı təpər olanda,
Bu dərddi yandıran adamı, bacım.

Çırpına - çırpına oxucu gözlər
Qəzetlər küncündə əl boyda yazım.
Hər şeir yazana şair deməzlər,
Nə burda lazımam, nə orda lazım.

Başım ağrısaydı, el axışardı,
Yüngüllük gələrdi qədəmlərində.
Bir ata yurdunda oğul yaşardı,
Mən məni itirdim o yurd yerində.

İndi sən ordasan,ocaq soyumaz,
O yurdun çırağı qoymazsan keçə.
Hər oğul doğulan oğul sayılmaz,
Yurddaş olan övlad oğuldu, məncə!

Burda eşildilməz təksimli səsəm,
Orda…çaxmaq çəksən, alışmaz qovam.
Bəxtimlə döyüşdə mən çoxdan pəsəm,
Başlanıb özümün özümlə qovğam.


O yurdda mən nəyəm? - Məsrəfsiz bir daş,
Bu daşı bir kimsə qoymaz divara.
Havayı xərclədim ömrü başabaş,
Gəldim öz ağlımdan özüm zinhara.

Gen düşdüm, ətrindən doya bilmədim,
O yurd həsrətimi duyacaqdımı?!
Mən ona canımı qıya bilmədim,
Torpağını mənə qıyacaqdımı?!

Qıysa, bir çəməndən qaldırıb bir çim,
Kökünə toxum tək əkərsən məni.
Min çiçək yerimə danışar, bacım,
Soruşsan o yerdən əgər sən məni.

Mən necə sevmişəm o daş - qayanı,
Allah bilməsə də, o dağlar bilir.
Naçar kösövləri qarsan fəğanı
Korun - korun yanan ocaqlar bilir.

Elə ki havalar burda isindi,
Axar hay - harayla Tərtər yuxuma.
Özümün özümdən ürəyim sındı,
Bu sınmış aynaya, çalış, toxunma.

…Acı xatirəylə doldu ətrafım,
Məni yırğalayan bu xəyal nəydi?!
Mənə faydası yox bu etirafın,
Bəlkə özgələrə bir xeyri dəydi.

BU AXŞAMÜSTÜ

Sıxlaşır ömrümün ala - toranı,
Niyə qarşılaşdıq bu axşamüstü?!
Ovuda bilmərəm bu heyranlığı,
Niyə qarşılaşdıq bu axşamüstü?!

Payızdan könlümə çiskin çökəndi,
Səninçin gül olan mənə tikəndi,
Madam gediləsi yollar tükəndi,
Niyə qarşılaşdıq bu axşamüstü?!

Mənim iradəmə arzular dustaq,
Ərşə ucalarıq, bu hirsi udsaq.
Min həsrət doğular - bir addım atsaq,
Niyə qarşılaşdıq bu axşamüstü?!

Qırıldı günlərin nizam qoşunu,
Nə gedib, nə qalıb…bilir yaş onu.
Sabahsız bir axşam kəsib qarşını,
Niyə qarşılaşdıq bu axşamüstü?!

Həsrətin bayıla, bayılda məni,
Bayıldıb… təzədən ayılda məni,
Çətin yarıdarsan bu yolda məni,
Niyə qarşılaşdıq bu axşamüstü?!

Tale öz vaxtında gərək yetirə…
İnsana çətindi: tapa, itirə.
Mənə əzab qalar, sənə xatirə,
Niyə qarşılaşdıq bu axşamüstü?!

Daşa «göyər!» desən əlbət, göyərər,
Gözündə bu dünya Məmməd göyərər.
Könlünə nə səpsən, həsrət göyərər,
Niyə qarşılaşdıq bu axşamüstü?!

Məmməd Aslan


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər