Xəbər xətti
21-06-2021
20-06-2021
Yazarlar





Rublika
Arxiv
«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Ən çox oxunanlar
Sorğu

Anamın müqəddəs nağılı - Ağalar İDRİSOĞLU

Baxılıb: 3164     Tarix: 11-05-2021 13:20   
Anamın müqəddəs nağılı - Ağalar İDRİSOĞLU
Ağalar İDRİSOĞLU


(Hekayə)

Oğlum, müharibələr dünyanın ən dəhşətli bəlası və Ulu Tanrının lənətlədiyi bəşəri faciədi. Dünya yaranandan bunun qarşısını almaqda Böyük Yaradan özü də acizdi. Bəlkə də bu müharibələrə görə Ulu Tanrı insanları yaratmağa da peşimandı...

Atamın dediyi sözlər

Uşaq yaşlarımda anam mənə çox nağıl danışıb. Lap çox... Onun danışdığı nağılları dəfələrlə eşitsəm də, hər dəfə sakitcə oturub, maraqla qulaq asardım. Çünki anam bu nağılları elə maraqla danışardı ki, elə bil özü də bu nağılların iştirakçısı olmuşdu. Elə bil bu dəhşətli hadisələr onun öz başına gəlmişdi...

Amma bir nağılı danışanda, neyçünsə həmişə ala gözləri dolar, gözəl, ağ siması qaralar və bir müddət harasa uzaqlara baxıb, bu bayatını deyərdi:

Əzizinəm hər aylar,

Hər ulduzlar, hər aylar.

Balası ölmüş analar

“Bala” deyib haraylar...

Sonra da anam mənim balaca, totuq əlimdən tutar, həyətimizin günbatan tərəfindəki qara, böyük daşın yanına gətirərdi. O, bu qara daşa qəmli-qəmli baxıb səssizcə ağlayardı. Mən də anamın ağladığını görəndə, gözlərimin yaşı kipriklərimi isladıb, yanağımdan sinəmə axardı. Əziz adamını itirmiş kimi ağlayardım... Uşaq ağlımla, düşüncəmlə başa düşürdüm ki, bu qara daş nə isə müqəddəs bir daşdı. Və bu qara daşın altında kimsə yatır. Bu, kiminsə, əziz bir adamın qəbridi. Ancaq kimin? Başa düşə bilmirdim...

O nağıl yaddaşıma elə hopmuşdu ki, illər keçəndən sonra anamın söylədiyi nağılların çoxunu unutdum; təkcə o nağıldan başqa. O nağıl mənim həyat yolum, həyat çırağım oldu. O nağıl mənim ali məqsədim, əsas ideyam oldu. O nağıl məni həmişə haqqı müdafıə eləməyə səslədi. Davalara, müharibələrə, günahsız insan qanı tökənlərə nifrət bəsləməyi öyrətdi. İnsanların haqqını müdafiə etmək üçün məni hüquqşünas elədi o nağıl. Haqqa tapınmağı, həmişə haqqın tərəfində olmağı öyrətdi. Bəlkə də elə o nağıl məni yazıçı elədi...

Anam o nağılı belə söyləyirdi:

- Oğul balam, noğul balam, şəkər balam, gül balam. Biri vardı, biri yoxdu. Allahdan savayı yer üzündə çoxlu insanlar vardı. Bu insanların içərisində Məhəmməd adlı bir ata, Sona adlı bir ana və onların da, bax, sənin kimi bapbalaca, sənin kimi totuq-motuq bir oğlu vardı. Adı sənin adın kimi Murad idi. Bu balaca

oğlan murada, muraza çatdırmışdı həm atasını, həm də anasını. Onların sevincləri, arzuları, istəkləri yer, göy qədər idi. Nələr arzu eləmirdilər Muradın atası, anası...

Bu vaxt yerlə göy bir-birinə qovuşdu. Göyün üzünü qara buludlar örtdü. İnsanların oxşamaları, ağıları, yalvarışları, göz yaşları yerdən göyə ucaldı. Bir matəm bürüdü bu məmləkəti, eli, obanı. Dedilər ki, dava başlayıb. Dedilər ki, kişilər torpağı, Vətəni, anaları, uşaqları qorumaqçün gərək davaya getsinlər. Yoxsa yağı düşmən gəlib torpaqlarımızı torba ilə daşıyacaq. Bizi yurd-yuvamızdan didərgin salıb, özü də gəlib burda ağalıq eləyəcək. Yurd-yuvamıza sahib çıxıb deyəcək ki, bu yurd elə əzəldən mənim dədə-babamın olub. Mənim əcdadımın sümükləri var burda. Siz bu yerlərə gəlməsiz. Siz bu yerlərə yadsız... Bütün bunları özündə götür-qoy eləyən Məhəmməd ata da dava paltarını geyinib, əlinə silah götürüb getdi Vətəni, torpağı, arvadını, oğlunu, elini, obasını qorumağa...

Ana tək qaldı. Bircə körpəsilə. Ana tək qaldı öz cavan ömrü, taleyilə. Əynindəki hələ də rəngi solmayan toy paltarı ilə. Bu paltarını çıxarıb qara paltar geyindi ana. Qara yaylıq bağladı. Qara geyindirdi bircə Murad balasını da. Bə nə?... Axı, Vətən dardaydı. Yağı düşmən bu yerlərə can atırdı. Yağı düşmən qana susamışdı. Belə vaxtda ağ, ya da güllü paltar geyinə bilməzdi ana. Belə vaxtda şən mahnı oxuya bilməzdi Sona. Belə vaxtda toylar, çal-çağırlar olmazdı. Allah bağışlamazdı belə işləri. Yoxsa günlərini daha qara gətirərdi bu məmləkətin, bu millətin. Yağı düşmənə daha çox güc-qüvvət verərdi. O da sədləri, bənd-bərəni aşıb bu yerlərə gəlib çıxardı. Buranın torpağını torba ilə daşıyardı. Evlərini söküb, qəbirlərini viranə günə qoyardı. Bunu həmin məmləkətin insanları bildiyindən hamı qara geyinmişdi. Hamı səfərbər olmuşdu. Hamı bir olmuşdu. Hamı kini, küdurəti, vəzifə, nəsil, tayfa davasını bir yana atıb, yumruq kimi birləşmişdi. Qocası da, qarısı da, cavanı da, uşağı da bir şey fikirləşirdi: “Vətən torpağını yadellilərdən təmizləmək. Nəyin bahasına olursa-olsun, yadların, yağıların tapdağında qalmamaq. Köçkünlük, didərginlik ömrü yaşamamaq. Gedib kimlərinsə qoltuğuna sığınmamaq”...

Bu dərd azmış kimi Ulu Yaradan aclıq imtahanına da çəkdi bu məmləkəti, bu milləti. Həmin il çox quraqlıq oldu. Taxıl bitmədi. Çörək olmadı. Təndirlər qalanmadı. Tabaqlar boşaldı...

Acından ananın da qarnı belinə yapışdı. Üç gün qucağındakı oğlu Murad “çörək”, “yemək”,- deyib ağladı, zarıdı... Dördüncü gün dörd yaşındaca gözlərini əbədi yumdu Murad. Yaşamağa heyi, taqəti qalmayan anaya Ulu Tanrı tərəfindən güc, qüvvət gəldi. O, “bala” deyib, qıyya çəkdi, zülüm-zülüm ağladı. Balası gözlərinin qarşısında öldürülən yalquzaq tək haray qopartdı... Sifətində dırnaqları ilə şırımlar, yaralar açdı Sona. Ağ bənizi al qana qərq oldu ananın... Amma balasını geri qaytara bilmədi. Qurtara bilmədi onu ölümün pəncəsindən, bədheybət Əzrayılın əlindən. Bir gün səhərə kimi qucağında balasının meyidi zarıdı, oxşama dedi Sona ana... Səhəri gün qar basmış yeri, torpağı əlləri ilə, barmaqları ilə diddi, qəbir qazdı ana öz balasına...

Oğlunu torpağa tapşıran günü ana özü də sağalmaz dərdə düşdü. Sağalmaz bir xəstəlik tapdı Sona ananı; ürək getmə xəstəliyi... Beləcə qəbrin yanında ürəyi getdi Sona ananın. Onu, ərləri davada olan qadınlar birtəhər evə gətirdilər. Üç gün ölü

kimi yatdı Sona ana. Elə bildilər ölüb. Cavan bir ailəyə belə zülüm verdiyinə, Murad kimi gül balaya, Sona kimi qənirsiz gözələ qıydığına görə yamanladılar Əzrayılı. Əzrayılın cildinə girmiş yağı düşməni də yamanladılar... Dördüncü gün Sona ayıldı. Oğlunu soruşdu. “Ölüb”,- dedilər. İnanmadı ana bu sözə. “Murad hey!.. Ay Murad”, - deyə çağırdı, haray qopardı, ucadan səslədi körpəsini. Murad hay vermədi. Muradın səsi gəlmədi... Murad bir daha görünmədi. Amma Muradın ruhu tez-tez ananın röyalarına gəldi. Ana hövlnak yuxudan ayıldı. Körpəsini yanında görmədi. Yenə də ürəyi getdi. Səsi, qışqırığı, harayı həyət-bacanı götürdü. Səsinə, harayına qonşular tökülüşdü. Əllərini ovuşdurdular, alnına su vurdular. Min cür əzab-əziyyətlə ürək keçməsindən ayıltdılar Sonanı ...

…Həmin ilin baharında dava qurtardı. Yağı düşməni öz evinə qədər qovdu igid əsgərlərimiz. Düşmən məcbur oldu ki, təslim olsun. Məcbur oldu ki, özünün cinayətkar, qəsbkar olduğunu boynuna alsın. Bir daha günahsız qanlar tökməyəcəyinə, anaları, ərləri övladsız qoymayacağına, başqa məmləkətə soxulmayacağına söz verdi düşmən. Bizim igid, rəşadətli əsgərlərdən aman dilədi. Hətta təslim sənədlərinə, daha bundan sonra başqa millətlərin torpaqlarını zəbt eləməyəcəkləri ilə də bağlı sənədlərə imza atdılar...

Bu vaxt Məhəmməd ata sapsağlam, ancaq saçları ağappaq ağarmış vəziyyətdə davadan qayıtdı. Beş ilə elə bil o, otuz il qocalmışdı. Evdə xəstə yatan arvadı Sonanı gördü. Oğlu Muradı soruşdu. “Ölüb”,- dedilər. Muradın həyətin günbatan tərəfindəki qəbrini ona göstərdilər. Oğlunun ölüm xəbəri sarsıtdı onu. Beş illik davada yüzlərlə ölüm, qan-qada, məhrumiyyətlər görən Məhəmməd heç belə sarsılmamışdı... Lakin tez də özünü ələ aldı. Davanın qan-qadası mətinləşdirmiş və bir qədər soyuqqanlı etmişdi onu. O, hardansa böyük, qara daş tapıb, gətirib həmin yerə qoydu.

… Məhəmmədin gəlişilə Sonanın da gözlərinə işıq gəldi. O, kəfənini cırdı. Ayağa durdu. Yaşamağa həvəsi, istəyi artdı. Ürəyində, beynində yeni arzular çiçək açdı...

... Yenidən həyat qaynadı. Qələbə çalmış insanların yaşamağa, qurub-yaratmağa inamı, ümidi artdı. Axı, inam, ümid həyatın sərmayəsidi. Yağı düşmənin uçurub dağıtdığı, tari-mar elədiyi evləri, kəndləri, şəhərləri təmir elədi, yenisini tikdi insanlar. Haqq-ədalət onlar tərəfində olduğundan Ulu Tanrı onlara çox böyük güc-qüvvət, var-dövlət verdi. Atalar, analar dünyaya yeni övladlar gətirdilər. Məhəmməd ata ilə Sona ana da yenidən övlad istəyinə düşdülər. Düz on ildən sonra Böyük Yaradan onlara yenidən bir oğul payı verdi. Bu oğlanın da adını Murad qoydular; ilk Muradın qırılmış həyatını yaşamasıyçün. İlk Muradın çata bilmədiyi muradlara ikinci Muradın çatmasıyçün. Dünyaya gələn Murad da öz gəlişilə unutdurdu Məhəmmədə, Sonaya dörd yaşında dünyasını dəyişən oğul dərdini, oğul itkisini, oğul dağını. Murad onların bütün ümidlərini, istəklərini, arzularını doğrultdu...

... İllər keçdi. Mən anamın nağılları ilə böyüdüm. Və günlərin bir günü bildim ki, anamın danışdığı bu qəmli əhvalat nağıl yox, əsl həqiqət imiş. Bu həqiqət, bu tarixçə başqasının yox, elə mənim öz atamın, anamın və dörd yaşında ikən anamın qucağında dava vaxtı, şaxtalı, qarlı qış günündə acından ölən, indisə mən adını daşıdığım qardaşımın başına gəlib bu faciə, bu qəmli əhvalat...

Mən də atamın, anamın istəyilə iki ali məktəb qurtarmışam. Qardaşımın adından yazıb-yaradıram. Öz adımdan isə beynəlxalq səviyyəli hüquqşünas olmaqla, haqqı müdafiə eləyirəm. Və bu yolda var qüvvəmlə vuruşuram ki, Yer kürəsi qazan kimi qaynamasın, davaların kökü kəsilsin. Qaçqınlar, köçkünlər, didərginlər olmasın. Uşaqlar atasız, anasız, kimsəsiz qalıb acından ölməsinlər. Həmişə sülh, əmin-amanlıq olsun. Heyif ki, hələ də öz istəyimə çata bilmirəm. Çünki Yer kürəsini yenə də nadürüstlər, nakəslər, bədxahlar başına götürüb... İnsanlar ölüm-dirim uğrunda mübarizə aparırlar. Ölümün pəncəsindən qaçıb, yad ellərə sığınırlar… Qaçqınlıq, köçgünlük kimi dəhşətli hadisə insanların ömrünə, həyatına balta çalır…

Bu od püskürən planetimizdə günahsız qanlar axıdan qəsbkarları, cinayətkarları, qaniçənləri gördükdə ucadan bağırmaq, onların yaxasından tutub qışqırmaq, bu vəhşilərə, nadürüstlərə, atasından bixəbərlərə anamın nağılını danışmaq istəyirəm. İstəyirəm ki, onlara deyəm:

- Ey adını insan qoyan vəhşilər, qaniçənlər, qəddarlar, qəsbkarlar, atasından bixəbərlər, insanlıq adına ləkə olanlar! Əzrayılın dəyirmanına su tökənlər! Məgər sizi ana doğmayıb? Məgər siz analarınızın nağıllarını eşitməyibsiz?.. Məgər, haqsızlığa etiraz eləyən analarınızın gözündə yaş görməyibsiz? Axı belə getsə, ərlərini, övladlarını, yaxınlarını itirən anaların göz yaşları gec-tez selə-suya dönəcək. Və bu sellər, sular da Yer kürəsini məhv eləyəcək. Yer kürəsini sel, su basacaq. Anaların göz yaşına görə də Ulu Tanrı sizi qarğıyacaq. Qarğıyacaq ki, niyə siz o göz yaşlarını görmürsüz. Böyük Yaradan tezliklə sizi cəzalandıracaq və Yer kürəsini tar-mar eləyəcək. Axı, zaman-zaman bu Yer planeti bizim kimi adamlarla dolub-boşalıb… Yəqin ki, onlar da bizim kimi davalar, qırğınlar törətdiklərinə görə Ulu Yaradan onları məhv eləyib. Yer planeti selə-suya qərq olub. Sonra elə möcüzələr yaradıb ki, sellər, sular çəkilib. Yeni canlılar yaradıb. Və ümid edib ki, yeni yaratdığı bu adamlar öz sələflərinin bəd, pis əməllərini yəqin ki, davam etdirməzlər. Lakin əfsus... Sədd heyf ki, Böyük Yaradan da zaman-zaman öz inamında yanılıb. Artıq O, indi yenə də bu planeti dağıdıb, yenisini yaratmaq barədə fikirləşir...

Çünki hər gün təbiətdə baş verən fəlakətlər, tufanlar, qasırğalar, sunamilər və qarşısı çox çətinliklə alınan, insanlara bəla gətirən ayrı-ayrı xəstəliklər, artıq bundan xəbər verir... Barı bir anlıq siz də öz analarınızı fıkirləşin, ey Yer kürəsində dəhşətlər yaradan yırtıcılar, insanlıq simasını itirənlər. Yer kürəsindəki insanların sayını tən yarı azaltmaq istəyən vəhşilər...

Bu gözəl planetimizin gələcək taleyini, onun qoynunda böyük arzularla, əməllərlə yaşayan insanları, fidan körpələri, heç olmasa öz övladlarınızın gələcək taleyini düşünün! Düşünün!.. Hələ ki, gec deyil… Onu da bilin ki, müharibələr, bilərəkdən ayrı-ayrı dağıdıcı xəstəliklər yaratmaq vəhşiliyin pik nöqtəsi, insanlığın sonu deməkdi…

Bu sözləri yazandan sonra beynimdən bu fikirlər də keçdi: “Axı, elə bugünkü dünyamız özü də min cürə murdarlıqlarla, əclaflıqlarla, qəddarlıqlarla, dəhşətli faciələrlə dolu bir nağıldı. Bu nağılın gedişinə Ulu Tanrı özü də mat qalıb. Həqiqətən də mat qalıb!..”

Bakı şəhəri
May-iyun, 1972-ci il
Bəzi əlavələr 2010- ci ilin may ayında olub


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər