Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu

Bura Vətəndir!...

Baxılıb: 3146     Tarix: 04-08-2022 14:01   



Sumqayıt ziyalılarının Şamaxıya və İsmayıllıya poeziya səfəri  
Sumqayıt Dostlar Klubunun (SDK) üzvləri dahi şair İ.Nəsiminin adı, “xeyir-
duası” ilə səfərə çıxaraq, onun xələfləri Mirzə ƏləkbərSabirin, ötən il 
həyatdan köçmüş  Musa Yaqubun vəxilaskar türk əsgərlərinin məzarlarını 
ziyarət etmişlər



            
...Günəş Xəzərin o tayından boylanaraq, bu tayda zərrin şəfəqləri ilə mütəfəkkir 
şairimiz İmadəddin Nəsiminin Sumqayıtda adını daşıdığı şəhər parkında yerləşən, 
üzü dənizə baxan heykəlini nura qərq edəndə böyük ehtiramla ona yaxınlaşan bir 
nəfərin “Sabahın xeyir, Ulu şair!” deyərək, məşhur “Məndə sığar iki cahan, mən 
bu cahana sığmazam, Gövhəri-laməkan mənəm, kövnü-məkanə sığmazam!” 
beytini söyləməsini Nəsimidən və onun özündən başqa heç kəs eşitmirdi - səhərin 
gözü hələ təzə açılırdı. Həmin şəxs Nəsiminin  “qonşuluğunda”  yaşayan tanınmış 
ziyalı, müdrik, fəlsəfi fikirləri ilə son illər yaradıcı aləmin və oxucuların böyük 
rəğbətini qazanmış yazıçı-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, 
Sumqayıt Dostlar Klubunun yaradıcısı və sədri, hətta Almaniya və Rusiyada belə 
məşhur göz həkimi kimi tanınan Hümbət Həsənoğlu (Quliyev) idi. O, adəti üzrə 
hər səhər evdən çıxarkən ilk növbədə “qonşusu” olan dahi şairi ehtiramla 
salamlayır və işə sanki Nəsiminin xeyir-duasını alaraq  yollanır. Bu səhər isə 
xüsusi bir səhər idi – ziyalı dostlar birlikdə Azərbaycanın qədim paytaxtı 
Şamaxıya, Nəsimi yurduna səfər edəcək, sonra da İsmayıllıya yollanacaqdılar. 
Səfər planı isə Nəsimidən başlayaraq Şamaxının daha bir dahi şairinin - Mirzə 
Ələkbər Sabirin və müasirimiz olmuş görkəmli şeir ustadının – bütün ömrünü 
İsmayıllının Buynuz kəndində yaşayıb-yaratmlş, dillər əzbəri olmuş vətənkeşlik 
şeirləri ilə xalqın böyük rəğbətini qazanmış Musa Yaqubun məzarını ziyarət 
etməyi nəzəfdə tuturdu.     
- Bulmuşam həqqi, Ənəlhəq söylərəm, 
Həq mənəm, həq məndədir, həq söylərəm!- Nəsiminin bütün dünyada, xüsusilə 
Şərq aləmində məşhur olan bu beytini hələ də onun heykəli  önündə dayanaraq, 
baxışlarında dahi şairə sevgisi, böyük ehtiramı aydın duyulan Hümbət 
Həsənoğluya astaca (sanki onun fikirlərini dağıtmamaq üçün) yaxınlaşan tanınmış 
şair-qəzəlxan, qəzəl quruluşlarının elmi-nəzəri əsaslarını hazırlamış, dillər əzbəri 
olan bu beyti qəzəlin xüsusi ifadə ahəngiylə  Əli Ələmi (Əmirov) xoş bir 
təbəssümlə söyləyir. 
Sumqayıtın bu iki tanınmış ziyalısı Xəzərdən boylanan Günəşin və xalqımızın 
poeziya Günəşinin qəlbləri isidən nuru altında səmimiyyətlə görüşürlər.  Əli Ələmi 
güclü düha sahibi, müdrik bir filosof-şair olan Nəsiminin həm də böyük məhəbbət 
şairi olduğunu onun bu beyti ilə yada salır: 
Allahu-əkbər, ey sənəm, hüsnünə heyran olmuşam,
Qövsi-qüzehdir qaşların, yayına qurban olmuşam.
Və dostlar təbii olaraq təəssüflərini bildirirməli olurlar ki, Nəsimi poeziyasının son 
illərdəki elmi araşdırıcısı,  Azərbaycanın tanınmış gənc şərqşünası, istedadlı 
nəsimişünas alim Vüsal Hətəmov Vətən müharibəsi iştirakçısı kimi başqa  bir 
mühüm tədbirə dəvət olunduğundan  Dostlar Klubunun bu poeziya səfərində 
onlarla birgə  ola  bilməyəcək. O Vüsal Hətəmov ki, Dostlar Klubuna gəlişi ilə 
Klub üzvlərinin İmadəddin  Nəsimiyə, Azərbaycanın klassik və müasir poeziyasına 
onsuz da böyük olan sevgilərini öz maraqlı söhbətləri, Nəsiminin  elmi-fəlsəfi 
düşüncələrlə dolu poeziyası haqqında yeni fikirləri ilə daha da gücləndirə bilib. O 
Vüsal Hətəmov ki, hələ Vətən müharubəsi başlamazdan əvvəl artilleriya zabiti 
kimi cəbhə xəttinə yollanmış, qəlbinin böyük  Vətən sevgisi ilə müharibənin ilk 
günündən böyük Qələbəmizədək ağır döyüş yolları keçmiş, Qarabağdan  sinəsi 
medallarla  qayıtmışdır.
Dostlar  digər  yoldaşlarının gəlməsini gözləyərək, dahi şairin 2019-cu ildə  650 
illik yubileyinin respublikamızda geniş qeyd edilməsini yada salıb, Vüsalın da o 
böyük yubileyə verdiyi elmi-nəzəri töhfəsi barədə söhbət açaraq, şairin öz məsləki 
yolunda son nəfəsinədək – edam edildiyi günədək əqidəsindən dönməməsini şair 
qəhrəmanlığı kimi yüksək dəyərləndirirlər.  Bütün Şərqdə mərdlik, fədakarlıq və 
iradə rəmzi kimi tanınan və sevilən Nəsiminin doğma Azərbaycan dilində şеrin ilk 
gözəl nümunələrini yaratmasını, ərəb və fars dillərində də yazdığı divanlar 
sayəsində bütün Şərq aləmində böyük şöhrət tapmasını qürurla dilə gətirirlər. 
Təsadüfi deyildi ki, dahi şair öz poeziyası haqqında haqlı olaraq yazırdı: 
Hеç kimsə Nəsimi sözünü kəşf еdə bilməz, 
Bu, quş dilidir, bunu  Sülеymanbilir ancaq!
Respublikamızın tanınmış şair-qəzəlxanlarından olan nüfuzlu alim, texnika elmləri 
namizədi Əli Ələmi onu da fəxrlə yada salır ki, o, İmadəddin Nəsiminin “adaşıdır”, 
çünki dahi şairin də əsl adı Əli olmuşdur. 
Onların söhbətini Hümbət Həsənoğlunun telefonuna  gələn zəng kəsir. Mikrofonu 
açıq olan telefonda ilk olaraq İmadəddin  Nəsiminin “Dilbəra, mən səndən ayrı 
ömrü, canı neylərəm?” misrası eşidilir. Bu, tanınmış yazıçı-publisist, 
respublikanın Əməkdar jurnalisti, Azərbaycan Yazıçılar və Jurnalistlər 
Birliklərinin üzvü, 30-a qədər kitabın - bədii və sənədli əsərlərin müəllifi Eyruz 
Məmmədovdur: 
Dilbəra, mən səndən ayrı ömrü, canı nеylərəm?
Tacı-təхti, mülkü-malı, хanimanı nеylərəm?
İstərəm vəsli-camalın ta qıla dərdə dəva,
Mən sənin bimarınam, özgə dəvanı nеylərəm?
Еy müsəlmanlar, bilin, yar ilə хoşdur bu cahan,
Mən ki yardan ayrı düşdüm, bu cahanı nеylərəm?

Eyruz müəllim İ. Nəsiminin çox sevdiyi bu qəzəlini ilhamla söyləyərək, təəssüflə 
səfərdə iştirak edə bilməyəcəyini, lakin qəlbən dostlarının yanında olacağını 
bildirir. Özünəməxsusluğu, janr və mövzu müxtəlifliyi ilə seçilən, lakin bütün 
ruhları ilə vətənpərvər, əqidə mübarizləri olan İ. Nəsimi, M. Ə. Sabir və Musa 
Yaqub poeziyasına hər zaman yüksək dəyər verdiyini söyləyərək, dostlara uğurlar 
arzulayır.
Və yenə bir zelefon zəngi gəlir. Bu dəfə dostları salamlayan daha bir nüfuzlu 
ziyalı, Sumqayıtın “Hippokrat” Elmi-Tibbi Klinikasının yaradıcısı və baş həkimi, 
tibb elmləri namizədi, respublikanın minlərlə xəstəyə  şəfa vermiş Əməkdar 
həkimi, şeir-sənət xiridarı Mayılxan Tağıyevdir.  Mayılxan həkim də üzrlü 
səbəbdən poeziya səfərində iştirak edə bilməyəcəyini bildirərək, son günlər 
Azərbaycanda bir çox vəzifəli adamların xalqı soyub-taladıqlarına işarə edərək, M. 
Ə. Sabirin bu misralarını səsləndirir: 
Zilli-Sultan, bura say döydürüb  aldıqlarını, 
Söyüb  aldıqlarını, söydürü  baldıqlarını!
Boşdanışma, bura say qapdırıb  aldıqlarını,
Çapı  baldıqlarını, çapdırıb   aldıqlarını!.. 

Respublikanın tanlnmış, prinsipial hüquqşünaslarından olan vəkil Azər Saleh də 
sanki elə bu gün də bəzi məmurların, oliqarxların  dilindən səslənən  “Millət necə 
tarac olur, olsun, nə işim var?!” şeirini söyləyir:

Millət necə tarac olur, olsun, nə işim var?!
Düşmənlərə möhtac olur, olsun, nə işim var?!
Qoy mən tox olum, özgələr ilə nədir karim,
Dünyavü cahan ac olur, olsun, nə işim var?!

Səs salma, yatanlar  ayılar, qoy hələ yatsın,
Yatmışları razı deyiləm kimsə oyatsın,
Tək-tək ayılan varsa da, həq dadıma çatsın,
Mən salim olum, cümlə cahan batsa da, batsın;
Millət necə tarac olur, olsun, nə işim var?!
Düşmənlərə möhtac olur, olsun, nə işim var?!


...Bir  azdan Klubun digər üzvləri də gəlməyə başlayır. Və dostlar dahi şairin büstü 
önündə xatirə şəkli çəkdirərək və ruhən onun xeyir-duasını alaraq, avtobusa 
əyləşib, Şamaxıya yola düşürlər. Yol boyu klassik və müasir Azərbaycan şair və 
yazıçıları, o cümlədən azadlıq çarçıları Bəxtiyar Vahabzadə və Xəlil Rza yada 
salınaraq, şeirləri səsləndirilir, gözəl şeirlər müəllifi kimi, həm də baməzəliliyi ilə 
tanınan Hüseyn Arifin sərgüzəştlərindən söhbət açılır. Deyilənə görə, bir vaxt 
“Hüseyn qağanın”  xahişini hörmətlə yerinə yetirən Nüsrət Kəsəmənli onu dostları 
ilə birgə bütün şəhəri gəzdirib, sonda “qağanın” tapşırığı ilə onu Yazıçılar 
İttifaqına aparmalı olur. Hüseyn qağa onu orda gözləməyi xahiş edib, çox gec - bir 
saatdan sonra geri dönür. Bütün günü “sürücüsü” olmuş Nüsrətə tam ciddi şəkildə 
qayıdır ki, “a Nüsrət, bu nədir, sənin işin-gücün yoxdur? Hara gedirəm, rastıma sən 
çıxırsan”. Bu əhvalat yol yoldaşlarının  səmimi gülüşünə səbəb olur. 
Dostlar  yol  boyu Şamaxı və onun tarixi haqqında söhbətlər edir və xüsusi olaraq 
vurğulayırlar ki, məhz Şirvanın bu qədim şəhəri Azərbaycana ən çox görkəmli 
şairlər bəxş edən şəhərdir. Nəsimidən tutmuş Əfzələddin Xaqaniyə, Seyid Əzim 
Şirvaniyə, Mirzə  Ələkbər  Sabirə, Məhəmməd Hadiyə, Abbas Səhhətə  (o, göz 
həkimi olduğundan özünə “Səhhət” təxəllüsü götürmüşdü) kimi 50-dan artıq şair 
məhz Şamaxıda yetişmiş, orda  yaşayıb-yaratmışdılar. Belə ki, bu qədim şəhər ötən 
dövrlərdə Azərbaycanın yalnız inzibati paytaxtı yox, həm də şeir-sənət paytaxtı 
olub. Orada XIX əsrdə uzun müddət fəaliyyət göstərmiş “Beytüs-səfa” şeir 
məclisişəhərdə poeziyaya böyük həvəs və məhəbbətdən yaranmışdı. Bu məşhur 
ədəbi məclisə böyük Azərbaycan şairi Seyid Əzim Şirvani rəhbərlik edirdi. 
Təsadüfi deyildi ki, hətta Xan qızı Xurşid banu Natəvan da imkan düşdükcə 
Şuşadan Şamaxıya gələrək, burdakı şair dostlarının gözəl, maraqlı şeir 
məclislərində iştirak etmiş, şeirlərini oxumuşdu. Gözəlliyi, kübarlığı və Qarabağ 
ruhlu şeirləri ilə “Beytüs-səfa”da böyük sevgi və ehtiramla qarşılanan Xan qızı bir 
dəfə məftunedici bir uzun, ağappaq libasda Seyid Əzimin qarşısında nazlanaraq, 
ona “sataşmaq” məqsədilə eyhamla deyir: ”Seyyid, görürsən də, külək əsir, 
dalğalanır ağ  dəniz!”. Olduqca hazırcavab, müdrik şair olan Seyid Əzim “fürsəti” 
əldən verməyib, qayıdır ki, “Ağ dənizdə üzmək istər bəndəniz!”. Seyidin bu cavabı 
Xan qızının çox xoşuna gəlir.  

“...Burda bir igid ölmüş,
Göy kişnər, bulud ağlar!..”


...Dostların şeir-sənət barədə söhbətləri o qədər maraqlı olur ki, onlar 
Ceyrankeçməz  çölünə necə çatdıqlarına təəccüb edirlər. Yolun sağında iki türk 
şəhidinin abidə-məzarlığının yanında sürücü onların xahişi ilə maşını kənara çəkib 
saxlayır. 100 ildən də əvvəl – 1915-ci ildə azğın erməni cəlladlarının Azərbaycanın 
bir çox şəhər və kəndlərində törətdikləri vəhşilik və qırğınların qarşısını almaq 
üçün qardaş Türkiyədən köməyə gələn general Ənvər Paşanın  xilaskar ordusunun 
əsgərləri Bakı, Quba, Lənkəranla yanaşı Şamaxı sakinlərinin də harayına çataraq, 
düşmənə qarşı ağır döyüşlər aparmış, onların azğınlaşmış silahlı dəstələrini 
Şamaxıda və Ceyrançöldə dağıdıb, məhv etmişdilər. Və həmin qanlı döyüşlərdə 
neçə-neçə tükr əsgəri də qəhrəmanlıqla vuruşaraq, şəhid olmuşdu. Onlardan 
ikisinin – naməlum türk əsgərlərinin məzarları sonralar məhz burada, Çeyrançöldə 
tapılmışdı. Qədirbilən xalqımız onların məzarını hətta Sovet dövründə qoruyub-
saxlaya  bilmiş, daim qədirbilənliklə yad etmişdi. Azərbaycan müstəqillik əldə 
etdikdən sonra həmin məzarların yerində abidə-kompleks ucaldılmışdır. Sumqayıt 
ziyalıları xatirə kompleksini ehtiramla ziyarət edərək, şəhidlərin məzarları üzərinə 
gül-çiçək dəstələri qoyurlar. Üç Hacı - Tahir Məlikov, Akif Şahbazov və Azər 
Saleh dostlarla birgə şəhidlərin ruhuna dualar oxuyaraq, onların simasında bütün 
şəhid olmuş türk əsgərlərinə Allahdan rəhmət diləyirlər. 
Şamaxının girişində Sumqayıt ziyalıları İmadəddin  Nəsimi başda olmaqla bu 
yurdun zaman-zaman yetirdiyi görkəmli şairlərin magistral yolun sağında yenidən 
yaradılmış xatirə-barelyeflərinin uzanıb gedən cərgəsinin önündə avtobusdan 
düşərək, onlara qəlbən ehtiramlarını bildirirlər.  

“Bənzərəm bir qocaman dağa ki, dəryada durar!!.”
(Dostlar Klubu üzvlərinin M. Ə. Sabir ocağında ekspromt şeir məclisi)
Qədim paytaxtın mərkəzində dostlar çoxdan arzuladıqları müqəddəs bir məkana 
çatırlar. Bura Azərbaycanımızın böyük şairi, 49 illik qısa ömrünü xalqımızın acı, 
ağır taleyinə yanaraq, onun ağalar, bəylər tərəfindən istismarından azad 
olunmasını, maariflənməsini arzulayan dahi şair Mirzə Ələkbər Sabirin bir vaxtlar 
yaşadığı, o dövrə xas olan göy rəngdə rənglənmiş sadə, birmərtəbəli evidir. O, 
məhz  burda – kasıb komasında  özünün dövrü, zamanı, zülmü, istibdadı  
qamçılayan məşhur satirik şeirlərini yazmış, eyni zamanda ehtiyac üzündən 
məcburiyyət qarşısında qalaraq, şairlikdən tamamilə uzaq olan bir işlə - sabun 
bişirməklə məşğul olaraq, ailəsini dolandırmağa çalışmış, məhrumiyyətlər 
içərisində yaşamışdı. İndi bu məkanda ölkə rəhbərliyinin göstərişi ilə şairin ev-
muzeyi yaradılır.  

- Fəhlə, özünü sən də bir insanmı sanırsan?! 
Pulsuz kişi, insanlığı asanmı sanırsan?!  
İnsan olanın cahü-cəlalı gərək olsun, 
İnsan olanın dövləti, malı gərək olsun...
Himmət demirəm, evləri ali gərək olsun;
Alçaq, ufacıq daxmanı sən şanmı sanırsan?!

Axmaq kişi, insanlığı asanmı sanırsan?! – Bu, respublikanın Əməkdar incəsənət 
xadimi, yazıçı-publisist, istedadlı teatr rejissoru Ağalar İdrisoğlunun səsidir. Ona iş 
adamı, poeziya həvəskarı Əliyar Fərzəliyev də həvəslə qoşularaq, kasıbların, 
imkansızların M. Ə. Sabirin dövründə də adam yerinə qoyulmadığını (elə indiki 
kimi!) şairin məşhur “Əkinçi” şeiri ilə nəzərə çatdırır:
Qoyma özünü tülkülüyə, adə, əkinçi!
Bir üzlə hər gündə gəlib durma qapımda,
Yalvarma mənə, boynunu gəc  vurma qapımda,
Xoş keçmədi il çöllüyə, dehqanə, nə borcum?
Yağmadı yağış, bitmədi bir danə, nə borcum?
Əsdi qara yel çəltiyə, bostanə, nə borcum?
Getdi, mənə nə fəhləliyin badə, əkinçi!
Lağ-lağ danışıb başlama fəryadə, əkinçi!


Şeiri Hacı Akif Şahbazov həvəslə davam etdirir:

Söz açma mənə çox çalışıb, az yeməyindən,
Canın bicəhənnəm ki, ölürsən deməyindən!
Çəltik də gətir, arpa da, buğda da, əkinçi!
Yoxsa soyaram lap dərini, adə, əkinçi!
Cütcü babasan, buğdanı ver, darı yeyərsən,
Su olmasa, qışda əridib, qarı yeyərsən,
Daşdan yumuşaq  zəhr  nədir, marı yeyərsən,
Öyrəşməmisən ət-yağa dünyadə, əkinçi!
Heyvan kimi ömr eyləmisən sadə, əkinçi!


Yazıçı-publisist Arif  Ərşad, şairin təəssüf ki, bu gün də “aktuallığını” saxlayan 
problemlərə necə ürək yanğısı ilə yanaşaraq yazdığına diqqət çəkir: 

Daş qəlbli insanları neylərdin, ilahi?!
Bizdə bu soyuq qanları neylərdin, ilahi?!
Məzlumların göz  yaşı dərya olacaqmış,
Dəryaları, ümmanları neylərdin, ilahi?!
Ərlər hərə bir qız kimi oğlan sevəcəkmiş,
Evlərdəki nisvanları neylərdin, ilahi?!
Tacirlərimiz Anyalara, Sonyalara bənd olacaqmış,
Bu bədbəxt Tükəzbanları  neylərdin, ilahi?!

Azərbaycan İnşaat Mühəndisləri Universitetinin dekanı, professor, Əfqanıstan 
müharibəsi veteranı  Sahib Fərzəliyev dahi şairin bir-çox satirik şeirlərində rus 
şovinizminə qarşı olduğuna işarə edərək, onun bu misralarını yada salır:
Neyləyim, ey vay! Bu urus başdılar,
Bilməyirəm hardan aşıb-daşdılar?!
Ölkədə gündən-günə çoxlaşdılar,
Hər əmələ, hər işə çulğaşdilar,
Qoymayın, ay köhnələr, ay  yaşdılar,
Heyvərələr hər yerə dırmaşdılar!

Respubliknın Əməkdar həkimi, Sumqayıtın tanınmış kardioloqu Kamil İbadov 
hələ orta məktəb illərindən M. Ə. Sabir yaradıcılığının vurğunu olduğunu bildirir, 
dahi şairin yalnız satirik şeirlər deyil, gözəl qəzəllər də yazdığını yada salaraq, 
onun “Olmasın” qəzəlindən bir parça söyləyir: 
İstəsən könlüm kimi zülfün pərişan olmasın,
Ol qədər cövr et mənə, ah etmək imkan olmasın!
Qoyma əğyar eyləsin kuyində cövlan, ey pəri!
Əhrimənlər maliki-mülki-Süleyman olmasın!
Mübtəlayi-dərdi-eşqəm, əl götür məndən, təbib!
Eylə bir tədbir kim, bu dərdə dərman olmasın!

Dostlarının M. Ə. Sabir yaradıcılığına olan vurğunluğuna sevinən Hümbət həkim 
dahi şairin dövrünün ədalətsizliklərini, zalımları kəskin qamçılayaraq satira atəşinə 
tutduğu zamanlarda belə xalqımızın yetişməkdə olan nəslinin zövqünün 
formalaşmasına səbəb olan, onlarda həyata, təbiətə sevgi oyadan şeirlərə də 
yaradıcılığında mühüm yer ayırdığını xüsusi qeyd edərək, onun bu gün də uşaqdan 
böyüyə milyonların dillər əzbəri olan, ibtidai sinif dərsliklərinə salınan, uşaq 
ədəbiyyatının qızıl fonduna daxil olan “Uşaq və buz”,  “Gəl, gəl, a yaz günləri!”, 
“Ağacların bəhsi”, “Qarğa və tülkü”, “Cütçü” və sairə  şeirlərini xatırladır. Və 
sanki bayaqdan səbrlə öz növbəsini gözləyirmiş kimi dahi şairin uşaq şeirləri 
haqqında fikirlərini bildirir. 
- Dostlar, görün, həqiqətən də,Sabir qələmindən çıxmış bu şeir necə də günəş, 
həyat, sevinc doludur:
   Gəl, gəl, a yaz günləri!
   İlin əziz günləri!
   Dağda ərit qarları,
   Bağda ərit qarları.
   Çaylar daşıb sel olsun,
   Taxıllar tel-tel olsun,
   Ağaclar açsın çiçək,
   Yarpağı ləçək-ləçək.

Yaxud onun əməyi vəsf edən, əməyə həvəs, sevgi oyadan “Cütcü” şeiri: 
   Çıxdı günəş, doldu cahan nur ilə,
   Cütçü sürür tarlada cüt şur ilə.
   Atlar, öküzlər kotana güc verir,
   Gah yüyürür, gah yıxılır, gah durur.
   Cütçü batıb qan-tərə, yer şumlayır,
   Şumladığı tarlasını tumlayır.

Şairin “Uşaq və buz” şeirini bilməyən tapılarmı: 
Dərsə gedən bir uşaq
Çıxdı buz üstə qoçaq,
Sürüşdü birdən-birə,
Dəydi üz üstə yerə...

Dahi sənətkarın uşaq ruhunu həssaslıqla tuta bilməsi, onların uşaq düşüncələrinə 
uyğun şeirlər yazması onun tamamilə əks mövzuda olan satirik şeirləri kimi 
mükəmməl, bitkindir. Şairin oxumağa, təhsilə, elmə təlqin edən şeirləri onun 
xalqın gələcəyi olan uşaqları necə böyük məhəbbətlə sevdiyini, onlara böyük ümid 
bəslədiyini təsdiq edir: 
 
   Mənim bağım, baharım!
   Fikri ziyalı oğlum!
   Məktəb zamanı gəldi,
   Dur, ey vəfalı oğlum!
   Ey gözüm, ey canım!
   Get məktəbə, cavanım!

Bir sözlə, M.Ə.Sabir bütün geniş yaradıcılığı ilə xalqa xidmət etmiş, daim onun 
maariflənməsinə, zülmə qarşı mabarizə aparmasına, aydınlığa çıxmasına çalışmış, 
üsyankar, mübariz satirik şeirin bünövrəsimi qoymuş böyük, dahi Azərbaycan 
şairidir. Onun poeziyası hələ əsrlərlə yaşayaraq, xalqımızın sabaha doğru yoluna 
işıq saçacaqdır!
Sonda sumqayıtlı ziyalılar M. Ə. Sabirin - bu vətənpərvər şairin müqəddəs ruhuna 
dualar oxuyub, poeziya səfərini davam etdirərək, İsmayıllıya yola düşürlər. 

                     “Bu dünyanın qara daşı göyərməz!”

Dostları Musa Yaqubun doğma Buynuz kəndinə bu yerlərin ziyalı oğlu, tanınmış 
iqtisadçı-ekspert, şair təbiətli Rafiq Mehdiyev müşayiət edir. Hələ məktəb 
illərindən Musa Yaqub poeziyasının vurğunu olan Rafiq müəllim bütün yol boyu 
çox sevdiyi, həmyerlisi olan şairin həyat və yaradıcılığı haqqında geniş, çoxlarına 
məlum olmayan maraqlı məlumatlar verərək, şairin Buynuz kəndinə sevgisini onun 
bu şeirilə çatdırır: 

Dünyaya gəlmədim hayla-harayla,
Bir sakit guşədə, bir döşdəyəm mən.
Gündüzlər günəşlə, gecələr ayla,
Səhərlər quşlarla görüşdəyəm mən.
Hansı çiçəklər ki burda uyuyar,
O  çay ki yanımdan axar sübhədək,
O yer ki nəğməmi eşidib duyar-
Mənim kainatım burdadır demək.

 
Məsələ ondadır ki, bir vaxtlar Musa Yaquba doğma kəndindən  uzaqda – Bakıda 
yaşamaq və  “Ulduz”  jurnalında poeziya şöbəsinə rəhbərlik etmək təklif edilmişdi. 
Ona Bakının gözəl yerlərindən birində mənzil də verilmişdi. Lakin şəhər həyatına 
uyuşa bilməyən təbiət şairi tez-tez doğma kəndinə “qaçır”, yalnız burda şair qəlbi 
rahatlıq tapırdı. Təsadüfi deyildi ki, Musa Yaqubu təbiət şairi kimi tanıyan 
Süleyman Rüstəm hətta ona  “Kimə tapşırıb gəldin?” adlı şeir də həsr etmişdi. 
Yəni ki, gözəl, əsrarəngiz təbiəti olan İsmayıllını kimə tapşırıb gəldin Bakıya? 
Ömrü boyu Təbriz həsrətlisi olan Süleyman  Rüstəm sanki hiss edirdi ki, bütün 
qəlbi ilə təbiətə bağlı olan Musa Yaqub şəhərdə çox tab gətirə bilməz. Və elə də 
olmuşdu. Ölkənin paytaxtında hər cür şəraiti olan bu təbiət şairi Bakıda yalnız 4 il 
yaşaya  bildi və doğma yerlər üçün çox darıxaraq, hətta Yazıçılar Birliyinin 
təkidlərinə baxmayaraq, yenidən İsmayıllıya, bütün varlığı ilə bağlı olduğu Buynuz 
kəndinə qayıtmışdı. Onun  “Yaxşı ki sən varsan, ey ana kəndim!”  adlı bir şeiri də 
var ki, orda da şair doğma kəndinə vurğunluğundan ilhamla söhbət aşır.
... Bax, indi Sumqayıt Dostlar Klubunun üzvləri Musa Yaqubun çoxdan 
arzuladıqları Buynuz kəndinə yaxınlaşırlar. Kəndə çatmamış yolun sağ tərəfindəki 
qəbristanlıqda Musa Yaqubun qəbrüstü böyük abidə kompleksi diqqəti cəlb edir. 
Dostlar avtobusdan düşərək, fatihə verib, Musa Yaqubun və qəbristanlıqda  uyuyan 
əbədi sakinlərin ruhuna dua oxuyurlar. Şairin özünün və doğmalarının dəfn 
olunduğu abidə kompleksi ehtiramla ziyarət edən dostlar təbiət aşiqinin məzarı 
üstünə gül-çiçək dəstələri düzürlər. 
Burda istər-istəməz şairin məşhur “Bu dünyanın qara daşı göyərməz” şeri yada 
düşür. Bəlkə də çoxlarına qəribə görünən “qara daş” məsələsini Musa Yaqub elə-
belə, orijinallıq xatirinə dilə gətirməmişdi. Çünki o görürdü ki, Azərbaycanda 
bütün çöllər, barlı-bərəkətli torpaq sahələri harınlamış vəzifə sahibləri, varlılar 
tərəfindən zəbt edilib, talanıb, hətta əkin-biçin üçün də boş yer qalmayıb. Boş 
qalan yalnız daşlardır ki, onlar da əkin üçün yaramır. Yəni ki, a kasıb, sənə qalan 
qara daşlardır, ancaq ki, onlar heç vaxt göyərməz. 
Şair-qəzəlxan Əli Ələmi Musa Yaqubun məzarı üstündə onun təbiətlə təmasını, 
doğma yurda bağlılığını əks etdirən şeirini oxuyur:  
Üstündən sehrli küləklər əsən
Meşələr öyrətdi dilini mənə.
Özümü kimsəsiz sayanda bəzən
Çinarlar uzadıb əlini mənə.
Qapıda, eyvanda eldən qorunub
Armud ağacının qızıl  yarpağı,
Dövlət quşu kimi çiynimə qonub
Artırar rütbəmi hər payız çağı.

Yazıçı Arif  Ərşad şairin dünyadan, zəmanədən küskünlüyünü ifadə edən bir 
şeirini səsləndirir: 
Zəmilərim, xırmanlarım sovrulub,
Təndə canım, saçda dənim qovrulub,
Xəzəl altda gül otlarım qıvrılıb,
Bundan  sonra  nə  olacaq, olacaq.
 
Mən  dərdimi  pıçıldadım  dağlara,
Dağlaralıb, payladı  oymaqlara.
Dövrüm verdi haqqımı  nahaqlara,
Bundan  sonra  nə  olacaq, olacaq…

Yox, bu tale ilə əlacsız, heydən düşmüş halda olan barışıq deyil, əksinə - 
zəmanəyə, dövrana qarşı yorğun da, heysiz də olsa, etiraz, üsyandır. Məmurlar, 
rayon “padşah”ları tərəfindən ölkədə baş alıb gedən haqsızlıqlarla bağlı Hacı Tahir 
Məlikov şairin daha bir şeirini misal gətirir: 
Ey əldə ləngiyib, dildə quranlar,
Ay zəncir döyənlər, bizi yoranlar,
Düşün o kürsüdən, çıxın bu zaldan,
Qurtaraq ölkəni ağır zavaldan.
Bir görək əkində-biçində nə var,
Bir görək sünbülün içində nə var,
Bir görək çayımız hayana axır,
Bir görək yolumuz hayana baxır,
Qaldırdıq kürsüyə bütün ölkəni,
Nə yaman uzandı bu dil örkəni?!.


Dostlar Klubunun sədri Hümbət Həsənoğlu şairin son illərdə dünyadan 
küskünlüyünü, bədbinliyini ifadə edən başqa bir şeirini ürək ağrısı ilə səsləndirir:  
 
Nə tonqal qalanır, nə ocaq yanır,
Bizim xəlbirimiz burda ələnir,
Göydə xəlbirimiz burda fırlanır-
Daha söz  deməyə tutarım gedib,
Dostları aparan qatarım gedib,
Bu daşı  özümə yoldaş eləyib,
Bəlkə elə mən də qurtarım, gedim?!
Qalsın süfrə daşım, mamır bağlasın,
Üstünə  yağışlar  yağsın, ağlasın...

 
Bədbinliyə qapanan, xalqla bağlı ülvi arzularının qəlbində dustaq olduğuna 
təəssüflənən şair son günlərdə  yazırdı: 

Salam, ruhum, salam! Salam, dustağım!
Hərdən  özüm  kimi  boylanıb  göyə,
Qışqırma  içimdə “Azadlıq!” deyə, 
Azadlıq  nə  gəzir  bu Yer  üzündə?!.

Sumqayıt ziyalıları sələfləri İmadəddin Nəsiminin, Mirzə Ələkbər Sabirin layiqli 
davamçısı olan mübariz, üsyankar şair Musa Yaquba rəhmət oxuyub, onun narahat 
ruhu ilə vidalaşırlar. 
***    
Əslən məşhur Talıstan kəndindən olan Rafiq Mehdiyev İsmayıllıda qonaq olan 
dostlarını bu yerlərə gəlmişkən  ev sahibi kimi İsmayıllının və ona qonşu olan 
Qəbələnin təbiət gözəlliklərini, füsünkarlıqlarını görmək, yayın  bu qızmar 
günündə təbiətlə təmasda olmaq üçün burdakı istirahət mərkəzlərindən birinə qısa 
gəzintiyə dəvət edir. Böyük, unudulmaz  şairlərə öz mənəvi borclarını qismən də 
olsa ödəmiş qonaqlar bu təklifi  məmnunluqla  qəbul edirlər.

Rəhman  ORXAN, 
Respublikanın Əməkdar jurnalisti.







Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər