Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu

KƏRƏMİN ƏHVALATLARI - Səyavuş SÜLEYMANLI (hekayə )

Baxılıb: 3108     Tarix: 04-08-2022 14:28   

Səyavuş SÜLEYMANLI


“Hər kəsin tüstüsü öz bacasından düz çıxar.”
(Atalar sözü)

Pah atonnan! Ağızdan söz çıxarmaq olmur ki, o dəqiqə sözü yiyəsinə çatdırırlar.
Evdə də tapşırmışam arvad-uşağa: söz ki , var, bir ucu yalandırsa, bir ucu da
doğrudu. Danışanda da eləsini tap ki, dost-tanışı olmasın. Amma neyləyəsən ki,
sözü də içində uzun müddət saxlaya bilmirsən, elə bil ki, kimsə sənin başını
döyəcləyir ki, bu dəqiqə hər
şeyi danışmasan, yoxsa aqibətin yava olacaq və sən də çox çək-çevir edəndən
sonra ürəyini boşaldırsan. Sən demə, yerin də qulağı varmış, atam!
Söz sahibinə çatır və olursan günahkar. Nə qədər and-aman edirsənsə, xeyri olmur.
Bax, onda müdrik atalarımızın sözü yada düşür: “ Soğan yeməyibsən, için niyə
göynəyir?!”
Bütün bunları fikirləşə-fikirləşə yolda həmişə ayağımı düz atıram. Niyə görə?
Ona görə ki, büdrəməyim. Qorxumdan o tərəf-bu tərəfə də boylanmıram.
Deməsinlər ki, gözü dağınıqdır.Qonşularımla da çox mehribanam. Elə götürək
evimizin günbatan tərəfindəki çəki ağız Kərəmi. Gözəl insandır. Halal zəhməti
ilə dolanır. Yayda qış ruzisini yığar, qışın odun tədarükünü edər, mal-qarasının
otunu vaxtında biçər, ot tayasını qoyar, taxıl tədarükünü görər, bir növ heç kəsə
möhtac olmazdı. Nə olsun ki, ağzı çəkinin ağzına oxşayır, görünür, bu da
yaranışdan qismətidir. Kişidə gözəllik axtarmazlar ki...
Kərəmə diqqətlə baxanda adamı uğunmaq tutur. Niyə? Qoy niyəsini deyim sizə:
Kərəmin ağzı, həqiqətən, çəkinin ağzına oxşayır. Amma çox məzəli kişi idi;
qətiyyətli idi; insan adam idi; işin axırına çıxandı; sözü elə deyərdi ki, onun
düzlüyünə inanardın; yəni , danışığında heç şübhə yeri qoymazdı.
Özünün mənə söyləməsiydi. Söz vaxtına çəkər. Elə bu vaxtlar idi. Ağaclar
çiçəklənmişdi. Hər tərəfdə baharın ətri hiss olunurdu. Arılar çiçəklərin üzərinə
qonub özlərinə ruzi toplayır, kəpənəklər uçuşur, quşlar civildəşir, insanlarda həyat
eşqi daha da güclənirdi.
Kərəm ağacları dərmanlamaq üçün ( onun meyvə ağaclarının bəzi iri budaqları
çəpərdən bizim tərəfə sallanmışdı) bizim həyətə girib məndən icazə istədi.
-Ay Qəşəm müəllim, mən hər il bilirsiniz ki, meyvə ağaclarımı çiçək üstündə
dərmanlayıram. Sizə tərəf keçən budaqları da dərmanlayıram ki, xəstəlik o biri
budaqların yarpaqlarına sirayət etməsin. Qaldı ki,
onun barına, sizin tərəfə keçən budaqların meyvələri sizindir, halal xoşunuz
olsun. Qonşuluqdur. Bu dünyadan özümüzlə nə aparacağıq ki?
Dünyanın malı dünyada qalacaq, ay müəllim...
Kərəm işini qurtarana qədər mən çay tədarükü gördüm. Tut ağacının altında
yaşıl otların üstünə kilim saldım, o, işini qurtarandan sonra hərəmiz bir
mütəkkəyə belimizi söykədik. Kərəm pürrəngi çaydan bir qurtum içib əli ilə öz
evinin böyründə olan oğru Yağubun evini göstərdi
-Qəşəm müəllim, bu evin sahibi sizin də, mənim də qonşumuzdur. Bax,
qonşuluqda, müəllim,sizinlə Yağub arasında yerlə göy qədər fərq vardır. Siz
sadə, qayğıkeş, övladlarımızın təhsil almalarında şam kimi yanırsınız. El-oba da
sizi sevir, qonşular da... Amma bu Yağub elə oğru kimi də qalıb; düzəlmir ki,
düzəlmir. Deyirlər ki, qozbeli qəbir düzəldər. Bu Yağubu heç qəbir də düzəldə
bilməz.
Bu əsnada mən dilləndim:
-Oxunu atıb yayını gizlətmə, ay Kərəm kişi.
Kərəm bic-bic gülüb papağını çıxartdı və başını qaşımağa başladı.
Bildim ki, mənə mraqlı əhvalatlarından danışacaq. Odur ki, təkrar dedim:
- Məndən nə isə gizlədirsiz?
-Yox, ay müəllim, əytövbə, sizdən heç nə gizlətmərəm. Bilirsiniz
ki, mən heç kəsə dəyib-dolaşmıram. Mənə dəyib-dolaşana da öz ağlımın gücü ilə
cavab verməyə qüdrətim də, gücüm də çatır. Günlərin bir günü-qışın oğlan
çağında həyətdəki saraya baxarkən odunların əskik olduğunu görüb arvadım
Bikəxanımdan soruşdum ki, bu odunların sırası axı niyə pozulub, bəlkə götürüb ev
üçün yandırmısınız? Arvad da and-aman etdi ki, belə şey omayıb. Sonra bir neçə
dəfə də bu hadisənin şahidi oldum. Axırda səbrim tükəndi. Ev üçün bir neçə
günlük odun tədarük edib dedim ki, daha saraydan odun götürməsinlər.
Şübhələndiyim adam qonşum oğru Yağub idi.Üzünə desəydim də boynuna
götürməyəcəkdi. Odur ki, sıra ilə yığılmış quru odunların üst qatını yerə töküb
hər birində iki-üç deşik açıb, yerinə azca barıt doldurdum, barıtın üstünü də
odun kömürü ilə dodurub yenə də üst sıraya düzdüm. Bikəxanıma da tapşırdım
ki, nəbada-nəbada nişanlanmış odunlardan istifadə etsin ha...Bəli, bir gecə keçdi.
Oğrudan xəbər çıxmadı. İkinci gün gördüm ki, saraydakı nişanladığım odunların
hamısı götürülüb. Çox sevindim. Ancaq oğru hələ məlum deyildi. Gecəni
gözləmək lazımdı. Arvadıma dedim ki, Bikəxanım, kələfin ucu açılıb, bir qədər
səbr eylə. Bu gecə ayıq yat, özün də göz-qulaqda ol. Bir həngamə görəcksən ki,
gəl görəsən...Hansı evdə partlayış səsi eşitsən, bil ki, oğru o evdəndir. Nə başınızı
ağrıdım, ay müəllim, gecə yarısı qonşum oğru Yağubun evindəki partlayışa
ayıldıq. Heç zənnimdə yanılmamışdım. Odunları oğru Yağub aparmışdı. Amma
mən də ona yaxşı dərs verdim. Ömrü boyu yadından çıxarmaz. Necə deyərlər:
”Oğurluq ilə çəngilik qırx gün gedər.”
***
Mən Kərəm kişinin bu əhvalatına xeyli güldüm; bu namuslu kişiyə rəğbətim bir
qədər də artdı.
-Kərəm kişi, belə bir əhvalat da söyləyirlər ki, siz bir dəfə möhkəm xəstələnmisiniz
və dostunuz Həmidi çağırtdırıb ona öz vəsiyyətinizi etmisiniz. Bu, doğrudurmu?
Kərəm kişi bir qədər bığaltı gülümsədi, iri lopa bığlarını barmaqları ilə sığallayıb
sözə başladı.
-Hə, elədir, müəllim. Bilirsiniz, dostluq böyük nemətdir.Hər adam da dost
səviyyəsinə yüksələ bilməz. Gərək bunu öz əməllərinlə doğruldasan. Gərək
dostluqda böyükləşəsən, ümmanlaşasan. Yoxsa ki, bəziləri kimi...Mən dostdan nə
istəyirəm ki..? Qoy dost məni yad eyləsin bir güleyşə nar ilə. O ki qaldı sizin
sualınızın cavabına, bəli, belə bir əhvalat da olub. Ağır xəstə yatırdım. Xəstə
yatanda adamın gözləri həmişə qapıya dikilər və ən çox da dost yolunu gözləyər.
Mən də dostumun yolunu səbirsizliklə gözləyirdim. Amma o, gözə dəymirdi
ki, dəymirdi. Nəhayət, bir gün oğlumun vasitəsiylə onu evimizə gətizdirdim.
Dostum özünü günahkar adamlar kimi aparsa da, bunu üzünə vurmadım. Keçdim
mətləbə.
-Həmid, bu, mənim bir vəsiyyətimdir, gərək bir dost kimi ona əməl edəsən. Çünki
ölüm ayağındayam. Səndən çox razıyam, əsl dostsan, maşallah! Hə, nə deyirsən,
vəsiyyətimi dinləməyə hazırsan?
Həmidin gözləri alaclandı, alnını tər basdı. Xəcalətindən yer aralansaydı, bəlkə də
girərdi yerin tərkinə. Amma özünü itirmədi.
-Bu nə sözdür, ay Kərəm, bizim dostluğumuza şübhəmi edirsən? Mən sənin
sözünü yerə salarammı?
Mən bir az yerimdə nıqqıldayaraq ah-uf etdikdən sonra Həmidin əlindən tutub
dedim:
-Düzdür, Həmid, mənim sözümü yerə salmazsan, çünki 40 il bir yerdə çörək kəsib
dostluq etmişik. Ancaq dünyadır da...ölüb gedəndən sonra hər şey yaddan çıxar.
Qorxuram ki, sən də məni unudasan...
Həmid tez həyəcanla dedi:
-Ay Kərəm, lap içimi-göbəyimi yedim, vallah, bir desənə, nə etməliyəm?
Mən çətin nəfəs ala-ala qolumla özümə dirsək verib Həmidin qulağına pıçıldadım:
- Həmid, əziz dostum, mən öləndən sonra elə ki, torpağa tapşırıldım, iki söyüd
çubuğunun birini baş, digərini isə ayaq tərəfimdə basdırarsan, sonra da yaz gələndə
gəlib qəbrimi tez-tez ziyarət edərsən. Elə ki gördün söyüd çubuqları göyərib, bil
ki, mən cənnətdəyəm, yox, əgər gördün ki, çubuqlar quruyub, bil ki,
cəhənnəmdəyəm. Sonrası öz işindir. Qəbrimi ziyarət etməsən də olar, çünki o vaxt
mənə kömək edə bilməzsən. Əsas məsələ çubuqları göyərtməkdir. Hə, Qəşəm
müəllim, mən sağaldım, ayağa qalxdım, Həmidi də könlümdən birdəfəlik
çıxartdım.
***
Kərəmin əhvalatları bu yaz günündə bütün yorğunluğumu çıxartdı, ovqatımı
yaxşılaşdırdı. Sözün qüdrətinə inandım. Nə olsun ki, Kərəm kişi ali təhsil
almamışdı, ancaq onun sözləri ürəklərə axırdı; qüdrətli idi; doğma idi. Onun
söhbətləri zahirini də gözəlləşdirirdi...

Lənkəran, Liman
24. 05. 2013


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər