Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu

Əlizadə Əsədovun rəngarəng poeziya naxışları

Baxılıb: 3189     Tarix: 05-08-2022 18:02   


                (Əlizadə Əsədovun yaradıcılığına bir baxış)

Əlizadə  Əsədov  ismi  çoxdan  məşhurdur  Azərbaycan  ölkəsində, xüsusən  Cənub  
bölgəsində. Tanıyırlar  onu  bir  idman  ustası  kimi.  Sevirlər  onu  Cənub  bölgəsində  
“boksun  atası” kimi. Boks  arenasında  şöhrətlidir  SSRİ  idman  ustası, Beynəlxalq  
dərəcəli  hakim  kimi.  Əzizdir-doğmadır  yaşadığı  Liman  şəhərində  bir  müəllim  
kimi.  Azərbaycan  Respublikasının  Əməkdar  məşqçisidir.  Azərbaycan  
Respublikasının  “Fəxri Bədən  Tərbiyəsi  və  İdman  İşçisi”dir... Yetirmələri  saysız-
hesabsızdır.  Soraqları, şöhrətləri  dünyanı  dolaşır.  Qələbələri- zəfərlərilə  ucaldırlar  
Vətənin  başını.  Qürurlandırırlar  yurdun  min-min  vətəndaşını. Şan-şöhrətdirlər  
Cənub  bölgəsinə, həm  də  böyük  Azərbaycana  -  erməni  faşizmini  diri-diri  
gəbərdən  o  basılmaz  aslana. 
Ömrünün  67- ci  baharını  yaşayır  Əlizadə  İmran  oğlu.  Yaşayır  Vətənə  tükənməz  
sevgi-məhəbbətlə  dolu.  Yaşayır  və  çalışır  bu  gün  də  Vətən  naminə, Vətən  
eşqinə. Mənə  bir  həqiqət  gün  kimi  aydındır  ki, Əlizadənin  müəllimliyi  də, idman  
fəaliyyəti  də  yalnız  Vətənə  xidmətə  hesablanıb.  Elə  Əlizadənin  bu  günlərdə  
“Elm  və  təhsil”  nəşriyyatında  buraxılan  “VƏTƏN, SEVGİ  ÜNVANIM”  (Bakı-
2022)  kitabı  da  Vətənə  xidmətin  bir  örnəyi, bir  görküdür.  Kitabda  Əlizadənin  
şeirləri, hekayə, lətifə  və  publisistik  yazıları  toplanmışdır.  Kitabın  ön  sözündə  
“Respublika  həyatı”  qəzetinin  baş  redaktoru  şair-publisist  Xudaverdi  Cavad  çox  
düzgün  olaraq  qeyd  edir  ki, kitabda  gedən  şerlərin  əksəriyyəti  vətənpərvərlik  
hissindən  qaynaqlanır. Müəllif  oxucusunun  əlindən  tutaraq  doğma  Azərbaycanın  
seyrinə  çıxır, səyahətdən  doğan  xoş  təəssüratları  misralara  çevirir”. (səh.15) Ön  
söz  müəllifinin  dediklərini  qəbul  edərək  onu  da  bildirirəm  ki, oxucu  yalnız  
seyrə  çıxmır. Yalnız  yurdun  gözəlliklərindən  zövq  almır. O, eyni  zamanda, bu  
ecazkar  tanrısal  təbiəti, müqəddəs  torpaqlarımızı  erməni  canavarlarının  
caynaqlarından  qoparan  qəhrəman  əsgər  və  zabitlərimizin, əbədiyyət  zirvəsinə  
ucalan  şəhidlərimizin, bədəninin  bu  və  ya  digər  üzvünü  itirən  qazilərimizin  
qazandıqları  möhtəşəm  qələbədən  qürurlanır  və  bu  müqəddəs  savaşda  dünyasını  
dəyişənlərə  Allahdan  rəhmət, sağ  qalanlara  min-min  təşəkkürlər, uzun-uzun  
ömürlər  diləyirlər. Və  oxucu  ürəyindən  keçən  bu  minnətdarlıq  duyğularını  
müəllif  misralara-poerik  səmimiyyəti  açıq-aydın  hiss  edilən  misralara  
hopduraraq  sevimli  oxuculara  ərməğan  göndərir:
Sıxaraq  göz  yaşını,
Uddun  hərb  savaşını.
Əzdin  düşmən  başını,
Azərbaycan  əsgəri.
... Yatağın  oldu  səngər,
Etdin  sinəni  sipər.
Oldun  qalib  bir  əsgər,
Azərbaycan  əsgəri.
(səh.33)
Əlizadənin  poetik  təqdimatında  Azərbaycan  əsgəri  “düşmənə  qəbirqazandır”, 
“düşmən  başını  əzəndir”, “Qarabağın  xilaskarıdır”, “düşmən  aşına  zəhər  
qatandır”, “qeyrət-şücaət  simvoludur”.
Sən  də  xalqa  oğuldun,
Ölümündən  doğuldun.
Qeyrət  simvolu  oldun,
Azərbaycan  əsgəri
(səh.33)
Əlizadənin  “Azərbaycan  oğulları”  şeri  8  bənddən  ibarətdir.  Janrına  görə  
gəraylıdır, mərdlik  və  qəhrəmanlığa, savaş  və  çarpışlara  çağıran  gəraylı.  Şair  
çalışıb  ki, bu  gəraylıda  “Vətənin  ər  oğullarını”  onlara  və  göstərdikləri  
qəhrəmanlıqlara  xoş  söz  və  ifadələrlə  vəsf  etsin  və  bu  mərd  oğulları  bugünün  
və  sabahın  gənclərinə  parlaq  nümunə, qəhrəmanlığın  həqiqi  varisləri  kimi  
təqdim  etsin. Şair  Babəkin və  Şah  İsmayılın  adlarını  yad  etməklə  oxucularına  
demək  istəyir  ki, bugünkü  Azərbaycan  oğulları  öz  ulu  əcdadlarının  qəhrəmanlıq  
ənənələri  əsasında  tərbiyə  almışlar, bu  ənənə  üzərində  boy  atmışlar, ox  kimi, 
nizə  kimi  düşmən  gözlərinə  batmışlar.  Və  Babək , Şah  İsmayıl  kimi  xan-bəy  
babalardan  qullar  yox, Vətənin  dərdinə  yanan, Vətən  üçün  özünü  odlara  atan  
oğullar  da  böyüməlidir.
Şah  İsmyıl  nəvəsidir,
Ulu Babək  varisidir.
Qəhrəmanlıq  töhfəsidir
Vətənin  ər  oğulları.
(səh.26)
Bugünkü  ər-oğullar  haqdan, qeyrətdən  doğulublar.  Eşqi-andı  rüşvət, talan, 
saxtakarlıq, yalançılıq  yox, eldir-obadır-yurddur. Beşiklərdə  yatdılar.  Döyüş-
savaşlarda  yaşa  doldular.  Çünki  üstünddə  boy  atdıqları  torpaq  onlara  haqsevər  
kişilərdən  əmanətdir.  Əmanətə  isə  xəyanət  olmur:
Haqdan, qeyrətdən  doğuldu,
Eşqi, andı  Vətən  oldu.
Döyüşlərdə  yaşa  doldu
Vətənin  ər  oğulları
(səh.25)
Şeirdə  adları  keçən  Pəncəli,  Mübariz,  Polad  kimi  Milli  Qəhrəmanlarımız  da  
Cavanşir, Babək, Cavadxan  kimi  igidlərimizin  qəhrəmanlıq  çeşməsindən  su  
içənlərdir, ulu  babaları  kimi  Vətən-yurd  uğrunda  şirin  canından  keçənlərdir:
Həzi  kimi  çox  əzizdi,
Pəncəlidi, Mübarizdi.
Coşqun, dalğalı  dənizdi
Vətənin  ər  oğulları.
İtirsə  də  Poladını,
İtirməyib  soyadını.
Yazdı  tarixə  adını
Vətənin  ər  oğulları
(səh.25)
Əgər  Əlizadə  “Vətənin  ər  oğulları”, “Azərbaycan  əsgəri” şeirlərində  ümuminin  
qəhrəmanlığından  danışırsa, “General”, “Mübariz”, “Haqqın  yaşayır”  şeirlərində  
artıq  konkret  hərbçilərdən: Milli  Qəhrəmanlarımızdan:  Polad  Həşimovdan, 
Mübariz  İbrahimovdan  və  milli  ordu  quruculuğuna  ilk  qatılanlardan  sayılan  
general-mayor  Fikrət  Seyfulla  oğlu  Məmmədovdan  danışır.  Şair  hər  üç  eloğlunu  
hörmətlə  yad  edir, onların   vətənə  böyük  məhəbbətlərindən  danışır, qəhrəmanlıq  
və  şücaətlərindən  söz  açır.  Şairin  “General”  şeri  hərbi-vətənpərvərlik  ruhlu  
qoşmadır.  Burada  sevinc  və  kədər  qol-boyundur.  Şair  sevinir  ki, Qarabağ  
azaddır.  İşğal  libasını  soyunub.  Ay-ulduzlu  üçboyalı  bayraq  dalğalanır  
Qarabağda.  Şuşa, Kəlbəcər, Laçın, Zəngilandan  duman  çəkilib. Hər  yanda  toy-
şadyanalıqdır.  Kədərlidir  şair.  Kədərlidir  ki, Polad  Həşimovsuzdur, o, qələbə  
sevincini  yaşamadı.  Təsəllisi  budur  ki, Polad  rəşadəti, Polad  hünəri  yadigar  
qalıb, mənəvi-əxlaqi  miras  qalıb  xalqına.
Sən yoxsan, qələbə  sevincimiz  var,
Yoxluğundan  doğan  nisgilimiz  var.
Sənlə  qürur  duyan  ürəyimiz  var
Göstərdin  rəşadət, hünər, general!
(səh.29)
“General” şerinin  ümumi  ruhundan  belə  qənaət  hasil  olur  ki, el-oba, yurd-vətən  
uğrunda  şəhid  olanlar  ölmürlər,  əbədiyyətə  qovuşur, xalqın  hafizəsində  canlı, diri  
qalırlar:
Şöhrətin, nüfuzun  doğma  elində,
Nəğmətək  səslənir  adın  dilində.
Döyüşür  silahın  əsgər  əlində,
Səni  anır  hər  bir  əsgər, general!
(səh.30)
Azərbaycanın  Milli  Qəhrəmanı, təkbaşına  azğın  düşmənlərə  qan  udduran  
Mübariz  İbrahimovun  əziz  xatirəsinə  həsr  olunub  şairin  “Mübariz”  şeri. Əlizadə  
bu  şeirdə  bir ordunun  görə  bilmədiyini  Mübarizin  təkbaşına  gördüyü  faktı  
ümumiləşdirir.  Bu  fakt  fonunda  Əlizadə  Mübariz  qəhrəmanlığının  özünəxaslığını  
şerin  nüvəsinə  yeridərək  fokuslaşdırır  və  Mübariz  cəsarəti, Mübariz  fədakarlığı  
qarşısında  oxucunu  heyrətləndirir:
Qoydu  ölümünü  göz  qabağında,
Düşmənlə  üz-üzə  durdu  Mübariz.
Bir  ordunun  görə  bilmədiyini,
Fəqət  təkbaşına  gördü  Mübariz.
(səh.36)
Dağ  görkəmli, fil  gövdəli  Mübariz  qorxu-hürkü  bilmədi.  Aldı  avtomatı  əlinə.  
Gözlənilməz  hücumla  getdi  düşmən  üstünə.  Getdi  ki, onlara  göstərsin  həddini.  
Kəssin  yağıların  əhədini.  Biçsin  töksün  onları  alaq  otutək.  Alsın  onlardan  
yurdunun  qisasını, yurdunun  intiqamını.  Ürəklərdə  qoymasın  xalqın-millətin  
arzu-kamını:
Gəldi  düşmən  ilə  qabaq-qabağa,
Gəldi  ki, göstərsin  ona  həddini.
Cəsədlər  leş  kimi  düşdü  torpağa,
Əymədi  əyilməz  çinar  qəddini.
(səh.35)
Şair  Əlizadə  təfərrüata  varmadan  Mübarizi  yaddaqalan  poetik  ştrixlərlə  
əbədiyyət  taxtına  - Allah  dərgahına  qaldırır  və  təsdiqləyir  ki, Mübariz  cismani  
ölümünü  mənəvi  diriliyinə  qurban  verdi, şəxsi  həyatını  xalqının  ömrünə  qatdı, 
ölümü  ilə  həm  özünü, həm  də  vətənini  yaşatdı:
Saxladı  özünə  son  gülləsini,
Ölümdən  qorxmadan  ölümə  getdi.
Apardı  özüylə  yurd  sevgisini,
Tanrı  dərgahını  ziyarət  etdi
. (səh.38)
Əlizadə  Əsədov  “Haqqın  yaşayır”  şerində  oxucuları  daha  bir  şəhid  eloğlumuzla 
- general-mayor  Fikrət  Məmmədovla  görüşdürür. Fikrət  Məmmədov  əslən  
Lənkərandandır.  Ziyalı  ailəsində  doğulub, şəhər  4  saylı  orta  məktəbinin  
məzunudur.  Bakı  Ali  Ümumqoşun  Komandirləri  Məktəbini  bitirib  və  Frunze  
adına   Moskva  Hərbi  Akademiyada  ali  hərbi  təhsilini  başa  vurub.  Və  
Zaqafqaziya  Hərbi  Dairəsində  bir  sıra  məsul  vəzifələrdə  çalışıb.  Erməni  
təcavüzü  başlayanda  doğma  Azərbaycana  qayıdıb  və  milli  ordu  quruculuğuna  
qatılıb.  Lakin  hərbi  yaradıcılığının  qaynar  çağlarında  general-mayor  Fikrət  
Seyfulla  oğlu  Məmmədov  40  yaşında  gözlənilmədən  həyatı  tərk  edir...  
Əlizadənin  şeri  ömrü  yarımçıq  qırılmış  bu  gənc  generalın  həyatına  bir  ağı, bir  
mərsiyə, bir  elegiyadır.  Öz  şerilə  şair  matəm  saxlayır, göz  yaşı  tökür  40  yaşlı  
istedadlı  hərbiçiyə,  təəssüflənir  ömrü-günü  mübhəmliklərdə  talan  generala:
Qapını  kəsəndə  o  azğln  düşmən,
Ordunu  yaratmaq  zərurət  oldu.
Vətən  kömək  umdu  hər  bir  hərçidən,
İşğala  qəlbində  bir  hiddət  oldu
. (səh.39)
Fikrət  Qarabağın  azad, xoşbəxt  günlərini  görmədi. Lakin  Fikrətin  varisləri – milli  
ordumuzun  cavan  qurucuları  44  günlük  müharibədə  misilsiz  hünərlər  bahasına  
dünya  şöhrətli  elə  bir  Qələbə  qazandılar  ki, Qərb  də, Şərq  də  bu  Qələbəyə  
heyran  kəsildi  və  bu  Qələbədə  elə  Fikrətin  də  payı  görünür:
Qələbə  gününü  görməsən  də  sən,
Zəfər  sevincini  xalqın  yaşayır.
Pay  düşür  sənə  də  bu  qələbədən,
Müzəffər  orduda  haqqın  yaşayır
(səh.40)
44  günlük   Qələbə  sevinci, Qələbə  coşqusu  kitabdakı  əksər  şeirlərin  ruhuna-
qanına  hopub.  Sevinir  sanki  Qarabağın  daşı  da, torpağı  da.  Sevinir  güllərin-
çiçəklərin  ləçəyi-yarpağı  da.  Sevinir  Cıdır  düzü.  Gülür  Kəlbəcər, Laçın.  Gülür  
Füzuli, Ağdam. Gülür  Vaqif,  gülür  Xan  qızı  Natəvan  da.  Gülür  Üzeyir,  Bülbül.  
Gülür  min  nəğməli  xarıbülbül.  Gülür  muğamat  paytaxtı  qoca  Şuşa  da!
Xan  qızı, Vaqifin  sözü  səndədir,
Üzeyir, Bülbülün  özü  səndədir.
Hələ  də  düşmənin  gözü  səndədir,
Başlanıbdı  yeni  növrağın, Şuşa!
(səh.34)

Ağdam, Cəbrayılın  eyni  açılıb,
Xan  qızı, Vaqifin  beyni  açılıb.
Xarıbülbülün  də  ətri  açılıb,
Zəfər  sevincini  yaşayırıq  biz
(səh.37)
“Qarabağdadır”  şerinin  hər  beytində, hər  bəndində  qovuşur  bir-birilə  Qarabağın  
dünəni  və  bugünü.  Qovuşur  dünənin  qanlı  Cıdır  düzü  ilə  bugünün  zəfər-qələbə  
libaslı, toylu-büsatlı  Cıdır  düzü.
Zaman  şimşək  kimi  çaxır  başında,
Neçə  həyat  sönüb  haqq  savaşında.
Qalıbdı  tarixin  qan  yaddaşında,
Qanlı  Cıdır  düzü  Qarabağdadır
(səh.51)
Qarabağın  sonuncu  hakimi  Mehdiqulu  xan  Cavanşirin  “dürrü-yektası”  Natəvanı  
da  hörmətlə  yad  edir  bu  şerində  şair  Əlizadə.  Və  o,  Natəvanın  Qarabağ  
camaatına  analıq  etdiyini, elin  hər  dərd-sərinə  yandığını, ehtiyac  və  
möhtaclıqlarını  ürək  açıqlığı  ilə  aradan  qaldırdığını  tarixi  həqiqətləri  təhrif  
etmədən  lirikanın  dililə  oxucuya  çatdırmağı  da  unutmur:
Xan  qızı  bu  yurdun  anası  olub,
Elinin  dərdinə  yanası  olub.
Sənətin  qəm-kədər  sonası  olub,
Dərd  püskürən  sözü  Qarabağdadır
(səh.51)
Dünən  erməni  terrorçuların  güllələdikləri, zərbələdikləri  Vaqif  və  Natəvan, Seyid  
və  Xan, Bülbül  və  Üzeyir  artıq  yağı-yağmaçılardan  aldıqları  travmalardan  
sağalıblar, artıq  üz-gözləri  gülür, qaş-qabaqları  yer  süpürmür.  Yenə  şaddırlar, 
sevinclidirlər, qoşmalı-qəzəllidirlər, muğamatlı-segahlıdırlar. Hətta  Xarıbülbül  də  
nə  küləkdən  qorxur, nə  də  tikandan:
Üzeyir, Vaqif  də  ilhama  gəlib,
Xan, Seyid, Bülbülün  səsi   yüksəlib.
Xarıbülbülün  də  qəddi  dikəlib,
Ətir  saçan  üzü  Qarabağdadır
(səh.52)
“Qarabağ  Azərbaycandır”  silsilə  şeirlərinin  sonuncu  poetik  akkordudur, sonuncu   
lirik  ilməsidir  “Gözün  aydın, Qarabağ”  şeri. Gözaydınlığı  verir  şair  bu  şerilə  
Qarabağa, ümumən  Azərbaycana.
Gözün  aydın, Qarabağ,
Ağarıb  qara  baxtın.
İtib  döyüş  gücüylə,
Otuzillik  həsrətin.

Şair  Əlizadə  xalqını  müjdələyir, toy-büsata  çağırır  ki;
Gözü  yolda  Xan  qızı
Güllərdən  çələng  tutub.
Dilində  bayatısı,
Əlində  səhəng  tutub.
Şair  Əlizadə  xalqını  böyük  sevinclə  muştuluqlayır  ki,
Qəfəsdən  qurtulubdu
Üzeyirin  bəstəsi.
Yayılır  pərdə-pərdə
Qarabağ  şikəstəsi.

“Gözün  aydın, Qarabağ”  şerinin  doğuluş  tarixi  10.10.2020-ci  ildir.  Bu  tarix  o  
tarixdir  ki, həmin  gecə  Azərbaycan  Respublikasının  Prezidenti, Silahlı  
Qüvvələrin  Ali  Baş  Komandanı  İlham  Əliyev  böyük  ruh  yüksəkliyi  ilə  44  
günlük  Böyük  Vətən  Müharibəsinin  qələbəmizlə  başa  çatdığını  bütün  dünyaya  
bəyanladı, xalqı-milləti, qəhrəman  Milli Ordunu  bu  böyük  Qələbə  münasibətilə  
təbriklədi.  Azərbaycana  sülh, əmin-amanlıq  arzuladı.  Əlizadənin   bu  şeri  də  
məhz  elə  o  gecədə - o  Qələbə  xəbərli  gecədə  dünyaya  ayaq  açdı  və  oxucuların  
sevincinə  sevinc  qatdı.
Keçilməz  zirvələri,
Ordumuz  aşır  bu  gün.
Qələbə  sevinciylə,
Yurdumuz  daşır  bu  gün
(səh.56)
“Gəlimli-gedimlü  dünya” haqqında  çox  şeirlər  yazılıb.  Hələ  bundan  sonra  da  
yazılacaq. Əlizadənin   də  bir  neçə  şeri  dünya  haqqındadır.  Düzü, Əlizadənin  
şeirlərini  oxumamış  düşünmüşəm  ki, axı  əvvəlki   şairlər  dünya  haqqında  nə  
lazımdır, necə  lazımdır  yazıblar, Əlizadə  üçün  yazılası  bir  şey  saxlamayıblar. 
Maraq  çəkdi   məni  və  başladım  şeirləri  oxumağa.  Hiss  etdim  ki, Əlizadə  
ənənəvi  mövzuda   yeni  söz, yeni  fikir  meydana  qoymağı  bacarıb.  Köhnə  
mövzuya  müasirlik  donu  biçməyin, müasir   baxış  sərgiləməyin  öhdəsindən  gəlib.  
Öz  dünyasını  (zəmanəsini)  və  bu  dünyada  təkrar-təkrar  üzləşdiyi  naqislikləri  
(qeyri-xalislikləri) rəsm  edir, tablolaşdırır  Əlizadə  bədii  sözün  tükənməz  güc  və  
qüvvəsiylə:
Sonu  yoxdur  cinayətin,
Xəbisliyin, xəyanətin.
İzi  itib  ədalətin,
Dünya  həmin  dünya  deyil
(səh.61)
“Dünya  həmin  dünya  deyil”  gileylənən  şairə, məncə, etirazlanan  tapılmaz, heç  
kəs  şairi  qınamaz, onunla  mübahisəyə  girişməz.  Axı  o  kəs  şairə  necə  etiraz  
edər  ki, şair göz  çıxaran, burun  əzən, könül  bulandıran, əxlaq-mənəviyyatı  
çamurlayan  görsənişləri  önə  çəkir  və  bunların  yox  olmasına  həyəcan  təbili  
çalırsa?
Zəhərdir  dünyanın  aşı,
Zamana  qurşanıb  başı.
Səngiməyir  hərb  maşını,
Dünya  həmin  dünya  deyil
(səh.61)
Şair  Əlizadəyə  görə, dünyanın  xeyir-şər  tərəzisi  çoxdan  pozulub. Pozulub  insan  
haram  tikə  yeyəndən.  Pozulub  haramzadələr  zər-ziba  geyəndən.  Pozulub  rəyasət  
naminə  ata  oğlunu   güllələyəndən.  Pozulub  qadınının  yanında  qardaş  qardaşını  
şillələyəndən. Pozulub  atların  meydanı  eşşəklərə  veriləndən. Pozulub  nadan  
başda,  aqil  ayaqda  oturandan:
Nadan  yuxarı  başdadır,
Aqilin   işi  daşdadır.
Həyatın  özü  boşdadır,
Acımayır  yaşa  dünya
(səh.58)
Əlizadənin  doğmalarına, yaxınlarına  həsr  etdiyi  “Ay  atasız  dünyam  mənim”, 
“Mənim  Göyçək  anam”, “Vaxtsız  ata  itkisi”, “Qardaşım”, “Həyatdan  doymadın”, 
“Şahcamal  nənə”, “Həyat  sevgisi”, “Sadiq  dost  kimi”...  şeirləri  təbii  və  
səmimidir, oxunaqlı  və  yaddaqalandır.  Çünki  bu  şeirlər  şairin  yaşanmış  arzu  və  
istəklərinin, hiss  və  düşüncələrinin  ifadəsi, əks-sədasıdır.  Şairin  bu  şeirlərdə  
tərənnüm  etdiyi  həmin  sıravi  adamların  çoxu  mənə  də  doğma  və  əzizdir.  İndi  
haqq  dünyasında  uyuyan  bu  doğmaları  mən  də  tanımış, mən  də  onlarla  duz-
çörək  kəsib  həmsöhbət  olmuşam.  Əlizadə  rəhmətlik  atasını – İmran  müəllimi, 
rəhmətlik  anasını -  Göyçək  xanımı  tərənnümdə  daha  çox  səmimidir, daha  çox  
duyğulu, həssas  və  yanğılıdır.  Və  sair  özünü  bu  iki  doğmasına, bu  iki  əzizinə  
ömrü  boyu  borclu  bilir, özünü  bu  iki  müqəddəsin  əxlaq  və  mənəviyyatının  
varisi, davamçısı  adlandırır. “Ay  atasız  dünyam  mənim”  və “Vaxtsız  ata  itkisi” 
şeirlərindən  aydın  olur  ki, atasız  böyüyüb  Əlizadə.. Ata  mehri, ata  sığalı  qismət  
olmayıb  Əlizadəyə. Ata  sözündən, ata  nəfəsindən  isinməyib – qızınmayıb  Əlizadə. 
Əlizadə  özü  ata  öyüdünə, ata  nəsihətinə  tamarzı  qaldığı  kimi, balaları  da  baba  
üzünə, baba  nağıllarına  həsrət  çəkə-çəkə  ərsəyə  çatıblar.
Yazıldı  bəxtimə  atasız  illər,
Atasız  dünyanın  ağrısı  kimi.
Göz  açıb  dünyaya  indi  nəvələr,
Baba  öyüdünə  tamarzı  kimi
(səh.80)
Ata  həsrətilə  böyüdü, ata  həsrətini  əzizlədi, öydü  Əlizadə. Doğmalaşdı  ata  
həsrətilə  Əlizadə. Hara  getdi  ata  həsrətini  apardı  özü  ilə. Özündən  kənarda   
saxlamadı  bu həsrəti   Əlizadə. Atasının  iyini-ətrini  həsrətdə  tapdı  Əlizadə  və  
nəhayət  “həsrət  ata  əvəzi” oldu  Əlizadəyə.
Lerik  dağlarında   saldığın  izi,
Demə  ki, bəmbəyaz  qar  alıb, ata.
Mənə  həsrət  qoydun  ata  əvəzi,
İndi  həsrətin  də qocalıb, ata.

Bəndin  sonuncu  beytində  ifadə  olunan  fikir  təzədir, orijinaldır.  Poeziyada  az-az  
rast  olunan  deyim-tapıntıdır – “həsrətin  ata  əvəzi  olması”  ifadəsi.  Poeziyaya  
vurğun, poeziyaya  aşina  bir  oxucu  kimi  mən  belə  bir   uğurlu  ifadənin  şahidi  
olmamışam.  Bu, Əlizadənin  poetik  hünəri, poetik  tapıntısıdır. Bu, artıq  poeziyadır, 
yəni  görünəndə  görünməyəni  tapmaq, kəşf  etmək  və  oxucuların  ixtiyarına  
vermək!
“Şahcamal  nənə”  şerində  şair  Azərbaycan  ağbirçəklərinin  tipik  bir  
nümayəndəsinin  daxili- mənəvi  dünyasına  aparır  oxucunu. Bu  vəfakeş, bu  cəfakeş  
ağbirçək  mənim  dosdoğmaca  Musa  əmimin   ömür-gün  yoldaşı  idi.  Əmimin  
ölümündən  sonra  bir  xeyli  də  yaşadı.  Yalnız  yaşamadı, həm  də  yaşatdı.  Yaşatdı  
əmimin  5-6  əmanətini.  Yaşatdı  və tərbiyə  etdi, ərsəyə  çatdırdı  onları.  Yaşadı  
həyatı  cavankən  tərk  edən  Göyçək  qızının  yetim  balalarını, yəni  öz  qız  
nəvələrini  də.  himayədar, pərəstar  oldu  nəvələrinə.  Qoymadı  ki, korluq  çəksinlər. 
Çörək  üçün, pal-paltar  üçün, ağartı  üçün  qohum-qonşuya  getsinlər.  Kimsəyə  
möhtac  olsunlar.  Yurdcanlı, elcanlı  böyütdü  onları Şahcamal  nənə. Böyütdü  
tərbiyəli, intizamlı, ədəb-ərkanlı. Böyütdü  namuslu-vicdanlı.  Əməksevərlik  ruhu  
aşıladı  onlara  Şahcamal  nənə.  Əlizadənin  bu  şeirdə  surətini  canladırdığı  
Şahcamal  nənə  elə  Əlizadənin  ana  nənəsidir.  Bu qadın  bu  şeirdə  təsvir-
tərənnüm  olunduğundan  da  uca  və  böyük  idi, möhtəşəm  və  əzəmətli  idi. İpək  
nənə, çiçək  nənə  idi  Şahcamal  nənə.  Nənələrin  şahı  idi, nəvələrinin  pənahı  idi  
Şahcamal  nənə:
Sinəmdə  döyünən  ürək  anamın, -
Ömrü  qısa, ətri  çiçək  anamın.
Yeri  boş  qalmadı Göyçək  anamın,
Anamın  anası  Şahcamal  nənə.

Əlizadənin  tərənnümündə  nənələrin  xasıdır, həyatın  mənasıdır, zamanın  aynasıdır, 
bir  ona  dünyasıdır   Şahcamal  nənə - təpədədən-dırnağa  cah-cəlal  nənə:
Qalmadın  bircə  an  dərdi-sərinə,
Kəsib  boğazından  yedirtdin  mənə.
Yaşatdın  o  yetim  nəvələrinə,
Bir  ana  dünyası  Şahcamal  nənə.

Əlizadə   poeziyanın  əbədi  və  əzəli  mövzusu  sevgi-məhəbbətdən  də  yan  keçmir.  
Şairin  şeirlərində  qanadlı  sözlərə, söz  birləşmələrinə, misra  və  beytlərə  hopan  
(hopdurulan)  məhəbbət  elə-belə, yüngül  bir  duyğu, ötəri  bir  hiss  deyil.  Bu 
məhəbbət  insanı, xüsusən  gəncləri  təmizliyə, saflığa, ucalığa  çağıran  mənəvi  
qüvvədir, yenilməz-əyilməz  qüdrətdir.  Elə  bir  gücdür  ki, o, ömrə  bəxtiyarlıq, 
vəfadarlıq, sevinc  və  şadyanalıq, ümid  və  təsəlli  gətirir  və  bu  məhəbbət  bəzən  
də  insanı  özündən, dünyadan  küsdürür, həsrətlərdə  yandırır-yaxır:
Küsmək  bizə  gəldi  baha,
Yetər, gülüm, qayıt  daha.
Birlikdə  gedək  sabaha,
Həsrətinlə  yaşayıram
(səh.102)
Əlizadə  oxucunu  məhəbbətə, sədaqətə  çağıran  “Peşiman-peşiman”, “Həsrətinlə   
yaşayıram”, “Yoluma  çıxma”, “Görüş  yeri”, “Ürəyimi”, “Məcnun  dəyanəti”...  
şeirlərinin  hər  biri  üçün  özünə  xas  ifadə  tərzi, forma  tapır  və  ürəyinin  ən  
dəruni  hisslərini  zərif  və  gözlənilməz  obrazlarla  oxucularına  çatdırır.  Bu  
çatdırmada  peşmanlıq  da  var, xəyanət  də, nəzərə  çarpır  inadkarlıq  da!
...Axıtma  gəl  göz  yaşını,
Atdım  ömürlük  daşını.
Xatirələr  yaddaşını
Saxla  peşiman-peşiman (səh.95)

... Bəs  aşiqin  suçu  nəymiş? – 
Xəyanətin  qəddin  əymiş.
Demə  eşqin  dilindəymiş
Məni  gözləmə, gözləmə (səh.96)

Gözü  nur  saçsa  da  bir  səhər  kimi,
Həsrət  boğur  məni  bir  qəhər  kimi.
Gəzirəm  dalınca  dərbədər  kimi
Hər  yerdə  izini  axtarıram  mən
(səh.97)
Şair  Əlizadə  Cənub  bölgəsinin  bir  sıra  yaşayış  məntəqələrini: Lənkəranı, Limanı,  
Qızılağacı  böyük  Azərbaycanın  bir  parçası  kimi  poeziyanın  tərənnüm  obyektinə  
çəkir, adlarını  çəkdiyi  bu  doğma  yurd  adlarının  hər  birinə  şeir  də  həsr  edir.  
Amma  bu  şeirlərdə  nə  Lənkəranın, nə  Qızılağacın, nə  Limanın  özəllikləri, uğur  
və  uğursuzluqları  barədə  bir  kəlmə   belə  yoxdur – sanki  nöqsansızdır, 
problemsizdir, yağ-bal  içindədir  yurdun  bu  dilbər  guşələri.  Halbuki  bu  məkanlar  
boğazacan  sosial  burulğanlar  məngənəsindədir.  Müstəqilliyimizin  30  illik  var 
olması  bu  yerlərdən  səssiz-səmirsiz  ötüşüb  elə  bil.  Və  bu  şeirləri  oxuyan  oxucu  
nə  Limanın, nə  də  Qızılağacın  əsl  simasını  görə  bilir.  Hər  üç  şeri  (“Lənkəran”  
nisbətən  istisnadır, çünki  orda  qəhrəman  Həzinin  və  Baloğlanın  adları  keçir  
asanlıqla)  “Boladi”, “Nərimanabad”  və  s.  adlandırmaq  olar.
Bir  yaşıl  ağacam, gövdəsi  səndə,
Bir  sısqa  bulağam, çeşməsi  səndə.
Ərköyün  övladam, sevgisi  səndə,
Nurlu  çırağımsan, Limanım  mənim.
(səh.62)
Bu  ürək  ovlayan, ruh  təzələyən  lirik  parça  şairin  “Liman”  şerindəndir.  Bəndin 
sonundakı  “Limanım  mənim”  təkrir-epiforanı  asanlıqla  bu  və  ya  digər  coğrafi  
məkanla  əvəzləmək  mümkündür.
“Vətən, sevgim  mənim”  kitabında  poetik  səviyyəsi  yüksək  şeirlər  çoxdur.  Hiss  
olunur  ki, həmin  şeirlər (“Odlar  yudu”, “Peşiman-peşiman”, “Məni  gözləmə”, 
“Görüş  yeri”, “Nəvələr”, “Yoluma  çıxma”, “Paxıl  adam”...) müəllifin  ilhamlı  
çağlarının, poetik  ovqatının  pik  həddə qalxmasının  bədii  ifadəsi, bədii  
görsənişləridir.  Bu  şeirlərdə  dil  axıcıdır  - ahəngdardır, fikir  məzmunu  poetik  
məzmunla  üst-üstə  düşüb, biri  digərini   tamamlayır.
Təəssüf  ki, kitabda  yer  olan  bəzi  şeirlər  (“Erməni”, “Məşəl”, “Məcnun  dəyanəti”, 
“Müharibə  olmasa”...)  Əlizadənin  yuxarıdakı  abzasda  adını  çəkdiyim  şeirlərlə  
bədii  yarışa  girə  bilmir  və  bu  şeirlərdə  poeziya  odu  sönükdür, dəruni  şair  səsi  
eşidilmir, hiss  və  duyğuların  poeziyası  ürəklərə  yol  tapmır və  s.
Oxucu  kitabda  Əlizadənin  nəsr  yaradıcılığının  bəzi  nümunələri  ilə  də  tanış  
olmaq  imkanı  əldə  edir.  Bu  nümunələr  “Şuşa  qartalı”  hekayəsindən, silsilə  
lətifələrdən,  Qarabağ  uğrunda  qəhrəmancasına  vuruşan  qazi  və  veteranların, 
ölməzlik  zirvəsinə  ucalan  şəhid  əsgər  və  zabitlərimizin  parlaq  obrazlarını  əks  
etdirən  publisistik  yazılardan  ibarətdir.
Mən  Əlizadəyəm, səninlə  şadam,
Kiməsə  yaxınam, kiməsə  yadam.
Özüm  də  bilmirəm  necə  övladam?  -
Səndə  qalacaqmı  izim, Lənkəran?!
(səh.58)
Göründüyü  kimi, Əlizadə  narahatdır  - nigarandır  öz  sabahından, öz  gələcək  
taleyindən. Bu, təbiidir.  Ancaq  o  bir  həqiqəti  bilməlidir  ki, Əlizadə  həm  özünün  
idman  ömürlüyü, həm  də  poeziyada  atdığı  uğurlu  addımları  ilə  çoxdan, lap  
çoxdan  qazanıb hafizələrdə  yaşamaq  haqqı, nə  boksyor  Əlizadəni, nə  də  şair  
Əlizadəni  unutmaz  əsla  milləti-xalqı. Mən  isə  Əlizadəyə  arzulayıram  ki, o  
davam  etsin  yaradıcılıq  axtarışlarını, əsirgəməsin  ədəbiyyatımızdan, şeir  
sənətimizdən  rəngarəng  poeziya  naxışlarını! 
                 
Musa   XANBABAZADƏ
                  filoloq-ədəbiyyatşünas 
 


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər