Xəbər xətti

Yazarlar





Rublika
Arxiv
«    Sentyabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu

Sumqayıt özünün təcrübəli metallurqunu, nüfuzlu alimini itirdi

Baxılıb: 2308     Tarix: 12-04-2018 21:23   
Sumqayıt özünün təcrübəli metallurqunu, nüfuzlu alimini itirdi


Respublikamızın, Sumqayıtın metallurgiya sənayesinə ağır itki üz vermişdir. Uzun illər Azərbaycan Boruyayma (indiki "Azərboru") zavodunda çalışmış və respublikanın ali texniki məktəblərində ağır sənayenin mühüm sahəsi üzrə gələcək mütəxəssislərə elmi biliklər aşılamış zəngin təcrübəli metallurq, texnika elmləri namizədi, gözəl insan Nazim Hacı oğlu Yarəliyev dünyadan köçmüşdür.

O, 1939-cu il mayın 18-də o zamankı Abşeron rayonunun Corat kəndində dünyaya gəlmişdi. 1952-ci ildə Sumqayıtda nəhəng metallurgiya müəssisəsinin işə salınması o vaxtlar hələ kənd orta məktəbində oxuyan Nazimi metallurq olmağa həvəsləndirir. Və o, orta məktəbi bitirdikdən sonra elə bu istəklə o zaman böyük qardaşının çalışdığı Boru-yayma zavoduna işə düzəlir. Bir müddət orada köməkçi sahədə çalışdıqdan sonra zavodun məqsədli göndərişi ilə (ali təhsilini başa vurduqdan sonra yenidən zavoda qayıtmaq şərtilə) Moskva Polad və Ərintilər İnstitutuna qəbul olunur. Orada metallurq-texnoloq ixtisasına səylə, böyük həvəslə yiyələnən Nazim Yarəliyev həmin nüfuzlu ali məktəbi fərqlənmə diplomu ilə bitirir. Ona görə də institut rəhbərliyi təhsilini aspiranturada davam etdirmək məqsədilə onu institutda saxlamağa qərar verir. Aspirantura təhsilini başa çatdırdıqdan sonra gənc mütəxəssis kimi yenidən doğma müəssisəyə qayıdan Nazim Yarəliyev zavodun Mərkəzi laboratoriyasında müxtəlif aparıcı vəzifələrdə, o cümlədən metallurgiya laboratoriyasının rəisi vəzifəsində çalışır.

1971-ci ildə ali təhsil aldığı Moskva institutunda uğurla dissertasiya müdafiə edərək, texnika elmləri namizədi alimlik dərəcəsi alan Nazim müəllim 1977-ci ildə müsabiqə yolu ilə Azərbaycan Neft və Kimya İnstitutunun Sumqayıt filialına (indiki Sumqayıt Dövlət Universitetinə) dosent vəzifəsinə işə qəbul olunur. Çalışdığı zavodla da əlaqəsini üzməyən gənc alim 1985-89-cu illərdə həm də Politexnik İnstitutun "Konstruksiya materiallarının texnologiyası" kafedrasında dosent kimi elmi-pedaqoji fəaliyyətini davam etdirərək, öz dərin elmi biliyi və zəngin praktik təcrübəsi ilə Azərbaycan metallurqlarının savadlı, bacarıqlı yeni nəslinin yetişməsi üçün böyük səylə, həvəslə çalışır.

1995-ci ildə respublikada keçirilən ilk bələdiyyə seçkilərində iştirak edən Nazim Yarəliyevə böyük etimad göstərilir - o, yekdilliklə Corat qəsəbə Bələdiyyəsinin sədri seçilir. Müstəqillik əldə etmiş Azərbaycanın yeni idarəetmə sisteminin formalaşması yolunda səylə, fəallıqla çalışan Nazim müəllim həmin vəzifədə özünün ədalətli, prinsipial mövqeyi ilə tez bir zamanda kənd əhalisinin böyük hörmət-nüfuzunu qazanır. Hətta bir dəfə vaxtilə peşəkar futbolçu olmuş, o dövrdə isə kənddə İcra nümayəndəsi olan birisinin baxımsız qalmış qəsəbə parkını hissə-hissə kimlərəsə satmaq niyyətindən xəbər tutub, hirslə onun kabinetinə girərək, əllərini onun stoluna dayayaraq, sərt şəkildə demişdi: "Ə, futbolçu, gözünü aç, mənə yaxşı bax! Mən boksçuyam, sənə bir yumruq ilişdirərəm, tir-tap yerə sərilərsən. Nə olsun ki, park indi pis gündədir, sənin onu kənd camaatının əlindən alıb, satmağa ixtiyarın yoxdur. Nə qədər ki mən burdayam, sənin niyyətin baş tutmayacaq. Bunu yadında möhkəm saxla!". Və dediyinə də əməl etrmişdi. Çünki Nazim müəllim düzlük, haqq-ədalət adamıydı, hər zaman özünün yox, başqalarının, xalqın mənafeyini düşünərdi. Təsadüfi deyil ki, onun imkanları olduğu halda Coratın o vaxtkı boş sahələrində ailəsi üçün bir qarış da olsa əlavə torpaq sahəsi götürməmişdi. Ona görə də bütün coratlılar ona düzlük, obyektivlik, ədalət mücəssəməsi, saf əqidəli bir adam, əsl ziyalı kimi baxır, ona böyük hörmət, rəğbət bəsləyirdilər.

...O zaman bəzi neqativ hallarla barışa bilməyən Nazim Yarəliyev bir müddət sonra könüllü olaraq Bələdiyyə sədrliyindən imtina edib, yenidən doğma zavoda qayıdır. Orada bir-neçə il Baş mühəndisin elm və texnika üzrə müavini vəzifəsində çalışır, daha sonra isə Mərkəzi zavod laboratoriyasına rəhbərlik edir. Son illərdə səhhəti ağırlaşaraq, xeyli müddət yataq xəstəsi olsa da, özündə iradə, güc taparaq, doğma kollektivlə bir yerdə olmaq üçün zavoddakı işini davam etdirir. Lakin son aylarda daha da güclənən xəstəlik onu metallurqlar ailəsindən ayıraraq, əbədiyyətə qovuşdurur.

Lakin... ölüm sevinməsin qoy! Metallurgiya sənayesinin istedadlı, zəngin təcrübəli mütəxəssisi, gözəl insan və pedaqoq olan Nazim Yarəliyevin əziz xatirəsi onu tanıyanların qəlbində, xatirəsində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!

Yoldaşlarından bir qrup.


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər