Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Oktyabr 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu

Azər SALEHin "Ad günü" - (hekayə)

Baxılıb: 3124     Tarix: 01-09-2022 11:12   


Azər SALEH

Arif yuxudan oyanan kimi tez divardakı saata baxdı - saat doqquz idi. Bu gün qonaqları olacaqdı, qızının ad günüydü, bazarlıq etməliydi.
Yataqdan qalxıb idman paltarını geyindi. Yuyunmağa getməyinə baxmayaraq, qızı anadan olan gündən evdə heç vaxt köynəksiz gəzmirdi. Vanna otağına keçməzdən əvvəl qızının otağına girib onu yatağındaca öpmək istədi. Amma qızı yatağında yox idi. Əvvəlcə heç nə başa düşmədi, elə bildi, yenə də nənəsi gəlib aparıb, amma axşam qızı evdəydi, belə tezdən də nənəsi gəlib apara bilməzdi. Həyat yoldaşını
çağırdı, ondan da səs çıxmadı.“Bunlar baş alıb hara gediblər belə?” - deyə fikirləşdi, amma heç nə anlaya bilmədi. Axı bu gün heç yerə gedə bilməzdilər, qızının ad günüydü... Həyat yoldaşı  səhər tezdən  salatları hazırlamalı, yeməklərlə məşğul olmalıydı.Yerində donub qalmışdı, nə edəcəyini bilmirdi. Bir də uşaq otağına nəzər saldı, bir də mətbəxə qayıtdı, elə bil, təkrar baxmaqla kimisə görə biləcəkdi. Həyat yoldaşının evdə olmamağı onu lap narahat edirdi, ağlına min cür fikir gəlirdi. Bir qərara gələ bilmirdi. Otaqlarda məqsədsiz şəkildə vurnuxur, aranı dağa, dağı arana köçürür, amma bir tərəfə çıxa bilmirdi. Elə bil, labirintə düşmüşdü. Özünə gəlmək üçün kresloda oturdu, başını əllərinin içinə alıb gözlərini yumdu. Hər şeyi bir-bir fikirləşdi, amma normal bir şey düşünə bilmirdi. Səhər tezdən yuxudan qalxıb evdə heç kəsi görməməsini heç cür ağlına sığışdıra bilmirdi. Axı haradadı evdəkilər? Arvadı, qızı harada ola bilərdilər axı? Qalxıb qonşu otağa keçdi. Mobil telefonunu götürüb həyat yoldaşının telefon nömrəsini yiğmaq istədi. Adların arasından onun adını tapdı, zəng etdi, cavab verən olmadı. Bu onu lap hövsələdən çıxartdı. Ola bilməzdi ki, arvadı onun zəngini eşitsin və telefona cavab verməsin. Nə edəcəyini bilmirdi. Bu günə planlaşdırdığı o qədər işi var idi ki… Əvvəlcə bazarlıq eləməliydi, sonra da əlaqə saxlaya bilmədiyi dostların bəzisinə zəng vurub axşamkı yığıncaq haqqında xəbər verməliydi. İndi isə, sanki başını
itirmişdi, nədən başlayacağını qərarlaşdıra bilmirdi. Bilmirdi bazara getsin, yoxsa arvadı ilə qızını axtarsın… Bir müddət tərpənməz qaldıqdan sonra hiss etdi ki, nəfəsi daralır, elə bil boğulurdu. Siqaret üçün yataq otağına keçdi, siqaretini qoyduğu tumbanın üstünə baxdı, siqaret yox idi… Zəhrimarı almaq üçün həyətə düşməliydi. Elə idman paltarındaca qapını bağlamadan həyətə endi. Həyətlərindəki köşkdə onun çəkdiyi siqaretdən olmurdu, ona görə də yaxınlıqdakı mağazaya getməli oldu. İçəri girib tez siqaret alıb çölə çıxdı, siqareti yandırmaq istəyəndə yadına düşdü ki, alışqanı da yoxdur. Yoldan keçən birindən siqaretini yandırıb tüstünü acgözlüklə sinəsinə çəkdi, elə bil, yüz il idi ki, bu acı tüstünün
həsrətindəydi. İlk tüstünü alan kimi onu öskürək tutdu, iyirmi ildən artıq siqaret çəkməyinə baxmayaraq, adətiydi, hər gün ilk siqaret onu öskürdürdü. Neçə illər idi ki, siqareti atmaq istəyirdi amma alınmırdı. Daha doğrusu bacarmırdı. İndi qəfildən qızına verdiyi sözü xatırladı. Onun ad günündə siqareti tərgidəcəyinə söz vermişdi. Qəribə də olsa, qızının yanında olmadığına bir anlıq sevindi. Özündən zəhləsi getdi… Bayaqdan qızınıevdə görmədiyinə görə dünya başına fırlanan adam indi bir siqaretə görə qızının yanında olmamasına sevindi. Bu siqaret  nə
“şirin” zibilmiş… Əlindəki siqaretə baxıb tüpürdü və hələ yarısı qalan siqareti hirslə yerə atdı.
-Sənnən qurtardıq ey, zibil…Bununla da hirsi soyumadı, yerdəki siqareti acıqla tapdaladı, əzib torpağa
qarışdırdı. Birdən bir az əvvəl aldığı təzə siqaret qutusu yadına düşdü. Cibindəki qutunu çıxarıb onu ovcunun içində əzəndən sonra var gücü ilə bacardığı qədər uzağa tulladı. Özündən uzaqlaşdırmaq istəyirdi bu zəhəri, sanki yenidən üstünə qayıdacağından ehtiyat edirdi…
Pillələri yuxarı qalxdıqca qərara gəldi ki, hər bir halda bazarlığını etsin, dostlarına xəbər versin, o vaxta qədər də arvadı ilə qızı harada olsa gəlib çıxar. Evə girən kimi paltarlarını dəyişib güzgünün qarşısına keçib saçlarını daramağa başladı. Yaşına görə saçları çox tez ağarmışdı amma indi saçlarını daraya-daraya onların nədən tez ağardığının səbəbini aydınlaşdıra bilmədi. Üzündə bir qədər tük var idi,  əvvəlcə üzünü qırxmaq istədi, sonra fikirləşdi ki, axşam birdəfəlik həm yuyunar, həm də üzünü qırxar. İstirahət günləri bəzən üzü tüklü gəzməyi xoşlayırdı, ona görə də istirahət və ya bayram günləri gələn kimi “kef edirdi”, üzünə bir neçə günlük istirahət verirdi, yoxsa neçə illərdir hər gün qırxılmaqdan
sifətinin dərisi də bezmişdi. Belə günlərdə hiss edirdi ki, üzünün dərisi də dincəlir. Bazarlığı həmişə tanışı Pərvizin iri marketindən edərdi, yenə də elə həmin mağazaya gəldi. Qiymətlər nisbətən baha olsa da, bir yandan can rahatlığı idi, hər şey əlinin altında olduğu üçün bir də hər dəfə satıcı qızların bir-biriləri ilə söhbət edib qurtarmasını, sonra naz ilə sənə tərəf gəlməyini, sonra da naz ilə sən deyən şeyi verməyini gözləməyə ehtiyacolmurdu. Həm də bütün mallar olduğu üçün daha bir də ərzaqdan sonra meyvə üçün bazara getməyə ehtiyac qalmırdı. Götürdüyü təkərli səbətə baxdı, aldıqlarını bir-bir yoxladı, her şey alınmışdı. İndi evə gedə bilərdi. Yolda bir-bir dostlarına zəng etmək istədi, amma fikirləşdi ki, özü
gedib üzbəsurət desə daha yaxşı olar. Ona görə də maşını birbaşa evə sürdü. Yolda
bir də arvadına zəng etdi, yenə telefon çağırsa da cavab verən olmadı. Qəribə olan
o idi ki, nədənsə daha əvvəlki kimi narahat deyildi, çölə çıxandan sonra içinə bir
rahatlıq dolmuşdu. Hiss edirdi ki, heç nə olmayıb, ağlına gəldi ki, yəqin həyat
yoldaşı səhər tezdən uşağı da özü ilə götürüb hədiyyə almağa gedib. Çünki sonra
başı biş-düşə qarışacağı üçün vaxtı olmayacaqdı. Bircə onu xəbərdar etmədiklərinə
görə hirslənirdi.
“Eybi yox, - öz-özünə fikiləşdi, -  bu gün uşağın ad günüdür, bu gün ona  heç nə
deyən deyiləm, ancaq sabah dərsini verəcəm. Belə də şey olar? Xəbərsiz-ətərsiz...”
Evə çatıb əlindəkiləri elə dəhlizdəcə qoyub tez otaqlara baxdı. Heç kəs yox idi.
Yenə də həyəcanlandı. Özünü nə qədər sakitləşdirməyə çalışsa da, yenə narahatlıq
güc gəlirdi ona, səhər tezdən evdə heç kəsin olmdığını heç cür başa düşə bilmirdi.
Elə ayaqqabılarını geyinib evdən çıxmaq istəyirdi ki, qapı döyüldü. Cəld qapını
açdı, arvadı idi. Tez qadının yan-yörəsinə baxdı, qızı yox idi.
-Uşaq hanı?
-Nə uşaq? – heyrətlə ona baxan qadın içəri girib qapını arxasınca bağladı, onun
 üzünü həyəcan bürüdü, qorxa-qorxa ərinin üzünə baxdı. Bir az sonra nələrin baş
verəcəyini bildiyi üçün özünü əvvəlcədən buna hazırlayırdı.
Aldığı cavab əvvəlcə Arifi çaşdırdı, düşündü ki, arvadı çaşdığından belə deyib, ona
görə də təkrar soruşdu:
-Hanı uşaq? Yenə anangildə qoyub gəlmisən? Heç olmasa bu gün orada
qoymayaydın, uşağın ad günüdür axı…
 Qadının rəngi tamam ağarmışdı, nə edəcəyini bilmirdi. Bilmirdi ki, deyəcəyi sözü
necə desin ki, ərinin ürəyi buna dözə bilsin, yenə də isterika qaldırmasın, dəliliyi
tutmasın. Hələ də münasib bir söz tapa bilmirdi. Amma bilirdi ki, tezliklə bir söz
tapıb deməlidir, onu sakitləşdirmək üçün nəsə etməlidir.
-Bunlar nədir? - deyib araya söz salmağı düşündü.
-Necə yəni nədir? Bu gün uşağın ad günüdür də, onun bazarlığıdır. Sən də
səhərdən hazırlıqla məşğul olmağın əvəzinə Allah bilir haralarda idin.
-Qonaq da çağırmısan?
-Yox, elə indi getmək istəyirdim.
-Yaxşı ki, heç kimə deməmisən. Gəl otur, sənə bir söz deyəcəm.
-Nə söz?
-Çağırma heç kəsi, canım, ad günü olmayacaq.
Eşitdiyi soz əvvəlcə ona çatmadı, mənasını da başa düşə bilmədi. Bir anlıq susub
arvadının üzünə baxdı. Onun gozlərində qorxu, həyəcan, təlaş görürdü amma bütün
bunların mənasını heç cür başa düşə bilmirdi. Nəyə görə olmamalıydı ki, uşağın ad
günü? Düzdür, yoldaşı tez-tez uşağı anasıgildə qoyurdu, amma ad günündə də
yox ki…
- Bu nə deməkdir ki, olmayacaq ad günü? Niyə olmayacaq?
-Bura bax, əzizim, gəl əvvəlcə keçək oturaq otaqda, sonra hər şeyi başa salaram.
-Sən mənim ürəyimi partlatmaq istəyirsən, de görək nə olub? Uşağa bir şey olubsa,
tez de, ürəyimi partlatma.
-Uşağa heç nə olmayıb, sadəcə, gəl otur, deyəcəm.
Onun ürəyi bir qədər toxtadı. Rahatca nəfəs alıb otağa keçdi. Divanda oturdu.
Arvadı da gəlib onun yanında oturdu. Əllərini ovuşdurmağa başladı.
-Sən bir az özünü toxtat, canim, belə olmaz axı... Keçən dəfəkindən güclə
qurtarmışıq.
-Nə keçən dəfəki?...
-Arif, əzizim, axı sən söz vermişdin ki, güclü olacaqsan, barışacaqsan, bir də bu
söhbətlərə qayıtmayacaqsan.
-Nə söhbətə? Dava salıram bəyəm? Qızımın yerini soruşuram da… Hardadır
uşaq, cavab ver…
Onun səsi otağı başına aldı. Qəfil qışqırıqdan arvadı diksindi.
-Bəsdir də, bizi də məhv elədin, özünü də… Daha sənin bu oyunlarına, tənələrinə
dözə bilmirəm. Bidəfəlik başa düş ki, yoxdur  sənin qızın, olmayıb və heç vaxt da
olmayacaq…
Arvadı bunu deyib bərkdən hıçqırdı, əlləri ilə üzünü tutub ağlamağa başladı. O,
eşitdiklərini başa düşə bilmirdi. Necə yəni qızı yoxdur, olmayıb və olmayacaq
da… Deyəsən arvadının başına hava gəlib, ya da onu qara basır. Necə olmayacaq
ki, elə dünən qızı ilə oynayırdı, onun üçün hədiyyə almışdı, ona nağıl danışıb
yatırtmışdı…
Heç nə deyə bilməyib anlaqsız baxışlarıyla hələ də üzünü tutub ağlayan arvadına
baxırdı. Heç nə başa düşmürdü… Birdən qalxıb qızının yataq otağına keçdi,
divara baxdı, oradan qızının şəkli asılmalı idi amma yox idi… Bir an yerində
donub qaldı. Sonra yadına düşdü ki, yataq otağındakı tumbanın üstündə da qızının
şəkli olmalıdır. Yataq otağına da keçdi, orada da şəkil yox idi… Tez otağa qayıdıb
hələ də ağlamağa davam edən arvadının qarşısında durdu, əlini üzündən ayırıb
qadının gözlərinin içinə baxdı:
-Sən məni partladıb öldürmək istəyirsən? Hanı qızım, neyləmisən onun şəkillərini?
Qadın cavab verə bilmədiyindən onun üzünə baxdı, gözlərindən sakit-sakit yaş
axırdı…
-Arif, əzizim, daha barışmalısan bunlarla, axı gör neçə il keçib üstündən. Hər ildə
bir dəfə bu oyunu açırsan başımıza, bizə də zülm edirsən, özünə də…
Əvvəlcə eşitdiyi bu sözü tam olaraq anlamadı. Bir anlıq duruxdu, nə edəcəyini
bilmədi. Eşitdiyi bu dəhşətli sözü anlamağa çalışdı, amma nə qədər etsə də, bacara
bilmədi.
Yazıq-yazıq göz yaşlarında boğulan qadının üzünə baxırdı. Deyilən  söz o qədər
ciddi idi ki, bunun zarafatla deyilməsini də ağlına sığışdıra bilmirdi, çünki belə
sözü zarafatla deməzlər. Ciddi də qəbul edə bilmirdi, çünki bunu qəbul etmək
mümkün deyildi.
Necə yəni qızı yoxdur? Necə ola bilər ki, onun qızı olmasın? Axı var... Axı üç ildir
ki, qızını sevir, onu həyatının mənası bilir. O dünyaya gələndə az qala bütün şəhərə
qonaqlıq vermişdi, hələ onun üzünü görmədən doğum evinin  bütün həkimlərinə,
tibb bacılarına “şirinlik” paylamışdı. Hər il restoranda qızına əsl toy kimi ad
günləri keçirmişdi, bütün dostlarını, qohumlarını  ora yığmışdı, toy kimi çalğı ilə,
video ilə, şən klounlarla...
Birdən nə xatırladısa, televizorun altında olan videokasetlərin arasından nəsə
axtarmağa başladı. Qızının ad gününün kasetləri burada olmalı idi. Bir-bir kasetləri
əlinə alıb baxmağa başladı. Amma həmin kasetlərin içindən  axtardığını tapa
bilmirdi, əlinə keçən kasetləri hirslə yerə atırdı... Axtardığını tapa bilmədiyindən
hirslə geri çevrildi... Arvadı hələ də çaşqın baxışlarla ona baxırdı. İstədi arvadından
qızının ad günü kasetlərinin harada olduğunu soruşsun, amma soruşmağa cürət
etmədi, bayaq eşitdiyi sözü bir də eşidəcəyindən qorxdu.
Otaqda var-gəl edirdi. Az qalırdı ki, ürəyi hirsdən yerindən qopsun. Arvadına
yaxınlaşıb onun qarşısında dayandı, yalvarış dolu baxşlarını arvadının gözlərinə
dikdi. Arvadı bu gözlərdəki yazıqlığa, yalvarışlara baxa bilməyib baxışını qaçırdı,
titrək barmaqları ilə onun üzündən tutub özünə tərəf çevirdi. Bir qədər beləcə ona
baxdı... Arvadı onun bu halını görüb sakit-sakit ağlayırdı, gözlərindən axan yaş isə
yanağı ilə sakitcə süzülürdü. Onun bu halını görmək ona da əzab verirdi.
-Canım, əgər o gün sənin xətrinə dəydiyimə görə mənimlə bu oyunu oynayırsansa,
belə eləmə, qurbanın olum, bir az da keçsə ürəyim partlayacaq, üzr istəyirəm
səndən, qarşında diz çöküb - bunu deyib dizlərini yerə qoydu - yalvarıram, bağışla
məni, ancaq demə ki, qızım yoxdur mənim. Gətir qızımı evə, axı sən bilirsən ki,
mən onsuz yaşaya bilmərəm, yəqin bununla məndən əvəz çıxmaq istəyirsən. Gəl
mənə zülm eləmə, qurtar bu oyunu, yalvarıram sənə...
Arvadı hələ də ona heç nə deyə bilmirdi, sadəcə ağlayırdı...
-Niyə susursan? Danış da... Məni öldürmək istəyirsən?..
Arvadı bu səhnəyə dözə bilmirdi, nə edəcəyini, nə deyəcəyini də bilmirdi... Ərinin
bu halı onun da ürəyini üzürdü, amma…
Əli ilə ərinin saçlarını sığallayır, ürəyində ərinə deyəcəyi sözləri ölçüb-biçirdi.
Fikirlərini elə çatdırmaq istəyirdi ki, ərinin vəziyyəti daha da pisləşməsin. Birtəhər
özünü toplayıb ərinin əlindən tutaraq onu ayağa qaldırdı, divanda yanında oturdub
gözlərinə baxdı:
- Arif, sakit ol, qulaq as mənə... Amma sözümü kəsmə... Özünü topla, ancaq mənə
qulaq as... Bizim qızımız yoxdur, heç olmayıb da... Bu hal səndə birinci dəfə
deyil... Gör neçənci dəfədir ki, sən bu hala düşürsən, bir-iki gün belə olursan, sonra
keçib gedir... Özünü ələ al, canım. Bu bizim taleyimizdir, istəsək də, istəməsək də
bununla barışmalıyıq... Barışmalıyıq...
Qadın fikirlərini bitirib hönkürdü. O, isə hələ də eşitdiklərinə inana bilmirdi.
Amma bütün baş verənlərin başqa bir izahını da tapa bilmirdi... Əgər qızı varsa,
hanı qızı və ya arvadı nəyə görə onu dəlilik dərəcəsinə çatdırır? Yox əgər qızı
yoxdursa, bəs onun qızı barədə xatirələri və bu halı nədəndir, haradandır? Ürəyini
didib dağıdan suallara cavab tapa bilmədiyi üçün yenə də dəli kimi arvadına
baxırdı. Amma arvadının sözləri, yanaqlarından axan göz yaşları yavaş-yavaş onu
özünə qaytarırdı, ancaq yenə də eşitdikləri ilə barışa, qızının olmaması  ilə razılaşa
bilmirdi...
Divandan qalxıb pəncərənin qarşısına keçdi. Soyuq külək əsirdi. Payız idi... Yenə
də qızı xəyalında canlandı. Xatırlayırdı, qızı da payızda anadan olmuşdu...Yenə də
onu doğum evindən götürməyini, sevinərək dostlarına zəng vurub qızı olduğunu
deməyini, axşam bütün dostlarını restorana yığıb onlara qonaqlıq verməyini
xatırladı.  Bu xatirələrin hamısının yalan olduğuna inana bilmirdi.  Bu fikirlə üzünü
 arvadına çevirdi:
-Canım, axı bu qədər yalan olmaz... Mən dəli deyiləm axı... Bütün bunları mən
özümdən uydura bilmərəm axı...
-Bəsdir də, özünü də üzürsən, bizi də... Yenə də anan biləcək, yazıq arvadın yenə
də təzyiqi qalxacaq, aləm yenə dəyəcək bir-birinə... Belə də yalan olar? Belə şeylə
zarafat olar?
Bu sözlərdən sonra Arif sanki ayıldı, hər şeyi dərk etdi... Arvadının gözlərindəki
dərdi, nisgili gördü. Hiss etdi ki, o da pis olub, onun bu halı arvadını da sarsıdıb.
Bir anlıq dərk etdiyi bu həqiqətdən ürəyinin şiddətlə çırpındığını hiss etdi. Ona elə
gəldi ki, bu dəqiqə ürəyi ağzından çıxacaq. Bağırmaq istədi, səsi çıxmadı, bu
haldan xilas olmaq üçün əlini var gücü ilə pəncərəyə çırpdı, əli şüşəni sındırıb çölə
çıxdı, geri çəkəndə isə əlini qan apardı. Amma o bunların heç birini hiss etmirdi.
Əlindən su kimi axan qanı nə görürdü, nə də hiss edirdi... 
Onun əlindən axan qan döşəmədə göllənmişdi. Arvadı tez mətbəxə qaçıb dəsmalla
qayıtdı, onun əlini möhkəmcə sarıyıb divana tərəf çəkdi. O, isə key kimi halsız
vəziyyətdə arvadına müqavimət göstərmədən divana yaxınlaşıb oturdu. Gözləri
naməlum bir nöqtəyə baxırdı, amma heç nə görmürdü... Bu dəqiqə onun üçün
dünyada heç nə mövcud deyildi... Hər şey onun üçün əhəmiyyətini itirmişdi. Əgər
bu gün ona həyatının mənası olan qızının heç vaxt həyatda olmadığını deyirlərsə,
onda bu həyatın onun üçün nə mənası qalırdı ki? Düzdür, arvadının bu qədər
ciddiliklə dediyi sözləri boş saya bilməsə də, hələ də ürəyinin dərinliklərində
bunun həqiqət olmadığına, bu işdə nə  isə bir sirr, bir anlaşılmazlıq olduğuna özünü
inandırmaq istəyirdi. Sanki yuxudaydı… Bircə an qızının olmadığına özünü
inandıra bilsəydi, elə həmin an ürəyi  partlayardı...
Arvadının sarıdığı dəsmalı əli ilə tutmuşdu... Arvadının həyəcanla ora-bura
qaçmasını görmür, telefonla təcili yardım çağırmasını da eşitmirdi... İndi beynində
bircə şey vardı... Tezliklə bu haldan qurtarmaq, sakitləşmək, heç kimi görməmək
və eşitməmək...
Həkim gəldi, qoluna baxdı, sarıdı və getdi... O, onların nə dediyini, nə etdiyini də
bilmədi... Ona iynə də vurdular... Bir azdan gözlərinin qapandığını hiss etdi... Göz
qapaqlarını saxlaya bilmədi və gözləri yumuldu...
... Ayılanda dostu Fuadı başının üstündə gördü... Utandığından üzünü divara
çevirdi.
Bir qədər belə uzandı, sonra üzünü dostuna çevirdi... Bir neçə dəqiqə beləcə bir-
birilərinə baxdılar. Sükutu o pozdu:
-Fuad, doğurdan mənim qızım yoxdur?
O, bu sualı sanki sual kimi yox, bir təsəlli kimi verirdi. Sanki ondan bir kömək
gözləyirdi. Fuadın isə indi ona cavab vermək fikri yox idi... Dostu artıq neçənci
dəfə idi ki, onun belə vəziyyəti ilə qarşılaşırdı. Hər dəfə də bir neçə gün yanında
olur, ona təsəlli verir, özünə gələndən sonra isə həyat əvvəlki kimi davam edirdi.
İndi də heç nə demədi, sadəcə onun əllərini əlinin içinə alıb gözlərinə baxdı. Sanki
gözləri ilə hər şeyi demək, dostunu sakitləşdirmək, onu reallığa qaytarmaq
istəyirdi. Əslində isə artıq ona  heç bir söz, təsəlli lazım deyildi. O, artıq hər şeyi
başa düşmüşdü. Sadəcə olaraq batan adam saman çöpündən yapışan kimi, o da
hələ də nə isə ümidverici bir söz eşidəcəyini gözləyirdi. Amma qarşısında oturan
dostunun kədərli baxışları, kənardan durub baxan arvadının nəmli, qızarmış
gözləri onu yavaş-yavaş reallığa qaytarırdı. Hələ tam ayılmamışdı. Bilmirdi bu
aldığı qəfil zərbədən, yoxsa həkimin vurduğu sakitləşdirici iynənin təsirindən idi...
Əlini dostunun əlindən çıxarıb dikələrək oturdu. Dostu hələ də gözlərini çəkmədən
ona baxırdı. Siqaret istədi, Fuad sakitcə cibindən siqaret çıxarıb ona verdi. O,
ayağa durub eyvana tərəf gedib qapıya yaxınlaşdı, heç vaxt evdə siqaret
çəkməmişdi, ona görə də eyvana çıxmaq istəyirdi. Dostu  nə isə narahat
olduğundan onun eyvana çıxmasına mane olmaq üçün qarşısını kəsdi. Arvadı da
narahat baxışlarla ona baxırdı. Qəfildən dostunun və arvadının narahatlığının
səbəbini anladı. Acı-acı gülümsündü:
-Qorxmayın, özümü eyvandan atan deyiləm, mənim axı qızım var, hələ onu
böyütməliyəm...
O, bunu deyən kimi qəhər onu boğdu, əlləri titrədi, əlindəki siqareti əzib yerə atdı,
özünü saxlaya bilməyib hönkürdü:
-Amma siz deyirsiniz ki, mənim qızım yoxdur... Siz deyirsiniz ki, mənim
həyatımın mənası olan qızım yoxdur... Siz deyirsiniz ki, bütün bunlar  yalandır...
 Əlləri ilə üzünü tutub uşaq kimi hönkürürdü. Dostu çaşqınlıqla onu  qucaqlayıb
özünə sıxaraq sakitləşdirməyə çalışırdı, bir gözü isə Arifin arvadında idi. Gəlin isə
yenə də sakit-sakit ağlayır, heç nə edə bilmirdi...
-Fuad, bu qədər xatirə boş yerdən ola bilməz axı... Axı sən özün də qızımın ad
günlərində iştirak etmisən, hədiyyə almısan, qızım sənin aldığın gəlinciyi yatanda
da əlindən buraxmırdı...
 Dostunun səbri çatmadı. Onun çiynindən yapışıb silkələdi:
-Bəsdir, özünü ələ al... Yekə kişisən, ayıl, özünü də, bizi də dəli eləmə... Axı nə
qədər olar bu?..
O, əllərini üzündən götürüb dostuna baxdı... Gözləri ilə yalvararaq sanki dostundan
bir möcüzə gözləyirdi... Amma dostunun gözlərində təlaş və peşmançılıqdan
başqa heç nə görmədi, sanki son ümüdi də qırıldı və yenidən hönkürərək dostuna
sarıldı. Fuad onu möhkəm-möhkəm özünə sıxdı. Artıq onun da gözləri yaşarmışdı.
İki dost sanki indicə yaxınını itirmiş adamlar kimi bir- birinə sarılıb ağlayırdı.
Arvadı isə gördüyü bu səhnədən özünü saxlaya bilməyib hönkürərək qonşu otağa
qaçdı...
Bu vəziyyətdə bir qədər dayanıb ürəklərini boşaltdıqdan sonra Fuad onu yavaş-
yavaş  divana tərəf gətirdi, divanda əyləşdirib yanında oturdu. Daha nəsə deməyə
ehtiyac yox idi. Bilirdi ki, indi dostu üçün ən yaxşı dərman sakitlik, tənhalığa
çəkilib hissləri ilə baş-başa qalmaqdır. Bir qədər də beləcə oturdular. O,  artıq
sakitləşmişdi. Fuad ehmalca onun kürəyinə vurub ayağa qalxdı. Sakitcə otaqdan
çıxıb dəhlizə keçdi. Yazıq gəlin əlləri qoynunda dəhlizdə durmuşdu. Fuad heç nə
demədən ayaqqabılarını geyinib qapını açdı. Çıxanda çevrilib gəlinə baxdı.
-Narahat olma, bacı, sakitləşib. Ona heç nə demə. Qoy tək qalsın. Bir şey lazım
olsa, zəng elə...
Fuadın ardınca qapını bağlayan gəlin otağa gəlib ərinin yanında oturdu. Ona
yaxşnlaşmaq, boynunu qucaqlayıb özünə sıxmaq, onu sakitləşdirmək istəsə də,
ürək etmədi. Eləcə sakitcə yanında oturub ərinə baxdı. O, isə hələ də əlləri ilə
 üzünü tutub sakitcə oturmuşdu. Saniyələr də bu sükutda sanki bir saat kimi keçirdi
arvadı üçün. Elə bir vəziyyət idi ki, deməyə söz də tapılmırdı. Ərinin halına uyğun
nəsə təsəlliverici bir söz tapmaqda aciz idi.
Bayaq şüşənin kəsdiyi əlinə bağladığı sarğının üstü qanla dolmuşdu. Qadın ərinin
yarasının yenidən açılmasından qorxsa da, bir söz deyə bilmədi.  Bir qədər yaxın
oturaraq ərinin kürəyini sığallamağa başladı. Arif əllərini üzündən çəkib ona
baxdı. Arvadı ərinin gözlərində bayaqkı sualları yox, sadəcə xəcalət hissini gördü.
Başa düşdü ki, artıq hər şey ərinin yadına düşüb. Sükutu da özü pozdu...
-Bağışla məni... Əgər bacarsan… bağışla...
O, bu sözü elə sakit, elə yazıq şəkildə dedi ki, qadının ürəyi sancdı onun bu halına.
Hər  şeyi xatırlamışdı...
... Evlənməzdən əvvəl bir dəfə evlərində heç kəs olmayanda nişanlısı onlara qonaq
gəlmişdi. Gəlmişdi ki, evi silib süpürsün, ona xörək bişirsin. Həmin vaxt anası
sanatoriyada idi, o isə evdə tək qalmışdı. Nişanlısı evləri yığışdırdı, xörəyi bişirdi.
Sonra isə yaxalanmaq üçün hamama girdi, çıxanda isə əyninə anasının xalatını
geyinmişdi... Xalat əyninə böyük olduğundan o, nişanlısının sinəsini tam açıq
görürdü. Bu vaxta qədər onu belə yaxından görməmişdi. Divanda yanaşı oturub
televizora baxırdılar. Onun əli nişanlısının kürəyində, boynunda gəzirdi, sonra isə
yavaş-yavaş əli aşağı, onun sinəsinə sürüşdü. Əlləri ilk dəfə onun sinəsinə dəyəndə
bədəninə yayılan hərarətdən boğazı qurudu. Qız da deyəsən ilk dəfə hiss etdiyi bu
təmasdan süstləşmiş, başını onun çiyninə qoyaraq gözlərini yummuşdu. Artıq Arif
televizora deyil, xalatın açıq yaxasından görünən mənzərəyə baxır, əlləri titrəyə-
titrəyə onları sığallayırdı. Bir qədər sonra qızı özünə yaxınlaşdırıb öpməyə
başladı. Artıq qız da bu sığalların və öpüşlərin qarşısında dayana biməyib ona tabe
olmuşdu. O, yavaş-yavaş xalatın düymələrini açıb onu soyundurdu...
Onlar ayılanda isə iş-işdən keçmişdi. Yanaşı uzanmışdılar və heç biri də bir-birinin
üzünə baxa bilmirdi...
Sonradan belə görüşləri artdı. Artıq utanmadan, çəkinmədən tez-tez sevişirdilər.
Günlərin bir günü isə nişanlısının hamilə olduğu ortaya çıxdı... Hər ikisi nə
edəcəklərini bilmirdilər. Bu xəbər ortaya çıxsaydı valideynlərinə nə deyəcəklərini
bilmirdilər. Bu biabırçılığa onların necə reaksiya verəcəkləri məlum deyildi. O,
çıxış yolunu uşağı tələf etməkdə gördü. Amma qız narazı idi, ilk uşağını tələf
 etdirmək, öldürmək istəmirdi... Lakin sonda hər ikisi böyük peşimançılıq hissi ilə
bu işə razılıq verdilər…
Bu hadisədən bir-neçə ay sonra toyları oldu. Çoxdan evli olmalarına baxmayaraq,
övladları olmurdu. İlk uşağın abort edilməsi öz fəsadını göstərmişdi...
İndi o, sakitcə divanda oturaraq bütün bunları kino lenti kimi gözünün qarşısından
keçirdi... O vaxt qızın ağlayaraq buna razı olmamasını, camaatın fikrini deyil,
körpələrinin və özünün gələcəyini fikirləşmək barədə yalvarışlarına məhəl
qoymadığını özünə bağışlaya bilmirdi. Bütün bunları dərk edəndən sonra necə
yaşayacağını fikirləşirdi...
Bir qədər sakitləşsə də, hələ də nəfəsinin çatmadığını, otaqda ürəyinin sixildığını
hiss edirdi.  Yavaşca ayağa qalxıb dəhlizə tərəf getdi. Heç nə demədən
ayaqqabılarını geyindi. Arvadı nə isə demək istədi, o isə əli ilə onun susmasına
işarə etdi. Qapını açıb pilləkənlərlə ağır-ağır həyətə düşdü, maşınına yaxınlaşıb
qapısını açdı, yuxarı baxdı. Arvadı pəncərədən ona baxırdı. Arif arvadına baxıb
acı-acı gülümsündü. Maşına əyləşib mühərriki işə saldı...
.. Maşın  torpaq yola çıxanda dənizin sahilinə çatdığının fərqinə vardı. Maşını düz
ləpədöyəndə saxlayıb düşdü... Soyuq payız küləyi əsirdi... Haradansa sahilə gəlib
düşmüş bir kötüyün üstündə oturdu.
Dənizə baxırdı. Gəncliyindən həmişə bir dərdi olanda sahilə gəlib saatlarla oturub
dənizə, onun dalğalarına baxardı... Dəniz dalğaları ona mistik bir qüvvə kimi
görünürdü. Hər bir dalğanı bir ömürə bənzədirdi... Amma qəribə idi, hər bir dalğa
ömrünün sahildə sona çatacağını bılsə də, böyük sürətlə daim sahilə can atır, sahilə
çırpılıb yox olurdu... Və beləcə hər bir dalğa sanki intihar edirdi.
Fikirləşırdi ki, yəqin dalğaların varlığının mənası da elə budur. İnsan da belədir.
Daim arzularla yaşayır, böyük, uzun arzular ardınca gedir və bu arzular baş
tutduqca, ömrünün sona çatacağını bilsə belə, yenə də arzularından əl çəkmir. Uşaq
olanda tez böyümək istəyir, universitetə daxil olanda tez bitirmək istəyir, uşağı
dünyaya gələndə tez onun da böyüməsini, evlənməsini, nəvəsi olmasını, nəvəsinin
də tez böyüməsini və toyunu görməsini istəyir və bu zaman başa düşmür ki, tez
olmasını istədiyi bu arzuların bir-bir həyata keçməsi onun ömrünün sona
yaxınlaşmasını daha da tezləşməsidir amma bütün bunlara baxmayaraq daim
bunlara doğru, yəni ömrün sonuna doğru can atır, lap bu dalğalar kimi...
-Salamaleykum, ay oğul...
Qəfil gələn səsdən diksindi. Çevrilib baxanda yanında nurani bir kişinin
oturduğunu gördü. Bu kişinin onun yanına necə gəldiyindən, yanında necə
oturduğundan xəbəri olmamışdı. Nə qədər baxsa da, həmin kişini tanıya bilmədi...
Kişi isə ona çox doğma bir adam kimi baxırdı...
-Burda niyə belə tək oturmusan?
-Heç, ay dayı... Evdə ürəyim sıxıldı, gəldim bura...
-Dəniz qırağına gəlməkdə yaxşı etmisən. Dəniz safdır, dəniz təmizdir, dəniz
insanın qəlbini də təmizləyir.
O, bu qocadan gələn nurun, mehribanlığın təsiri altında idi. Artıq bu kişinin
haradan, necə peyda olmasını, onun yanında necə gəlib hiss edilmədən oturmasını
fikirləşmirdi... Bu kişi ilə danışdıqca, ürəyində bir sakitlik yaranmasını hiss
edirdi...
-Hə, bala, dərdli adama oxşayırsan, de görək dərdini... Heç biriniz dərdiniz
olmadan dənizə üz tutmursuz... Sən də de görək hansı dərd səni dartıb buralara
gətirib?
O, nə qədər eləsə də gözünü qocadan çəkə bilmədi, amma ürəyini  bu tanımadığı
qocaya aça bilməzdi... Bu sirri neçə ildir özü ilə arvadından başqa heç kəs bilmirdi,
hətta ən yaxın adamları da... İndi birdən-birə neçə illik sirrini və dərdini bu qocaya
danışmaq istəmirdi. Amma hiss edirdi ki, bu qocada nə varsa, onun bütün
fikirlərinə və beyninə hakim olub. Ona elə gəlirdi ki, kişinin onun ürəyindən
keçənlərdən, hətta dərdindən də xəbəri var, sadəcə olaraq bütün bunları onun öz
dilindən eşitmək istəyir. Sanki kişi onu danışdırmaqla, qəlbini deşən bu dərddən
onu qurtarmaq, dərdini yüngülləşdirmək istəyirdi...
Gözü hələ də uzaqlara, naməlum nöqtəyə zillənmişdi... Baxdığı yerdə axtardığını
tapa bilməyəcəyini dərk etsə də, baxmağa davam edirdi... Elə gözü o nöqtəyə
baxa-baxa danışmağa başladı...
-Dayı, mən elə bir günah eləmişəm ki, bunun cəzasını bu dünyada ömrümün
axırına qədər çəkəcəm. Özüm bir yana, yaxınlarımı da bu dərdlə yükləmişəm. Heç
bilmirəm bundan sonra necə yaşayacağam...
-Başa düşürəm, bala, bəs bu dərd ilə o dünyada neyləyəcəksən?..
-Necə məgər?  Nə o dünyada? O dünyada nə olacaq ki? Öləndən sonar bütün
dərdlərimiz qurtaracaq, canımız da rahat olacaq. Məni ömrüm boyu yaşayacağım
dərd maraqlandırır, öləndən sonra nə olur olsun...
-Elə demə, ay bala, ölümlə dərd qurtarsaydı, nə var idi ki... Əsl dərd öləndən sonra
başlayır. Bu dünyanın dərdləri Qiyamət günü günahlarımıza görə çəkəcəyimiz
bəlaların yanında bir oyuncaq olacaq... Sən məyər Allahın bizi öləndən sonra
dirildəcəyinə, əməllərimizə görə sorğu-sual edəcəyinə inanmırsan?
-Dayı, bu barədə eşitmişəm, amma hələ də dərk edə bilmirəm, həm də əgər bu
dünyada bu cür günahı etmişəmsə, deməli, o dünyada da bunun cəzasını alacam.
Bu da oldu bir dərd...
O, bunu deyib acı-acı gülümsündü.
-Dayı, istəyirdin ki, dərdimi azaldasan, birini də artırdın. İndiyə qədər etdiklərimə
görə arvadımın yanında gözükölgəli olduğumu düşünürdüm, indi isə üstəlik
Axirətdə  Allahın da yanında günahkar olub cəza alacağımı fikirləşəcəyəm. Çox
sağ olun köməyinizə görə... - Son cümləni kinayə ilə dedi.
-Elə demə, ay bala, bəs Allahın Rəhməti və tövbəsi nə üçündür? Allahın tövbə
qapıları həmişə öz qullarının üzünə açıqdır, təki sən səmimiyyətlə tövbə elə...
-Eh, ay dayı, mən eləyəni bilsəydin belə deməzdin... Mən adam öldürmüşəm,
dünyaya göz açmalı olan körpəni özümü biabirçılıqdan qurtarmaq üçün dünyaya
gəlməkdən məhrum etmişəm, özümü də, arvadımı da həmişəlik uşaq üzünə həsrət
qoymuşam. Heç mənim kimisinin də tövbəsi qəbul olunarmı? Heç mənim kimisini
də Allah bağışlayarmı?
-Eh, mənim cahil balam... Gör sən nə etmisən... Amma onu da bil ki, Allah bütün
günahları bağışlayandır, tövbələri qəbul edəndir, quluna qarşı rəhimlidir,
mərhəmətlidir... Allah deyir ki, bir dağ boyda günah da işlətsəniz, amma
ağlayaraq, peşman olaraq o günahlarınızdan tövbə etsəniz, mən sizi bağışlayaram.
Peyğəmbərimiz demişdir ki, əgər nəinki bir adam, hətta yetmiş  peyğəmbər
öldürsəniz də belə, Allaha tam ixlasla, səmimiyyətlə tövbə etsəniz o, sizi
bağışlayacaq, bir şərtlə ki, həmin günahlara bir daha qayıtmayasınız.
-Yox, dayı, mən hər şeydən ümüdimi itirmişəm. Mən buna görə bağışlanmağımı da
istəmirəm. Elə mənim kimisi Cəhənnəmdə yansa yaxşı olar.
-Küfr danışma, bala... Allahdan ümid kəsilməz. Ümidsiz olan bircə İblisdir ki,
insanların da qəlbinə Allahın böyük günahları bağışlamayacağını təlqin etməklə
tövbədən çəkindirib, Cəhənnəmdə özünə yoldaş eləmək istəyir. Sən Cəhənnəm
odunun nə olduğunu bilmirsən, ona görə də indi belə rahat danışırsan o barədə...
Bundan əlavə, sən tövbəni elə, Allahdan bağışlanmağını istə, qalan şeyləri isə
burax Allahın öhdəsinə... Allah böyükdür, Allahın hər şeyə qüdrəti çatır, bir də
gördün yenə uşağın oldu...
Qoca danışdıqca o, key kimi ona baxır, onun sözləri bir məlhəm kimi ürəyinə
axırdı. Sanki bu kişi yerdən gəlməmişdi, onun simasında bir nur var idi...
-Dur, ay bala, özünü bu qədər üzmə, Allaha yönəl, ondan bağışlanmağını dilə, hər
şey düzələcək...
Ayağa durub kişi ilə sağollaşdı. Maşınına tərəf getdi. Maşına oturub yerindən
tərpətdi. Yol boyu hələ də qocanın dediklərinin təsiri altında idi. Ürəyinə qəribə bir
rahatlıq dolmuşdu. Həyəcanın keçməsindənmi, yorğunluqdanmı, ya nədən idisə,
hiss edirdi ki, gözləri yumulur. Belə maşın sürə bilməyəcəyini başa düşüb maşını
yolun kənarına çəkdi. Oturacağı arxaya əyib yerini rahatlayandan sonra gözlərini
yumdu...
 … Evdə, öz yatağında yatmışdı... Üç yaşında olan qızı onun yatağına yaxınlaşıb
əlindən tutub dartmağa başladı...
-Ata, ay ata... dur da... Niyə belə gec durursan?! Dur da... bu gün mənim ad
günümdür axı... dur da... dur…


Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər