Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Sentyabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Ən çox oxunanlar
Sorğu

Vaqif Osmanov - "Qürbətdə oxunan həsrət nəğmələri"

Baxılıb: 4109     Tarix: 15-08-2022 23:22   
Vaqif Osmanov

Şair-publisist Vaqif Osmanov yazır..

Sumqayitfakt.Az yazını təqdim edir..

QÜRBƏTDƏ OXUNAN HƏSRƏT NƏĞMƏLƏRİ

Qədim və ilahi söz sənəti poeziyanın bir ümdə vəzifəsi var – insanlara faydalı həqiqətləri çatdırmaq. F. Dostoyevskiyə görə, poeziya hər bir istedadın daxili alovudur. Əsl söz adamlarının - yaradanın sevib-seçdiyi şairlərin poetik düşüncələri həm də sözsevərlərin daxilinə həyat, yaşam alovu, müsbət enerji ötürmək vəzifəsini daşıyır.
Rusiyanın az qala Şimal qütbünə yaxın ərazisində, daimi buzlar məkanında yaşayan, yaradan bir söz xanımı, şair (hər zaman vurğulamışam ki, “şairə” sözünü qəbul etmirəm, çünki söz adamının cinsi olmur) Südabə xanım İrəvanlının “Qərib quşun nəğmələri” şeirlər kitabındakı müxtəlif janrlı, üslublu klassik və çağdaş şeir nümunələri ilə tanış olduqda təkcə kitabın uğurlu adı yox, həm də içərisindəkilər məni özünə çəkdi. O şeirlər sübut etdi ki, Südabə xanım uzaq bir diyarda təkcə yaşamır, həm də sözün birbaşa mənasında yaradır, söz mülkü, söz kəhkəşanı ilə daimi donuşluğun buzlarını əritməklə yanaşı, ürəyi soyuq Vətən övladlarının və həqiqi sözə biganələrin qəlbini isidir, bahar hərarəti, ətri, nəfəsi ilə müalicə edir. 
Südabə xanımın şeirlərinin əksəriyyəti qürbətdə oxunan və yazılan həsrətli Vətən nəğmələridir. Bu da təbiidir. Vətən sevdalılar harada yaşamağından asılı olmayaraq ürəyi Vətənlə həmahəng döyünür, Vətənin uğuruna sevinir, kədərinə şərik olur. Taymır Mahalının Yazıçılar Birliyinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü, Azərbaycan poeziyasının istedadlı nümayəndəsi kimi söz sənətimizi uzaq şimal torpaqlarında təmsil edən Südabə İrəvanlı Vətəndən uzaqlarda bir Azərbaycan ab-havası yaradıb. Norilski şəhərində 2013-cü ilin poeziya qalibidir. Azərbaycan ədəbiyyatının uğuruna imza atan şair xanım Nizamidən, Füzulidən, Nəsimidən miras qalan söz mülkünün, Qurbaninin, Tufarqanlının, dədə Ələsgərin təməlini qoyduğu klassik aşıq ədəbiyyatının davamçısı kimi bu gün də yorulmadan, usanmadan Azərbaycançılığın, sözün keşiyindədir.
Südabə İrəvanlının şeirlərində ən qabarıq cəhət Vətən, millət, torpaq sevgisi, Azərbaycanın haqq işinə - Qarabağ müharibəsinə, ərazi bütövlüyümüzə övlad, ana, bacı münasibətidir. Bəlkə də bu fikrimə görə məni qınayanlar çox olacaq, ancaq sözümün üstündə dururam: son 30 ildə xalqımızın, eləcə də Türk dünyasının başına gətirilənlərə daha aktiv reaksiya göstərənlər, bu müsibətləri beynəlxalq aləmə car edənlər, yana-yana söz və digər incəsənət sahələrində işıqlandıranlar, haqq işimizi maddi və mənəvi dəstəkləyənlərin çoxu xaricdə yaşayan soydaşlarımızdır. Bunların içində söz adamları daha çoxdur. Südabə xanımın şeirləri Vətən nəğmələridir, döyüş marşlarıdır, azadlıq himnidir, bu günün və gələcəyin Mübarizlərinin, Raqufların, Fəridlərinin qəlbini riqqətə gətirən, düşmənə nifrət və qisas hissi ilə alovlandıran, ruhlandıran “İrəli!” nidasıdır. Şair xanımın birlik, həmrəylik misraları bütün Turan dünyasının bütövlüyünə çağırışdır:
 
Südabə İrəvanlı


 Eldən-elə köçən durna, səmalarda uçan qatar,
 Ağrıdağdan salam götür, Savalana salam apar.
 Oğuz eldən Qıpçaqlara, Bulqarlara salamlar var,
 Birliyimiz vursun yenə naxış Türkün birliyinə,
 Alqış Türkün birliyinə, alqış Türkün birliyinə.

 Fəxr elə öz keçmişinlə, irəli get, Azərbaycan,
 Bir yenilməz ordu yarat, qoy adlansın adı Turan.
 İgid çağır Qumruqlardan, Başqırlardan, Qaqauzdan,
 Hamı etsin bir ağızdan çağrış Türkün birliyinə.
 Alqış Türkün birliyinə, alqış Türkün birliyinə.

Südabə xanımın “İrəvanlı” təxəllüsündə bütöv Azərbaycan görünür, bunu onun şeirləri sübut edir. Bəzi soydaşlarımız Vətəni tərk edən kimi onu unudur, adət-ənənələrimizdən, soy-kökümüzdən, mənəvi dünyamızdan ayrı düşür. Südabə xanım az qala bir yüzilliyin üçdən birini Azərbaycandan uzaqlarda yaşasa da, ürəyi Vətənlə döyünür, nəzərləri doğma ellərdədir. Vətənsevər övladlar, Roman kimi nəvələr böyüdür. Balaca Roman hətta Vətənin qara daşını müqəddəs bilir, Vətəndən yadigar kim nənəsinə bağışlayır. Roman:

 Xainlərə dünyanı,
 Edəcəyəm dar, - deyir.
 Çünki yağı əlində,
 Qarabağım var, - deyir.

44 günlük zəfərin pik nöqtəsi, qürur zirvəsi Şuşada söz adamlarının “Vaqif Poeziya Günləri”nə toplaşması, gənc qazi şairlərin ürək sözlərini ilahi poeziyanın dili ilə bəyan etməsi idi. Qarabağ zəfərindən sonrakı “Vaqif Poeziya Günləri” təkcə sözümüzün deyil, milli ruhumuzun və mənsubiyyətimizin, qılınc qeyrətimizin, musiqi mədəniyyətimizin bütün dünyaya qala şəhərimizdən təqdimatı kimi yaddaşlarda qalacaq. Südabə İrəvanlının “Yadıma İrəvan günləri düşdü” şeirindəki uca mətləb məni düşündürdü, inam yaratdı ki, lap yaxın zamanlarda biz “İrəvan günləri” də keçirəcəyik. Qədim-qayım ulu Türkün mədəniyyət və mənəviyyat mərkəzlərindən birində söz və sənət bayramı keçirmək böyük Turan sətənətinin sarsılmaz birliyinə təkan olacaq. Bax onda şair xanımın “qışının üstünə gələn qışdan” əsər-əlamət qalmayacaq, Vətən bütövləşəcək, əbədi baharlı gülüstana dönəcək. Onu da qeyd edim ki, “Qərib quşun nəğmələri” kitabı çap olunanda 44 günlük zəfər savaşı hələ başlanmamışdı, ancaq Südabə xanımın bir Vətən qızı, ana, nənə, bacı kimi ürəyinə dammışdı ki, bu zəfər uzaqda deyil, bunu onun şeirlərindəki Qarabağ harayı hər misrada car çəkirdi:

 Südabəni o torpağa qaytaraq,
 Dağ ruhunu yenə dağa qaytaraq.
 Şikəstəni Qarabağa qaytaraq,
 Göstər yağı düşməninə zor, yeri,
 Vətən oğlu, dur ayağa, dur, yeri.

Südabə xanım, böyük Turan ərənləri bizi “yad ayağa nal olmaqdan, zəmi kimi biçilməkdən, alçalmaqdan, kiçilməkdən, kərpic-kərpic sökülməkdən, yarpaq-yarpaq tökülməkdən” xilas etdi, özümüzə, kökümüzə, sözümüzə qaytardı, “nəvələrin Vətən dərdi”nə çarəni şəhidlərin, qazilərin qanı, canı tapdı, indi başımız ucadı. Vətən yaraları qaysaqlayanda, sağalanda şəhidlərin, qazilərin qeyrətini, torpağa tökülən müqəddəs qanını, ölməzlərin ruhunu unutmamalıyıq. Unutqanlıq canımıza, qanımıza hopandan başımız bəlalar çəkir. “Dəmir yumruq” birliyi bizim üçün ən dəyərli dərs kimi yadda qalmalıdır. Şəhidin də, qazinin də milli qürurumuz olduğunu Südabə xanımın poetik dili ilə deyək:

 Hər şəhid məzarı qanlı tarixim,
 Hər şəhid məzarı qürur yerimdi.
 Onlar bir azadlıq salnamələrim,
 Onlar heykəlləşən igidlərimdi.

Azərbaycan anası Vətən ilə ananı eyni ilahi varlıq hesab edib göz bəbəyi kimi qoruyan igidlər böyüdən müqəddəs insandır. Onun qüruru da, dərdi də əzəmətlidir. Südabə xanımın “Vur, qoluna quran olum” şeirindəki kimi. Şair xanım əsgər marşı üslublu misraları ilə Vətən oğullarının ürəyinə təpər verir, onun “qollarına qurban olum” deyimi Vətənə və düşmənin bağrını yaran oğullara canım fəda kimi səslənir. Düzdür, çoxdan idi dağdan ağır dağımız, qara bağlamışdı Qarabağımız. İndi o qaralardan əsər-əlamət qalmayıb, hər gün eşitdiyimiz fərəhli xəbərlər Vətənin ağ günlərindən soraq gətirir. Torpağımıza göz dikənlərin həm fiziki, həm də nəfs gözünü oyub çıxarmaqdayıq. Bu gün Poladın, İlqarın ruhu sevinir:

 Yad anlamaz sən çəkəni,
 Bölübdülər hər tikəni.
 Tovuzuma göz dikəni
 Qır, qoluna qurban olum, 
 Vur, əsgərim!!!
 Vur, qoluna qurban olum.  

 “Gözlərinin yaşı mürəkkəb olub dərdini ağ vərəqlərə köçürən” Südabə İrəvanlı “hər gecə dərdinə layla deyib şeirləri ilə təsəlli tapanda” xəyalının qanadlarında doğulub yetkinləşdiyi Soyuqbulağa, Pəmbək, Göyçə ellərinə, Ərdəbilə, Zəngibasara, Zəngəzura, Kərkükə, Dərbəndə, Borçalıya, abı-həyatı bütöv bayatı Qarabağ ellərinə səyahət edir, bütöv Vətəni qarış-qarış gəzir. Axı Vətən darda olanda qızları da igid oğullar olur:

 Mərdin yurdu düz qalıb,
 Yolu uğursuz qalıb.
 Vətən oğulsuz qalıb,
 Yurda gedirəm, qardaş.

“Darıxan heykəllərim” şeirində şair xanımın “barmağı tətikdə döyüş əmri gözləyən eloğulların bir gün o heykəllərin - Üzeyir bəyin, Natəvanın, Bülbülün yanına qayıdacaqlar” əminliyini Vətən oğulları qəhrəmanlıqları ilə tamamilə doğrultdular, yaralanmış heykəllərin güllə yaralarına qeyrətiylə, müqəddəs qanıyla məlhəm qoydular. Bakının mərkəzində didərgin qalan, xain, barbar düşmənimizin nankorluğu kimi nümayiş etdirilən heykəllər, nəhayət, doğma yerlərinə - Şuşaya qayıtdılar, orada daha məğrur dayanmaq xoşbəxtliyi yaşadılar. Heykəllərin sağ əli bütün el-obasından, yurd-yuvalarından ayrı düşənlərin başına. “Ayrılıqdan sıxılmayan”, düşmən gülləsindən “yıxılmayan” o heykəlləri Südabə İrəvanlı yaxını, əzizi, doğması kimi qucaqlayır, yaralarını şəfqətli əli ilə sığallayır:

 Gətirdik başına çox bəlaları,
 Qürbətə öyrətdik biz balaları.
 Sən ey tariximin daş qalaları,
 Tarixdən silinib dağılmadın ki?

“Odlar övladı – İrəvanlı, soy-kökü Oğuz – vətəncanlı, haqqa, ədalətə tapınan, vicdanlı Südabə İrəvanlı yadına İrəvan düşəndə anasını, atasını haylayır, onların haqq dünyasındakı qoynuna tələsir, bilir ki, ananın soyuq və qaranlıq məzardakı isti qucağı onu doğma yerlərin ətrinə bələyəcək. İrəvanda uyuyan ananın azad ruhu onu Vətənin hər qarışını gəzdirəcək, “gündə bir dən düşüb ağlayan saçına” ana əlləri dəyəndə özünü o cənnətdə biləcək:

 Deyirlər dərdləri sağaldır məzar,
 Orda ağrıların bitdiyi yer var.
 Qoy gəlim yanına, Allaha yalvar,
 Yadıma İrəvan düşdü, ay ana.

Südabə xanımın ata dərdinin tamı tamam başqadı – həsrətdi, nisgildi, hicrandı:

 Birdən yol açılar, Vətənə getsəm,
 Səni ora necə daşıyım, ata?!
 Qəbrini bu yanda qoyub qayıtsam,
 Orda sənsiz necə yaşayım, ata?!

“İçində bir eşqə yas gəzdirən” şair xanım “bir eşqə düşübdü, çox qəribədi”. O, Vətən, torpaq, millət, mənəviyyat şeirlərində olduğu kimi sevgi şeirlərində də başdan ayağa özüdü, səmimidi, ona görə də bu sevgiyə bizi inandırır. Südabə xanım “Südabə” adını sevgilisinin ürəyinə elə həkk edib ki, aşiq ürəyindən qopara bilmir”, sevənin gözü “göz yaşıyla qoşa qalır”. Südabə xanımın lirik qəhrəmanı unudub ki, “göydəki Ay da, Günəş də odunu, nurunu bu el gözəlinin gözündən çəkib”. Bu ilahi - “gözdən könülə calanan, nur olub göylərdən ələnən, göz yaşına bələnən, dillərdə nəğmətək dolanan” eşqdir əbədi yaşayan, əbədi yaşadan:

 Gedərəm, qəlbindən ata bilməzsən,
 Gecələr yuxu da yata bilməzsən.
 Mən gedən qatara çata bilməzsən,
 Südabə gözündə yaşa dönər ha...

Şair xanım “Aşıq Pəri” məclisinin üzvüdür. Aşıq ədəbiyyatının müxtəlif janrlarında yazdığı nümunələr klassik üslubla çağdaş aşıq şeirinin vəhdətindən yaranan incilərdir. Onun gəraylıları, divaniləri, təcnisləri, qıfılbəndləri, deyişmələri, bağlamaları müəllifin xalq dilini, folklorunu dərindən bildiyini göstərir. Gəraylılarında Vətən dərdləri bitib-tükənmir, yaraları sağalmır, həsrətin, nisgilin, torpaq itkisinin saysız-hesabsız göynərtiləri ürəkləri paralayır:

 Yurdumdan yurd aralanıb,
 Elim-günüm paralanıb.
 Ay Südabə, dörd dolanıb,
 Yan, Arazın sahilində.

Südabə xanımın müxtəlif söz adamları ilə qıfılbəndləri, bağlamaları onun dünyaya baxışının, informasiyasının zənginliyindən, sözün məna çalarlarını bilməyindən xəbər verir, cinasların mükəmməlliyi şeirin poetik çəkisini artırır. Onun Şahin Hacıyevlə bağlamasından və Taleh Cəfəroğlu təcnis-bağlamasından iki yarpaq:

Şahin Hacıyev:

 O nədi, bitəndə olur görünməz,
 O nədi, yazısı nə rəng bilinməz,
 O hansı ocaqdı odlanar sönməz,
 Bir ömür kül edən qızmar odu var.

Südabə İrəvanlı:

 Ömür bitər, ruhdu gedər, görünməz,
 O taledi, heç yazısı görünməz.
 O eşq atəşidi, odlanar, sönməz,
 Bir ömür yaşayar, qızmar odu var.

Taleh Cəfəroğlu:

 Göydə kəsilibdi, o hansı bənddi?
  O nədi, doqquzu birinə bənddi?
 Təcnis yaz Talehə tək bircə bənd di,
 Cavab ver, ay mənim bir incikim, di.

Südabə İrəvanlı:

 Sevgi də, nifrət də göylərdə bənddi,
 O simdi, doqquzu mizraba bənddi.
 Götür Südabədən bu üçcə bənd, di,
 Sən oldun meydanda, birinci o du.

“Mirvard Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin sədri, şair xanım Güllü Eldar Tomarlı həmin Birliyin poeziya şöbəsinin müdiri Südabə İrəvanlının - “Sarı gəlinin əkiz tayının, damarında, qanında ağrılar dolaşan”, kəlağayı örpəkli, “dərdi kaman, qəmi ney, ağrısı zil, ahı bəm” bacısının portretini “Sarıyağız” şeirində sözün cürbəcür ovqatlı rəngləri ilə ərkyana çəkmişdir:

 Hər şeydən çətindi qürbət havası,
 Tək vüsaldı onun dərdə davası.
 Hər quşa əzizdi doğma yuvası,
 Kim deyər bu dərdə döz, sarıyağız. 

“Sarıyağız” da “gözəlliyi ilahidən yaranan, saçları şehdə çimib, küləklərdə daranan” əziz və ruhca əkiz bacısı Güllü xanıma sevib-sevilməyi, səadətinə yetməyi arzulayır:

 Qocalığa boyun əymə, yad bilər,
 Tellərində dəni görər, yad gülər.
 Amma bil ki, dağ başına qar gələr,
 O üzdən bəzənib nura saçların.
 
Südabə xanım narahatdı:

 Niyə bizim laylamız qəhrəmanlar yetirmir?
 Analar bu dünyayaya Koroğlular gətirmir...

İlahi poeziya da narahatlıqdan, ağrılardan, dərdddən, həsrətdən, nisgildən yaranır, “yurd həsrəti, yuva dağı görən”lərin sözə hamilə ürəyində doğulur...

Vaqif Osmanov

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər