Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Ən çox oxunanlar
Sorğu

Ədəbiyyatımıza, bu günümüzə, sabahımıza gərəkli ADAM- Rafiq Yusifoğlunun 70 illiyinə

Baxılıb: 3175     Tarix: 02-01-2020 20:03   
Ədəbiyyatımıza, bu günümüzə, sabahımıza gərəkli ADAM- Rafiq Yusifoğlunun 70 illiyinə


Şair, yazıçı, tənqidçi, ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, professor, 1986-cı ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü, “İlin ən yaxşı kitabı”, “Vətən”, “Qızıl qələm”, “Araz” və s. mükafatların laureatı Rafiq Yusifoğlu 1950-ci il yanvar ayının 2-də Qubadlı rayonunun Çardaxlı kəndində müəllim ailəsində doğulmuşdur. Burada səkkizillik məktəbi, Qubadlı qəsəbə orta məktəbində onillik məktəbi bitirmişdir (1966). Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsində təhsilini davam etdirmişdir (1966-1970). Bir müddət Sumqayıt şəhərində müəllim işləyən şair Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasına daxil olmuşdur.
“Azərbaycan Sovet poemasının inkişaf problemləri” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.
1985-ci ildən 1992-ci ilədək “Göyərçin” jurnalında söbə müdiri, 1992-ci ildən 1996-cı ilədək məsul katib, 1996-1997-ci illərdə Azərbaycan Dövlət Televiziyasının “Xəbərlər” baş redaksiyasında “Elm, mədəniyyət, incəsənət” şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 1997-ci ildən “Göyərçin” jurnalının baş redaktorudur. Şairin uşaq ədəbiyyatı sahəsində xüsusi fəaliyyəti vardır. Rafiq Yusifoğlu 2007-ci ildə “XX əsr Azərbaycan poemasının sənətkarlıq xüsusiyyətləri” mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri doktoru adını almışdır.
Hazırda Sumqayıt Dövlət Universitetinin “Azərbaycan ədəbiyyatı” kafedrasının professorudur. Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisidir.
O, gənc tənqidçilərin Moskvada keçirilən birinci (1982), ikinci (1985) və üçüncü (1988) Ümumittifaq seminarlarının, Qazaxıstanda keçirilən Beynəlxalq Uşaq ədəbiyyatı günlərinin (1989) iştirakçısı, 1985-ci ildə Moskvada Ali Komsomol Məktəbinin bir aylıq jurnalistika kursunun müdavimi olmuşdur.
Ədəbi fəaliyyətə hələ orta məktəbdə oxuyarkən başlamış, 1966-cı ildən şeirləri, məqalələri ilə mətbuatda çıxış etməyə başlamışdır.
Son illər bədii tərcümə ilə ciddi məşğul olur. F.Q.Lorkanın, Corc Bayronun, Peter Şyuttun, Hans Yurgen Hayzenin, Ulla Hanın, Roza Auslenderin və başqalarının şeirlərini, dünya uşaq ədəbiyyatının gözəl nümunələrini dilimizə tərcümə etmişdir. Əsərləri bir sıra dillərə tərcümə edilib, dərsliklərə düşüb. Çoxlu mahnı mətnlərinin, elmi-publisistik məqalələrin müəllifidir. Əsərləri əsasında “Qəm karvanı”, “Bütün Azərbaycan əsgər olmalı” televiziya tamaşaları çəkilib, dəfələrlə nümayiş etdirilmişdir.
Bu gün şərəfli ömrün 70- ci pilləsini adlayır, onlarca titul və ad almasına rəğmən sadəliyi, təvazökarlığı, insanlığı ilə ucalarda dayanan dəyərli Rafiq Yusifoğlu. Əslində zaman atının yelqanadlı olması fiziki yaşının 70-ə varmasını təsdiqləsə də, ruhunun yaşı çox cavan və həmişə təzə-tərdi. Bunu bir-birindən gözəl şeirləri, şux görünüşü ,şövqlü danışığı və həyata inamı, sevgisi də sübut edir. Bu günün özəlliyini nəzərə alıb sevə-sevə və böyük ehtiramla köksümdən qopan alqış ifadələrini ünvanlayıram səbəbkara və deyirəm ki, var olun, Rafiq Yusifoğlu, uşaqları sevindirən könlünüz sevinsin hər zaman. Elmimizə, ədəbiyyatımıza, bu günümüzə, sabahımıza gərəkli ADAM, 70-niz mübarək!

Sumqayitfakt.Az 70 illik yubileyi münasibətilə Rafiq Yusifoğlunu təbrik edir, ona sağlıqlı uzun ömür, gözəl günlər və yaradıcılıq uğurları arzulayır.

Sevinc Qərib

ZAMANIN YANAN KÖRPÜLƏRİ

İşı çalxanmaqdı qədim nehrənin,
Ürəkdən gələn yaş gözü göynədir,
Geriyə yol yoxdu, zaman nəhrinin
Yanan körpüləri bizi göynədir …

Könlüm viranədir, dağılıb huşum,
Nələr qazanmışam mən yetmiş ilə?
Şəkilə çevrilib əllim, atmışım,
Nəfəs-nəfəsəyəm mən yetmiş ilə…

Dadmışıq taleyin ömür payından,
Arzular beşiyi olub qəlbimiz.
Adlayıb zamanın neçə çayından
Üzü gələcəyə can atmışiq biz…

İçimdə bir körpə uşaq ağlayır,
İnsanın xoş günü keçmişindədi.
Zamanın çayları, coşur çağlayır,
Ömür dəyirmanı öz işindədi…

Həsrət ayazında bir sazaq idim,
Bu da son, indidən dərd məni alıb…
50-dən, 60-dan 100 uzaq idi,
70-dən üç addım məsafə qalıb…

Geriyə dönərmi ömrün axarı,
Meydan oxusaq da biz dağa, daşa?
Onsuz da dünyanın yoxdu axırı,
İstər əlli yaşa, istər yüz yaşa!

Dərd abıra salıb neçə arsızı,
Xoşbəxt günlərimiz arxada qalıb.
Anamın gözündə qalan arzusu
Qəlbimi ağrıda-ağrıda qalıb…

Vətənsiz bir ömür ömür-gün deyil,
Zaman arzumuzu verdi yellərə…
Dönmək istəsək də, bu mümkün deyil
Atalı, analı xoşbəxt illərə…

Özüm tək qaçqındı könül dincliyim,
Hələ də ürəyim dərd közündədi…
Dəcəl uşaqlığım, qaynar gəncliyim
Yanan körpülərin o üzündədi…

Ağrı elə ağrı, dərd elə dərddi,
Onun qocamanı, körpəsi yoxdu.
Zamanın dəyişməz qanunu sərtdi,
Həsrət sellərinin körpüsü yoxdu…
YAŞADIM

Mən sevdalar diyarında
Olub ulu şah yaşadım!
Bir kimsəyə əyilmədim,
Ömrüm boyu şax yaşadım!

Az dodaqdan söz çəkmədim,
Az ocaqdan köz çəkmədim,
Gözəllərdən göz çəkmədim,
Edib yüz günah yaşadım.

Yarı yalan, yarı doğru,
Hey can atdım yara doğru.
Ürəyimdə nisgil, ağrı,
Dodağımda ah yaşadım.

Danışanda sözüm güldü,
Nəfəsinlə közüm güldü,
Həmişə bir gözüm güldü, –
Gah ağladım, gah yaşadım...

Qonaq çağır yar, odana!
Alovlanım yar oduna!
Ömrüm boyu Yaradana
Aparıb pənah yaşadım.

BİR QOCAMAN DAĞAM MƏN

Hərdən qəlbimdən keçir
Şimşək olub çaxam mən!
Sevgisiz könülləri
Yandıram mən, yaxam mən!

Ürəyim min həvəsdə,
Sevəydim son nəfəsdə.
Solan güllərin üstə
Yağış kimi yağam mən!

Biçənəkdə qaya var,
Yanında bir taya var.
Harda hiylə, riya var,
Bil ki, orda yoxam mən…

Aylar, illər yorğunu,
Tanrı sanır doğrunu!
Zülmətlərin bağrını
Dəlib keçən oxam mən!

Eşqdir başımın tacı,
Dərdlərimin əlacı,
Olsam da sevgi acı
Könlü-gözü toxam mən!

Nifrət tunc, sevgi zərdi,
Gülümü sevgi dərdi,
Azmandı sevgi dərdi,
Gücüm çatmır yıxam mən!

Bir ürəyi saf gələ,
Qəlbində insaf gələ,
Sevinib gülə-gülə
Pişvazına çıxam mən!

Bülbül kimi ötürəm,
Vaxtım var köks ötürəm?
Təzə güllər bitirən,
Bir qocaman dağam mən!

TANRI PAYI

Göylərdən gələndə qar xışma-xışma
Müdrik düşünəcək, naşı güləcək.
Bəyaz saçlarıma baxıb qımışma,
Sənin də ömrünün qışı gələcək...

Sənə də cavanlar ağız büzəcək,
Sənin də ocağın buza dönəcək.
Sənin də içini sazaq kəsəcək,
Sənin də gözünün nuru sönəcək.

Duyğusuz bir insan quru payadı,
Ulu yaradanın önündə əyil.
Bir də ki, ömür-gün Tanrı payıdı,
Qocalmaq hamının qisməti deyil…

ÜZÜ SABAHA

Köhnə il əlimizdən
quş kimi uçdu.
Geriyə dönməyəcək
bir daha!
Qəlbimizdə ümid, sevgi
gedirik üzü sabaha!
Bizi kağız kimi
qanadlarına alıb
gələcəyə uçurur
taleyimizə əsən yellər.
Yolumuzu gözləyir
təzə-təzə aylar,
təzə-təzə illər…
Dağları, çəmənləri,
dənizləri, çayları
gəl-gəl deyir –
Yoxdu bu dünyanın əvəzi!
Qəlbimizdə
gündən-günə artır
yaşayıb yaratmaq həvəsi…

DÜNYANIN GÖZÜ MƏNDƏDİR

Gecə meşələrin yuxusu qaçır,
Çəmənlər məst olur mehdən hər səhər.
Çiçəklər gözünü mənimçün açır,
Güllər sırğa taxır şehdən hər səhər…

Ulduzlar mənimçün sayrışır sanki,
Çaylar mənim üçün nəğmə oxuyur.
Ləpələr dil açıb danışır sanki,
Yağış mənim üçün xalça toxuyur.

Hər səhər yolumu həsrətlə gözlər, –
Məcnun tək vurğunam mavi Xəzərə.
Qəlbimə nur saçır ilahi gözlər,
Sevgi ürəyimi bələyir zərə…

Səsləsəm, ulduzlar yaxına gələr,
Bu eşq bəbəyimdə yaşa çevrilər.
Mənə gəl-gəl deyir uca zirvələr,
Sevdalı ürəyim quşa çevrilər.

Arzular köksümdə bənzəyir selə,
Heç kəs məni yoldan döndərə bilməz.
Suyu diş göynədən bulaqlar belə
Könlümün odunu söndürə bilməz.

Bilirsən heç necə bəxtəvərəm mən? –
Köksümə sıxıram dağı, dənizi.
Ay nağıl danışır mənə sübhəcən,
Günəş zirvələrə səsləyir bizi.

Həyat sevgisiylə göynəyir içim,
Yolumu gözləyir düzlər, meşələr.
Yamanca darıxıb əllərim üçün
Kol-kosa qısılan tər bənövşələr…

Bu gün yarpaq olan sabah xəzəldi,
Həyat yollarında dolduq kamala.
Ilahi, yaşamaq necə gözəldi,
İlahi, möhlət ver baxıb kam alaq!

Mənə də pay düşür toydan, düyündən,
Sevgiylə doldurur içimi dünya.
Ayrıla bilmirəm gözəlliyindən,
Çəkmək istəmirəm köçümü, dünya!

Məni dinc durmağa qoymur ürəyim,
Qaynar ocaqların közü məndədir.
Bu gözəl dünyadan doymur ürəyim,
Elə dünyanın da gözü məndədir…

SEVGİ ILAHƏSİ

Qəlbimin buzları çevrilib selə,
Sevgi ilahəsi izimə düşüb.
Sənin göndərdiyin bir mesaj ilə
Qələmim, ilhamım tilsimə düşüb.

Çatmadım bu eşqin uc-bucağına,
Titrək təbəssümə bükdüm qəmimi.
Çevrilib bir Bermud üçbucağına,
Qoynuna çəkmisən sevgi gəmimi.

Uzaqda işarır tale ülkəri,
Nə var kimi varam, nə yox tək yoxam.
Bulud gözlərini görəndən bəri
Həsrətin əlində qalıbdır yaxam.

Yurd sala bilməyib ürəyimdə kin,
Hər sözün ruhumu qəmə bələyib.
İlahi nəfəsin ürəyimdəki
Ötən sevgiləri xəzan eləyib.

Mənə yox deməyib kimdən pay umsam,
Bircə çiçəklə də ömrüm yaz olub.
Bəlkə sən sonuncu sevgi payımsan,
Bəlkə taleyimə adın yazılıb?!

Qəlbə nə lağ etmək, nə gülmək olar,
Bulud dolmayıbsa, yağası deyil.
Allahın işini nə bilmək olar,
Heç kəs taleyinin ağası deyil…

SEVGİ XƏZANI

Məndən üz döndərsən əgər,
Sızlayarsan ömrün boyu.
Sənə halal edərəmmi
Ovcumdan içdiyin suyu?!

Güc-bəlayla sağaltdığım
Yaraların qanamazmı?
Birgə gəzdiyimiz dağlar,
Düzlər səni qınamazmı?

Xəyanətin solduracaq
Eşqin çiçəkli yazını.
Belə getsə, yaxındadır
Ayrılıq, sevgi xəzanı…

MƏHƏBBƏT BİR HƏSSAS QUŞDU

Əgər qəlbin gizli nura boyanıbsa,
Cəhd eləmə hisslərini sınamağa.
Ürəyində təzə istək oyanıbsa,
Haqqım yoxdu mənim səni qınamağa.

Alnıaçıq çıxmalısan el içinə,
Qəlb yanmasa köks ötürmək mümkün deyil.
Çox üzülmə, məhəbbəti zor gücünə
Nə qazanmaq, nə itirmək mümkün deyil.

İnləsə də ürəyimin sarı simi,
Qəlbim əsməz ötən eşqin havasına.
Məhəbbət bir həssas quşdu, perikdimi
Bir də çətin geri dönə yuvasına…

MƏN SƏNİ ÇİÇƏK SANIRDIM

Mən səni gül ləçəyinə
Bürünən çiçək sanırdım…
Sözlərinə vurulmuşdum,
Təmiz eşqinlə yanırdım.

Bunu yaxşı bilirmişsən
Qəlbim sevgiyə hərisdi.
Ancaq üşüyən könlümü
İsidə bilməz hər isti…

Yaxşı ki, tez duyuq düşdüm,
Çölündən qaraymış için!
Qəlbi saf, ancaq divanə
Şairə çatmadı gücün…

Özgəni yoldan çıxaran
Sirdaş olar dərd-ələmə…
Qara çadranın altında
Günahları pərdələmə…

Hicaba bürünən şeytan,
Məni axtarma, arama!
Çəkmə qəlbimi sınağa,
Girmə Allahla arama!

DƏLİ BİR SEVDA

Gözlərin darıxmayıbmı
bir dəli sevdalı
şair baxışı üçün?
Çat-çat ürəyin
təşnə deyilmi
sevgi yağışı üçün?
Ürəyin düşməyibmi
sevib-sevilmək həvəsinə?
Ciyərlərin həsrət deyilmi
kişi nəfəsinə?
Çiçək dodaqların
bir ac arıya,
həsrətli ürəyin
bir şirin ağrıya
möhtac deyilmi?
Havalanmısan,
yerdə yer də
tapa bilmirsən özünə,
gecələr yuxu da
getmir gözünə, –
dəli bir sevda
bütün dərdlərinə
əlac deyilmi?

***
Ürəyin çat-çat olacaq
Kimsəsiz qalan yurd kimi.
Yalquzağa dönəcəksən,
Ulayacaqsan qurd kimi…

Ətrimi gətirsin deyə
Yellərə yalvaracaqsan.
Aylara yalvaracaqsan,
İllərə yalvaracaqsan.

Ancaq il geri dönərmi?!
Ancaq ay geri dönərmi?!
Hər şey irəli can atır,
Axan çay geri dönərmi?!

Bulud gözlərin dolacaq,
Başında şimşək çaxacaq.
Mənli günlərin xiffəti
Səni yandırıb yaxacaq…

Ürəyində indən belə
Sevda gülü bitməyəcək.
Sənə tumar çəkən ələ
Əlin bir də yetməyəcək…

SEVƏ-SEVƏ

Göylərdə ay güləndə
Qəlbim nura boyanır.
Xəyalım ay üzlümlə
Gedib qoşa dayanır.

Arzular gözlərimdə
Ulduzlar tək sayrışır.
Pıçıldaşan yarpaqlar
Nələr, nələr danışır!

Dalğalar şahə qalxır,
Dənizdə fırtına var.
Gözlərimdə təbəssüm,
İçimdə fırtınalar.

Sevgiylə dolu ürək
Quş olmağa can atır.
Qəlbim qağayılara
Qoşulmağa can atır.

Yarpaqları sevirəm,
Xəzəlləri sevirəm.
Mən təkcə dənizi yox,
Gözəlləri sevirəm.

Məhəbbət əzabıyla
Göynəyir yaram, Allah!
Dünya necə gözəldi,
Nə bəxtiyaram, Allah!

Həyatda sevə-sevə
Yaşamaq səadətdi.
Məni cavan saxlayan
Dənizdi, məhəbbətdi…

Rafiq Yusifoğlu
Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər