Günay Ümid - "Yaxasın aç pəncərənin, Ürəyindən günəş doğsun"
Baxılıb: 479 Tarix: 19-06-2022 23:49

AYB-nin üzvü şair Günay Ümid
Sumqayitfakt.Az Günay Ümidin şeirlərini təqdim edir
Bu sevginin qoynundan
Səbəbsiz sıyrılmışıq.
Bəlkə çoxdan qovuşub,
Lap çoxdan ayrılmışıq.
Ayrılmışıq bəlkədə
Göz yaşları yağandan
Bir addıma bir ömür
məsafələr sığandan...
Məsafələr deyirəm
Sarıb hər yerimizdən
Özümüzü götürüb
Getdik birbirimizdən
İndi qırıq ümidlər,
Bəlkələrlə sevişir
İndi kədər həsrətlə
İntizarla didişir...
İndi dərd yolçusuyuq
Qaranlığı dinləyən...
Bir kederli nəğməyik
Sarı simdə inləyən.
Əyər bacarirsansa
Bu nəğməni bitir, gəl
Əgər bacarırsansa
Dünənimi götur gəl...
16.06.2022
Parçalanmış səssizlik
Bir az da çox yorulmuşam
Taqətimdə batıb qəmə.
Axı sənsizlik içindən
Mən çıxıb gəlmişdim sənə...
Bu gün də bir şey öyrəndim-
Susa bilmirəm şeirdə.
Ayaqlar dura bilməzmiş
Ürək durmadığı yerdə...
Sən gedenden ahəng itib.
Unutmuşam dərd sayını.
Utandırır əsən külək,
Bu üşüyən may ayını
Baxışlarım səhran olub,
Göz yaşımı qurutmuşam.
Səni sevməyi sevəndən,
Unutmağı unutmuşam.
Gecə çəkər çadrasını
Kölgə altda qalar zülüm...
Yerin əlindən buraxıb
Göyə yıxılmaqdı ölüm...
Sabah ağlayarsan məni
Bu gün də, ölə bilmədim
Üstüm başım dərd içində
Bu gündə ölə bilmədim...
23.05.2022
Bir günün nağılı
Cəsarət qorxunun tozunu aldı,
Qaranlıqdan Ümidə
Bir dost əli uzandı,
Yollar məsafədən asılı qaldı...
Şiltaq gülüşlərimin üzünü
Payız gözlərimin yagışı yudu,
Həsrətin kökü qurudu...
Dəniz qoxusunda
Boguldu qəmimiz,
Qəlbimizin divarından
Asıldı ilk rəsmimiz...
Gecə
Gözlərinin mavisində səhərlədim.
Gecə sənlə olan
Şəklimizi əzbərlədim...
"Kaşki"lərimizin sehri
Çaş-baş qoydu fələyi,
Gümüşü saclarında üşüdü
Cənub küləyi...
Barmaqlarının arasında
Kəsildi bir siqarın nəfəsi,
Ardımızca darıxdı
"Mandarin" kafesi.
Şeir də xəbər tutdu
İki qəlb sorağından,
Bir taksi uzaqlaşdı
Bu görüşün bağrindan...
Söküldü qaranlıqlar,
Sevinc doğdu günümə,
Gün aydın, gün işığım!
Sən gəldin ha ömrümə,
Gün aydı, Gün işığım...
Ölmüş şairin kitabı
Bu nimdaş ömür içində
İsinməyə güman saxla.
Ürəyini ürəyimə
Niyyət elə, nəzir bağla.
Ümidlərini götür, gəl,
Zülmətimi nurun boğsun.
Yaxasın aç pəncərənin,
Ürəyindən günəş doğsun.
Nə olsun e gecdir daha,
Şəninə seyr düzəldim.
Sonra keçim öz küncümə,
Vərəqdən şeir düzəldim.
Gəl bəndlərin üstə otur,
İlham küsüb nə zamandır.
Ən altdakı sətri çəkib
Fikri dağıtma, amandır.
Ağ vərəq kəfənim olsun,
Onsuz da deyiləm babın.
Qəlbinə baş daşı elə
Ölmüş şairin kitabın...
23. 04. 2022
Üşüyən öpüş
Bir "can" sözü yaz, göndər,
İsinsin buz varaqda.
Darıxma, üşümərəm
Daha səndən uzaqda.
Belə ayrılıq olmaz,
Qoymusan naçar məni.
Qalın da geyinərəm,
Jaketin qucar məni.
Heç nə də istəmirəm,
Bir gülüş ağla mənə.
Həsrəti ovutmağa
Bir çiyin saxla mənə.
Əlimi üzünə sıx,
Od alsın yanağından.
Çayı şirin etməyə
Öpüş dər dodagından.
Bir "can" sözü yaz, göndər,
İnsafın olsun bir az.
Bəlkə onda havanın
Canı da qızdı bu yaz.
10. 03. 2022.
Kağız ev
Gəl ruhum ağrıyanda
Sarğı et qollarını.
Qucağında açım qoy
Bəxtimin yollarını.
Bilirəm, ikimiz də
Yolsuzluğun içində,
Ayrılığı dadarıq
Qismətsizlik köçündə.
Bu kağız evin altda
Misralar yetim ölsə,
Şeirimi üstünə ört
Mənsizliyin sərt gəlsə.
Gözünü yola söykə
Bir az xəyala dalıb.
Bu nağılın sonuna
Hələ bir addım qalıb.
İkimiz də bilirik,
Qədərdən qaçmaq olmaz.
O qırxıncı otağın
Qapısın açmaq olmaz.
Biraz Məlikməmməd ol,
Şüşəni qır, div ölsün.
Saçlarından asılan
Bəxtimin üzü gülsun.
Bizi bağışlamazlar
Nə ellər, nə obalar,
Nə bütlər, ikonalar,
Nə dinlər, nə dualar...
Yazdığımız hekayə
Bir az uşaq ağlında.
Səni savabtək sevdim
Bu günah nağılında.
26.03.2022
loading...
Ən çox oxunanlar