Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    İyul 2022    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu

Mənim bağça müəlliməmi qaçırdan “Ağ atlı oğlan”

Baxılıb: 3112     Tarix: 02-06-2022 11:19   

Azərbaycan təhsilinin veteranları 


Ondan o vaxt möhkəm incisəm də, sonradan mənim sevimli müəllimim oldu. Gələn il onun 90 illik yubileyi olacaq. 

Mən 6 yaşında olarkən kəndimizdə (o vaxtlar Şəki rayonunun məşhur taxılçılıq sovxozunun 3-cü şöbəsində - Sarıca kəndində) “böyük dilxorçuluq” olmuş, “xoşagəlməz hadisə” baş vermişdi - mənim gözəl, mehriban bağça müəlliməm Gülarə xalanı qonşu Qayabaşı kəndindən əsgərliyini başa vurmuş bir cavan oğlan qaçırtmışdı. Uşaq olduğumdan bu “fövqəladə hadisəni” kiminləsə “müzakirə etmək”, nəsə bir fikir söyləmək mənim ağlımca olmasa da, həmin gözlənilməz xəbərdən çox pərişan olmuşdum. Uşaq düşüncəmlə məyus-məyus fikiləşirdim ki, o oğlan bizim Gülarə müəlliməmizi niyə qaçırdıb? O vaxt hirslənərək, tanımadığım “o oğlanın” dalınca söyməsəm də (6 yaşlı uşaq idim, söyüşün nə olduğunu bilmirdim), ancaq ondan möhkəm incimişdim (“ayı meşədən küsmüşdü”). Gümanım gələn bir qədər canlı-cataraq, güclü görünən malakan aşbazımız, hamımızın sevimlisi, biz uşaqlar üçün hər gün dadlı xörəklər (hətta “kapçonnu” kolbasa supu) bişirən Anusya xala idi (“böyüyəndən” sonra bilmişdim ki, onun adı Anastasiya imiş). Ancaq, deyəsən, bu məsələ onun da gücü çatası bir iş deyilmiş və onun da Gülarə xalanın gec-tez qayıdıb gələcəyini gözləməkdən başqa çarəsi yox imiş...
Çox sonralar – bizim Sarıca kəndinin 4-illik ibtidai məktəbinin direktoru, sevimli müəllimimiz, gözəl insan olan Yaqub müəllim Bilalovun biz altı nəfər şagirdi Qayabaşı kənd orta məktəbinə yola saldıqdan illər sonra, 7-ci sinifdə oxuyakən biz bağça uşaqlarının Gülarə xalamızı qaçırdan “Ağ atlı oğlan”ın kim olduğunu bilmişdim. Sən demə, o, Qayabaşı məktəbinin fizika-riyaziyyat müəllimi, eyni zamanda bizə həm astronomiyadan, həm də rəsmxətdən dərs deyən İsmayıl müəllim imiş – mehribanlığı, səmimiliyi və sadəliyi ilə hamının rəğbətini qazanmış  qıvrım saçlı, yaraşıqlı “oğlan” İsmayıl Ələkbərov!  

...O, 1 iyul 1933-cü ildə Şəki rayonunun Qayabaşı kəndində dünyaya gəlib. Doğma kənddə orta məktəbdə oxuyarkən meylini dəqiq elmlər olan riyaziyyat və fizikaya salaraq, müəllim olmaq arzusu ilə 1950-ci ildə o zaman çox nüfuzlu sayılan Şəki Pedaqoji Texnikumunun fizika-riyaziyyat fakültəsinə daxil olur. Orda iki illik təhsilini başa vuraraq, 1952-ci ildə - 19 yaşında doğma kəndinə müəllim kimi qayıdır. Boy-buxunu ilə yuxarı sinif şagirdlərindən o qədər seçilməsə də, çox keçmədən dərs zamanı biliyi-savadı, ciddiliyi, eyni zamanda səmimiliyi, sadəliyi ilə şagirdlərin sevimlisinə, dostuna çevrilir. İki ildən sonra – 1954-cü ildə hərbi xidmətə çağırılsa da, əsgərliyini başa vuran kimi – 1956-cı ildə yenidən doğma kəndə qayıdıb, pedaqoji fəaliyyətini davam etdirir. Və bir il sonra – 1957-ci ildə fizika və riyaziyyatı daha dərindən öyrənmək, elmi biliyini bir qədər də genişləndirmək arzusu ilə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun riyaziyyat fakültəsinə daxil olaraq, 1960-cı ildə ali təhsilini uğurla başa vurur.
İsmayıl müəllim bizi “göylərə qaldırırdı”... 

Bizə 6-cı sinifdən rəsmxətt dərsi keçən İsmayıl müəllim sonrakı ildə həm də  astronomiyadan dərs deyirdi. Təbii ki, o biri dərslərdən fərqli olaraq bu iki fənn bizim üçün tamamilə yeni, həm də maraqlı idi. Rəsmxətt əvvəlcə eskizlərlə, proyeksiyalarla bizə bir qədər çətin, anlaşılmaz görünsə də, İsmayıl müəllimin dərsi həvəslə və maraqlı keçməsi bizə o fənni tədricən sevdirdi. Onun xətlər, proyeksiyalar və aksonometriyalardan bizə verdiyi ilkin və dolğun biliklər bir qədər sonra biz şagirdlər arasında qəribə bir yarışa da səbəb olmuşdu. Hər birimiz ev tapşırıqlarını daha yaxşı, daha düzgün yerinə yetirməklə sinif yoldaşlarımızdan fərqlənməyə çalışırdıq. Yaxşı rəsm qabiliyyəti olan Sayəddin Abbasov “rəssamlıq bacarığından” istifadə etməklə rəsmxətdə birinci olmağa xüsusi səy göstərirdi. Əslində bir-neçə sinif yoldaşımız da çəkdikləri düz-əyri, sadə proyeksiyalarla, bəzən isə kitabdan üzünü köçürtdükləri sxem və aksonometriyalarla yüksək qiymət almaq həvəsində olurdular. İsmayıl müəllim isə kimin nəyə qadir olduğunu, köçürüb-köçürtmədiyini bilsə də, heç kimin xətrinə dəyməz, yazı taxtasında hansı detalın profil, horizontal və yuxarıdan görünüşlərinin necə verilməli olduğunu səbrlə izah edərdi. Belə olduqda hər kəs öz səhvini görərdi. 
O da təsadüfi deyildi ki, mən sonralar Azərbaycan Dövlət Neft və Kimya İnstitutunda oxuyarkən çertyojların işlənməsində nəinki heç vaxt problemim olmamış, hətta bu işi az-çox yaxşı bacardığıma görə əvvəlcə işlədiyim akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri Elmi-Tədqiqat İnstitutunun Sumqayıt filialında rəğbət qazanmış, sonralar isə 10 ilə yaxın Azərbaycan Boru-prokat zavodunda mühəndis-konstruktor vəzifəsində çalışmışdım (1975-ci ildən 1981-ci ilə kimi isə respublikada ən iri olan həmin metallurgiya müəssisəsinin 700 nəfərin çalışdığı, iki nəhəng, çox mühüm texnoloji xətti olan Prokat sexinin Konstruktor bürosunun rəisi vəzifəsində). 
Hətta 1977-ci ildə - 27 yaşında ikən gənc səmərələşdirici mühənis kimi Moskvaya – SSRİ Qara Metallurgiya Nazirliyinin gənc səmərələşdiricilərinin Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində keçirilən Ümumittifaq Toplantısına Azərbaycandan yeganə nümayəndə olaraq göndərilmişdim. Təbii ki, bu uğurlarımda mənə rəsmxətin ilkin əsaslarını səylə öyrətmiş İsmayıl müəllimin də danılmaz əməyi olub. 
Onun 7-ci sinifdən tədris etdiyi astronomiya da bizə çox maraqlı, ecazkar  görünürdü. Astronomiya sanki tamam başqa bir aləm idi. İsmayıl müəllim həmin dərsi o qədər maraqlı, canlı aparırdı ki, biz uşaqlar dərs müddətində sanki məktəbdən və kəndimizdən, bütün Yer üzündən işıq sürətilə ayrılıb, göylərdə, səmalarda gəzib-dolanırdıq. Gah Marsda, gah Yupiterdə, gah Saturnda, gah da Dan ulduzu dediyimiz gözəl Venerada olurduq. Ayın qayalıqları, dərə-təpəliklərində “dolaşar”, hətta minlərlə dərəcə yandırıcı istisi olan Günəşin səthində ehmalca “gəzərdik”. İsmayıl müəllimin qiyabi bələdçiliyi ilə isə gecələr səmada Kiçik Ayı bürcünü, sonra isə Böyük Ayı bürcünü tapıb, çox sevinərdik.   
O vaxtlar məni həmişə düşündürürdü ki, fizika-riyaziyyat müəllimi olan İsmayıl müəllim rəsmxət və astronomiya kimi heç də asan olmayan fənnləri necə də yüksək səviyyədə, mükəmməl bilir və o dərsləri çox maraqlı keçir. Bu, ona görə idi ki, İsmayıl müəllim nə vaxtsa şagirdlər qarşısında çıxılmaz vəziyyətdə qalmaq istəməyərək, öz üzərində daim, özünə qarşı yüksək tələbkarlıqla çalışır, heç vaxt əldə etdiyi biliklə kifayətlənmirdi. Bu isə ilk növbədə ondan irəli gəlirdi ki, o, gələcək nəslin sabaha hazırlanmasında öz məsuliyyətini daim bütün aydınlığı ilə duyurdu. Ona görə də o, “köməkçi fənnlər” üzrə dərslərə də qabaqcadan ciddi hazırlaşırdı. Və biz şagirdlər o vaxtlar şübhə etmirdik ki, rəsmxət və astronomiya onun əsas fənnləri deyil. Onun astronomiya dərslərinə isə elə diqqətlə, maraqla qulaq asardıq ki, bəzən dərsin başa çatmasına heyfsilənərdik. Tənəffüsə çıxanda isə digər siniflərin şagirdlərindən fərqli olaraq özümüzü uca göyləri, kosmosu dolanıb gəlmiş kimi hiss edərdik. 



Yuxarı sinif şagirdləri onunla səmimi bir dost kimi güləşə də çıxmışdılar...

İsmayıl müəllim təkcə kənd camaatı və müəllimlərlə deyil, dərs dediyi şagirdlərlə də həmişə səmimi və mehriban olub. Həm də o qədər səmimi və sadə ki, yuxarı sinif şagirdləri onunla hərdən ərklə zarafat etməkdən də çəkinmirdilər. Bir dəfə böyük tənəffüs vaxtı yuxarı siniflərdən olan dostlarım - məktəbin adla söylənilən dərs əlaçıları Hidayət Mustafayev və Aydın İsayev İsmayıl müəllimə yaxınlaşıb deyirlər ki, “gəlin güləşək, görək, kim güclüdür? Hər halda  siz bizi yıxa bilməzsiniz”. Təbii ki, onlar bunu başqa bir müəllimə deyə bilməzdilər, bilirdilər ki, sərt baxışla üzləşə bilərlər. 
Ancaq İsmayıl müəllim “demokratik” adam olduğundan ona güləşməyi təklif etmək ən azı yumorla, duzlu zarafatla qarşılana bilərdi. Dostlar bu gözlənilməz təklifi gülə-gülə, zarafatla deyərək, onun necə qarşılanacağını bilmədikləri halda İsmayıl müəllim qayıdır ki, “uşaqlar, ağlınızı başınıza yığın. Mən sizin kimi uşaq-muşaqla güləşmərəm. Bir də ki, axı, sizin mənə gücünüz çatmaz”. Lakin “dələduzların” əl çəkmədiklərini, israrla güləşmək istədiklərini görüb, əli ilə məktəbin yaşıl ot örtmüş idman meydançasını göstərib demişdi ki, “getdik”. Məktəbin direktoru Cəmaləddin müəllim Camalov ona desə də ki, “İsmayıl müəllim, uşaqlara baş qoşma”, cavab vermişdi ki, qoy onlara daha bir “dərs” verim. 
Sözündən dönməyi xoşlamayan, sevimli şagirdləri ilə əlbəyaxa “döyüşdən” qaçmaq istəməyən İsmayıl müəllimin özündən deyən iki şagirdi ilə güləşməsinə tamaşa etmək üçün bur anda xeyli “tamaşaçı” toplaşmışdı. Təbii ki, onuncu sinif şagirdləri öz yoldaşlarının qalib gəlməsini istəyirdilər, ancaq digər siniflərdən olan uşaqlar mübarizəyə ciddi-cəhdlə, mərdanəliklə girişmiş İsmayıl müəllimin qalib gəlməsini arzulayırdı. Hərbi xidmət zamanı bərkdən-boşdan çıxmış, əsgəri olduğu hərbi hissənin idman, həmçinin güləş yarışlarında daim fəal olmuş İsmayıl müəllim özünün gözlənilməz qıvraqlığı, çevikliyi ilə Hidayətlə Aydının çox da əl-qol açmasına imkan vermir, onların fəndlərini ustalıqla ram edirdi. 
Axı, İsmayıl müəllim özü də o vaxt hələ çox cavan idi – cəmi 32 yaşı vardı. Odur ki, öz aşıb-daşan gənclik enerjiləri ilə müəllimlərinə üstün gəlməyə çalışan iki dost onunla “süpürüşüb”, birlikdə yerə yıxılaraq çarpışsalar da, məktəbin dərsə səsləyən zəngi çalınana qədər müəllimlərinin kürəyini yerə vura bilməmişdilər. Bununla belə onlar daha güclü olduqlarını, qalib gəldiklərini deyir, güləşdikləri vaxt üstün olduqları ayrı-ayrı məqamları xatırladaraq, “yekun hesabda” irəlidə olduqlarını iddia edirdilər. Və sanki unudurdular, hesaba almırdılar ki, onlar müəllimlərinə qarşı təkbətək yox, ikisi birləşərək güləşmişdilər. 

İsmayıl müəllim iki “məsuliyyətsiz” şagirdi niyə “otlamağa” göndərmişdi?

Sinif yoldaşım, həm də Sarıca kəndimizdə həyət qonşumuz olan Sayəddin Abbasov bir gün tənəffüsdə dedi ki, “Rəhman, məktəbin o tərəfində, taxıl zəmisinin ortasındakı meşə zolağının yaxınlığında yaxşı yemlik, təzə qanqal bitib, sən sinifkomsan, həm də İsmayıl müəllim sənin xətrini çox istəyir, icazə al, gedək yemlik-qanqal yeməyə. Mən desəm, icazə verməyəcək”. 
Düzü, hər bir kənd uşağı kimi yemliyi, qanqalı xoşlasam da, buna görə dərsdən qalmaq, həm də qeyri-ciddi görünən, özümə yaraşdırmadığım bir işə görə icazə almaq istəməsəm də, Sayəddinin təkidlə etdiyi “qanqal xahişini” yerə sala bilmədim. İsmayıl müəllim dərsə başlamaq üçün sinfə girəndə sakitcə ona yaxınlaşıb, ərklə “xahişimizi” bildirəndə, sanki bunun “oxuyan uşağa”, sinifkoma yaraşmayan qeyri-ciddi bir şey olduğuna işarə edərək, bütün sinfin eşidə biləcəyi şəkildə ucadan dedi: “gedin otlayın”. Zarafatla deyilmiş bu cavab xətrimə dəysə də, yemlik-qanqal həvəsi incikliyimə üstün gəldi. 
...Biz – iki “qanqal ölüsü” sinfə yalnız dərsin sonuna yaxın qayıdıb gəldik – yaxşıca “otlamışdıq”. 
- Hə, doydunuz? – deyə İsmayıl müəllim yumşaq kinayə ilə, gülə-gülə soruşdu.
Sinfi qəhqəhə bürüdü. Sayəddinlə mən həmin anda başqa planetdən gəlmiş yad uşaqlar kimi görünürdük. Və mən düşündüm ki, hələ yaxşı qurtarmışam – İsmayıl müəllim rişxənd edib demədi ki, siz bir sinifkoma baxın, dərsi buraxıb, qanqal yeməyə gedib. 
...Yazın gözəl bir çağı olduğundan və yemliklə qanqaldan keçiləsi olmadığından İsmayıl müəllim növbəti rəsmxət dərsini hamılıqla “təbiətin qoynunda” – yaşıl zoğlu sütül qanqalın boy verdiyi, yemliyin adama “gəl-gəl” dediyi meşə zolağının yaxınlığındakı çəmənlik sahədə “keçdi”. “Bələdçiliyi” isə artıq qanqal və qanqallıqlar üzrə “yaxşı təcrübəyə malik mütəxəssislər” olan Sayəddinlə mən edirdik. 

İsmayıl müəllimlə ölüm təhlükəli sərgüzəştimiz
(İki müəllim, iki “uşaq”, “zavxoz” və “inkir-minkir”...)

Biz 9-cu sinifdə oxuyanda məktəbimizin ağsaqqalı, kənddə də böyük hörmət-izzət  sahibi olan Səfər müəllim xəstələndiyindən Şəki rayon xəstəxanasına aparılmışdı. O, bizə tarix və coğrafiyadan dərs deyirdi. Adətən dərs zamanı onun arxa tərəfdə asılmış xəritəyə baxmadan bütün qitə və ölkələri, yarımadaları, okean və dənizləri, dağları və çayları dəqiqliklə göstərməsi biz şagirdlərdə ona qarşı böyük ehtiram yaratmışdı. Tarix dərslərində isə eramızdan əvvəl və sonrakı dövrlərdə dünyada baş vermiş hadisələr, müxtəlif xalqlar arasında gedən müharibələr, quldarlıq, feodalizm və kapitalizm haqqında danışdıqları bizdə elə təsəvvür yaradırdı ki, guya o özü eramızdan əvvəl başlamaqla bugünə qədər tarixin izləyicisi olub. 
Axı, Afrikada yaşayan qəbilə və tayfalar haqqında məlumatları, Avropa və Amerikada baş verənləri, həm də bütün tarix və rəqəmləri ilə dürüst yadda saxlamaq heç də və qətiyyən asan deyildi. Bütün fənlər içərisində şəxsən mənim “qorxduğum” yeganə fənn məhz tarix dərsi olurdu. Digər tərəfdən də Azərbaycanın tarixi əvəzinə tanımadığımız “itin-qurdun” tarixini öyrənmək mənim heç xoşuma gəlmirdi. O dərslərə həvəssiz hazırlaşırdım, əlaçı, sinifkom olsam da, tarixdən “5”-i çox çətinliklə alırdım. Bizimlə oxuyan Raziyə Əliyeva isə, məndən fərqli olaraq, tarixi “su kimi içirdi”. Deyəsən, o da qədim əsrlərdən başlayaraq Səfər müəllimi “müşayiət etmiş”, elə o vaxtlardan onun şagirdi olmuşdu. 
Tarixi – özgələrin tarixini sevməsəm də, sənətinin vurğunu, dərin bilicisi olan Səfər müəllimə böyük ehtiramım vardı (Allah ona rəhmət eləsin!). Odur ki, onun xəstə olduğunu, İsmayıl müəllimin onu yoluxmağa gedəcəyini bilib, məni də özü ilə aparmasını xahiş etdim. Dərsdən sonra İsmayıl müəllimin üçtəkərli motoskletinin (bu söz azərbaycanca bu cür - danışıqda olduğu kimi yazılmalıdır, “motosikl” yox) yumşaq yan “kreslosunda” yerini tutmuş məktəb gözətçisi, odun damında bir-iki köhnə stol-stul qoyub, “bufet” düzəldərək, özü üçün xırda-xuruş qazanan “çayçı-bufetçi” Ramazan dayı ilə birgə Şəkiyə yola düşdük.  
Xəstəxanada məlum oldu ki, atamın cəbhə dostu Məmmədbağır dayının oğlu, mənim sinif yoldaşım Rafiq Qaffarov da qonşu kəndin məktəb direktoru İsmayıl Orucovla və başqa bir müəllimlə birgə üçtəkərli motoskletlə bizdən bir qədər əvvəl Səfər müəllimi yoluxmağa gəliblər. Xəstə müəllimimizlə hal-əhval tutub, səhhəti ilə maraqlandıqdan və bir qədər söhbət etdikdən sonra qaranlığa düşməmək üçün Səfər müəllimin məsləhəti ilə geri qayıtmalı olduq. Ancaq İsmayıl Orucovun təklifi ilə “aclığımızı öldürmək” üçün (dərsdən sonra nahar etməmşdik) Şəkinin mərkəzindəki restoranlardan birində yeməyə oturmalı olduq. Bizim İsmayıl müəllim – Ələkbərov razılıq verməsə də, müəllim adaşının təkidi ilə stolun üstünə içki - araq da gətirildi. İ.Orucov Səfər müəllimə tezliklə sağalmağı arzu edib, badəni onun şərəfinə qaldırdı və təkidlə adaşının da “əlli qram” içməsini xahiş etdi.
Bir qədər sonra restorandan çıxıb, yola düzəldik. QAİ-dən ehtiyat edərək, hər iki müəllim “sürücümüz” motockletləri normal sürətlə, ehtiyatla sürürdülər. Bir-birimizin ardınca - irəlidə bizim, arxada isə o biri İsmayıl müəllimin “komandası” sakitcə yol gedirdik. Şəhəri geridə qoyub, Kiş çayının körpüsünü və QAİ postunu keçdikdən bir qədər sonra əvvəlcə İ.Orucovun motoskleti bizi, sonra isə biz onları ötüb keçdik. Bizim arxamızda qalmaq istəməyərək, onlar da Rafiqin coşqunluqla həvəsləndirməsi ilə sürəti artırıb, irəli çıxdılar. Beləliklə bir-neçə dəfə bir-birimizi ötüb keçdik. Sürət artıq 110-a çatırdı. Ancaq nə onlar, nə də biz sürəti azaltmaq, geri qalmaq istəmirdik. Növbəti kəndə yaxınlaşanda bizim motoskletlərin qulaqbatırıcı uğultusunu eşidib, çayxanadan çıxan adamlar həyəcanla yola doğru qaçaraq, ehtiyatlı olmağa səsləsələr də, buna əhəmiyyət verməyib, ötüşməkdə davam edirdik. 
  Birdən Rafiqgilin  motoskleti qazı artırıb, növbəti dəfə bizi keçdi. Əvvəlcədən düşünülməmiş bu qeyri-ixtiyari yarışda sinif yoldaşım Rafiqə uduzmaq istəməyərək, mən də səs-küyümlə İsmayıl müəllimi qızışdırdım ki, onları ötək. Və biz artıq nəzərlərimizi yola deyil, “rəqiblərimizə” zillədiyimizdən, Cəfərabada yaxınlaşarkən yolun sərt dönüşlü olduğunu görmədik və bizim İsmayıl müəllim motoskletin sürətini azaldıb dönməyin gec olduğunu ani olaraq hiss etdi və... sükanı saxlaya bilməyib, “başlı-başına” buraxmalı oldu. Hər şey bir anda baş verdi – üçtəkərli “maşınımız” metrə yarım hündürlükdən necə “uçdusa”, məni – 40-42 kiloqramlıq yüngülyaraq uşağı oturacaqdan qopardıb, 30-35 metr uzaqlığa, şumlanmış əkin sahəsinə atmışdı. Nə baş verdiyini anlamadan gözüyumulu halda, üzüqoylu torpağa düşmüşdüm. Ağrı hiss etməsəm də, öldüyümü düşünürdüm. Fikirləşdim ki, mənimki elə buracan imiş. Birdən adımı eşidib, “inkir-minkir”in başımın üstünü kəsdirdiyini düşündüm. Ancaq bunun ardınca “Rəhman, nə oldu, salamatsan?” sözlərini eşidib, bunun İsmayıl müəllimin səsi olduğunu anlayıb, ölmədiyimə sevinərək, vəziyyətimin necə olduğunu bilməsəm də, cəld ayağa qalxıb, pioner kimi tez-tələsik cavab verdim ki, “müəllim, heç nə olmayıb”. Doğrudan da, bir-iki yerdən əl-ayağım zədələnsə də, ciddi bir şey olmamışdı, heç burnum da qanamamışdı. 
Belə yerdə deyirlər ki, Allah adamı istəyirmiş. Çünki motosklet məni kəlləsi üstə atsaydı, bəlkə də salamat qalmazdım, ya da şikəst olardım. Ancaq yaxşı ki motosklet məni ətalət üzə yuxarı atanda böyrüm üstə yumalayıb, havada 10-15 “salto” etdirib fırladaraq, yumşaq torpağa atmışdı. Motoskletimiz tərəfə göz gəzdirəndə Ramazan dayının oturduğu kabinənin (“lülka”nın) yanında ağrıdan zar-zar qışqırıb-ağladığını gördüm. İsmayıl müəllim daha məndən arxayın olduğundan (şagirdi kimi o, ilk növbədə mənim üçün narahat olmuşdu), Ramazan dayının harayına qaçdı, mən də onun dalınca.
Gördüyümə inana bilmədim – necə olmuşdusa, kişinin ayağı motoskletin əsas hissəsi ilə “lülka”nı birləşdirən üçbucaq formalı ramaların içərisinə keçmişdi. Adi halda onun ayağını ora heç zorla da salmaq mümkün olmazdı. Kişi nə edəcəyini bilməyərək zarıyırdı. Birazdan bir qədər yol getdikdən sonra bizim “yoxa çıxdığımızı” görüb, geri qayıdan İsmayıl Orucovla Rafiq və İsmayıl müəllimlə mən nə qədər çalışdıqsa, Ramazan dayının ayağını ordan dartıb çıxarda bilmədik. Onu motoskletə oturdub, yola çıxartmaq da mümkün deyidi. Təkərlərin üçü də ağır zərbədən qatlanaraq əyri-əyri olmuşdu. 
Hava qaralırdı. Yaxınlıqdakı kənddən köməyə çağırılan DT-54 traktoru ilə bizim motoskleti əkin sahəsindən yola çıxarmaq mümkün olsa da, onun sürülməsi mümkün deyildi. Köməyimizə gələn kənd çilingəri isə Ramazan dayının ayağını “kapkan”dan çıxara bilmədi. Qaynaq aparatından da istifadə etmək olmazdı – kişinin ayağı yana bilərdi. Və belə qərara alındı ki, bizim qəzalı motoskleti İ.Orucovun “moto”suna qoşub, yavaş sürətlə gedək. Üç saat davam edən yolboyu Ramazan dayının ağrısına-zarıltısına nə o özü, nə də biz dözə bilirdik. Kəndə gecədən xeyli keçmiş çatdıq. Onlar məni bizim Sarıca kəndində düşürdüb, Qayabaşıya döndülər...
Ramazan dayıdan narahat idim. Sabahısı günü öyrəndim ki, o yazığın ayağını səhərə yaxın çox çətinliklə, dəmir mişarı ilə ramaları kəsərək, güclə çıxardıblar.

Bizə fəzaları tanıdıb-öyrədən İsmayıl müəllimin göyləri fəth edən təyyarəçi nəvəsi

Yalnız məktəbdə deyil, bütün el-oba içində böyük hörmətə, ehtirama malik olan İsmayıl müəllim ömrünün düz 50 ilini – uzaq 1952-ci ildən 2002-ci ilə kimi gənc nəslin təlim-tərbiyəsinə həsr etmişdir. Ondan fizika və riyaziyyatın əsaslarını, həmçinin astronomiya və rəsmxət fənnlərini öyrənmiş yüzlərlə keçmiş şagirdləri arasında Bakıda, Gəncədə, Sumqayıtda, Lənkəranda, Mingəçevirdə və respublikanın digər şəhər və rayonlarında tikinti-sənaye, nəqliyyat müəssisələrinin rəhbərləri olan, digər sahələrdə yüksək vəzifə tutanlar, çoxlu sayda bacarıqlı mühəndislər, həkimlər, elmi dərəcəsi olanlar və sevimli müəllimlərinin yolunu doğma Qayabaşı məktəbində davam etdirənlər də var. Onlar imkan düşdükcə rayona gedərkən hökmən İsmayıl müəllimi yad edib, onunla görüşür, onlara zəngin bilik vermiş və insanlıq dərsi keçmiş bu veteran pedaqoqa dərin hörmət və ehtiramlarını bildirirlər. Mənə də bir vaxt “Azərikimya” Dövlət Şirkətinin adından Mətbuat xidmətinin rəhbəri kimi onu 70 illik yubileyi münasibətilə doğma məktəbdə təbrik etmək şərəfi nəsib olmuşdu.          
O zaman onu təbrik edənlər arasında Qayabaşı məktəbinin və ətraf kəndlərin müəllim yoldaşları, 50 illik bir dövrdə dərs dediyi, məktəb direktoru olduğu 18 il ərzində attestat verdiyi keçmiş şagirdləri vardı ki, onların hər biri yubilyar haqqında həm bir pedaqoq, həm də çox yüksək mənəvi keyfiyyətlərə, daxili zənginliyə malik gözəl bir insan kimi ən xoş sözlərini, sevgi və ehtiramlarını çatdırdılar. 
 ...İsmayıl müəllim istedadlı pedaqoq olmaqla yanaşı, həm də gözəl ailə başçısı, böyük bir nəslin ağsaqqalıdır. O, ömür-gün yoldaşı, bir vaxtlar xəlvətcə “qaçırtdığı” Gülarə xala ilə birgə 5 övlad böyüdüb, boya-başa çatdırmışdır (çox təəssüf ki, yeganə oğlu Vazeh acı bir təsadüfün qurbanı olaraq, həyatdan vaxtsız getmişdir. Allah rəhmət eləsin!). Onun 14 nəvəsi və hətta... 13 nəticəsi vardır. İsmayıl müəllim bu gün haqlı olaraq fəxr edir ki, onun böyük nəvəsi Hüsniyyə Yaqubova da fizika-riyaziyyat müəllimi kimi babasının şərəfli yolunu davam etdirir, həm də doğma məktəbin direktoru kimi estafet də indi onun əlindədir. İsmayıl müəllimin digər nəvəsi - Vazehin oğlu Hafiz isə el-obanın ilk təyyarəçisidir, Ali Hərbi Aviasiya məktəbini bitirərək, artıq iki ildir ki Qala aerodromunda çalışır. 
Uzaq, xoş bir xatirə. 1954-63-cü illərdə bizim bütün Qafqazda ən iri taxılçılıq təsərrüfatı sayılan sovxozumuzda “Kukuruznik” deyilən təyyarə eskadrilyası vardı. Həmin təyyarələr taxıl səpinindən sonra hər gün havaya qalxıb Sarıca və Qayabaşı kəndləri üzərində dövrə vuraraq, min hektarlarla əkin sahəsinə gübrə səpirdilər. Təbii ki, təyyarəçilərin hamısı ruslar və ukraynalılar idilər. Onların 15-ə qədər olan, sıra ilə düzülmüş təyyarələrinə vaxtilə Qori Seminariyasında təhsilini yarımçıq qoymuş (səbəbi “Dəli Kür” filmindəki epizodlardan birindən hamımıza yaxşı məlimdur), rus dilini pis bilməyən babam Məhəmməd kişi gecə gözətçiliyi edirdi. 
Biz üç qonşu uşaq – mən, Aslan və Sayəddin imkan düşdükcə aerodroma qaçıb, heyranlıqla təyyarələrə və pilotlara, onların göydə uçuşlarına tamaşa edirdik. Bir gün bizdən diri-diribaş, dilli-dilavər, bir az da dəcəl olan Aslan gəldi ki, uşaqlar, mən ruslardan biri ilə “dost” olmuşam, hələ onun təyyarəsinə minib, iki dəfə də “uçmuşam”. Gəlin, gedək, birlikdə uçaq. Doğrudan da, Aslanın pilot dostu bizi gülərüzlə qarşıladı və təyyarədə onlarla birgə havaya qalxmağa icazə verdi. Düzdür, gübrə səpmək üçün nəzərdə tutulduğundan təyyarənin içərisində oturacaqlar yox idi və biz yan-yörədən yapışıb, ayaq üstə “uçurduq”. 
Təyyarə havaya qalxanda və enəndə, göydə dönüş edəndə özümüzü ayaq üstə güclə saxlayırdıq. Yuxarıdan doğma kəndimizi, onun əkin sahələrini, meşə zolağını seyr etmək bizə ayrı cür zövq verirdi. İlk vaxtlar əlçatmaz görünən arzumuzu dilə gətirməsək də, sonralar məlum olmuşdu ki, təkcə biz üç qonşu yox, kəndimizin əksər oğlan uçaqlarının hər biri təyyarəçi olmağı arzulayırmış. Hətta könlümüzdən keçirdi ki, böyüyəndə sevgilimizi öz təyyarələrimizdə gəzdirək. Ancaq bir-neçə il sonra “kukuruznik”lər hansı səbəbdənsə azaldılar və daha sonra birdəfəlik yox oldular. Sanki bizim təyyarəçi olmaq arzularımız da onlarla birgə uçub getdi... 
Lakin çox yaxşı ki, uzun illər keçdikdən sonra sevimli müəllimimizin istəkli nəvəsi, Vazehin oğlu Hafiz (sinif yoldaşım Aslanın bacısı oğlu) bizim bütün kənd uşaqlarımızın arzusunu reallığa çevirdi, təyyarəçi oldu. Ona göylər şahini olaraq hər zaman uğurlu uçuşlar diləyir və Allah qoysa, gələn il əziz babasının - İsmayıl müəllimin 90 illiyi günündə onunla birgə göylərə qalxıb, sevimli müəllimimizi yubiley münasibətilə lacivərd buludlu uca səmalarda sevinclə, fəxrlə, qürurla qeyd etməyi arzulayırıq! 
O xoşbəxt, gözəl günü səbrsizliklə gözləyirik, əziz, sevimli müəllimimiz! 

Rəhman ORXAN, 
Respublikanın Əməkdar jurnalisti, 
Qayabaşı məktəbinin 1967-ci il məzunu.







Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər