Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Sentyabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Ən çox oxunanlar
Sorğu

“Pivə dəsgahı” barının törətdiyi bəlalar - (novella)

Baxılıb: 3102     Tarix: 25-08-2022 20:21   


Ağalar İDRİSOĞLU


Xəzərin sahilindəki Xəzri fəhlə şəhəri bir vaxtlar, Sovetlərin dövründə gur-gur
guruldasa da, burada demək olar işsiz adam olmasa da indi bütün məmləkətdə
olduğu kimi bu şəhərdə də vəziyyət heç də yaxşı deyildi. Adamların çoxu işsiz idi.

İşi olanların da əmək haqqı elə də yüksək deyildi. Onlar aldıqları pulla öz ailələrini
zorla dolandırırdılar. Bir qrup möhtəkirlər şəhəri zəbt eləyib, onun ticarətini, pul
gətirən işləri bütövlükdə ələ almışdılar. Haradasa balaca bir köşk qoyub, kiçik
bizneslə məşğul olmaq istəyənlərə də memarlıq idarəsində elə qiymət oxuyurdular
ki, adamın əli üzündə qalırdı. Əgər zorla gətirib bir kiçik köşk qoysaydın, həmin
dəqiqə şəhərsalmanın, memarlığın nümayəndələri polisin işçilərilə başının üstünü
elə kəsdirirdilər ki, elə bil Vətən xainisən. Köşkü götürməsəydin, elə həmin dəqiqə
səni “qol-qıç” eləyib maşına basır, Polis idarəsinə aparır, köşkü də sındırırdılar, ya
da zəbt eləyib, Polis şöbəsinin həyətinə aparırdılar... Bu şəhərdə həyasızlıq o
dərəcəyə çatmışdı ki, hətta şəhid ailələrinə, qazilərə belə heç bir şərait
yaratmırdılar. Bax, beləcə bu şəhər rəhbərlərinin qoyduğu qanunlara görə onun
insanları elə bil məhkum həyatı yaşayırdılar...
Cavanların çoxu işsiz qaldıqlarından vaxtlarını öldürmək üçün, atalarına-analarına
xahiş-minnət eləyib, onların pensiyalarından beş-üç manat alıb,barlara,
yeməkxanalara üz tuturdular. Orada bir-iki bakal pivə və bir iki ədəd kilkə balığı
alıb, özləri üçün laqqırtı vururdular. Beləcə onlar özlərinin cavan ömrünü yandırır
və külünü göyə sovururdular. Beləliklə, bu şəhər kimlərinsə düşünülmüş
məqsədlərilə günü-gündən alkaşlar, narkomanlar şəhərinə çevrilirdi...
Bu şəhərdəki “Pivə dəsgahı” barının işləri daha “xod” gedirdi. Bu bar şəhər
rəhbərliyinin və hətta ondan yuxarıların olduğundan burada pivə, balıq, araq və
bütün yeməklər daha ucuz idi. Çünki onlar dövlətə vergi vermirdilər və onlara
dəyib-dolaşan da yox idi. Bu bar alman əsirləri tərəfindən köhnə tikili olan dörd
mərtəbəli binanın birinci mərtəbəsində yerləşirdi. Bina çox hündür olduğundan, bu
birinci mərtəbə də çox hündür idi. Bura çox yaxşı maya buraxılmış və zövqlə
düzəlmişdi. Bütün divarlar taxta ilə nəfis şəkildə fiqurlarla işlənmişdi. Tavan isə
bər-bəzəkli güzgü idi. İşıqlar elə də çox gur deyildi. Həm ucuzluğuna və həm də
yaxşı təmirinə görə bura adamlar daha çox gəlirdi. Bu bar gecə saat ikiyə-üçə kimi
işləyirdi. Hər gün də sərxoş adamlar binanın həyətində bir-biri ilə dalaşır və çox
biədəb söyüşlər söyürdülər. Binanın sakinlərinin şikayət etmədiyi yer qalmamışdı,
amma “Pivə dəsgahı” barının rəhbrliyinə gözün üstündə qaşın var deyən yox idi.
Axı bütün şikayət məktubları elə bu barın yiyəsinə gəlirdi. Hətta ən yüksək dairəli
yerlərə göndərilən məktublar da...
... Şamil də axırıncı son iki ildə bu bara dadanmışdı. O, işdən çıxandan sonra, evə,
arvadının, uşaqlarının yanına getməkdənsə, bu bara gəlib, iki-üç bakal pivə içir və
üstündən də 150-200 qram araq içib, sərxoş vəziyyətdə evə gedirdi. Şamil ailəsi ilə
kirayədə yaşayırdı. Çünki atasının bir vaxtlar, Sovetlərin dövründə aldığı ev iki
otaqlı idi. Bacısı həyat yoldaşından ayrıldığına görə, bir uşağı ilə atasıgildə qalırdı.
Onun əri də içkiyə meyilli olduğundan bacısı ərindən ayrılmışdı. Bütün bunları
Şamil görsə də hələ də dərk eləyə bilmirdi ki, onun özünün də ailəsinin taleyi artıq
uçurumun qarşısındadır. Boşanma körpüsünün bir addımlığındadır... Bütün bunları
ona atası, anası, həyat yoldaşı, on yeddi yaşlı oğlu Habil və on altı yaşlı qızı Gülçin
desə də onun beyninə batmırdı ki, batmırdı. Həmişə də özünü təmizə çıxarırdı ki,
ağır işdən sonra, orada olan haqsızlığa, əsəb gərginliyinə görə içir. Guya bu yolla
özünü sakitləşdirir...
Ailənin vəziyyəti günü-gündən ağırlaşır, həyat yoldaşı Zərifə və uşaqları çörək
almağa belə pul tapa bilmirdilər. Çünki Şamil hər gün cibində olan-qalan pulu
barda pivəyə, kilkə balığa, arağa və siqaretə xərcləyirdi. Şamilin atası Zəfərin,
anası Pərinin pensiyaları güclə özlərinin yeməyinə, dərmanlarına çatırdı. Onlar
uzun illər müəllim işləsələr də cüzi pensiya alırdılar. Adi bir polis işçisi onlardan
iki-üç qat artıq pensiya alırdı. Ona görə də Zəfər müəllim tez-tez əsəbi deyirdi:
“Dağılsın belə ölkəni. Qırx beş il müəllim, onun iyirmi ilini məktəb direktoru
işləməkdənsə, gedib adi polis işçisi olardım, mən də yaxşı, firavan yaşayardım. Bir
ölkədə ki, müəllimin əməyinə adını, soyadını düzgün yaza bilməyən polis
serjantının əməyindən az qiymət verilirsə, daha mən nə deyə bilərəm. Dağılsın belə
ölkəni, necə ki, dağılır”...
Adını, soyadını sözlərini deyəndən sonra Zəfər müəllim fikirləşirdi ki, axı o da
bircə oğluna lazım olan kimi elm öyrədə bilməyib. Savad verə bilməyib. Elə onun
öz oğlu Şamil də adını, soyadını və tərcümeyi-halını yazanda çoxlu səhv buraxır.
Müəllim, məktəb direktoru işlədiyi qırx beş ildə minlərlə savadlı şagirdlər
yetişdirən Zəfər müəllim, Pəri müəllimə vaxt ayırıb, öz oğlanlarının tərbiyəsi,
savadı ilə lazım olan kimi məşğul ola bilməmişdilər. Şamil özü kimi savadsız,
avara uşaqlara qoşulub, 16-17 yaşından siqaret çəkməyə və sonra da spirtli ikçiyə
qurşanmışdı. Daha doğrusu, həmin uşaqlar Şamili şirnikləndirib, atasından,
anasından aldığı pulla onları demək olar ki, hər gün qonaq eləmişdi. Zəfər müəllim
də məktəb direktoru kimi hər dəfə iclaslarda, tədbirlərdə çıxış edəndə odlu-alovlu
deyirdi: “Uşaqlar ağ kətan parçadır. Bu ağ kətan parçanın üzərində şəkili
valideynlər və müəllimlər çəkir. Şəkilin keyfiyyətli, keyfiyyətsiz olması da yalnız
və yalnız valideynlərdən və müəllimlərdən asılıdır. Gəlin, həmin şəkili kamil çəkək
ki, sonra peşman olmayaq”. Deməli, direktor kimi iyirmi ildə başı məktəbin
işlərinə qarışdığından, bircə oğul balası da yadından çıxmışdı Zəfər müəllimin.
Beləliklə, o və həyat yoldaşı çox keyfiyyətsiz rəsm əsəri çəkmişdilər. Bax, buna
görə Zəfər müəllim özünü bağışlaya bilmirdi... Bu da onun əsəblərinə təsir edirdi.
Əvvəllər çox gümrah olan yetmiş yaşlı Zəfər müəllim artıq şəkər xəstəliyi və
yüksək təzyiq tapmışdı. O, bir şeyə təskinlik tapırdı ki, qızı Zəmilə çox savadlı və
tərbiyəlidir. O, qırx yaşında artıq riyaziyyat elmləri doktoru olmuşdu. İş yerində də
onun gələcəyinə böyük ümidlə baxırdılar.
Nəvələrinin ac qaldığını görən Şamilin valideyinləri məcbur olub, öz
boğazlarından kəsib, onun ailəsinə də köməklik eləyir və hətta onların kirayə
pulunu da verirdilər. Şamil artıq içki, siqaret aludəçisi olduğundan, çox vaxt işə
gedə bilmirdi. İşə gedəndə də “paxmel” olduğundan və iş yoldaşları ilə tez-tez yola
getmədiyindən, dalaşdığından onu işlədiyi yerlərdən çıxarırdılar. O, bu iki ildə
artıq üç iş yeri dəyişmişdi. Ağzına spirtli içki dəyən kimi Şamil dalaşmaq,
kiminləsə söz güləşdirmək istəyirdi. Ona görə də hər gün evə paltarı cırılmış, üzü-
gözü qaralmış vəziyyətdə gəlirdi. Bütün qohumlar cəhd eləsə də onu heç cürə
spirtli içkidən çəkindirə bilmirdilər. Buna görə də bütün ailə çox gərgin bir
vəziyyətdə yaşayırdı. Hətta bir neçə dəfə sərxoş olduğuna və dalaşdığına görə
Şamili Narkoloji Dispanserə aparsalar da, orada bir neçə gün saxlasalar da,
atasının xahiş-minnətilə oradan buraxsalar da o, bu əməlindən heç cürə çəkinmirdi
və əl çəkmirdi...
Ümumiyyətlə, son on beş-iyirmi ildə bu məmləkətdə spirtli və enerjili içkilər,
siqaretlər, hətta narkotik vasitələr də dolayısı yollarla daha çox təbliğ olunurdu.
Hamısının da qiyməti günü-gündən çox ucuzlaşırdı. Elə bil yuxarıdan hansısa
güclü bir əl çox istəyirdi ki, millət belə şeylərə daha çox meyilli olsun. Yəqin bu da
ona görə idi ki, dumanlı beyinləri idarə etmək daha asan idi. Axı insanların beyni
yaxşı işləsə, narkomaniyaya, spirtli və enerji içkilərə meyilli olmasalar belə ağır
güzərana görə meydanlara çıxıb, haqqını tələb eləyə bilərdilər. Ona görə də son
iyirmi ildə bu məmləkətdə boşanma, intihar sayı daha da çoxalmışdı...
Təkcə bu məmləkətdəmi? Yox, bütün dünyada elə bil hansısa güclü əllər insanları
narkomaniyaya, spirtli, enerji içkilərə, siqaretə daha çox təhrik eləyirdilər.
Kimlərinsə güclü əlləri, dərin düşüncələrilə bütün bunlar artıq əsrin bəlasına
çevrilmişdi. Dünya xalqları bütün bu bəlalardan böyük əzab-əziyyət çəkirdi.
İnsanları bu yollarla qırmaq, Yer kürəsində adamların sayını bu yollarla azaltmaq
istəyirdilər... Bu, süni yaradılan xəstəliklərdən daha böyük və güclü silah idi.
Əsrin ən böyük bəlası, faciəsi sayılırdı...
Əvvəllər çox yaraşıqlı, yaxşı idmançı oğlan olan Şamili spirtli içkilər, siqaret qurd
kimi içəridən yeyirdi. O, bir dəri, bir sümük qalmışdı. Sifətinə baxan kimi onun
sipirtli içkiyə və siqaretə meyilli olması aydın görünürdü. Qırx iki yaşı olmasına
baxmayaraq, yaşından qat-qat yaşlı görünürdü. İlk baxışdan ona əlli-əlli beş yaş
vermək olardı. İçki içən kimi də təzyiqi, ürək döyüntüsü vurub kəlləçarxa çıxırdı.
Dərmanlar da ona təsir eləmirdi. Hələ üstəlik spirtli içkidən, siqaretdən zob
xəstəliyi də tapmışdı. O, siqaret çəkəndə tez-tez boğulurdu. Əsəbləri isə çox pis
vəziyyətdə idi. Deyilən hər bir söz onu bir dəqiqdə özündən çıxarırdı... Şamil bu
hərəkətlərilə hər gün ölüm körpüsünə yaxınlaşırdı. Artıq onun bir addımlığında
dayanmışdı.
... Bir gün Şamil yenə də evə sərxoş vəziyyətdə gələndə qapını çox döysə də, heç
kim açmadı. Özü cibindən qapının açarını çıxarıb açmaq istəsə də aça bilmədi.
Qonşularının qapısını döydü. Qonşu Vüqar qapını açdı. Ondan arvadı Zərifənin,
uşaqlarının harada olduğunu soruşdu.Vüqar və arvadı onların harada olduqlarını
bilmədiklərini dedilər. Qonşular da artıq Şamilin hər gün evə sərxoş gəlməsindən
və evdə böyük dava-dalaş saldığından bezmişdilər. Qonşu kişi Vüqar bir neçə dəfə
Şamilin bu hərəkətlərinə görə onunla söhbət eləsə də, amma heç bir xeyri
olmurdu. O, məcbur olub açarı Şamildən alıb, qapılarını açdı. Zərifə və uşaqları
evdə yox idi. Vüqar onu yataq otağına aparıb yerində uzatmaq istəyəndə Şamil
razılaşmadı və elə yerdə, palazın üstündə uzandı...
Səhəri günü Şamil gündüz saat 12 radələrində ayıldı. İçdiyi pivələri saxlaya
bilməyib, o, şalvarını da batırmışdı. Bəlkə də o, elə bu kəskin iydən ayılmışdı.
Əvvəl harada olduğunu dərk eləməyə çalışdı... Sonra yavaş-yavaş başa düşdü ki,
kirayə qaldıqları evdədir. Amma palaz və onun bütün paltarı yaşdır. Ayağa durmaq
istədi, bacarmadı. Sonra elə həmin yaş yerdə oturdu. Kəskin iydən öyüdü. Amma
mədəsində heç nə olmadığına görə qaytara bilmədi. Zərifəni, uşaqlarını çağırdı.
Ona hay verən olmadı. Bir təhər ayağa durdu. Qonşu otağa keçdi. Zərifə və
uşaqları evdə yox idi. Paltarını soyundu. Hamam otağına apardı. Sonra bir təhər
palazı büküb, onu da hamam otağına apardı. Orada olan böyük vannanın içinə
basdı. İy bir qədər azaldı. Amma evdən və bədənindən çox dəhşətli iy gəlirdi. Evin
qapısını, pəncərələrini açdı. Yenidən vanna otağına keçdi. Güzgüdə özünə baxdı.
Gözünün altı da qaralmışdı. Deməli, axşam yenə kiminləsə dalaşmışdı... Amma
yadına sala bilmirdi kiminlə dalaşıb. Üzünü çox çətinliklə qırxdı. Duşun altına
girib çimdi. Başına soyuq su tökdü. Elə bil bir qədər ayıldı. Qurulanandan sonra
idman paltarını geyinib, mətbəxə keçdi. Yemək stolunun üstündə bir yazılı vərəq
gördü. Zərifə yazmışdı. O, höccələyə-höccələyə orada yazılanları oxudu: “ Biz səni
çox yalvar-yaxarla bu yoldan döndərmək istədik. Amma sən istəmədin. Artıq bu on
doqquz ildə biz cana doyduq. Səni spirtli içkidən ayıra bilmədik. Bizi axtarma. Biz
bir daha geri dönməyəcəyik. İndi bundan sonra sən və spirtli içki. Yaşa özünçün”.
Şamil bu sözləri bir neçə dəfə oxudu. Hələ də burada yazılanları dərk eləyə
bilmirdi. Axı o, arvadını, uşaqlarını çox sevirdi. Mobil telefonunu axtardı. Tapa
bilmədi. Tez gedib vannaya atdığı şalvarının ciblərinə baxdı. Orada da yox idi.
Fikirləşdı ki, ya barda qalıb, ya da haradasa cibindən düşüb. Elə bil yavaş-yavaş
ayılır və arvadının, uşaqlarının evdən getdiyini dərk eləməyə başlayırdı. Yazını bir
də oxudu. Kövrəldi. Hönkür-hönkür ağladı. Çünki həyat yoldaşı Zərifə demişdi ki,
içkini atmasan biz tezliklə buradan gedəcəyik. Bir də heç vaxt geri dönməyəcəyik.
Uşaqları da analarının sözlərini təsdiq etmişdi. O, həyat yoldaşını, uşaqlarını çox
sevdiyindən hər dəfə onlara söz verirdi ki, bundan sonra içməyəcək. Amma heç iki
gün keçməmiş yenidən içkili vəziyyətdə evə gəlirdi. O, iradəsiz adam olduğundan,
doğrudan da özü-özü ilə bacarmırdı...
Şamil ayağa durub, yenidən qonşunun qapısını döydü. Vüqar açdı.
-Salam. Axşam mən evə necə gəlib çıxmışam,- deyə Vüqardan soruşdu.
-Bir təhər sürünə-sürünə gəlib çıxmışdın. Qapını aça bilmədin, mən açdım. Səni
yerinə uzatmaq istəsəm də razılaşmayıb, yerdə uzandın. Gecə bir neçə dəfə gəlib
baxmışam. Fikirləşirdim ki, ürəyin dayana bilər. Amma gördüm nəfəs alırsan.
Hətta şalvarını da batırmışdın. O qoxuya görə daha evə girə bilmədim...
-Hə,- deyə Şamil günahkar uşaq kimi başını aşağı dikdi. Mən tam ağ eləmişəm...
Zərifəgil də evdən gediblər...
-Deməyiblər hara gediblər?
-Yox. Kağız yazıb qoyublar ki, daha onları axtarmayım. Kağızı Vüqara göstərdi.
Bu vaxt Vüqarın arvadı Həcər də onlara yaxınlaşdı.
-Elə bunu istəyirdin, ay Şamil? Axı biz sənə nə qədər dedik ki, spirtli içki içmə.
Siqaret çəkmə. Vallah, Vüqar spirtli içki içsə, siqaret çəksə mən bir gün də onunla
yaşamaram. Gör sən neçə ildir ki, spirtli içki içirsən, siqaret çəkirsən. Zərifə dağdı
ki, bu vaxta qədər sənə dözüb.
-Həcər bacı, bir işdi də oldu. Mən telefonumu da bilmirəm harada itirmişəm. Onun
telefonuna zəng vurun görək haradadır.
Həcər Şamilin doluxsunduğunu görüb, ürəyi yumşaldı və Zərifənin telefonuna
zəng vurdu. Zərifənin telefonu sönülü idi.
-Telefonu söndürüb.
-Uşaqların telefonuna zəng vurun,- deyə Şamil yalvarıcı tərzdə Həcərdən xahiş
elədi. Və uşaqların telefon nömrəsini dedi. Onların da telefonu söndürülmüşdü.
-Zərifə deyirdi ki, qohumların, qonşuların yanında biabır olmuşuq. Şamil bizi
məcbur eləyəcək gedib özümüzü dənizə atıb, öldürəcəyik,-deyə Həcər dedi.
Həcərin bu sözləri Şamili daha da qorxutdu. O, heç nə deməyib, yenə də kövrəldi.
Öz evlərinə qayıtdı. Nə isə yemək istədi, amma meyli çəkmədi. Siqaret yandırmaq
istədi, amma siqaretə baxıb, hirsindən siqaret qutusunu əzib, zibil vedrəsinə atdı və
yataq otağına keçib, uşaqlarının balışını qucaqlayıb, hönkür-hönkür ağladı. O, bir
müddət belə uzanılmış vəziyyətdə qaldı. Sonra paltarını dəyişib, “Pivə barı”
dəsgahına getdi. Telefonunun burada qalıb-qalmadığını müəyyənləşdirməkçün.
Orada dedilər ki, burada qalmayıb. Həm də dedilər ki, “axşam heç buradan getmək
istəmirdin. Elə burada yatıb qalmaq istəyirdin. Gecə saat birdə səni buradan güclə
çıxarmışıq”. Onların bu ironiyalı sözlərindən, baxışlarından Şamil onlara heç nə
deməyib bardan çıxdı. İstədi avtobusa minib atasıgilə getsin. Amma baxdı ki,
cibində bir qara qəpik də yoxdur. Piyada onlara getdi. Atası evdə yox idi. Həkimə
getmişdi. Şamilin içki içməsinə görə o, çox əsəb gərginliyi keçirdiyindən,
təzyiqdən və şəkər xəstəliyindən əziyyət çəkirdi. Şamilin spirtli içki içdiyini
eşidən kimi təzyiqi kəllə-çarxa qalxırdı. Anasının da əsəbləri tam pozulmuşdu.
Gecələr rahat yata bilmirdi. Hətta yuxu dərmanı da ona təsir eləmirdi...
Valideynləri bütün bu stresslərini, əsəb gərginliklərini Şamilə dəfələrlə çox kəskin
formada desələr də o, başa düşmək istəmirdi ki, istəmirdi. Bacısı da Şamillə bu
hərəkətinə görə danışmırdı. O, qapının zəngini basdı. Anası açdı. Pəri müəllimə
evdə tək idi. Ona baxdı.
-Gözünün altı niyə qaralıb?
-Bilmirəm.
- Zərifə ilə dalaşıbsız?
-Yox.
-Yəqin axşam kiminləsə dalaşıbsan.
-Bilmirəm.
-İşə niyə getməyibsən?
-Gedə bilmədim...
-Bugün-sabah bu iş yerindən də səni çıxaracaqlar. Atanın daha ağız açmağa adamı
qalmayıb. Buradan da işdən çıxarılandan sonra harada işləyəcəksən? Özün
görürsən ki, iş tapmaq müşkül məsələdir.
-Zərifə, uşaqlar bura gəlməyib?
-Yox. Evdə deyillər?
-Harasa gediblər. Səhər mətbəxdən bu kağızı tapdım, -deyə Şamil kövrəldi və
kağızı anasına verdi.
Anası eynəyini taxıb, kağızı oxudu.
-Sən bunu istəyirdin, buna da nail oldun, ay bədbəxt bala. Gör, neçə ildir o yazıq
qızın, uşaqlarının, bizim başımıza bu oyunu gətirirsən. O qız dağdır ki, sənə
dözür... İndi yaşa bundan sonra görüm necə yaşayırsan?..
... Beləcə Şamil bir ay arvadını, uşaqlarını axtardı. Bütün qohumları gəzdi. Yerini
bilənlər də Zərifənin və uşaqların harada olduğunu ona demədilər. Şamil bu bir
ayda özünü zorlayıb, siqaret çəkmək, araq, pivə içmək istəməsə də özü ilə
bacarmadı. Ayaqları onu “Pivə dəsgahı” barına gətirdi. Düzdür, əvvəlki kimi
içməsə də, amma yenə də içirdi. Hətta bir dəfə Polis idarəsinə gedib arvadının və
uşaqlarının yoxa çıxması ilə bağlı şikayət edəndə Polis idarəsində onların evdən
niyə getdiyini soruşdular. O, məcbur olub həqiqəti dedi. Və Zərifənin yazdığı
kağızı da onlara göstərdi.
-Elə düz eləyib gediblər,-deyə Polis rəisi onun üzünə qabardı. Sənin kimi alkaş
adamla yaşamaq istəmirlərsə düz hərəkət eləyirlər. Əgər onlar səndən şikayət
eləsələr sənin özünü həbs eləyəcəyik. İndi isə çıx get, bir də bura gəlmə.
Şamil daha qorxusundan Polis idarəsinə getmədi. Artıq onu valideynləri də qəbul
etmək istəmirdilər. O, hətta bir neçə dəfə özünə qəsd eləmək istəsə də
bacarmamışdı. Axı can şirin şeydi. Gücünü yalnız ağlamağa verirdi... Zərifədən
və uşaqlarından hələ də xəbər yox idi. O, bilirdi ki, onlar sağdır, amma harada
yaşadıqlarını bilmirdi. Günlərlə Zərifənin qohumlarından onun harada olduğunu
yalvar-yaxarla xahiş etsə də, heç kim onların yerini demirdi...
“Pivə dəsgahı” barının işləri isə daha “xod” gedirdi. Şamilin başına gələn bu
hadisələr, müsibətlər, mübahisələr bara gələn çoxlu adamın ailələrinin də başına
gəlirdi... Boşanan ailələrin sayı isə günü-gündən artırdı... Bu binanın sakinləri isə
şikayət məktubları yazmaqdan usanmırdılar. Amma məktubları cavabsız qalırdı...
...Bir gün çiskinli havada axşam saat bir radələrində iki uşaq “Pivə dəsgahı” barına
yaxınlaşdı. On yeddi yaşlı oğlan ora girdi. Ətrafa baxdı. Hər tərəf siqaret tüstüsü
ilə əhatə olunduğundan uzaqda, küncdə cəmi bir neçə nəfərin oturduğunu çox
çətinliklə gördü. Bunlar da barın işçiləri idi. “Ağır” işdən sonra yeyib-içirdilər.
Ucadan gülüb, zarafatlaşırdılar. Oğlan bayıra çıxdı. On altı yaşlı qızın əlindəki iki
butulkanı ondan alıb, yenidən içəri keçdi. Butulkalardakı mayeləri taxta stolların,
stulların və taxta parketin üstünə töküb, bir anda əlindəki topa kibriti yandırıb, ora
atdı və ildırım sürətilə oradan çıxdı. Oğlan və qız tez-tələsik oradan uzaqlaşdılar...
Bir anın içərisində bardıkı stullar ora tökülən benzindən yanmağa başladılar. Alov
az bir zamanın içərisində barı bürüdü. Quru taxta stollar və taxta divarlar bir
andaca alovlandı. İstinin təsirindən tavandakı şüşə güzgülər partlamağa başladı.
Orada olan adamlar ilk əvvəl nə baş verdiyini anlaya bilmədilər. Amma alovun bir
anda giriş qapısını bürüdüyünü görüb, həmin alovun onlara sarı gəldiyindən
qorxuya düşüb, başılovlu tez arxa qapıdan bayıra çıxdılar və Yanğın söndürmə
idarəsinə zəng vurdular. Yanğın söndürmə idarəsində bu barın kimin olduğunu
yaxşı bildiklərindən, tez maşınları işə saldılar. Məlum oldu ki, maşınlarda su
yoxdur. Tez-tələsik maşınlara su doldurdular...
Yanğın söndürənlər gəlib çatana qədər artıq iş-işdən keçmişdi... Alovun
təsirindən pivə boçkları, araq, çaxır, şampan şüşələri də partlayıb, alovu daha da
şiddətləndirirdilər. Alov artıq binanın ikinci mərtəbəsinə də keçirdi. Sakinlər
təlaşla, qışqırıqla, yataq paltarında evlərindən həyətə qaçmağa başladılar. Yanğın
söndürənlər bir saata güclə yanğını söndürə bilsələr də, amma bardan heç nə
qalmamışdı. “Pivə dəsgahı” barı yanıb kül olmuşdu... İkinci mərtəbənin bəzi
evlərinə keçən alov söndürülsə də orada digər mənzillərə də möhkəm ziyan
dəymişdi...
Həmin gün Xəzri şəhərinin bir neçə yerində barlar, yeməkxanalar yandırılmışdı.
Bu, uşaqların öz atalarının spirtli içki içməsinə, narkotik vasitələrdən istifadə
etməsinə bir etiraz əlaməti idi. Bu xəbərlər ildırım sürətilə məmləkətin
mətbuatında yayımlandı və televizorlarda göstərildi.
Bunu uşaqların cinayəti adlandırmaq olarmı? Mənə elə gəlir ki, yox. Bu, uşaqların
təkcə spirtli içkiyə, narkotik vasitələrə meyilli valideynlərinə deyil, həm də həmin
məmləkətin və dünya ölkələrinin başçılarına narkotik vasitələri, spirtli, enerji
içkiləri və siqaretləri təbliğinə, əsrin bəlasına qarşı böyük etiraz əməli idi...
Həmin yeniyetmələr qərar qəbul eləmişdilər ki, dünyada yaşayan insanlara
müraciət edib, mesajlar göndərib, bütün həmyaşıdlarını bu həlli vacib işə, haqlı
etiraza cəlb etsinlər.


Sumqayıt şəhəri,
10-15 avqust-2022-ci il


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər