Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Oktyabr 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu

Paşa Talıblıdan yeni şeirlər: "Allahı kağıza yazdım..."

Baxılıb: 3121     Tarix: 22-09-2022 21:22   

 Paşa Talıblı
 Azərbaycan Yazıçılar Birliyinin üzvü


Sözə ehya ver ki...

(M.Füzuliyə)

...şer qanıma yazılıb,
şer yazmaq qanımdadı.
İnanmırsanmı?..bax, budu
ağrıları canımdadı!

...baxdım o dağa - qalırdı,
baxdım o yaza - köçürdü.
...şer qanıma yazılıb,
qandan kağıza köçürdüm.

...ölmədim yaza da çıxdım!
Yazın ağızı ayazdı...
...Allah da bir ulu sözdü!
Allahı kağıza yazdım...

Kağıza yazdım Allahı...
Kim məni alqışlayandı?
...Allahdan yuxarı Sözdü!
Allah da bağışlayandı...


Mənəm eşqin sultanı da...

...mənəm eşqin sultanı da!
Nə gileyim?..sultanıyam!
...dost əlindən alıb içdim -
şirin meyin sultanıyam!

...bir dəm eşqin töhfəsiyəm,
bir dəm günah tövbəsiyəm!
...bir dəm Yunis təəbəsiyəm,
bir dəm göyün sultanıyam!

...axan suydum, yağan qardım -
görün necə bərqərardım!
...bir köy gördüm - eşqə vardım!
Mən bu köyün sultanıyam!..

Tamaşa...

...şair öldürməyi yaxşı bilirik!
Eh...özgə nə gəlir bu əlimizdən?
Öldürənin bizdən yaxşısı yoxdu;
öldürməyə Sözün yaxşısı bizdə!

...hərf-hərf, misra-misra öldürə billik!
...gün hanı?..zülmətdə gün axı, yoxdu!
...şair öldürməyi yaxşı bilirik!
Bilirik haqq sözün günahı yoxdu!

...hardan tuturuqsa ordan kəsirik!
Sorğu-sual yoxdu biz kəsən başa...
Eh...şair öldürmək bir tamaşadı!
Bizdə bundan yaxşı yoxdu tamaşa...

Axtaran vəslin tapar...

...heç nəyim yox, istəmirəm,
bircə güvənim olasan.
Qayıdam köhnə yerimə,
köhnə əvənim olasan.

...baxam yaxalı boynuna,
yanam - yaxılam oynuna!
...bəlkə yıxılam qoynuna,
bəlkə kəfənim olasan?

...amma hər şey, hər şey hədər!
...gedən gəlməz, gələn gedər!
...özüyün olduğun qədər
həm də...və mənim olasan!

***
...ya aran şairi ya dağ şairi,
həqiqət şairi ya haqq şairi
ya xalqın şairi ya xalq şairi.
Deyilənə görə şairlər ölmür.

...çiçəyə gülaba dönənləri var,
ağrıya, əzaba dönənləri var,
yazıya, kitaba dönənləri var.
Deyilənə görə şairlər ölmür.

Seçdim irdələdim öyülənləri;
yaxşı qalanları, yey ölənləri.
Paşam der, deyirəm deyilənləri;
Deyilənə görə şairlər ölmür.

Almanı atdıq xarala...

...gerçəklər yenə gerçəkdi,
yenə yeriyir yalanlar.
...gün çıxır, yağışlar yağır!
Hardadı yerdə qalanlar?

Yerdə qalanlar hardadı?
Biri var, birisi yoxmu?
...göy üzü tərtəmiz...altda
bir təmiz yer üzü yoxmu?

...daş dövründən qalanlar bəs?
...ya quşların qu vaxtından.
Qalan yenə gözümüzdü
göz yaşının su vaxtından.

...bir güllə də yaz açılır!
...bu dəvənin ovsarı yox!
...ölən hər kəsin özüdü,
heç nəyin tam oxşarı yox!

...hardadı yerdə qalanlar?
...son görünən bulud oldu.
...almanı atdıq xarala,
bütün dərdlər unuduldu.

Təmas...

...bir azdan payız gələcək
sarı çiçəkli gün kimi.
...qaval-qaval buludların
davası toy-düyün kimi.

...silkələnən rüzgar altda
xatirələr dağılacaq.
...islandıqca ağ alnımdan
əski sözlər, doğulacaq.

...bir azdan payız gələcək,
təkliyim tutacaq təknən.
Mən yenə təmas olacam
yuvası uçmuş leyləknən.

Adını çəkirəm dərdini yox ki...

...onda bir gülüydü - ətri baməzə!
Adını indi də hələm çəkirəm.
Adını çəkirəm dərdini yox ki...
Birdi: öldürələr, öləm...çəkirəm!

...mən də bu divara daşımı düzdüm!
...dünyamı kəmfürsət, naşımı yüzdü?
...qərib-qəmgin yerdi başımın üstü!
Kim bilir mən burda nə qəm çəkirəm...

Məni gəzən tifil, bax varaqlara -
hərdən ölü düşdüm sağ varaqlara.
...şer ha yazmıram ağ varaqlara,
varağın hüsnünə qələm çəkirəm.

Mən qələmin soyundanam...

...mən kiməm: ya dəli ya xam!
Mən kiməm ahın əlində?
...kəndirim göydən sallanır -
ucu Allahın əlində!

...bu şer də yarımçıqdı!
Yazdım...möhürbəndi qaldı.
...qələmdən düşdüm kağıza,
bənd-bənd möhürləndim, qaldım!

...hesab birdi, lap yarı böl -
öz odundan ayır odu!
...ya dəli, ya xam...kimdisə
hər kimdisə - şair odu!

...hava da belə məğşuşdu,
payızın son ayındandı!
...mən qələmin soyundanam,
Allah nəyin soyundandı?

***
(Həm ver mənə qəm yemək kəmali,
Həm aləmi qəmdən eylə xali!)
M.Füzuli



...əzab təşnəsiyəm, qəm ölüsüyəm!
Qəmə təşnə olan qəmküsardımı?
...doymadım - çox yedim, doydum - az yedim!
Demə bircə dəfə qəm küsərdimi?

...hesab nəyə lazım...bu canda qəmin
bilirsən bu qədər cəm olduğunu.
...sən Aləmi qəmdən xali eylə ki,
bilsin yediyimin qəm olduğunu!

Yedim cana gəldim, özümə gəldim!
Canımda yüz qəmin gücündən oldu...
...yeməyə bir quru qəmi olmadı!
Bu gün bir şair də acından öldü...

Gözümün içinə bax...

...gəl sənə ağıl öyrədim,
ağıl dərsi keçim sənə.
...and içirəm: and yerim yox!
Mən necə and içim sənə...

...daddım, göz yaşım kir idi,
xeyli güldüm və kiridim!
...qarı dizəcən kürüdüm!
Dizəcəndi içim sənə.

...nə boşluğun heçinə bax,
nə Tanrının gücünə bax!
...sən gözümün içinə bax,
bu körpüdən keçim sənə.

Mərhəmət...

...kim deyir ki, duza, dənizə qoydum,
özümə qoymadım yosun dilimi.
...kəsin - belə uzun sizə saxladım,
gödək eləmədim uzun dilimi.

...boş sözdü - şairlər vergili olur!
...vadidə sozalmaq vədəsizindi!
...əlinizə keçdim - vurun, öldürün!
Qorxmayın Allahdan, O da sizindi!

...halı olun, yoxdu şair ovqatı;
serroza yoluxma, vərəm tutması!
...əlinizə keçdim- kəsin əlimi!
Elə kəsin bir də qələm tutmasın!

...çox baxıb gözümü çox öldürmüşəm!
Gözümün dibində yaşı öldürün...
...ən böyük mərhəmət bağışlamaqdı!
...öldürürsünüzsə, yaxşı öldürün!

Alnımızın möhür yeri...


...getməmək qalmaqdan dərdli,
susmaq da sükutdan ağır.
...yolumuz uzaqdan gəlir,
suyumuz yaxından axır.

...alnımızın möhür yeri -
qış köynəkdə, yay çuxalı!
...min gecəyə bir Ayımız -
göy üzü belə çoxalır.

Göy üzünün sirri onu
bir iksir deşənəcəndi.
...kölgənin yumşaqlığı
torpağa düşənəcəndi.

Bütün bunları bilirdik,
bilirdik ki əvvəl-axır
yolumuz uzaqdan gəlir,
suyumuz yaxından axır.

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər