Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu

Filosof nənəsinin nağılları ilə böyüyən əsl ziyalı - Rafiq Mehdiyev - 60

Baxılıb: 4219     Tarix: 02-08-2022 15:42   



Rafiq Mehdiyev
                                   (Portret cizgiləri)

Rafiq Mehdiyev: “Mənə elə gəlir ki, sadə bir ailədə doğulan  kənd uşağının 60 ildə  əldə edə biləcəklərinin böyük bir qisminə nail olmuşam”.

Rafiq İbadulla oğlu  Mehdiyevi  (Mehdini), 1990-cı illərdən tanıyıram. Elə həmin vaxtlardan da  onu  çox ictimaiyyətçi, təşkilatçı insan kimi görmüşəm. O vaxtlar  Rafiq müəllim  Sumqayıt şəhər İcra Hakimiyyətində təlimatçı işləyirdi. Şəhərin daha çox məsuliyyət tələb edən sahəsi olan kommunal sahəyə-işıq, su, təsərrüfat sahələrinə  cavabdeh  idi. Həmin vaxtlar mən də Sumqayıt Dövlət Musiqili-Dram Teatrına rəhbərlik eləyirdim. Rafiq Mehdiyev ailəsi ilə birlikdə bütün tamaşaların ilk baxışına gəlirdi və tamaşadan sonra  özünün maraqlı fikirlərini bildirməkdən də çəkinmirdi. O, texniki sahədə  ali təhsil alsa da, görürdüm ki, ədəbiyyatı, incəsənəti də mükəmməl bilir. Amma bilmirdim ki, Rafiq Mehdiyev (Mehdi)  elə həmin vaxtlardan hekayələr,  şeirlər, publisist  yazılar  yazır, amma həmin  yazıları mətbuatda çap etdirmək istəmirmiş.  Bir il bundan qabaq Rafiq  Mehdiyev (Mehdi)  mənə 15 şeirini göndərmişdi. O şeirlər çox xoşuma gəlmişdi. Hətta onun  bu dörd sətirlik şeiri məni çox həvəsləndirdi və belə qərara gəldim ki, Rafiq Mehdiyevi Azərbaycan oxucuları da  bir yazar  kimi  hökmən  tanımalıdır:

-Dərdi qovun rədd eləyin,
o, evsiz bir "tuladı".
Qəlbimizsə, sevgi üçün
"rahat, isti yuvadı".


Beləliklə, onun  həmin 15 şeirini mətbuatda çap etdirdim və bu şeirlər oxucularda böyük maraq  yaratdı.
Üç il bundan qabaq Sumqayıt Dostlar Klubu yarananda və Rafiq Mehdiyev  də həmin klubun idarə heyyətinin üzvü olanda, mən yalnız  həmin vaxt onun cavanlıqdan şeirlər, hekayələr, publisist yazılar yazdığını bilmişəm. Dəfələrlə mən və dostlar təkid etsə də Rafiq Mehdiyev  həmin yazıların çap olunmasını istəməyib. Amma ara-sıra həmin şeirləri dostlar arasında deyib. Hamımızın da xoşuna gəlib. Rafiq Mehdiyev həddindən çox özünə tələbkar olduğundan, yəqin ona görə də istəməyib ki, həmin şeirləri çap olunsun. Beləcə çoxlu şeirlərini yazdıqca “sandığa” yığıb. Axır ki, yuxarıda dediyim kimi bir il bundan qabaq  onu dilə tutub, həmin şeirlərdən bir neçəsini mənə göndərməsini xahiş edəndən sonra görmüşəm ki, onun bu şeirləri hökmən “sandıqdan” çıxmalı, mətbuatda çap olunmalı və oxucuların ixtiyarına verilməlidir. Biz də çap etdirib, oxucuların ixtiyarına verdik.
Eşidəndə ki, bu il Rafiq Mehdiyevin 60 yaşı tamam olur, istədim ki, çox istedadlı insan olan, maraqlı şeirlərin, hekayələrin, publisist yazıların müəllifi  Rafiq Mehdiyevlə çoxminli oxucularımızı  da  yaxından  tanış edim. Soydaşlarımız həddindən artıq çox zəkalı, əsl ziyalı, təpədən dırnağa qədər vətənpərvər olan, keşməkeşli, maraqlı həyat yaşayan bu 60 yaşlı insanın düşüncə tərzi, həyata baxışı ilə daha yaxından tanış olsunlar. Ümumiyyətlə, bizim bir millət kimi səhvimiz ondadır  ki, əsl ziyalıları xalqa tanıtmaq  sahəsində çox xəsisik. Əslində isə belə olmamalıdır.  Dünyada hər bir millət öz ziyalısı ilə tanınır.




                         Talıstan və Rafiq Mehdinin uşaqlığı

Qısa arayış: Rafiq İbadulla oğlu Mehdiyev  1962-ci ilin iyul ayının 20-də Azərbaycanımızın füsunkar təbiəti ilə tanınan rayonlarından biri olan İsmayıllı rayonunun məşhur Talıstan kəndində, kolxozçu ailəsində anadan olub. Bu həmin Talıstandır ki, çoxlu şairlərimizin, nasirlərimizin istirahət etdiyi və şəninə neçə-neçə şeirlər, nəsr əsərləri yazdığı cənnətməkan bir yerdir. Bu həmin Talıstandır ki, onu  görən  hər  bir  adama  ilham  verir. Bu həmin Talıstandır  ki, əgər lazım olan səviyyədə təbliğ  eləyə  bilsək, dünyanın ən gözəl və mənzərəli yerlərinə meydan oxuyabilər. Bu həminTalıstandır  ki, tarixlər  boyu  neçə-neçə qanlı döyüşlərin şahidi  olub. Bu həminTalıstandır ki, bir  vaxtlar Alban dövlətinin hökmdarı Cavanşirin ən çox sevdiyi yer olub.  əhayət  bu həminTalıstandır ki, böyük Səməd Vurğun özünün çox məşhur “Talıstan” poemasını bu kəndə  həsr edib.

Ormanlar içində  durur  Talıstan
ona ilk baxışdan vurulur nsan…


Rafiq Mehdi də Talıstana aid şeir yazıb. O, “Talıstan” şeirinin ilk bəndini belə başlayır: 

-Möhtəşəm dağlara söykənib duran,
Meşələr içində talalı məkan,
Min illə ölçülən tarixi olan,
Cavanşir qalası ulu Talıstan,
Tarixin şərəfli qolu Talıstan,
İşıqlı sabahın yolu Talıstan.

Əgər hər birimiz öz kəndimizi Rafiq Mehdi kimi sevsək və onun kimi təbliğ etsək,  onda bütün kəndlərimiz bizim əllərimizlə, sözlərimizlə  cənnətə  dönər.
Rafiq Mehdiyev 1969-1979 -cu illərdə doğulduğu kənddə orta məktəbdə oxuyub. Məktəbi tərifnamə və əla qiymətlərlə bitirib. Rafiq hələ məktəbə gedənə qədər  və məktəb illərində də bütün yaşıdları kimi həyət-baca, ev təsərrüfatı və  çöl-bayır işlərində digər bacı-qardaşlarıyla birlikdə valideynlərinə kömək etməklə zəhmətə alışıb. Beləliklə, valideyinlərinin uşaq yaşlarından Rafiqi zəhmətə alışdırması, zəhmət, əziyyət çəkməsi onun həyatına çox möhkəm sirayət eləyib və bu gün də Rafiq Mehdi həddindən artıq zəhmətsevərdir. Hər bir uğurunu da öz zəhməti, ağlı, səbri  hesabına əldə edib və eləyir.
Rafiq İbadulla oğlu orta məktəbi  bitirdikdən  sonra 1980-1986-cı illərdə Azərbaycan  Neft  Kimya İnstitutunun  Sumqayıt filialının  axşam şöbəsinin rus sektorunda təhsil alıb və təhsil ocağını fərqlənmə  (qırmizi) diplomu ilə bitirərək, mühəndis, kimyaşı - texnoloq ixtisasına yiyələnib.
Taleyi onu Sumqayıtla bağlayıb. Ali məktəbin axşam şöbəsində oxuya-oxuya Sumqayıtın Polimer -120 kimya zavodunun tikintisində fəhlə kimi əmək  fəaliyyətinə başlayıb. Daha sonra 2 nömrəli  trestin 21 nömrəli tikinti idarəsində müxtəlif  mühəndis vəzifələrində işləyib və özünün ağlı, zəkası ilə bir çox  səmərələşdirici təkliflər də irəli sürüb. Eləcə də Rafiq Mehdiyev  ictimai əsaslarla komsomol və partiya işlərində işləməklə təşkilatçılıq və idarəçilik vərdişlərinə də  mükəmməl  yiyələnib.
1992-ci  ildə  Sumqayıt şəhər komsomol komitəsində  şöbə müdiri, 1992-1997-ci illərdə  Sumqayıt  şəhər İcra Hakimiyyəti başçısının  aparatında məsləhətçi, baş məsləhətçi  vəzifələrində  işləyib.
1997-2002-ci illərdə  “Azərsu”  Açıq  Səhmdar  Cəmiyyətində müxtəlif vəzifələrdə çalışıb.  2002-2010-cu illərdə tikinti sahəsində və iqtisadiyyatın digər sahələrində sahibkarlıqla  məşğul  olub. 2010-2017-ci illərdə  Sumqayıt şəhərində  Lift Servis Birliyində iqtisadçı və direktor müavini vəzifələrində  çalışıb. Rafiq Mehdiyev  2017-ci  ildən  iş adamlarına vergi, maliyyə və idarəetmə sahəsində konsaltinq xidmətləri göstərməklə intellektual sahibkarlıqla məşğul olur. İşlərinin belə çox olmasına  baxmayaraq, Rafiq Mehdiyev  həmişə  mütaliə eləyir. Dünya dahilərinin məşhur kitabları indi də onun stolüstü kitabıdır. O, poeziya məclislərində yaxından iştirak edir, amma öz şeirlərin oxumur, başqa şairlərin dediyi şeirlərə maraqla qulaq asır. Yeri gələndə başqa  şairlərin şeirlərini həmin poeziya məclislərində yüksək səviyyədə  deyir  və maraqlı təhlil eləyir.
Xalq şairi Musa Yaqub Rafiq Mehdinin ən çox sevdiyi şairlərdən biridir. Rafiq Mehdiyevin (Mehdinin)  bu ustad sənətkarla sağlığında  yaxın əlaqələri olub və həm də onun ən böyük təbliğatçılarından biridir. Hətta Musa Yaqubun vəfatı ilə bağlı Rafiq Mehdinin  Ustad Musa Yaqubun xatirəsinə həsr etdiyi  “ Uca şairlə, uca dağı birləşdirən körpü” elegiyası saytlarda, qəzetlərdə  ən  çox oxunan yazılardan biri olub.
Beləliklə, 60 yaşlı Rafiq Mehdiyevlə ( Mehdi ilə) zamandan vaxt oğurlayıb, üz-üzə oturub,  həyat məsələlərini, keşməkeşli zəmanə, müasir insanlar, xalqımızın birliyi və şücaətli ordumuzun sayəsində  44 gündə Vətən müharibəsində çaldığı zəfəri, Azərbaycan ədəbiyyatını… çox şeyi, çox şeyi müzakirə elədik. Bax, 60 yaşlı müdrik bir insanla apardığım həmin müzakirəni, müsahibəni  sizə təqdim eləyirəm əziz oxucular. 

-Rafiq  müəllim, gözlədiyimiz 60 illik yubiley artıq gəlib çatdı. 60 il insan həyatında heç də  az  yaş deyil. Bu, müdrikliyin cavanlığı deməkdir.

- Sizinlə söhbət elədiyimiz bu vaxt artıq günəşin də qürub eləyən vaxtıdı. Biz də mənim 60 yaşım haqqında söhbət eləyirik. Deməli, mənim həyatımın da artıq qüruba yaxınlaşan bir vaxtıdır. Yəni ömrümün böyük hissəsini yaşamışam. Amma mən hələ ki, özümü  60 yaşında hiss eləyə  bilmirəm. Mənim uşaqlığım da bütün kənd uşaqlarının həyatı kimi keçib. Ən əsası isə mənim doğulduğum Talısatan kəndi intellektli insanların kəndidir. Çox  yüksək savada malik müəllimlərimiz vardı. Onlar da bizə yaxşı təhsil veriblər. 
 İki-üç il bundan qabaq, birdən-birə beynimə belə bir sual gəldi: “Mən kiməm?” Bu sual məni çox narahat eləyir. Belə qənaətə gəlmişəm ki, hər bir insan bu sualı özünə verməli və bu ilk baxışdan sadə görünən suala cavab axtarmalıdır. Hər kəs bu sualın məntiqi dolğun cavabını tapıb vaxtında həyat fəaliyyətini  bu cavaba uyğun qurmazsa, onda həyat bu sualı hər kəsə daha sərt , daha kəskin  formada “Sən kimsən?” formasında  verəcək. Bax, onda bu həyat  sualına cavab vemək çox çətin olacaq. Sualın cavabını “axtarıb tapan” isə öz həyatının maraqlı məqamlarını daim kəşf edər, onda həyatda səhvlər eləməz.  
Uşaq yaşlarımdan demək olar ki, hər gün baş ağrıları keçirmişəm. Allah rəhmət eləsin. Mənim filosof nənəm vardı. Adı Ağanənə idi, amma biz “məmə” deyirdik. Adı kim özü də ağayana, xanım-xatun qadın idi. Ağanənə adı ona çox yaraşırdı. Mənim bu mərtəbəyə gəlib çatmağımda həmin filosof nənəmin rolu çox böyük olub. Biz  bacı-qardaşların hamısı  üçün böyük həyat universiteti idi. Bizim həm böyüməyimiz, həm  xüsusi qaydada yeməyimiz, həm onun maraqlı nağıllarına qulaq asmağımız filosof  nənəmizlə daha çox  bağlıdır. Elə bugünkü “həyat fəlsəfəmin” kökündə  də nənəmin nağılları durur. Yuxarıda dediyim kimi, mənim başımda həmişə ağrılar olurdu. Nənəm başımda özünün təcrübəsinə əsaslanaraq, üç-dörd nöqtəyə əlinin içi  ilə basmaqla, başımın ağrılarını götürürdü. O, çox yaxşı türkə-çarə həkimi idi. Kəndin əksər  sakinləri çox vaxt həkimə  yox, nənəmin yanına gəlirdilər və  o da onları sağaldırdı.  Adamlardan qan alardı və Talıstanın meşələrindən topladığı bitkilərdən, müalicəvi  otlardan dərmanlar düzəldib, həmin dərmanlarla  adamların sağalmasına köməklik edirdi. Uşaq yaşlarımdan demək olar ki, hər gün  mənim  burnum qanayırdı. Orta məktəbi bitirənə qədər də hər gün baş ağrılarım olub və hər gün də burnumdan qan gəlib. Beləcə nənəm, böyük səbrlə, dərman bitkilərindən hazırladığı dərmanlarla  məni sağaldıb. Bizim ailəmizdə hamı dərslərini yaxşı oxuyurdu. Ona görə də böyük qardaşım Ağamehdi gözəl  riyaziyyatçıdır. Bu sahədə elmi iş müdafiə eləyib. Bacım Dilavər kəndimizdə  ilk ali təhsilli  müəllimdir. Bu gün  də İsmayıllıda  Kollecdə  rus dilini peşəkar  səviyyədə  tələbələrə  öyrədir. Bacım Füruzə  tibb işçisidir. Mən mühəndisəm. Beləliklə, bütün bacı və qardaşlarım ali təhsil alıb. Bacı-qardaşlarım və onların övladları, hamımız ali təhsilliyik. Təsəvvür edin ki, bir kolxozçu  İbadulla kişi və Məryəm xanımın  ailəsindən,  kökündən  46 nəfər ali təhsil alan var.

                Rafiq Mehdiyevin tale şəhəri olan Sumqayıt

-Necə oldu ki, siz taleyinizi Sumqayıtla bağladınız?

- 1960-80-ci illərdə Talıstanda oxuyan bütün uşaqların demək olar ki, əksəri ali məktəbə qəbul olurdular. Çünki  bu, bizim müəllimlər tərəfindən qarşımıza qoyulan ali məqsəd  idi. Mən məktəbi bitirəndə artıq qardaşım  Ağamehdi fizika-riyaziyyat elmlər namizədi idi. O da mənim üçün bir güzgü, mayak, nümunə  idi. Mən də orta məktəbi bitirəndə istəyirdim ki, Azərbaycandan kənarda təhsil alım. Həmin vaxtı ulu öndər Heydər Əliyev ali məktəblərə əla qiymətlərlə qəbul olanları Rusiyanın və başqa respublikaların ali məktəblərinə təhsil almağa göndərirdi. Hər il səhv eləmirəmsə 700 nəfər həmin respubliklara  göndərilirdi. Mən də istəyirdim ki, gedib başqa respublikada təhsil alım. Orta məktəbi də tərifnamə ilə bitirmişdim. Həmin vaxtı gərək bir beş, bir dörd almalıydın ki, ora  düşə  biləsən. Amma mən iki dörd aldığıma görə  ora  düşə  bilmədim. Taleyim məni Azərbaycan Neft-Kimya İnstitutunun  Sumqayıt filialına daxil olmağı qismət elədi.  İnstitutun  axşam şöbəsinə və həm də rus qrupuna. Açığı ora getmək istəmirdim. Arzularım daha “böyük” idi.  Ancaq daha təcrübəli  qardaşım  Ağamehdi müəllim məsləhət bildi ki, orada oxuyum. Beləliklə, həmin vaxtdan  taleyimin şəhəri Sumqayıt oldu. Axşam şöbəsində təhsil aldım. Qrup nümayəndəsi oldum. Tikintidə işə düzəldim. Həmin vaxtı SSRİ əhəmiyyətli Polimer- 120  zavodu tikilirdi. Mən də orada çalışdım. Beləcə yavaş-yavaş vəzifə pillələrində yüksəldim.

-Bəs necə oldu ki, siz komsomolda, partiya sahəsində işləyəsi oldunuz? Uzun illər də bu sahədə işlədiniz.

-Maraqlı sualdır. Betonçu işləyirdim. İctimaiyyətçi olduğuma görə iki nömrəli Tikinti Trestinin  komsomol  komitəsinə  seçildim. Sonra bu trestin partiya komitəsinin ictimai əsaslarla müavini oldum. Sonra məni Sumqayıt şəhər  Komsomol  Komitəsinə, daha sonra Sumqayıt şəhər  İcra Hakimiyyəti başçısının aparatına işə dəvət elədilər. Ümumiyyətlə, harada işləmişəmsə ora məni işə dəvət  eləyiblər. Mən özüm işə düzəlməklə əlaqədar xahiş, müraciət  etməmişəm. Ali məktəbdə  rus dilində təhsil almağımın mənə çox böyük köməkliyi oldu. Orada rus dilini mükəmməl öyrəndim. Fərqlənmə  ( qırmızı) diplomla ali məktəbi bitirdim. Çox sevinirəm ki, yeddi millətin nümayəndəsi olan müəllimlərim 36  fənndən mənə  105  “əla” qiymətlər veriblər. Onların da heç  biri qohumum, həmkəndlim  olmayıb. Bu qiymətləri biliyimə, bacarığıma görə almışam. Ali məktəbi fərqlənmə diplomu ilə bitirməyim də işimə çox köməklik eləyirdi. Çünki həmin vaxtı bütün protokollar  rusca  yazılırdı. Bunu da mənə həvalə  eləyirdilər. Fəhlə işlədiyim vaxt,  artıq  3-cü kursda oxuyanda məni texniki-istehsalat  şöbəsinə mühəndis götürdülər.  Sonra  böyük  mühəndis işlədim. Ondan sonra komsomol və partiya orqanlarında fəaliyyətim başladı. Partiya komitəsi dağılanda, komsomolun, partiyanın və icraiyyə komitəsinin bazasında İcra Hakimiyyətini yaratdılar və mən də orada şəhər təsərrüfatında  ən  ağır sahədə məsləhətçi və sonra baş məsləhətçi vəzifəsində işlədim. Ümumiyyətlə, mən nə arzulamışamsa  çoxuna nail olmuşam. 

-İcra Hakimiyyətində işləyənlər çalışırlar ki, oradan işdən getməsinlər. Amma siz yeganə insan olubsunuz ki, İcra Hakimiyyətindən öz ərizənizlə işdən çıxıbsınız. Bu necə olub?

-Məndən əvvəl də  bir nəfər öz ərizəsilə işdən getmişdi. Mən ikinci olmuşam. Amma həmin adam, yenidən şəhər İcra Hakimiyyətinə işləməyə qayıdıb. Məni   “Azərsu” Açıq Səhmdar Cəmiyyətindən  çox böyük xahişlə, təkidlə  ora  işləməyə dəvət etdilər. Baxmayaraq İcra Hakimiyyətində işdən çıxmağımı istəmirdilər. O vaxtı İcra Hakimiyyətinin başçısı Şakir Abuşov hətta məni özü dəvət elədi ki, “axı sən niyə işdən getmək istəyirsən?”  O vaxtı mən İcra Hakimiyyətində  Sumqayıt  işıq təsərrüfatının bir  başa  cavabdehi idim. Bu da 1990-97-ci illərdə  ən ağır sahə sayılırdı. Bütün  camaat şikayətə gəlirdi. Həmin insanları mən qəbul eləyib, onlara vəziyyəti başa salırdım. Mən həmin şöbənin müdiri Tahir Babayevlə  birlikdə işıq, su, təsərrüfat sistemini bu günə qədər də əzbərdən bilirik. “Azərsu” ASC-də məni onların işlərinə kömək etməyə dəvət etdilər. Sözün açığı orada məvacib də nisbətən  yüksək  idi. Həmin vaxtı sonradan Milli Məclisin sədri olan cənab Oktay Əsədov  “Azərsu” ASC-nin prezidenti idi. Özü şəxsən məni qəbul eləyib, on beş dəqiqəyə mənimlə  tanış olub, işə götürdü. Beləliklə, mənim taleyimin şəhəri olan Sumqayıtda  yaşayaraq, hər gün  Bakıya işə getdim. Amma dəfələrlə imkanım  oldu ki, Bakıda  ev alım. Özü də bizim Sumqayıtda heç bir yaxın  tanışımız, dostumuz, qohumumuz olmasa da mən bu şəhəri seçdim və bugünə qədər də Bakı ilə dəyişmədim. Bu gün də Sumqayıtı sevirəm və bu gün də sumqayıtlayam. Çünki sonradan yenidən Sumqayıta qayıdıb, bu şəhərdə öz işimi davam etdirdim. 

-Siz Sumqayıtda yaşasanız da amma İsmayıllıya  da  çox bağlısınız. Bəs bu nədəndir? Bu, doğulduğunuz yerə bağlılıqdı, ya ümumiyyətlə füsünkar İsmayıllı torpağına  vurğunluqdu?

-İsmayıllı mənim daha incə yerimdi. Əlbəttə, biz  azərbaycanlılar, torpağa, elə, yurda bağlı adamlarıq. Bizim mentalitetimizdə başqa millətlər kimi köçüb başqa yerlərə getmək çox azdır. Bir ismayıllılı  kimi bu, məndə bir az da artıqdır. Hətta orta məktəbin hələ aşağı siniflərində oxuyanda kəndimizi, rayonumuzu çox sevdiyim, buranı  kiçik vətənim hesab etməyimlə bağlı kiçik bir sərbət inşa yazdığımı da xatırlayıram. Müəllimlərimin xoşuna gəlmişdi. Məndə yurda  bağlılıq, başqalarına nisbətən daha çoxdur. Bizim Talıstan kəndinin çox mənzərəli yolu var. Cənubu Azərbaycandan olan və Fransada yaşayan dünya şöhrətli fotoqraf  Reza Deqati  həmin yolun çoxlu şəkillərini çəkib və dünya ölklərində sərgilərdə  göstərir. Talıstan haqqında çoxlu şeirlər yazılıb. Mən də  bir  şeir  yazmışam. Talıstanla bağlı çoxlu foto şəkillər  də  çəkib sosial şəbəkələrdə paylaşıram. Bu kənd təxminən 43 il bundan qabaq məni “həyat” adlı dünya  okeanının qoynuna atıb və  deyib: “Get yerini tap, amma onu bil ki, həmişə bu isti ocaq, isti yurd, ata ocağı səni gözləyir”. Təbii ki, atam-anam sağ olanda Talıstana daha tez-tez gedirdim. İndi obyektiv səbəblərdən bu səfərlərin sayı  bir  az  azalıb.
 Biz, bacı-qardaşlar yığışıb çoxdan təmirə ehtiyacı olan, böyüyüb boya-başa catdığımız  ata  ocağını təmir eləmişik. İndi imkan düşdükcə  artıq  övladlarımız  və  nəvələrimizlə ora daha tez-tez getməyə başlamışıq və hər dəfə də ötən günləri, valideynlərimizi xatırlayaraq  böyük nostaji hissləri keçirirəm. Bizim Sumqayıt Dostlar Klubu  üzvlərini  mən son üç ildə üç dəfə Talıstana  aparmışam. Onlar da Talıstandan  çox razı  qayıdıblar. Bizim İsmayıllıdan olan şair  Şahməmməd Dağlaroğlunun İsmayıllı ilə bağlı bir bənd  şeirini oxuyanda bədahətən qafiyyəsini davam etdirib  bir şeir də  yazmışam. Həmin şeiri demək istəyirəm.

Bu yerlərə yayda gəl,
Var meşə də, cay da gəl.
Qonaqpərvər məkandır,
Dostları da hayla gəl!
....
Apreldə gəl, mayda gəl,
Catdirmasan yayda gəl,
İsmayilli füsunkar,
İstədiyin ayda gəl!
....
Dostu dəvət edərlər,
Budur bizdə qayda, gəl.
Suyu, havasi təmiz,
Olar cana fayda, gəl.

....
İşlərim coxdur demə,
Qaydasina qoy da, gəl.
Ayri vaxtın olmasa,
Bayramda gəl, toyda gəl.

....
Kömürü var kababa,
Mey əvəzi su, hava.
Qızıləhməd almada
Bal dadını al da, gəl. 


Bu şeirim  “İsmayıllı xəbərləri” qəzetində və bir neçə saytda çap olunub.
Dahi Səməd Vurğunun doğma kəndimizə həsr etdiyı  “Talıstan” poemasının ruhuna  uyğun olaraq  bir yazı da yazmışam
Əlbəttə  ki, poema ilə müqayisəyə gəlməz, ancaq mən də öz doğma kəndimizi belə vəsf  edirəm.

Möhtəşəm dağlara söykənib duran,
Meşələr icində talalı məkan,
Min illə ölcülən tarixi olan,
Cavanşir qalalı ulu TALISTAN.
.....
Şimaldan qoruyur Qafqaz dağları,
Yəqin məğlub edib çox "yağıları".
Dağlarin döşündə meyvə  bağları.
Təbiət gözəli bizim TALISTAN.
......
Yayılıb hər yana şöhrəti, şani,
Yetirib gör necə  alim, ziyalı.
Yaddan cıxa bilməz ana qucaği,
Vuran qəlbimizdir Ana TALISTAN.
.....
Şərqdə məgrur durur Qasani daği,
Qərbdə güzgüsüdür Məmməd  bulağı.
Meşə var dəyməyib insan ayağı, 
Nadir heyvanların  olub oylağı
. . .
Ağbulaq meşədə qonaq otaği,
Böyük Səməd Vurğun olub qonağı.
Onu xatırladır Səməd bulağı,
Ellər unudarmı ulu ustadı?
. . .
Ayıra bilmirsən dağ ilə baği, 
Harda dağ qurtarir, haradir bağı?
Bu palıd, bu fısdıq, bu alma bağı,
Ağaca baxanın düşər papağı.
. . .
Ağ çayin ağ suyu, şəlaləsi var,
Suların çox şirin zümzüməsi var,
Ecazkar musiqi təranəsi var,
Görən heyran olar, ona vurular.
. . .
Dad verir yeməyə yarpız, sumağı,
Bənövşə, novruzu, quzuqulağı.
Yovşan, boymadərən, bağayarpağı,
Bürüyüb cölləri, təpəni, dağı
. . .
Möhtəşəm dağlara söykənib duran,
Meşələr icində talalı məkan,
Min illə ölcülən tarixi olan,
Cavanşir qalalı ulu TALISTAN,
Tarixin şərəfli qolu TALISTAN,
İşıqlı sabahın yolu TALISTAN!


Mən ümumiyyətlə,  Azərbaycan torpağına bağlı insanam. Harada gözəllik görürəmsə ora vuruluram. Azərbaycanda isə gözəl yerlər çoxdur, amma biz bu gözəllikləri dünya xalqlarına lazım olan kimi çatdıra, tanıda  bilmirik.
Bu da məşhur Lahış və  lahıclılar haqqında

Bu şeiri də Xalq şairi  Hüseyn Arifin "Lahıc duyğuları" 
poemasından təsirlənərək yazıram

Min bir zəhmət əziyyətlə , yaşayıblar, yaradıblar,
Cətinliyə sinə gərib, ucaliblar, ucaldıblar.
Dədə-baba sənətini qoruyublar. yaşadıblar, 
Odla misi tablayiblar, necə forma qab alıblar 
......... 
Nəsillərə örnək olan, sənətkarlar yaraniblar, ,
Böyük tarix kitabına, tarix yazib lahıclılar.
Insanlığa halallıqla, illər boyu sadiq qalib,
Böyük-böyük şəxsiyyətlər yetiriblər lahiclilar. 
.........
Necə alim, necə loğman, nacə ustad yaziçilar,
Elm, dövlət xadimləri yetiriblər lahiclilar. ,
Halallığın, insanlığın, gözəlliyin. ucaligın,
Möhürünü, simvolunu, yaradiblar lahiclilar
.........
Ölkəmizə, xalqımıza, dünya üzrə şöhrət verən
Baş ucaldan, fərəh verən,  şan gətirən,
Qərinələr ötsə belə, qala bilən,.
LAHİC kimi abidəni, yaradiblar lahiclilar,
LAHİC kimi abidəni, yaradiblar lahiclilar


Bu ilin may ayının 31-də biz  Sumqayıt Dostlar Klubu idarə heyyətinin üzvlərindən 12 nəfər Şuşaya səfər etmişdik. Baxmayaraq ki, Füzuli rayonunun Əhmədbəyli kəndindən başlayaraq, erməni gavurlarının, vandallarının xaraba günə qoyduğu kəndlərimizi, şəhərlərimizi, qəbirstanlıqlarımızı gördükcə hamımızın ürəyi ağrıyırdı, amma bir məsələyə qürur duyurduq ki, 44 günə rəşadətli ordumuzun və Ali Baş Komandanımızın şücaəti, igidliyi ilə tarixdə görünməyən böyük bir qələbə çaldıq və erməniləri məhv elədik. Bundan böyük qürur, fəxarət olarmı?
Şuşada  və  bütövlakdə Qarabağda gedən quruculuq işlərindən böyük fərəh hissi keçirirəm və qəlbim dağa dönür. Bu quruculuğu görən Sumqayıt Dostlar Klubu idarə heyyətinin üzvlərinin də hamısı bütün bunlara böyük qürur hissi keçirirdilər. Biz qətiyyətlə inanırıq ki, tezliklə  bütövlükdə Qarabağ dünyanın ən gözəl yerlərindən biri olacaq.

-Mən sizinlə təmasda olduğum bu üç ildə görürəm ki, ailəyə çox bağlı insansınız.

-Yenə də sarı  simə toxundunuz. Doğrudan da mən  aliləyə çox bağlı insanam. Bəlkə də bu qardaş-bacı kimi bir-birimizə bağlılqdan irəli gəlir. Biz ailədə çox uşaq olmuşuq. Anam  Məryəm  xanım  Qəhərəman  ana olub. Artıq nəvələrimiz  var. Mənim bir oğlum, bir qızım var. Oğlum da, qızım da ali təhsillidirlər. Oğlum Zaur iqtisadçıdı. Kooperasiya Universitetində müəllim işləyir. Maliyyə və iqtisadiyyat sahəsi  üzrə  magistrdır. Doktoranturada oxuyur. Qızım Məryəm xanım  isə yüksək ixtisaslı nevroloq  həkimdir.
 Artıq on ilə yaxındır ki, sosial şəbəkələrdə  bizim qardaş-bacılarla birlikdə “MEHDİYEVLƏR  AİLƏSİ”  adlı qapalı bir qrupumuz vardır. Ailəmizin bütün üzvləri, övladlarımız, nəvələrdən  bəziləri  25  nəfərdən çox nümayəndəsi həmin qrupun  üzvüdür. Hər gün   bir-birimizlə  əlaqə  saxlayır,  sevincimizi problemlərimizi bölüşürük. Uğurlu işlərimizlə, problemli  məsələlərimizlə  tanış oluruq.  Ata  əvəzimiz  olan  Azərbaycan  Prezidenti  yanında İdarəçilik Akademiyasının  dosenti  Ağamehdi müəllimin maraqlı nəsihətlərinə qulaq  asıb,  həmin problemləri həll edirik. Eləcə də Ana əvəzi bacılarım  Dilavər  müəllimənin,  Füruzə bacımızın maraqlı məsləhətlərini dinləyirik. 
Bir məsələni də vurğulayım ki, biz hər gün həyat yoldaşım və nəvələrimizlə Sumqayıtın dənizkənarı parkına gedirik. Ən azından bir saat orada oluruq. Ailəmlə, övladlarımla, nəvələrimlə fəxr eləyirəm. Ümumiyyətlə, mənə eləki, sadə  bir ailədə doğulan  kənd uşağının 60 əldə edə biləcəklərinin böyük bir qisminə  nail olmuşam.  Atalarımız da deyib ki, “həyat bir iynədi, sapı çox qısa”. Təki  ömür vəfa eləsin ki, başqa arzularımı da reallaşdıra bilim.Mən həyatı, yaşamağı  şox sevirəm.  Açığı arzularım hələ çoxdur.

-60 illik həyatdan keçmişə boylananda Rafiq Mehdiyev nələrə görəsə heyfislənirmi?

-Sözün doğrusu heyfisləndiyim elə bir şey yoxdur. Ali məktəbi qırmızı diplomla bitirmişəm. Kənddə orta məktəbi bitirən bir oğlan gəlib yüksək qiymətlərlə  ali məktəbə qəbul olsun  və özü də rus dilində oxusun, həm də qırmızı diplom alsın, mənə elə gəlir ki, bu böyük işdir. Ali məktəbdə müəllimim vardı. Dursun müəllim. O, istəyirdi ki, mən Moskvaya onun dostlarının yanına gedib, orada  aspiranturada oxuyum və elmi iş müdafiə eləyim. Həmin vaxtı elmi işçilər yaxşı  maaş alırdı. Amma  o vaxtlar müəyyən obyektiv və subyektiv səbəblərdən  Moskvaya aspiranturaya  gedə  bilmədim. Bir də həmin vaxt Sumqayıtda ev növbəsində olduğuma görə ev gözləyirdim və gedə bilməzdim. Moskvaya gedə bilməyimə heyfislənməsəm  də, bəlkə də onu itirilmiş şansım hesab edirəm. Əgər getsəydim, bəlkə də bu günkü Rafiq olmayacağdım. Nə bilim... Elə bu vaxt yadıma dahi filosof  Lafantenin bu sözləri düşdü. O, belə deyib: “Gül səpələnmiş yollar heç vaxt şöhrətə  apara  bilməz”. Bəlkə də mənə təklif olunan həmin “gül səpələnmiş yollar”da  istədiyimi eləyə  bilməzdim. Nə isə... Başqa heç nəyə təssüf etmirəm. İndi mənim üçün  bütün boşluğu  dolduran  Sumqayıt  Dostlar Klubumuz  var. Həmin klubda olan dostlarımla fəxr eləyirəm. 

-60 yaşınız mübarək!

-Təşəkkür eləyirəm. Çox sağ olun ki, vaxt tapıb, mənim ömrümün 60 ilini beləcə işıqlandırırsınız. Həyatda bir şeyə sevinirəm ki, heç kimə, heç vaxt həsəd aparmamışam. Dahi filosof, böyük  mütəfəkkir Volter deyib ki, “həsəd- ürək üçün böyük zəhərdir”.  Gəlin ürəklərimizi həmin zəhərdən qoruyaq. Onda yaşamaq  da, yaratmaq da gözəl olar.
Ağalar İDRİSOĞLU,
Əməkdar  incəsənət  xadimi



















Müəllif: Rafiq Mehdiyev
Tarix: 2 avqust 2022 19:14
Əziz Dostum, Sumqayıt Dostlar Klubunun İdarə heyətinin üzvü Əməkdar İncəsənət Xadimi Agalar Idrisoglu və sumqayıtfakt.az saytının kollektivinə dərin təşəkkürlərimi bildirirəm
Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər