Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu

İslam reallıqları: İnsanı kamilləşdirmək, mənəviyyat aləmini zənginləşdirmək və faydalı fəaliyyətə istiqamətləndirmək

Baxılıb: 1185     Tarix: 31-05-2021 14:37   
İslam reallıqları: İnsanı kamilləşdirmək, mənəviyyat aləmini zənginləşdirmək və faydalı fəaliyyətə istiqamətləndirmək
Əlisa Zeynallı

Məqsəd: XXI əsr bəşəriyyətin inkişafının keyfiyyətcə yeni mərhələsinin başlanğıcı kimi səciyyələndirilir. Qlobal Dünya Təsərrüfatı Sisteminin yaranması, bilik və informasiya cəmiyyətlərinin formalaşdırılması, intellektual kapitalın inkişaf etdirilməsi, xidmətlərin və elmi nailiyyətlərin aparıcı məhsuldar qüvvəyə çevrilməsi, təbii və iqtisadi ehtiyatlardan səmərəli istifadə etmək, sülh və təhlükəsizliyin təmin edilməsi onun əsas hədəflərinə çevrilir. Göstərilən hədəflərin reallaşdırılması insan resursları, onun biliyi, bacarığı və imkanlarından bilavasitə asılı olur. İnsanın mənəvi və maddi zənginliyinin zəruriliyini şərtləndirən əlamətlər kimi təzahür olunur. Məhz bilik və bacarığın mükəmməlliyi, imkanlardan səmərəli istifadə etmək istək, arzu, niyyət və məqsədin təminatçısına çevrilir. Məqalənin məqsədi göstərilən məsələlərin araşdırılmasından ibarət olmuşdur.

Məsələlərin optimal həllinin zəruriliyini nəzərə alaraq, Allahın köməkliyi ilə, əldə etdiyimiz bilik və bacarığın sərhədləri dairəsində fikirlərimizi dostlarla paylaşmağı məqsədəuyğun saymışıq. Bir neçə məqalədə düşüncə və fikirlərimizi müzakirə obyektinə çevirirəcəyik. İnşallah.

Metodlar: dialektika, müşahidə, düşüncə, mütaliyə, məntiqi təhlil, varislik, islahat, eksperiment, tarixi təkamül, nəzəri dərketmə, tarixi-təcrübi vərdişlərə əsaslanma.

Elmi yeniliyi və əhəmiyyəti: bəşəriyyətin təkamülünün müasir dövründə qlobal dünya birliyinin optimal nizamını təmin edə biləcək mütərəqqi baxışlar və yanaşmalar formalaşdırmaq, müxtəlif millət və xalqların ümumi mənafeyinə uyğun gələn vahid, səmərəli, əlverişli münasibətlər sistemini yaratmaq, hərəkətə gətirmək, insanın mənəviyyat aləmini zənginləşdirmək və maddiyyət aləmi ilə tarazlıq yaratmaq yollarını müəyyənləşdirmək və təklif etməklə səciyyələndirilir. Məqalə göstərilən məsələlərin həllini təmin etmək üçün əhəmiyyətli baxışlar formalaşdıra bilmək xüsusiyyətlərini özündə əks etdirir.

Açar sözlər: mənəviyyat, maddiyat aləmi, İslam mədəniyyəti, İslam elmi, islahat, tərəqqi, insan firavanlığı, mədəni həyat tərzi, şərq-qərb mədəniyyətlərinin sintezi, din və elmin vəhdəti, din və dövlətin vəhdəti.

1) İslam elminin nəzəri müddəalarına dair

Miladi tarixinin 610-cu ilində bəşəriyyət yeni nura boyanmağa başlamışdır. Yeni elm və mədəniyyət, mənəvi kamilləşmə, tərbiyə və əxlaq normalarının, ictimai birgəyaşayış və optimal münasibətlərin toxumları səpmiş, tədricən cücərmiş, gövdə və budaqları yaranmış, bəşəriyyətin bütün üzvlərinin (milliyyəti, etiqadı, sosial təbəqəsi, maddi vəziyyəti, irqi və cinsindən asılı olmayaraq) hamısının firavan yaşamaq nizam-intizamını formalaşdırmağa xidmət göstərmişdir.

Bəşəriyyət özünün yeni islahat mərhələsinə qədəm qoymuşdur. Allahın rizası ilə oxumağı əmr edən və kəlamı tərifləyən ilk Vəhylə “İslama çağırış” Məkkədə Məhəmmədə (s.ə.s.) bildirilmiş, yeni Peyğəmbərlik məktəbi dövrü başlanmış (daha doğrusu bərpa edilmişdir, 124 min peyğəmbərin sonuncusunun dövrü başlanmışdır) və ona Qurani-kərimin mətnləri (surə və ayələri) tədricən bəyan edilmişdir. Odur ki, islahatlar barədə ən mükəmməl təfəkkür məhz İslamın banisi və müsəlmanların ilk rəhbərinə xas olmuşdur. O, bildirmişdir: “Əsilsiz və köksüz düşüncələrə qapılmayın, dünyanızı islah edib irəli aparın, bu zaman hesab edin ki, heç vaxt ölməyəcəksiniz, həm də tələsin və hesab edin ki, sabah öləcəksiz!”

Beləliklə, müasir dövrün insanları bəşəriyyətin təkamülünün nüvəsi sayılan islahatlar barədə iki fərqli yol ayrıcında dayanmışlar: birincisi İslam mədəniyyəti və müsəlman dünyagörüşünə əsaslanır, mayası İlahi vəhyləri və Onun Peyğəmbərinin biliyindən qaynaqlanır və qısa məzmunu yuxarıdakı tezisdən aydın olur.
Bu islahatın məqsədi ayrı-ayrı insanlar, qəbilə və dövlətlər arasındakı münaqişə, talançılıq və işğalçılıq müharibələri, müstəmləkəçilik və istismar, əxlaqsız həyat tərzi, cahillik və savadsızlığa qarşı mübarizə aparmaq, ağıllı, bilikli, məhsuldar, faydalı əmək fəaliyyəti, xeyirli işlərlə məşğulluq, şər əməllərə qarşı mübarizə aparmaq, millət və xalqların sülh, əmin-amanlıq, mehribanlıq və əməkdaşlıq telləri ilə qarşılıqlı münasibətlər yaratmaq, təbii, iqtisadi və əmək ehtiyatlarından səmərəli istifadə etmək, israfçılığa yol verməmək və s. kimi çoxlu rəngarəng və əhəmiyyətli hədəflər ilə səciyyələndirilir.

İbrahim peyğəmbərin zamanından təxminən 2600 il sonra baş verən bu obyektiv islahatın əsas məqsədi təkallahlılıq etiqadının möhkəmləndirilməsi, Musa peyğəmbərə (s.ə.s.) və İsa peyğəmbərə (s.ə.s.) bildirilmiş Tövrat və İncilin təhrif olunmuş mətnlərini Qurani-kərim vasitəsilə mükəmməlləşdirib İlahi iradəsini (nəsihətlərini, nemətlərini) Yer üzündə yaşayan insanlara olduğu kimi çatdırmaqdan ibarət olmuşdur.

Göstərmək yerinə düşərdi ki, məhz təkallahlılıq təfəkkürü cəmiyyətin sosial-iqtisadi məsələlərinin təşkili və idarə edilməsində demokratik mərkəziyyət prinsipinin formalaşmasının səbəbinə çevrilmiş, səmərəli yanaşma forması sayılmışdır.

Müasir dövrün insanlarının təfəkküründə ikinci islahat forması Qərbin insanlarının düşüncəsi, təcrübəsi və həyat tərzindən irəli gəlir. Mənəviyyat sahəsində dinsizlik, imansızlıq, istismar, imperiya xülyalarına qapılmaq, əxlaqsızlıq, insana nifrət, təkəbbürlük, yalan və ikiüzlülük, şər əməllərə aludəlik və s. yaramaz əlamətlərin üstünlük təşkil etməsi ilə səciyyələndirilir. Sosial-iqtisadi münasibətlər sferalarında isə: biznesə aludəlik, əsasını hərc-mərclik və mübarizə təşkil edən rəqabətli iqtisadi münasibətlər, ədalətsiz bölgü, cosial təbəqələşmə, dünya malına hərislik, təbii ehtiyatlara vəhşicəsinə münasibət bəsləmək, əmək ehtiyatlarından qeyr-səmərəli istifadə etmək, özlərinin mənafelərini cəmiyyətin və onun aşağı təbəqəsinin mənafelərindən üstün tutmaq, varlanmaq üçün hər cür alçaqlıq və şər əməllərdən istifadə etmək (müharibələr, terror əməlləri törətmək və qızışdırmaq, silah istehsalı və satışı, natkotik məhsulla və spirtli içkilər, geni dəyişdirilmiş məhsulların istehsalı, əhali üçün zərərli texnologiyaların, tibbi preparatların yaradılması, süni xəstəliklərin törədilməsi və s.) yolu ilə ehtiyacdan hədsiz səviyyədə artıq sərvət toplamaq, harın və əxlaqsız həyat tərzi keçirmək və s. ilə xarakterizə etmək mümkündür.

Bütün bunların nəticəsidir ki, 300 nəfərə yaxın multi milyarderlər müasir dünyada, yəni bəşəriyyətdə mövcud olan 7,8 milyard nəfər insanların müxtəlif üsullar ilə qırılması və 500 milyon nəfərə endirilməsi, təxminən 2 min il əvvəllərdə mövcud olmuş quldarlıq cəmiyyətinə qayıtmaq, ağa-qul münasibətlərini bərpa etmək eşqinə düşmüşlər, dünyaya rəhbərlik (ağalıq) etmələri üçün özlərinin yeni dünya nizamını təklif edirlər və təhlükəli tədbirlər həyata keçirirlər. Bir soruşan da yoxdur ki, bunları kim və nəyə görə dünyaya rəhbərlik etmək funksiya və vəzifələri ilə silahlandırmışdır?

Qurani-kərimi oxuyan diqqətli və savadlı oxucu asanlıqla dərk edir ki, bu mənbə nur çeşməsidir. Bu çeşmədən qidalanan müsəlman mədəniyyəti elm dəryasıdır, insanların mənəviyyatını paklaşdıran, zənginləşdirən və kamillik zirvəsinə ucaldan İlahi töhfələridir, maddi və mənəvi nemətlər bolluğu yaratmağa, firavan həyat tərzi formalaşdırmağa xidmət edir, sevgi, sülh, insana məhəbbət, mehribanlıq, dostluq, qardaşlıq, əməkdaşlıq onun əsas prinsipləridir, haqq və ədalətin rəhbərliyi altında fəaliyyət göstərirlər, sağlam ruh və mükəmməl düşüncə, bilik və bacarıq, məhsuldar və faydalı əməyin vasitəçiliyi ilə.

“Quran” anlayışının mahiyyəti qurmaq, yaratmaq əməlləri ilə səciyyələndirilir. Hər hansı bir yaradıcılıq aktinın əsasını isə bilik, bacarıq təşkil edir və onun da bünövrəsi oxumaq, öyrənmək səyləri ilə xarakterizə edilir. Beləliklə, Qurani-kərimin daxili mahiyyəti elə oxumaq, oxuyub öyrənmək kimi dərk olunur. Deməli, bu müqəddəs kitab elm dəryasıdır, mədəniyyətin formalaşdırılması çeşməsidir, insanların mənəviyyat aləmini nurlandıran, maddiyyat aləmini zənginləşdirən, firavan həyat tərzi formalaşdıran, kamilləşdirən ideyalar toplusudur, cəmiyyətin sosial-iqtisadi inkişafı, onun fərdlərinin intellektual inkişafının (ağıl, idrak, zehni inkişaf səviyyəsinin) təməl prinsiplərini müəyyənləşdirməyin, daxili və xarici imkanlarının hərəkətə gətirilməsinin təkanverici qüvvəsidir. Onun formalaşdırdığı İslam mədəniyyəti və müsəlman cəmiyyəti milli, qrup məfkurələrindən kənardır, ictimai və ümumbəşəri keyfiyyət əlamətlərini formalaşdırmağa xidmət göstərir.

İslam müqəddəs, İlahi din formasıdır, Allahı və onun peyğəmbərlərini qəbul edənlərin, vahid səmərəli, optimal nizam-intizama əməl etməyi ağılla dərk edənlərin etiqad formasıdır. Müsəlman isə təkəbbürlük və milli eqaizmdən kənar olan, həyat tərzinin mayası ictimai birgəyaşayış qanun və qaydaları ilə yoğrulan, ağlın hökmünə tabe olan, nəfsi ilə mübarizə aparmağı bacaran, faydalı işlərlə məşğul olan, şər əməllərdən qaçan ağıllı, imanlı, insaflı, mədəni, savadlı, mənəviyyat aləmi zəngin olan fərddən ibarətdir. İslam mədəniyyətinə və müsəlman həyat tərzinə milli, dini, irqi əlamətləri, siyasi baxışlarına görə ayrı-seçkilik aparmaq yaddır və qadağan edilmişdir. İslam mədəniyyəti demokaratiya, elmilik, müstəqillik (azadlıq), sülh, dostluq, əməkdaşlıq, qardaşlıq, qarşılıqlı hörmət, haqq və ədalət prinsipləri üzərində formalaşmışdır və bu təməl üzrə fəaliyyət göstərir.

İslam mədəniyyəti və elminin nəzəri əsaslarına daxil edilir: Qurani-kərimin surə və ayələri, İslamın yaradıcı şəxsiyyətlərinin tövsiyyələri, sünnə və şəriət qaydaları, ayrı-ayrı alimlərin (ilahiyyatçı və dünyəvi elmlər üzrə) nəzəriyyələri, tədqiqat işləri və təcrübi vərdişlər.

Ərəb dilində nazil olmuş Qurani-kərimin surə və ayələri bütün müsəlmanlar üçün dəyişməz sayılır, onları ayrı-ayrı millətlərin dillərinə tərcümə etmək qadağan edilir, yalnız təsvir olunmasına icazə verilir və bu təcrübə geniş yayılmışdır. İslam dini məhz bu əlamətinə görə, iudaizm və xrtistianlıq İlahi dinlərindən fərqlənir, hansılar ki, Tövrat və İncilin ilkin variantlarını nəsilbənəsil təhrif edərək, müasir nəsillərə Tora, Üçkitab və Bibliya kitabları ilə çatdırmışlar.

İslam mədəniyyətində milli və regional fərqli xüsusiyyətlər sünnə və şəriət qanunlarında nəzərə alınır. Bunu da İslamın düşmənləri, təəssüflər olsun ki, məzhəb ayrı-seçkiliyi kimi qələmə verirlər.

Əslində İslam elminin sünnə və şəriət qayda-qanunları əsasında inkişaf etməsi milli və regional adət-ənələrin, xüsusiyyətlərin nəzərə alınması məqsədindən irəli gəlmişdir. Bunu da mürtəce düşüncəli insanlar və İslamın düşmənləri ədavət yaratmaq, münaqişələr törətmək vasitəsi kimi sui-istifadə edirlər.

Allah-təala Qurani-kərimin Rum surəsinin 56-cı ayəsində buyurur: “Elm və iman verilən kəslər…”, göründüyü kimi, elm və iman kəlmələri yanaşı işlədilmişdir. Nur surəsində isə bildirilir: “… “Biz hökmlərimizi, halal və haram buyurduqlarımızı, haqq yolunu açıq-aydın bildirən ayələr nazil etdik. Allah dilədiyini doğru yola (islam dininə) yönəldər.” Ümumiyyətlə, bu elm dəryası və nur çeşməsində “elm” anlayışı 779 dəfə səsləndirilmişdir [2, səh.4].

İslam elminin nəzəri əsaslarından danışarkən, əvvəlcə Qurani-kərimin nurundan və müsəlman mədəniyyətinin elm dəryasından bəhrələnən İslam dininin banilərinin dünyagörüşünə qısaca səyahət edək:

Mübarək peyğəmbərimiz Məhəmməd s.ə.s. məsləhət və tövsiyələrində bildirmişdir:

1. Elmlə din əkizdir, əgər bunlar bir-birindən ayrı düşsə, cəmiyyət yanıb məhv olar;
2. Elm öyrənmək hər bir müsəlman kişi və qadını üçün vacibdir;
3. Mən elmin xəzinəsiyəm və Əli isə onun açarıdır;
4. Ümmətimin hər birinə, kişi və qadına, dörd şey vacibdir: elmi dinləmək, onu öyrənmək, ondan təcrübədə istifadə etmək, onu cəmiyyətdə və gənclər arasında yaymaq;
5. Əsilsiz, köksüz düşüncələrə qapilmayın, dünyanızı islah edib irəli aparın. Bu zaman hesab edin ki, heç vaxt ölməyəcəksiz. Həm də tələsin və düşünün sanki sabah oləcəksiz;
6. Qardaşım Musanın sağ (xarici, maddiyyət – Ə.Z.) gözü görürdü, qardaşım İsanın sol (batinı, mənəviyyat – Ə.Z.) gözü görürdü, mənim isə hər iki (həm xarici, maddiyyət və həm də batini, mənəviyyat – Ə.Z.) gözüm görür;
7. Elm Çində də olsa, ardınca gedin;
8. Beşikdən qəbr evinədək elmlə məşğul olun;
9. Qiyamət günü Allahın hüzurunda alimin mürəkkəbi şəhidin qanından qiymətlidir;
10. Alimlər peyğəmbərlərin varisləridirlər;
11. Alim cəmiyyətin nurudur, işıq saçanıdır, alim öldüsə cəmiyyət zülmətə dönər (qərq olar);
12. Yaltaqlıq və həsəd aparmaq möminlərə yaraşan hal deyildir, lakin bilik əldə etmək üçün birisi başqasına yarayırsa, başqasına həsəd aparırsa, bu başqa məsələdir;
13. Elmi biliklərə yiyələnmək üçün bir an çalışmaq Allahın yanında oruc tutmaqdan da, namaz qılmaqdan da, həccə getməkdən də, Ulu Tanrı yolunda cihada qoşulmaqdan da üstündür;
14. Bilin ki, mərhəmətli alim və bilikli insanın qiyamət günü parlayan nuru aləmə işıq saçan ulduza bənzər;
15. Biliklidən, yaxud bilik öyrənəndən qeyrisi məndən (bizdən – Ə.Z.) deyildir;
16. Maraqlanıb soruşmaq bilik əldə etməyin yarısıdır;
17. Bilikli adamın üzünə baxmaq, onunla oturub-durmaq ibadətdəndir;
18. İnsanlar içərisində iki qrup alim var: alimlər və buyruq verənlər, bunlar düzgün olsa, bütün insanlar düzələr, bunlar pozulsa, bütün xalq pozular;
19. Alimin ibadət edəndən üstünlüyü aylı gecədə ayın ulduzdan üstünlüyünə bənzər;
20. Biliyi ilə xalqı faydalandıran bir alim, yetmiş il ibadət edən adamdan xeyirlidir;
21. Bilik tükənməz xəzinədir, o xəzinənin açarı isə soruşub öyrənməkdir. Soruşub öyrənin, Tanrı rəhm etsin sizə, çünki soruşduqda dörd adama savab düşür: soruşana, öyrədənə, dinləyənə və bunları sevənə;
22. Allah bildiyini həyata keçirdəcəyinə və hər bir kəsə öyrədəcəyinə vəd almadan heç bir adama bilik verməz;
23. Bilik sahibi olub rahat yatmaq biliksiz olub namaz qılmaqdan xeyirlidir;
24. Ən böyük sədəqə biliyi bilməyənlər arasında yaymaqdır;
25. Kimdən bilik öyrənirsinizsə, ona hörmət edin, ona qarşı mehriban olun. Kimə bilik öyrədirsinizsə, ona qarşı da mehriban olun;
26. Savadsızlar içərisində bilik qazanmağa çalışan ölülər içərisində diriyə bənzər;
27. Bilik sahibi bilik üçün acdır;
28. Alim müsəlmanlığın divarındakı daşa bənzər. Allah bu ümmətin içindən bir alimin canını aldımı, müsəlmanlığın divarından bir deşik açmış olur, elə bir deşik ki, o qiyamətədək qapanmır;
29. Alimlə ibadət edənlər arasında yetmiş dərəcə vardır;
30. Alimlər arasında öyünənin, yaxud ağılsızlara özünü göstərənin, ya da xalqın ürəyini ələ almaq üçün bilik əldə edənin üzü cəhənnəmə yönəlmişdir;
31. İnsan özündən sonra üç xeyirli iş qoyub gedər: özünə dua edən təmiz və yaxşı övlar, ona daim rəhmət oxutduran sədəqə və özündən sonra xalqı faydalandıran bilik;
32. Bilik əldə etməyə çalışan adam təhsilindən əl çəkmədən dünyadan köçüb gedirsə, şəhid hesab olunur;
33. Biriniz qardaşının və ya bacısının yanına gəldimi, oturandan sonra ona bir şey öyrətmək üçün sual versin, aldatmaq üçün sual verməsin;
34. Dedilər ki, cənnət bağçalarından keçərkən əyləşin. Soruşdular ki, cənnət bağçaları haradadır? Dedi ki, bilik məclisində;
35. İnsanların qiyaməti onun elmi və mərifətinə görədir;
36. Peyğəmbərlik dərəcəsinə ən yaxın olan elm sahibləridir;
37. Alimin ölümü müsibətdir və onun ölümü bir xalqın ölümündən çətindir;
38. O kəslər ki, elm öyrənir, məlaikələr öz qanadlarını onların üzərinə döşəyir, hər bir şey ona rəhmət diləyir, hətta dənizdə olan balıqlar və göydə uçan quşlar da;
39. Şer bir sözdür, gözəl olanı da var, çirkin olanı da. Sən gözəlini götür, çirkinini at! [2, səh.7-10]

Həzrət Əli (ə.s.) məsləhət və tövsiyələrindən:

1) əgər bu günkü biliyinlə dünənki biliyin arasında fərq yoxdursa, o zaman inkişafdan danışmağa belə dəyməz;
2) hər şeyi qabına yığdıqda qab dolduqdan sonra daşıb-tökülər, elmin qabı isə, əksinə, nə qədər yığsan da dolmaz, qab genişlənər, insanın biliyi təkmilləşər, bacarığı daha çox məhsuldar olar və kamilliyə doğru istiqamətləndirər;
3) söz nə qədər ki, ağızdan çıxmamışdır (deyilməmişdir) sənin qulundur, elə ki, deyildi (danışıldı) sən sözün quluna çevrilirsən;
4) əgər bir qarışqanın ağzindakı arpa dənəsinin qabığını almaq üçün mənə 7 iqlim altında olan məkanı (ölkələri) hədiyyə versələrdə belə, mən onunla razılaşmaram;
5) qənaət elə bir sərvətdir ki, heç vaxt tükənməz;
6) bütün fəzilətlərin başı elmdir;
7) elm ən gözəl rəhbərdir;
8) elm insanı pisliklərdən qoruyur;
9) elm gizli olmayan gözəllikdir;
10) alim ölüb getsə də daimi diridir, cahil aranızda olsa da ölü kimidir;
11) alimin xətası dəryada sınıq gəmiyə bənzər, həm özü qərq olar, həm də gəmidəkilər;
12) elm 7 cəhətdən maldan üstündür: (1. elm xərcləndikcə azalmır, amma mal azalır; 2. elm peyğəmbərlərdən mirasdır, mal isə zalımlardan, hakimlərdən; 3. elm sahibini hifz edər, qoruyar, malı isə sahibi hifz edər, qoruyar; 4. bütün insanların elm sahibinə ehtiyacı var, amma mal sahibinə yoxdur; 5. elm insan öləndə də onunladır, mal isə bu dünyada qalandır; 6. elm insan üçün qiyamətin çətinliklərini və sirat körpüsündən keçməyi asan edər, mal isə ona mane olar) [2, səh.10-11].

İslam aləmində belə bir rəvayət vardır ki, Allahın rəsulu, Məhəmməd Peyğəmbər (s.ə.s.) bir neçə dəfə xütbələrində bildirmişdir ki, mən elmin şəhəriyəm, onun qapısı isə Həzrət Əlidir (ə.s.). Bir gün yəhudi alimləri yığışıb Əli (ə.s.) yanına gəlirlər və ondan sorğu edirlər: “Əgər ki, Allah sənə elmi və dünya malını, dünyanın sonsuz sərvətlərini versəydi, onlardan hansını seçərdin (götürərdin)?” Həzrət Əli (ə.s.) cavab verir: “Elmi seçərdim, götürərdim.” Onlar soruşurlar ki, “niyə, səbəbi nədir?”. O həzrət, bildirmişdir: “Elm mənimlə qəbrə qədər gedir, dünya malı isə bu dünyada qalır, elm daha çox sədaqətlidir!” Yəhudilər eyni sualı təkrar etmişlər.

Həzrət Əli (ə.s.) yenə də “elmi seçərəm” cavabını vermiş və səbəbini belə izah etmişdir: “Xərcləndikcə elm çoxalır, dünya malı isə azalır”. Onlar üçüncü dəfə eyni sualı verirlər. Həzrət isə cavabında bildirmişdir: “Elm nə qədər çox olarsa, dostların da çoxalar, var-dövlət artdıqca düşmənlərinin sayı çoxalır, ona görə də elmi seçirəm.” Yəhudi alimləri öz suallarını dördüncü dəfə təkrar vermişlər.

Cavabında isə Əli (ə.s.) eyni cavab vermiş və səbəbini bildirmişdir: “Elm adamı ucaldar və Uca Allaha yaxınlaşdırar, sərvət, mal-dövlət isə onu alçaldar, Şeytana, İblisə yaxınlaşdırar, ən böyük sərvət, var-dövlət Şeytanın silahıdır.” Yəhudilər öz sualını beşinci dəfə təkrar etdikdə, Əli (ə.s.) belə cavab vermişdir: “Elmi seçirəm, səbəbi də odur ki, elm insanı qoruyur, sərvəti isə insan qoruyur.”

Bundan sonra Həzrət Əli (ə.s.) qonaqlarına bildirir ki, “And olsun bizi yaradan O Uca, Müqəddəs Allaha ki, yer üzündəki insanların sayı qədər bu sualı eyni qaydada mənə versəniz belə, mən yenə də müxtəlif səbəblərlə cavab verəcəkdim. Ona görə ki, elm Allahın bitib-tükənməyən mənəvi nemətidir, insana sonsuz hörmət və mərifət gətirən, mənəviyyat aləmini zəngmərən bir sahədir.” Bu cavablardan məmnun olan yəhudi alimləri Həzrət Əli (ə.s.) elmindən rahatlıq tapmışlar və onu qəbul etmişlər.

İslam mədəniyyəti banilərinin məsləhət və tövsiyələrini hədsiz sayda artırmaq və nümunə göstərmək olar. Amma yuxarıda verilənlər deməyə və sübut etməyə kifayətdir ki, İslam dini ümumbəşəri inkişaf konsepsiyasıdır, milli, irqi fərqlər qoymadan, dünyanın bütün xalqları və millətlərin qardaşlıq, bir-birinə hörmət, sevgi və məhəbbət hissləri aşılamaq, əməkdaşlıq telləri ilə sıx bağlamaq, hər kəsin ruhunu saflaşdırmaq, gözəl əxlaqa malik olmaq, təbiətə və atmosferə xidmət göstərmək, onlatın ehtiyatlarından səmərəli istifadə etmək vərdişləri formalaşdırmağa, düşüncə tərzi, dünyagörüşü, dərrakəsi, yaddaşı, biliyi və bacarığını məqsədyönlü istiqamətə yönəltmək, səmərəli istifadə etmək məqsədlərini reallaşdırmağa xidmət göstərir. Onun vasitəçiliyi ilə dini etiqad ruhu saflaşdırır, sağlam ruh elmin fəaliyyətin səmərəliliyinin təmin olunmasına, reallıq və obyektivliyin təmin olunmasına xidmət göstərir, din və elm vəhdət halında fəaliyyət göstərir, cəmiyyətdə sabitlik yaradılır, tolerantlıq hökm sürür, din və dövlət vəhdətdə fəaliyyət göstərir.

Bütün bunların hamısı deməyə əsas verir ki, göstərilən mənəvi dəyərlər qlobal dünyanın, bəşəriyyərin hər bir üzvünün sosial-iqtisadi və ictimai problemlərinin məqsədyönlü həllinin vacib vasitəçisi sayılır.

Digər din (etiqad) formalarından fərqli olaraq, İslam elmi və müsəlman mədəniyyəti həqiqi elmi-nəzəri müddəalar əsasında bərqərar olmuşdur. Mükəmməl, obyektiv iradənin məhsulu olan həqiqi, real və etibarlı körpüdən keçən yolla insanlara çatdırılmış Qurani-kərim, onun əsaında işlənib-hazırlanmış sünnə və şəriət qaydaları ilə obyektinə - insanların mənəvi (əxlaqi) kamilləşməsinə və maddi zənginliyinin təmin olunmasına xidmət göstərir. Digər dinlərdən də fərqi məhz bu xüsusiyyəti ilə səciyyələndirilir.

Təkallahlılıqdan əvvəlki etiqad formaları: atəşğərəstlik, bütpərəstlik, budizm və s. cəmiyyətin ağıllı insanlarının düşüncə tərzinin məhsulu olmuşdursa, iudaizm və xristianlıq kimi İlahi dinlər yazı mədəniyyətinin olmaması, kitab çapının inkişaf etməməsi, peyğəmbərlik məktəbindən imtina etmək və s. səbəblərdən əsrlər boyu nəsildən-nəsilə şifahi formada söylənən nağıllar və təbliğat nəticəsində çatdırıldığına görə, özünün ilkin mahiyyətini, müqəddəslik keyfiyyətini itirmiş, yalnız ərəblər tərəfindən kitab nəşri mədəniyyəti mənimsənildikdən sonra, bəzən də kilsə xadimləri və ölkə başçılarının subyektiv düşüncələrinin təsiri altında yeni nəsillərə təhrif olunmuş formada çatdırılmışdır.

Məhz Qurani-kərimin müqəddəslik, mükəmməllik və real həyat təcrübəsinə uyğunluğunun nəticəsidir ki, elmin və mədəniyyətin formalaşdırılması və inkişaf etdirilməsinin, cəmiyyətin sosial-iqtisadi münasibətlərinin mükəmməlliyinin, insanların mənəviyyat aləminin gözəlləşdirilməsinin və əxlaqının saflaşdırılmasının nəzəri müddəalarını təmin edə bilir. İslam etiqadı və müsəlman mədəniyyəti, milli eqaizmdən və təkəbbürlülükdən uzaq olduğuna görə, tədricən dünyanın bütün xalq və millətlərinin ürəyində kök salır, genişlənir və inkişf edir. İslam dini, mədəniyyəti və elmi ağıllı insanların mənəviyyat və maddiyyatını zənginləşdirmək vasitələri sayılır.

İslam dini bəşəriyyətin keçmişinin, bu gününün və gələcəyinin mərifət, elm və iman mənbəyidir.

Əlisa Zeynallı, i.f.d., dosent, müstəqil tədqiqatçı,
Azərbaycan İqtisadçılar İttifaqı və Jurnalistlər Birliyinin veteran üzvü
Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər