Aygün Yaşar :"Karikatura qəhrəmanlarına çevrilmiş nazirlərin idarə etdiyi dövlətdə..."
Baxılıb: 32 830 Tarix: 25-08-2020 16:15

Bizim şəhərdə bir bazar müdiri vardı. Pula pul demirdi, məlum məsələ. Bəlkə şəhərin yarısını ya da elə hamısını ala bilərdi. Sakinlərə - bazarının müştərilərinə qarşı xeyirxahlıq da edərdi. Tez-tez pulsuz ərzaq, xırda məişət avadanlıqları( vedrə, ləyən, aftafa, çömçə, süpürgə və s.) ya da pal-paltar paylayardı. Məsələn, deyərdi, nə istəyirsən bir məhsuldan seç apar, pulsuz.
Mən onda 11-ci sinifdə oxuyan şagird idim. O vaxt pulsuz qəzet də paylayırdı. Mən qəzet götürdüm. Çox nəfis çap olunmuş qəzet tamamilə o zamankı prezidentə həsr olunmuşdu. Mənə dedi, deyəsən savadlı uşaqsan, cahamat(belə də dedi) pal-paltar seçir, sən qəzet. Nə isə. Sözümün canı bu ki, o müdir intellektdən, bilikdən, dərunilikdən, kitab-dəftərdən çox uzaq bir adam idi. Amma de gəl ki, varlı idi. Hətta deputatlığa namizədliyini də vermişdi. Televizordakı çıxışlarını dinləyəndə bişmiş toyuğumuz da qazanda gülürdü. Acıqlanırdım toyuğa ki, nəyə gülürsən potensial millət vəkilimizdir də. Onu o yerlərə çıxaran isə bildiyi ikicə kəlmə idi ki, hər cümləsinin əzəl mübtədası olurdu: Cənab Prezidentim.
Yəni prezidentin ətrafında elə insanların varlığı xalqa zülm, prezidentə isə həqarətdən başqa bir şey deyil. Mən çox istərəm ki, dövlətimi əsil ziyalılar, əsil politoloqlar idarə etsinlər. Elə istərəm ki... Yoxsa karikatura qəhrəmanlarına çevrilmiş nazirlər, deputatların idarə etdiyi dövlətdə adam özünü təhqirolunmuş hiss edir. Və ya idarə müdiridir. Kabinetinə kitab şkafı qoyub. Hər cür kitablar oradan adama utana-utana baxır. Çünki müdir o kitabları yazanların adını belə düzgün tələffüz edə bilmir. "Nəsimi" deyir, "İmadəddin" deməyə risk eləmir ki, birdən çaşar. "Mahmud" deyir, "Kaşqari"də beyni error verir. Qısa sözləri sevir "Pul", "Ver", "Al" və s. Və onun işçiləri isə ziyalı, mənəviyyatlı insanlar olaraq nə qədər zülm çəkirlər təsəvvür edin. "Müsibət oluruq biz, Səhv düşəndə yerimiz" anı...
PS:Bazarkom müəllim rəhmətə gedib artıq. Ona qalan isə pulsuz payladıqlarından pay götürən məhəlləmizdəki xalaların duaları oldu. Mən də divar qəzeti redaktoru idim məktəbdə. Verdiyi qəzetin şəkillərindən yararlanmışdım. Allah rəhmət eləsin.
Aygün Yaşar
Sumqayitfakt.Az
loading...
Ən çox oxunanlar