Xəbər xətti
21-06-2021
20-06-2021
Yazarlar





Rublika
Arxiv
«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Ən çox oxunanlar
Sorğu

Ağalar İdrisoğlunun "Yarımçıq qalmış sevgi dastanı"

Baxılıb: 4199     Tarix: 28-05-2021 10:51   
Ağalar İdrisoğlunun "Yarımçıq qalmış sevgi dastanı"
Ağalar İdrisoğlu

(hekayə)

Bir ay idi ki, Minayənin gecəsi-gündüzü yox idi. Gecə çox səksəkəli yatır və hər dəfə Bakıdan gələn qatarların Dərbənd Dəmir Yolu dayanacağında dayanmasını eşidir və o, 15-20 dəqiqə sevinclə, böyük ümidlə gözləyirdi ki, indi Zəfər həyət qapısını döyəcək. O da cəld həyətə düşüb, tez qapını açacaq və qollarını Zəfərin boynuna dolayacaq. Əfsus ki, bu xoş hadisə baş vermirdi...

Bu bir ayda demək olar ki, Minayə səhər saat 8-dən axşam saat 8-ə kimi tez-tez özü də vağzala gedirdi və Bakıdan gələn qatarların Dərbənd Dəmir Yolu dayanacağında dayanmasına, oradan düşən adamlara diqqətlə baxırdı. Çünki Minayə bilirdi ki, Zəfər gələndə hökmən qatarla gələcək. O, maşınla gəzməyi sevmirdi. Hətta Minayəgilin evi ilə işlədiyi xəstəxananın arası 30 dəqiqəlik yol olsa da üç il idi ki, həmin yolu piyada gedib-gəlirdi... Amma bu vaqonlardan Zəfər düşmürdü... Minayə artıq bütün qatarların yol cədvəlini bilirdi. Ona görə evlərindən Dəmir Yolu arasında olan məsafəni yavaş addımlarla 20 dəqiqəyə, yeyin addımlarla 15 dəqiqəyə qət etmək olardı. Amma axşam həmin yolda elektrik işıqları zəif olduğundan Minayə həmin yolu gedə bilmirdi. Üşənirdi. Ona görə də gecə saat 12-yə qədər pəncərənin qarşısında dayanıb, Dəmir Yolu dayanacağına tərəf həsrətlə baxırdı. Anası Səmayə xanım, Minayənin Zəfəri səbirsizliklə gözlədiyini bildiyindən və qızının Zəfərə görə çox xiffət elədiyini dərk elədiyindən, bilmirdi ki, sevimli qızının dərdinə necə şərik olsun. Amma hərdən özünü saxlaya bilməyib deyirdi:

-Ay qızım, axı sən əvvəldən bilirdin ki, Zəfər həkim ailəlidir. Özü də doğma əmisi qızı ilə. İki oğlu da var. Mən sənə ilk gündən demişdim ki, o, öz doğma əmisi qızını atıb, səni tuta bilməyəcək. Bu, mümkün deyil. Axı ətlə-dırnaq arasına girmək olmaz. O, istəsə də bunu eləyə bilməz. Çünki Zəfər həkimi əmisi böyüdüb. Onun on yaşı olanda, atası və anası yol qəzasında öləndən sonra əmisi ona atalıq eləyib. Böyüdüb. Ali təhsil almasına köməklik eləyib...

- Ay ana, bunları sən mənə üç ildir ki, deyirsən. Onu da bilirsən ki, mən Zəfərsiz yaşaya bilmərəm...

Hər dəfə Minayənin anası ilə belə söhbəti olandan sonra o, hönkür-hönkür ağlayırdı. Ana qəlbi qızının göz yaşlarına dözə bilməyib, o da ağlayırdı. Çox zaman da özünü yamanlayırdı ki, axı niyə məhz həmin gecə Minayənin kor bağırsağının ağrısı tutmalı idi. Niyə məhz elə həmin gecə Təcili Yardım maşını onları şəhərin Mərkəzi Xəstəxanasına aparmalı idi. Elə evlərinin yanında Dəmir Yolu Xəstəxanası vardı. O gecə Zəfər həkim növbədə olmalı idi. Adətən şöbə müdirləri çox vaxt növbədə qalmırlar. Elə o da cərrah olduğuna görə Minayəni təcili cərrahiyyə əməliyyatı eləyib, kor bağırsağını çıxarmalı idi. Özü də bu hadisə məhz əri Zeynal kişinin dünyasını dəyişdiyinin qırxıncı günü baş verməli idi... Tanrının yazdığı belə yazıya Səmayə arvad mat qalmışdı...

Onlar uzun illər Bakıda yaşamışdılar. Əslən Dərbənddən olsalar da, əri Zeynalla cavanlıq illərindən Bakıya köçmüşdülər. Zeynal kişi uzun illər Bakıda Neft mədənlərində mühəndis işləmişdi. Onların üç övladları olmuşdu. Böyük qızları 4-5 yaşlarında dünyasını dəyişmişdi. Sonra iki övladları da dünyaya gəlmişdi. Oğlanları Tahir və qızları Minayə. Tahir də atasının yolunu davam etdirib, neft mühəndisi olmuşdu. Qızı Minayə isə rus dili müəllimi idi. Tahir Bakıda yaşayırdı. Ailəli idi. Minayə də ali məktəbin birinci kursunda oxuyan vaxt ailə qurmuşdu. Amma oğlanla xasiyyətləri düz gətirmədiyindən üç aydan sonra ayrılmışdılar. Ondan sonra Minayənin kişilərə nifrəti yaranmışdı. Dəfələrlə onunla evlənmək istəyənlərə qəti etirazını bildirmişdi. O, 23 yaşı olanda atası və anası ilə Dərbəndə köçmüşdü. Buradakı köhnə ata evində məskunlaşmışdılar. O, Dərbənd şəhərindəki orta məktəbdə dərs deyirdi. Məktəb rəhbərliyi və şagirdləri ondan razılıq eləsələr də, bu şəhər sakit yer olsa da Minayə Bakı üçün çox darıxırdı. Bəlkə də bu ondan irəli gəlirdi ki, onlar Dəmir Yolu vağzalının yanında yaşayırdılar və Bakıdan gələn qatarların ab-havası onu özünə çəkdiyinə, vaqonlardan düşənlərin ucadan Azərbaycan dilində danışmaqları, Bakıda yaşadıqları məhəllədə yaşayanların da Azəri dilində danışmaları, rəfiqələrinin də hamısının azərbaycanlı olması və onları tez-tez xatırlaması onu darıxdırırdı... Minayə özü milliyyətcə ləzgi idi. Amma Azərbaycan dilini ləzgi dilindən daha yaxşı bilirdi... Ailə qurub üç ay yaşadığı oğlan da ləzgi idi. Həddindən artıq kobud, siqaretə, içkiyə meyilli idi. Bəlkə onun belə olması Minayədə öz millətinə qarşı biganəlik yaratmışdı...

Həmin gecə Minayənin birdən-birə kor bağırsağından tutan ağrı, onun az qala nəfəsini kəsirdi. Hərdən kor bağırsağı ağrısa da, elə də əhəmiyyət vermirdi Minayə. Çünki başı atasının müalicəsinə qarışmışdı. Amma indi deyəsən bu xına o xınadan deyildi. Anası Səmayə Təcili Yardıma zəng vurdu. Allahdan maşın tez gəldi. Onlar qəti qərara gəldilər ki, Minayəni xəstəxanaya aparmaq lazımdır. Mərkəzi Xəstəxanada yaxşı həkimlər çox olduğundan belə qərar verdilər ki, ora aparsınlar. Minayəni müayinə eləyən Zəfər həkim qərar verdi ki, təcili cərrahiyə olunmalıdır. Az bir zamanda onu cərrahiyə elədi. Yaxşı ki, Minayə tez cərrahiyyə olundu. Əgər belə olmasaydı kor bağırsağı partlaya bilər və sonra Minayəni sağaltmaq mümkün olmazdı...

Zəfər həkimin əlləri yüngül oldu. Minayə bir həftəyə sağaldı. Bu bir həftədə demək olar ki, hər gün bir neçə dəfə Zəfər həkim Minayənin yanına gəlir və əlindən gələni edirdi ki, o, tez sağalsın. Bu bir həftədə onların arasında bir isti münasibət də yaranmışdı. Onlar tez-tez Bakı haqqında danışır və bu şəhərin gözəlliyini sadalamaqdan doymurdular. Bəlkə də Bakı haqqındakı söhbətlər Minayəni Zəfər həkimə daha çox isindirmişdi...

Zəfər həkim Moskvada iki illik Ali Cərrahiyyə kursunu bitirəndən sonra onu təyinatla Dərbənd şəhərinə göndərmişdilər. Artıq bir il idi ki, burada işləyirdi. Elə ilk günlərdən o, çox savadlı, bacarıqlı həkim olduğuna görə, otuz il idi ki, bu xəstəxanada baş həkim işləyən, məşhur cərrah Qazıbəyov Zəfəri cərrahiyyə şöbəsinin müdiri təyin eləmişdi. Zəfər belə qərara gəlmişdi ki, ailəsini və uşaqlarını da Dərbəndə gətirsin və burada yaşasın. Çünki Dərbənd şəhəri və burada yaşayan ayrı-ayrı millətlərdən olan insanların mehribanlığına valeh olmuşdu. Artıq onun otuz beş yaşı vardı. Atasını və anasını on yaşında itirməsindən və ağır uşaqlıq dövrü keçirməsindən saçları vaxtından tez ağarmışdı. İlk baxışda ona qırx-qırx beş yaş vermək olardı. Uca boylu, atlet bədənli olması və sifətindəki nur, ilk baxışda, ilk söhbətdə hamıda ona qarşı bir sevgi, məhəbbət yaradırdı. Amma ala gözlərinin daxilində olan kədər və bir qədər qaradinməz olması onun böyük dərdli, əzablı həyat keçirməsini aydın göstərirdi. O, iyirmi yaşı olanda ailə qurmuşdu. Böyük oğlunun 13 yaşı vardı. Zəfər həkim Minayədən on yaş böyük idi. Minayə xəstəxanada olduğu müddətdə, Zəfər həkim haqqında yalnız xoş sözlər eşidirdi. Hamı onun yüksək tərbiyəsindən danışırdı. Bütün bunları gördükcə Minayədə Zəfərə qarşı bir doğmalıq, istək yaranırdı. Hərdən özü də bu hərəkətinə görə çaşıb qalırdı... Axı o, kişilərə qarşı çox biganə idi və daxilində onlara nifrəti vardı. Həmişə də fikirləşirdi ki, “kişilərin hamısı bir bezin qırağıdır”. Amma Zəfərin deyəsən “həmin bezə” aidiyyatı yoxdur...

Minayə xəstəxanadan çıxandan sonra Səmayə xanım qonaqlıq təşkil elədi və Zəfər həkimi evlərinə qonaq çağırdı. Çünki o, fikirləşirdi ki, Zəfər həkimin yanında gözləri kölgəlidir. Zəfər həkim Minayəni cərrahiyyə eləyən vaxt heç bir təmənna güdməmiş, bəzi dərmanları öz puluna almış və hətta xəstəxanadan çıxan vaxt Səmayə xanım ona pul təklif edəndə, qəti etiraz eləmişdi. Onu da demişdi ki, “bilirəm siz də burada qəribsiniz. Bu gündən məni öz oğlunuz kimi qəbul eləyin və nə köməklik lazım olsa, mən sizə edə bilərəm”. Açığı belə götürəndə, Minayə də ilk baxışda bir qadın kimi Zəfər həkimin xoşuna gəlmişdi və onun ilk məhəbbətinin daşa dəydiyini də ondan eşitmişdi. Çünki Minayə heç nəyi gizlətmədən, hər şeyi ona danışmışdı... Hətta kişilərə nifrətinin olduğunu da demişdi...

-Bütün kişilər haqqında belə fikirləşməyin Minayə xanım. Axı beş barmağın hamısı eyni bərabərdə deyil,- deyə Zəfər gülümsünmüşdü.

- Onu düz deyirsiniz. Artıq sizi görəndən sonra bu qərara gəlmişəm ki, bütün kişilər haqqında belə düşünməkdə yanılmışam...

Minayə xəstəxanadan çıxandan beş gün sonra Səmayə xanımın onlara ziyafət məclisinə gəlməsinə Zəfər həkimi dəvət eləməsi ürəyincə oldu. Hətta Səmayə xanım özü onun iş yerinə gedib, bu təklifi eləmişdi. Zəfər həkim də yaxşı bir bazarlıq eləyib onlara gəlmişdi. Həmin məclisdə Səmayə və Minayədən əlavə cəmi altı adam vardı. Beş adam Səmayə xanımın yaxın qohumları idi və bir də Zəfər həkim. Zəfər həkimin spirtli içki içməməsi və siqaret çəkməməsi də Minayəyə xoş təsir bağışlamışdı. Amma gələn qonaqlar içkiyə meyilli idilər. Məclis gecə saat 12-yə qədər davam elədi. Səmayə xanım və Minayə çox yoruldular. Qonaqlar gedəndən sonra Zəfər həkim, Minayə və Səmayə xanım bir saat da oturub, maraqlı söhbət elədilər. Bu söhbət onları bir az da isnişdirdi. Zəfər kirayə qaldığı evə getmək istəyəndə Səmayə xanım qəti etiraz elədi. Çünki onların iki mərtəbəli, dörd otaqlı geniş evləri vardı. Bu şəxsi evi, Minayənin atası Zeynal kişi Bakıda işləyən vaxtı tikdirmişdi. Zəhər həkim həmin gecə orada qaldı. Ona ikinci mərtəbədə yer saldılar. Zəfər uzun müddət yata bilmədi. Bir il idi ki, Dərbənddə olmasına baxmayaraq, hələ heç kimlə isnişə bilmirdi. Amma bu bir neçə saatda Səmayə xanıma və Minayəyə çox isnişmişdi...

Səhər tezdən həyətdəki xoruzların və toyuqların səsi onu yuxudan oyatdı. Artıq saat doqquz idi. Bu gün axşam növbəsində işdə olacağına görə belə arxayın yatmışdı. O, bir müddət idi ki, məzuniyyətdə olan və onun şöbəsində işləyən həkimi əvəz edirdi. Bir az keçmiş Səmayə xanım qapını döydü və Zəfər həkimi səhər yeməyinə dəvət elədi. Onlar- Səmayə xanım, Zəfər həkim və Minayə üçü bir yerdə səhər yeməyini yedilər. Yenə də maraqlı söhbət elədilər. Minayənin cani-dillə səhər yeməyini stolun üstünə düzməsi və Zəfər həkimə böyük istəklə qulluq etməsi də onun gözlərindən yayınmırdı. Hətta səhər yeməyindən sonra Zəfər həkimin kirayə qaldığı evə getməsini də nə Səmayə xanım, nə də Minayə istəmədilər. Zəfər yeməkdən sonra Minayə ilə həyətə düşdü. Onun öz əlləri ilə əkdiyi güllərə tamaşa elədi. Həyət balaca olsa da amma çox yaraşıqlı idi. Bu ev, bu həyət Zəfərə bir vaxtlar rayonda yaşadıqları evi və həyətlərini xatırlatdı. Anası da atası ilə həmin vaxtlar həyətdə çoxlu güllər və meyvə ağacları əkmişdilər. Onların faciəli ölümündən sonra əmisi onu şəhərə gətirmişdi və öz övladı kimi böyütmüşdü. Zəfər indinin özündə də həmin evi və həyəti tez-tez yuxuda görürdü. Hətta arzusu vardı ki, köhnə ata evini təmir elətdirsin və gələcəkdə, qocalanda gedib elə orada yaşasın.

-Minayə xanım, sizin bu ev və həyətiniz mənə bir vaxtlar rayonda yaşadığım evimizi və həyətimizi xatırlatdı. Anam da gülləri və ərik ağaclarını çox sevirdi. Əsasən də yasəmənləri və qızıl gülləri. Çox maraqlıdır ki, sizin həyətinizdə də qızıl güllər, yasəmən ağacları və ərik ağacları çoxdur.

- Sən xəstəxanada olanda dedin ki, mən səni öz övladım kimi qəbul eləyim. Mən də səni övladım kimi qəbul eləyirəm. İstədiyin vaxt bura gələ bilərsən,- deyə açıq pəncərənin qarşısında dayanıb onlara tamaşa eləyən və söhbətlərinə qulaq asan Səmayə xanım dedi:- İstəsən lap gəlib burada qala bilərsən. Onsuz da evimizin ikinci mərtəbəsi boşdur.

- Sağ olun. Çox sağ olun. Amma mən, üç aydan sonra ailəmi və uşaqlarımı da bura gətirəcəm. Uşaqlar sentyabr ayından burada məktəbə gedəcəklər. İndi qaldığım ev bir otaqlıdır. Yəqin üç otaqlı mənzil kirayə götürməliyəm.

- Ailəni gətirməkdə düz hərəkət eləyirsən, ay oğul. Kişi haradadırsa, ailəsi də onun yanında olmalıdır. Uşaqların üzərində atanın ciddi nəzarəti olmayanda, onlar ərköyün, şıltaq böyüyürlər. Mina, mən mağazaya gedib, indi gələcəm,- deyə bu sözlərdən sonra Səmayə xanım evdən çıxdı.

Minayə və Zəfər həkim yenidən evə gəldilər.

-Çox qədimi pianonuz var. Bunu kim çalır, - deyə Zəfər həkim qara rəngli pianoya əlini sürtdü.

- Mən çalıram. Bir vaxtlar musiqi məktəbinə getmişəm. Yeddi illik musiqi məktəbini əla qiymətlərlə bitirmişəm. Hətta istəyirdim ki, Konservatoriyaya qəbul olum, amma rus dili müəllimi oldum. Çox qəmli olanda, ya da köhnə xatirələr yada düşəndə çalıram.

- Mən özüm musiqi alətlərində çala bilməsəm də, amma saatlarla musiqiyə qulaq asmaqdan doymuram. Hətta çox vaxt cərrahiyyə əməliyyatlarına girəndə musiqiyə qulaq asıb, sonra əməliyyata başlayıram.

- İstəsəniz sizinçün musiqi çala bilərəm.

- Çox istəyirəm.

Minayə pianonun arxasına keçib, qapağını qaldırdı, Azərbaycan xalq mahnısı “Sarı gəlin” və Şopenin “Naqktürin” musiqilərini elə yüksək peşəkarlıqla çaldı ki, Zəfər bu musiqilərdən tam məst oldu. Musiqilər bitəndən sonra Zəfər özünü saxlaya bilməyib, Minayənin əlindən öpdü. Minayə gülərək o biri əlini də Zəfərə uzatdı. O, Minayənin o biri əlini də tutdu. Sonra onların gözləri bir-birinə baxdı. Elə bil hər ikisinin gözündə bir qığılcım parıldadı. Zəfər Minayənin çiynindən tudu. Minayə geri çəkilmədi. Zəfərə bir az da yaxınlaşıb, başını onun sinəsinə qoydu. Bu vaxt Zəfərin daxilində bir hərarət yarandı. Minayəni sinəsinə möhkəm sıxdı və üzündən öpdü. Bu öpüşdən Minayə gülümsündü və o da Zəfərin üzündən öpdü. Bu elə bil ki, Zəfərin daxilini yerindən oynatdı...

Onlar özləri də hiss etmədən ikinci mərtəbəyə, Zəfərin yatdığı otağa qalxdılar...

Elə həmin gündən də Zəfərin Minayəyə və Minayənin Zəfərə qarşı qarşısı alınmaz bir məhəbbəti yarandı...

Bir neçə saatdan sonra Səmayə xanım gəldi. O, Minayə ilə Zəfərin çay içərək, çox mehriban söhbət elədiklərini gördü. Zəfər artıq Minayəyə onu da bildirmişdi ki, aralarında başlayan bu əlaqə bundan sonra həmişə davam eləyəcək. Minayə də razılığını bildirmişdi. Zəfər həmin gün, axşam növbəsinə gedənə qədər onlarda qaldı. O, növbəyə gedəndən sonra Minayə Zəfərlə olan əlaqələri haqda anasına danışdı və ona yalvardı ki, bu işə etiraz eləməsin. Səmayə xanım qızının kişilərə qarşı böyük nifrətinin olduğunu bilsə də, Zəfərə qarşı onda belə dəli sevginin yaranmasına özü də çaşıb qalmışdı. Amma bir də ona sevinirdi ki, qızı artıq iyirmi beş yaşında, çox mədəni, gözəl bir insanla “dil” tapa bilib.

-Zəfər çox mədəni və ağıllı kişidir. O səndən on yaş böyükdür. Amma ən pis olanı odur ki, o, ailəlidir. Özü də həyat yoldaşı öz doğma əmisi qızıdır. İki oğlu var. O, heç vaxt öz həyat yoldaşından ayrılmaz. Buna nə mən, nə də yəqin ki, sən razı olmazsan.

- Mən heç istəmirəm ki, o, həyat yoldaşından ayrılsın.

- Bəs onda necə olacaq? Bu məsələnin gec-tez üstü açılsa, onda bəs necə ola bilər? Özü də deyir ki, sentyabr ayına kimi ailəsini, uşaqlarını bura gətirəcək.

-Bilmirəm...

- Ona görə zərərin yarısından qayıtmaq daha yaxşıdır. Çalış sən onunla daha görüşmə, ay qızım.

- Bu, mümkün deyil. Mən artıq onsuz yaşaya bilmərəm. Mən onu sevirəm...

Bu sözlərdən sonra Minayə hönkür-hönkür ağladı. Səmayə də ona qoşulub ağladı. Belə bir vəziyyətdə Zeynal kişinin yoxluğu və bu şəhərdə onların həqiqətən tam qərib olduqlarını Səmayə xanım indi daha çox hiss elədi...

Sonra Minayə ikinci mərtəbəyə çıxıb, Zəfərin yatdığı yerdə uzandı. Elə bil ki, bu yataqdan onun iyini almaq istəyir və onunla bir neçə saat bundan qabaq keçirdiyi xoş dəqiqələri, anları xatırlamağa başladı... Sonra əl telefonu ilə Zəfərə zəng vurdu. Onun məlahətli və Minayəyə artıq ən doğma olan səsini eşitdi... Onlar telefonda çox danışdılar. Minayə sabah yenə də Zəfəri görmək istədiyini bildirdi. Əvvəl Zəfər razılıq vermək istəmədi. Çünki tutduğu bu işdən peşiman idi. Qorxurdu ki, Minayə ona öyrəşə bilər və bu işin axırı heç də yaxşı olmaz. Amma Minayənin

zərif səsi və əsasən də gözəl siması, qara, aydın fikir ifadə edən gözlərini bir daha yadına saldı və bu mələk simalı xanım yavaş-yavaş Zəfəri öz fikrindən daşındırdı. Həm də Minayə Zəfərdən israrla xahiş edirdi ki, sabah hökmən yenə də görüşsünlər. Zəfər istəmirdi ki, onlar iş yerində, ya da onların evində görüşsünlər. Ona görə də yaşadığı ünvanı Minayəyə verdi. Səhər növbədən çıxandan sonra bazarlıq edib evə getdi. Saat onda Zəfərin yaşadığı mənzilin zəngi çalındı. O, qapını açdı. Gələn Minayə idi. O bu gün çox gözəl, yaraşıqlı geyinmiş, yüngül makiyaj eləmişdi və xoş rayihəli bir ətirin qoxusu qapını açan kimi Zəfərin burnuna gəldi. Zəfər Minayənin belə məlaikə görkəminə böyük heyranlıqla baxdı. Minayə otağa keçdi. Zəfər qapını bağladı və ona heç ayaqqabılarını soyunmağa imkan verməyib, qucaqladı. Minayə də onu möhkəm qucaqladı. Bu hərəkətləri ilə onlar illərlə bir-birindən ayrı düşən iki sevgilini xatırladırdılar. Baxmayaraq ki, onların bir-birindən ayrılmasından heç iyirmi saat keçməmişdi. Zəfər onu qucağına götürüb, divana gətirdi. Ayaqqabılarını, paltarını çıxardı. Minayə də onun əynindəki idman paltarını soyundurdu. Onlar yatağa uzandılar... Bir neçə saat bir-birinə xoş sözlər dedilər və çox xoş anlar yaşadılar...

Minayə Allahına şükür edirdi ki, onun qarşısına belə bir kişi çıxarıb. Zəfər də bu otuz beş yaşına kimi bir neçə qadınla görüşsə də, onların içərisində Minayə kimi gözəl, zərif və onu yarı sözdən başa düşən qadın görməmişdi...

Artıq günorta idi. Yemək də yadlarından çıxmışdı. Sonra Minayə durub yaxşı bir yemək hazırladı. Minayənin bişirdiyi yemək çox dadlı olduğundan Zəfərin xoşuna gəldi. O, uzun müddət idi ki, belə dadlı yemək yeməmişdi. Bəlkə də bu, ona elə gəlirdi. Yeməkdən sonra evin törtöküntü olduğunu Minayə elə bil indi gördü. Az bir vaxtda evdə böyük səliqə-sahman yaratdı. Hamam otağında Zəfərin çoxlu çirkli paltarı var idi. Zəfər bu paltarları bir həftə yığıb, iş yerindəki xadiməyə verirdi və həmin qadın da onları yuyub gətirirdi. Minayə həmin paltalları böyük selofan torbaya yığdı və dedi ki, aparıb, özü yuyub, sabah gətirəcək. Bu gündən sonra da Zəfərin ev problemlərini o özü həll edəcək. Zəfər bundan çox sevindi. Minayə gedəndən sonra elə bil ki, ev boşaldı. Evdə yalnız Minayənin ətrinin xoş iyi qalmışdı. Zəfər başa düşdü ki, artıq bu qıza onda böyük sevgi yaranıb. Bu sevgi elə ilk gündən, daha doğrusu, Minayəni cərrahiyə elədiyi günün səhəri onda yaranmışdı... Onun ağ bənizi, qara gözləri, uzun kiprikləri, gülümsər çöhrəsi, uzun, xurmayı saçları, güləndə yanaqlarının aşağı hissəsinin bir qədər içəri batması, həqiqətən günahsız bir məlaikəni xatırladırdı. Həmin andan Minayə Zəfərin xoşuna gəlmişdi...

Minayə demişdi ki, səhər saat səkkizdə, Zəfər işə getməmişdən əvvəl onun yuyulmuş paltarlarını gətirəcək ki, işə çirkli köynəkdə getməsin. Səhər düz saat səkkizdə qapının zəngi vuruldu. Gözəl məlaikə yenə də qapının ağzında göründü. Otağa keçdi. Yenə də Zəfər onu qucaqladı. Amma Minayə ona “dərinə keçməyə” icazə vermədi. Çünki Zəfər işə getməli idi. Yuduğu paltarları otağa qoydu. Paltarlar elə təmiz yuyulmuşdu ki, Zəfər heyran oldu. Ağ köynəkləri və alt paltarları da tam ütülənmişdi. Minayə sonra başqa bir torbadan yemək çıxardı. Ət və göyərtidən hazırlanan bu yeməyin ətri otağa yayıldı.

-Zəfər həkim, buyurun süfrənin arxasına.

Minayə tez gedib mətbəxdə çayniki qazın üstünə qoydu. İki qab və qaşıq gətirdi. Çox ətirli ləzgi təndir çörəyini əli ilə doğradı. Qazandakı yeməyi səliqə ilə iki qaba qoydu. Onlar birlikdə çörək yedilər. Sonra Zəfər Minayənin gətirdiyi təmiz paltarları geyindı. Minayə onun köynəyinin düymələrini zərif barmaqları ilə bağladı. Artıq həmin vaxta kimi Minayə onun ayaqqabılarının da tozunu silib, qara maz vurmuşdu. Minayənin bu diqqəti Zəfəri artıq tam əsir elədi. Sonra onlar birlikdə evdən çıxdılar. Razılaşdılar ki, axşam yenə də görüşsünlər.

-Anama demişəm. Axşam sənin yanında qalacam.

-Nə gözəl, mələyim, çiçəyim mənim. Onda evin açarını sənə verirəm. Mənim iki ağır xəstəm var. Evə axşam saat doqquz, ya da onda gələcəm.

Minayə evin açarını götürdü. Artıq saat altıda yüngülvari bazarlıq eləyib, Zəfərin yaşadığı evə gəldi. Yemək hazırladı. Otağı tam səliqə ilə silib, süpürdü. Zəfər saat doqquzda gəldi. Evdəki səliqə-sahman onu tam valeh elədi...

... Beləcə bir həftə Minayə axşamlar Zəfərin yanında qaldı. Zəfər elə bil ki, anadan yenicə doğulmuşdu. Artıq xasiyyətində, davranışında da böyük dəyişiklik yaranmışdı. Elə bil o, çox cavanlaşmışdı. Onun əhval-ruhiyyəsinin belə yaxşı olmasını işçilər də hiss eləyirdilər, amma onun üzünə vura bilmirdilər. Lakin bir dəfə baş həkim Qazıbəyov ata mehribançılığı ilə Zəfərin gözlərinə diqqətlə baxaraq, ona sataşmışdı:

-Zəfər həkim, axır vaxtlar çox dəyişibsən. Birdən burada, bizim Dərbənddəki qızlardan kiməsə vurula bilərsən. Dağıstanda bir-birindən gözəl azərbaycanlı, lak, dargin, avar, kumık, ləzgi, tabasaran, eləcə də başqa millətlərin nümayəndələri olan qızların gözəlliyindən hamı heyranlıqla danışır. Bilirsən ki, Dağıstanda yüz altmışdan çox millətin nümayəndəsi yaşayır. Hamısı da bir-birinə qız verib, qız alıblar. Tibb aləmində də belə şeylər var ki, qan-qana qarışanda, onlardan doğulan uşaqlar daha gözəl, yaraşıqlı, ağıllı olurlar.

-Xeyr doktor, heç kimə vurulmamışam,- deyə Zəfər bildirsə də, amma bu sözləri deyəndə baş həkim Qazıbəyovun gözlərinə baxmırdı. Çünki bilrdi ki, doktor Qazıbəyov, insan psixologiyasını yaxşı bilir və kimin düz, kimin yalan danışdığını da tez ayırd edirdi. Axı bu böyük xəstəxanada yüzdən çox millətin nümayəndəsi işləyirdi. Qazıbəyov da otuz il idi ki, bu xəstəxananın baş həkimi idi və bütün işçilər onun düzlüyünə, sözü üzə deməsinə, millətindən asılı olmayaraq yaxşı işçini yüksək qiymətləndirməsinə və hamını da öz yaxını kimi qəbul elədiyinə görə onun başına and içirdi.

Minayə yeddinci günü səhər evə gələndə anası Səmayə dedi:

-Qızım, mən artıq görürəm ki, səni Zəfərdən ayıra bilməyəcəm. Həm də sən Zəfər həkimlə görüşəndən sonra yaxşılığa doğru çox dəyişibsən. Ona görə də təklif eləyirəm ki, Zəfər həkim bizə köçsün. Həm kirayə pulu verməz, həm də gecələr mən nigaran qalmaram. Özün bilirsən ki, mənim ürəyim xəstədir. Həyəcanlananda da təzyiqim qalxır. Ona de ki, mən xahiş edirəm Zəfər gəlib bizdə yaşasın. Onsuz da ikinci mərtəbə boşdur. Orada iki otaq var.

Anasının bu təklifi Minayənin də ürəyincə oldu. O, zəng vurub, anasının təklifini Zəfərə dedi. Zəfər də razılaşdı. Elə həmin gün o, evdə olan yüngül şeylərini bir

yerə yığdı. Minayə ilə köməkləşib, bir maşınla onların evinə gətirdilər. Səmayə xanım Zəfəri çox böyük mehribanlıqla qarşıladı.

-Bu gündən sən olursan həqiqətən də mənim oğlum və həm də bu evin kişisi,- deyə Səmayə xanım onun üzündən öpdü. Mən başa düşdüm ki, Minayə ilə səni bir-birinizdən ayıra bilməyəcəm. Ona görə də istəmirəm aranızda qaratikan kolu olum. Görürəm ki, bu bir həftədə Minayə də çiçək açıb. Tam dəyişib. Elə bil başqa adam olub.

Zəfərin gətirdiyi şeyləri yuxarıdakı, həmin gecə Zəfərin yatdığı geniş otaqda yerləşdirdilər. Səmayə xanım mədəni, dünya görmüş qadın idi. Özü də bir vaxtlar ingilis dili müəlliməsi işlədiyinə görə Avropa düşüncə tərzinə malik idi.

Elə həmin gündən Zəfər onlarda yaşamağa başladı. Minayə də onunla ər-arvad kimi bir otaqda yatırdı...

Zəfər sentyabrda öz ailəsini Dərbəndə gətirmədi. Həyat yoldaşına yalan satdı ki, tezliklə oradan işdən çıxıb, Bakıya qayıdacaq. Həyat yoldaşı da ona inandı. Hər iki-üç aydan bir Zəfər Bakıya gəlib, uşaqlarına baş çəkir və yenə də tez Dərbəndə qayıdırdı. Bakıda olduğu bir həftə ona bir il kimi görünürdü. Çünki o, Minayəni dəlicəsinə sevirdi. Həm də bir-birini yarı sözdən başa düşürdülər. Minayə Zəfərdən on yaş kiçik olsa da, həddindən artıq ağıllı, səbrli qadın idi. Yeri gələndə Zəfərə çox ağıllı məsləhətlər verirdi. Onun dediyi bu məsləhətlərə qulaq asan Zəfərin iş yerində də hörməti çox idi. Artıq onu baş həkimin müavini təyin eləmişdilər. Həm də elmi işini Moskada olan professoruna göndərmişdi. Bu elmi işi professorunun xoşuna gəlmişdi. Moskvaya gedib, müdafiə eləyəcəkdi. Tezliklə, elmlər namizədi adını alacaqdı. Elmi işi yazmağa da onu Minayə məcbur eləmişdi. Hətta onun yazdığı əlyazmaları kömpüterdə Minayə özü yazmışdı. Axı o, rus dilini çox mükəmməl bilirdi...

... Artıq üç il idi ki, onlar qanunsuz olsa da ər-arvad kimi yaşayırdılar. Zəfərin təkidi ilə Minayə hamilə qalmışdı. Artıq beş ay idi ki, ana bətnində Zəfərin uşağını gəzdirirdi. Özü də oğlan idi. Zəfər əvvəlcədən demişdi ki, uşağa Məmməd Zəfər adını qoyacaq. Çünki onun atasının adı Məmməd idi. Böyük oğluna atasının adını qoymuşdu. Bu uşağa isə həm atasının və həm də öz adını calaşdırıb, Məmməd Zəfər adını qoymaq istəyirdi. O, bir həftəlik yenə də iş yerindən məzuniyyət götürüb, qatarla Bakıya getmişdi. İndi isə onun Bakıya getməsindən bir ay keçsə də zəng vurub, Minayəyə heç nə demirdi. Minayə də dəfələrlə ona zəng vursa da telefonuna zəng çatmırdı... Bu da Minayənin halına pis təsir edir və özünə yer tapa bilmirdi. Minayə bu bir ayda Zəfəri dəlicəsinə sevdiyini artıq tam başa düşmüşdü. Fikirləşirdi ki, əgər Zəfər onu atıb Bakıya, öz ailəsinin yanına getsə, yəqin ki, Minayə onsuz yaşaya bilməz və hətta özünü öldürə bilər... Bir tərəfdən də o, hamiləliyi çox ağır keçirirdi. Həkimlər də deyirdilər ki, ona həyacanlanmaq olmaz.

Zəfər Bakıya gələn günü yaxın dostları, tələbə yoldaşları ilə əlaqə saxladı. Məlum oldu ki, tələbə yoldaşı və onların sinif nümayəndəsi olan Cəbrayıl Əlinağılının sabah qırx yaşı tamam olur. O, tibb elmləri doktoru, Əməkdar həkim idi. Həm də Respublika Travmatologiya İnstitutunun direktoru vəzifəsində işləyirdi. O, sabahkı qırx illik yubileyinə Zəfər həkimi də dəvət elədi. Zəfər də qiymətli bir hədiyyə alıb və evlərində olan Dərbənd şəhərinin simvolu olan böyük şəkli və şəkilli albomu da

götürüb, yubileyə getdi. Keçmiş tələbə dostları çox mehriban görüşdülər. Baxmayaraq həmin yubileyə keçmiş Sovetlər Birliyinin ayrı-ayrı şəhərlərində işləyən tələbə yoldaşları gəlmişdi, amma burada Zəfərin çıxışı daha böyük coşqu ilə qarşılandı. O, bir qədər şair təbiətli olduğuna görə, elə həmin gün Cəbrayıl Əlinağılıya həsr elədiyi şerirlə sözlərinə başladı və sonda dedi:

-Mən Azərbaycanın qədim şəhəri, beş min ildən çox yaşı olan, ulu Dədə Qorqudun Vətəni Dərbənd şəhərindən sizə salam gətirmişəm. İşlədiyim Dərbənd Mərkəzi Xəstəxanasında yüzdən çox millətin nümayəndəsi işləyir. Bu millətlərin arasında cəmi üç azərbaycanlı var. İki həkim və bir tibb bacısı. Yüzlərlə işçisi olan bu xəstəxananın mən baş həkiminin müaviniyəm. Burada işlədiyim cəmi dörd ildə işimə görə mənə Əməkdar həkim adı verilib. Sevinirəm ki, Dağıstanda millətimin başını uca eləmişəm. Bizim bir millət kimi ən böyük səhvimiz ondadır ki, ata yurdumuz olan Dərbəndə hələ Sovetlərin vaxtından biganəyik. Əslində ən savadlı insanlarımız orada işləməlidirlər ki, həm orada yaşayan millətimizin nümayəndələrinə arxa-dayaq olaq, həm də Dərbəndi millətimizin mədəniyyət qalası, beyin mərkəzi eləyək. Əfsus ki, bunu eləmirik. Hətta Dərbənddə doğulub-böyüyən ziyalılarımızın da çoxu oradan köçüb Bakıya gəlirlər. Bir vaxtlar dədə-baba yurdumuz olan Qərbi Azərbaycandan və Borçalı bölgəsindən də ziyalı insanlarımız köçüb Bakıya gəldilər. Bununla da orada beyin mərkəzimiz, düşünən insanlarımız azaldığından biz həmin cənnətməkan yerlərimizi itirdik...

Zəfər həkim qəhərləndiyindən daha sözlərinin ardını deyə bilmədi. Çünki onun uluları da bir vaxtlar Qərbi Azərbaycandan köçüb, Beyləqana gəlmişdilər. Tələbə dostları onun bu çıxışını alqışlarla qarşıladılar. Bu, o demək idi ki, onunla razıdırlar.

Həmin ad günü məclisi gecə saat birə kimi davam elədi. Tədbirdən sonra Cəbrayıl həkim öz xidməti maşınında Zəfərlə arxada əyləşdi. Başqa tələbə yoldaşları, Cəbrayıl həkimin rəhbərlik elədiyi institutda şöbə müdiri işləyən Mürşüd qabaqda, sürücünün yanında əyləşdi. Bu restorandan ən yaxın yol Mürşüdün yaşadığı evə qədər idi. Ona görə də birinci Mürşüdü düşürmək istədilər. Sonra Cəbrayıl həkimin fikri bu idi ki, Zəfəri özünün rəhbərlik elədiyi instituta direktor müavini gətirsin. Çünki hələ tələbəlik illərindən Zəfərin necə savadlı olduğunu bilirdi. Həm də Zəfər Moskvada elmi işini müdafiə eləyəcəkdi. Ona görə də bu söhbəti ikilikdə etmək istəyirdi.

Beş saat davam eləyən ad günündə hamı yaxşı yeyib-içmişdi. Cəbrayıl və Mürşüd sərxoş idilər. Spirtli içkiyə meyli olmayan Zəfər də çox içmişdi. Hətta Cəbrayıl həkimin sürücüsü, öz qaynı olan Mətləb onun gözündən yayınaraq spirtli içki içmişdi. Həm də iki gün idi ki, ad gününə hazırlıq müddətində Mətləb, demək olar ki, yatmırdı. Ona görə də üç dostun ucadan söhbət edərək, zarafatlaşdığını görüb, maşını möhkəm sürürdü ki, tez evə çatıb, rahatca yatsın.

Yollarda da maşın az olduğundan o, sürəti daha da artırırdı. Bu vaxt sağ tərəfdən yola zibil daşıyan böyük bir maşın çıxdı. Sürücü Mətləb maşını idarə edə bilməyib, zərblə zibil daşıyan maşına vurdu. Bu, bir göz qırpımında baş verdi. Qara-qışqırıq bir-birinə qarışdı. Hətta zərbədən zibil daşıyan maşın da böyrü üstə çevrildi. Cəbrayılın xidməti maşını isə qırıq-qırıq olmuşdu. Sürücü Mətləb və Mürşüd

yerindəcə keçinmişdilər. Təcili Yardım maşını gələnə qədər Cəbrayıl həkim də canını tapşırdı. Zəfərin başı möhkəm əzildiyindən komaya düşmüşdü. Zibil daşıyan maşının sürücüsü və fəhlələrdən biri də möhkəm əzilmişdi. Başqa bir fəhlə isə ölmüşdü...

Zəfəri təcili reanimasiya şöbəsinə yerləşdirdilər. O, artıq bir aya yaxın idi ki, koma vəziyyətində idi. Həkimlər ümid edirdilər ki, Zəfərin bədəni sağlamdır və hökmən koma vəziyyətindən çıxacaq...

Zəfərin Minayədən ayrılıb, Bakıya getməsindən artıq bir ay keçmişdi. Bu müddətdə Minayə nələr fikirləşməmişdi... Hətta anasının ona bir neçə dəfə dediyi bu sözlər Minayənin qəlbində şübhələr də yaratmışdı.

-Ay qızım, mənə elə gəlir ki, onların evində yəqin hansısa qanqaraçılıq olub və Zəfər də Dərbəndə gəlib, işdən çıxıb, Bakıya qayıdıb. Axı arvadı, uşaqları dörd ildir ümidlə yaşayırlar, gözləyirlər ki, Zəfər onları Dərbəndə gətirəcək. Amma o, ailəsini, uşaqlarını bura gətirmək istəmir. Yəqin arvadı da ondan şübhələnib. Axı otuz səkkiz yaşlı cavan kişi ailəsindən bu qədər müddət tək qala bilməz... Özü də belə yaraşıqlı kişi. Həm də baş həkimin müavini. Elə onun çalışdığı xəstəxanada işləyənlərin yetmiş beş faizi qadınlardır, hamısı da gözəl-göyçək...

Minayənin daxilində artıq şübhələr günü-gündən artır və ona rahatlıq vermirdi... Geclər rahat yata bilmir və çoxlu qarmaqarışıq yuxular görürdü... Bu axşam gördüyü yuxu isə onu səksəkəli vəziyyətdə yuxudan oyatdı. Daha doğrusu, Minayə öz qışqırığına oyandı. Gördü ki, tərin-suyun içindədir. Sonra həmin qorxulu yuxusunu yenə də yadına salmaq istədi. Artıq onun qışqırtısına anası da birinici mərtəbədən hövlank ikinci mərtəbəyə qalxmışdı. O, yuxusunu anasına danışdı. Minayə yuxuda görmüşdü ki, Zəfərlə qaranlıq bir yolla gedirlər. Zəfər ayağını qabağa atanda bir quyuya düşür. O, Minayənin əlini tutmaq istəyir. Minayə hər iki əlini ona uzadır. O da Zəfərlə birlikdə həmin quyuya düşür. Quyu çox dərin olduğundan və divarları sıldırım daşlarla hörüldüyündən onlar daşlara dəyə-dəyə quyunun dibinə doğru gedirlər... Hər ikisi qanın içindədirlər. Sonra çox gözəl, minlərlə rəngbərəng gülləri olan və yaraşıqlı, dağların düz ortasında bir ormana düşürlər. Hər ikisi sağ olsalar da, amma hərəkət eləyə bilmirlər... Beləcə əl-ələ tutub, yaşıl otların üstündə huşsuz uzanıblar. Amma Minayənin gözləri açıqdır və bu mənzərəni görür...

Səmayə xanım bu yuxunu yaxşılığa doğru yozdu. Amma sonda dedi:

-Ay qızım, bəlkə sən sabah Zəfərin iş yerinə gedəsən. O, cəmi bir həftəlik məzuniyyət götürmüşdü. Yəqin baş həkimə niyə gec gəldiyinin səbəbini deməmiş olmaz. Bəlkə elə mənim dediyim düzdür. O, işdən çıxıb, Bakıya qayıdıb. Baş həkimin sözlərindən sən də sakit olarsan, mən də sakitləşərəm və bu şübhələrdən uzaqlaşaram. Özü də oranın baş həkimi ləzgidi. Çox mədəni, savadlı kişidi. Bir vaxtlar atan orada xəstəxanada yatanda bizə çox köməkliklər eləyib. Atanı da yaxşı tanıyırdı.

Minayə anasına qulaq asıb, səhər xəstəxanaya gəlib, baş həkim, doktor Qazıbəyovu soruşdu. Cavan tibb bacısı onu doktor Qazıbəyovun yanına apardı. Minayə tanışlıq verdi və dedi ki, rəh

ədəni kişi idi. Heyf ondan. Çox yaşaya bilərdi. Amma zəhərli neft mədənlərində işləməsi, orqanizminə pis təsir göstərmişdi.

-Bəli, elədi,- deyə Minayə baş həkimin sözlərini təsdiqlədi.

-Onu bil ki, qızım, mən sənin əminəm. Çünki atanla bir məktəbdə oxumuşduq.

-Çox sağ olun.

-Mənə görə qulluğun?

-Doktor sizin müavininiz Zəfər həkim var. O, bizim evdə kirayənişin qalırdı. Bir aydı ki, Bakıya gedib, amma bir həftəyə qayıtmalıydı. Üç il bundan qabaq məni də cərrahiyyə eləmişdi...

Minayə daha heç nə deyə bilmədi. Doktor Qazıbəyov diqqətlə Minayəyə baxdı.

-Zəfər həkimi mən doğma övladım qədər sevirdim. Fikirim bu idi ki, onu öz yerimə baş həkim təyin eləyim. Çünki artıq mənim yetmiş yaşım var. Amma...

O, sözlərinin ardını deyə bilmədi. Gözündəki eynəyin altından göz yaşları yanağına axmağa başladı...

Minayə bir müddət key kimi doktor Qazıbəyova baxdı və sonra dedi:

-Zəfərə nə olub ki?

-Zəfər həkim üç gün bundan qabaq haqq dünyasına qovuşub. O, Dərbənddən Bakıya gedən günün səhəri, bir dostunun ad günündən qayıdanda, onunla birlikdə qəzaya düşüb. Həmin dostu ölüb. Zəfər həkim isə uzun müddət komada olub, üç gün bundan qabaq isə rəhmətə gedib. Bizə teleqramm gəlmişdi. Mən də üç işçimi göndərmişdim. Gedib ailəsinə başsağlığı veriblər. Sonra...

Minayə doktor Qazıbəyovun sonrakı sözlərini eşidə bilmədi. Bənizi birdən-birə ağardı. Alnını soyuq tər basdı, gözləri qaraldı, ayağa durmaq istədi, bacarmadı və oturduğu stuldan yerə yıxıldı.

Doktor Qazıbəyov tez stulundan durub, Minayəyə yaxınlaşdı. Onu yerdən qaldırmaq istədi. Bacarmadı. Təcili zəng vurdu. Onun otağına bir neçə həkim və tibb bacısı gəldilər. Minayəni qaldırıb, baş həkimin otağındakı divanın üstünə qoydular. Həkimlərdən biri tez onun nəbzini ölçdü. Ürək döyüntüləri çox zəif vururdu. Minayəni təcili reanimasiya otağına apardılar. Bir neçə həkim doktor Qazıbəyovun tapşırığı ilə Minayəni ayıltmaq istəsələr də alınmırdı. Tez kardeoqram çıxardılar. Məlum oldu ki, Minayə geniş infarkt keçirib. Həkimlər çox çalışsalar da, Minayəni ölümün pəncəsindən ala bilmədilər... Minayə bətnində Zəfərin beş aylıq oğul yadigarı ilə gözlərini əbədi yummuşdu...

Sumqayıt şəhəri,
13-16 may, 2021-ci il


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər