"Üzmədik gül qönçəsin, kor olsun belə bağlar"
Baxılıb: 727 Tarix: 16-03-2016 18:23

Eyvaz Nəriman oğlu Təhməzov 1975-ci il mart ayının 16-da Zəngəzur mahalının (Ermənistan Respubilkası Mehri rayonu) Aqarak qəsəbəsində anadan olmuşdu. Eyvazın ailəsi ermənilərin içərisində yaşadığı üçün onları daha yaxşı tanıyırdı. Atası Nərman kişinin Ali təhsili olmasa da, Vətənimizin, xalqımızın tarixindən xəbəri var idi. O, müdrik ağsaqqallardan, sinədəfdər nənələrdən öyrəndiklərin öz uşaqlarına böyük ürək yanğısı ilə danışırdı: “Oğlum , Eyvaz, yadından çıxarma, heç bir dövründə nəinki Azərbaycanda ərazisində, bütövlükdə Qafqazda ermənilərin bir qarış da torpağı olmayıb. Sən Koroğlu dəli-lərindən birinin—xan Eyvazın adın daşıyırsan”.
Eyvazın anası Zeynəb xanım da oğluna beşik başında qəhrəmanlıq laylası çalmışdı.
Eyvaz ata-ananın nəsihətlərinə ləyaqətlə əməl etdi. Qarabağ hadisələri başlıyanda onun ürəyi qisas eşqi ilə alışıb-yanırdı.
1988-ci ildə bütün azərbaycanlılar kimi, Eyvazgilin də ailəsi Ermənistandan böyük vəhşiliklə çıxarılmışdı. Onlar Qubadlı rayonunun İşıqlı kəndində məskunlaşmışdılar. Deportasiya zamanı ermənilərin fiziki və mənəvi təhqirlərinə dözməyən atası Nərman Əmir oğlu 1989-cu ildə vəfat etdi. Gənc Eyvazın səbr kasası daşdı. O, 1991-ci ildə Qubadlı ərazi özünümüdafiə taboruna daxil oldu. O vaxt onun 16 yaşı təzəcə tamam olmuşdu. Eyvaz həmən taborun tərkibində Muradxanlı-Başarat mövqelərində 2 il azğın düşmənlərlə vuruşdu.
1992-ci ildə çağırışçı kimi, milli ordumuza hərbi xidmətə çağırıldı və ailənin yeganə oğlu olduğuna görə arxa cəbhəyə göndərildi. Lakin döyüşsüz sahədə xidmət etməyi Eyvaz öz şəninə sığışdırmırdı. O, erməni quldurları ilə döyüşmək istəyirdi. Nəhayət onun xahişi yerinə yetirildi. Öz arzusu ilə o, ön atəş “N” saylı hərbi hissənin tərkibində Füzuli bölgəsi uğrunda gedən qızğın döyüşlərdə iştirak etməyə başladı. Komandirlərin və döyüşçü yoldaşlarının dediyinə görə, Eyvaz demək olar ki, bütün əməliyyatlarda iştirak etmiş və həmişə ön xəttdə vuruşmuşdu.
1994-cü il aprelin 17-də düşmənə qarşı hazırlanmış hucum əməliyyatında Eyvaz yenə də qabaq cərgədə gedərək yoldaşlarını döyüşə ruhlandırmış və igidliklə vuruşmuşdu. Həmin döyüşdə o, düşmən snayperinin gülləsinə tuş gələrək başından ağır yaralanmış və döyüşçü dostlarının qucağında gözlərini əbədi yummuşdu. Məzarı Sumqayıt “Şəhidlər xiyabanı”ndadır. Subay idi. Anası Zeynəb xanım və bacıları Sahnaz, Solmaz və Gülnaz Sumqayıt şəhərində məskunlaşmışlar.
Aşiqi belə bağlar,
Kəmərin belə bağlar,
Üzmədik gül qönçəsin,
Kor olsun belə bağlar.
Hazırladı: Rövşən Dondarlı
loading...
Ən çox oxunanlar