Xəbər xətti

17-07-2019

Yazarlar




Namiq Dəlidağlı

Rublika
Arxiv
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Ən çox oxunanlar
Sorğu

Eyruz Məmmədovun "Sumqayıtım, dünənə boylan!" kitabının təqdimatı keçirilib - ŞƏKİLLƏR

Baxılıb: 3138     Tarix: 13-06-2019 18:52   
Eyruz Məmmədovun  "Sumqayıtım, dünənə boylan!" kitabının təqdimatı keçirilib

Respublikanın Əməkdar jurnalisti, yazıçı-publisist, kinossenarist Eyruz Məmmədovun Sumqayıtın 70 illik yubileyinə həsr etdiyi "Sumqayıtım, dünənə boylan!" adlı tarixi-publisistik toplusu son illərdə onun nəşr etdirdiyi kitablar içərisində xüsusi əhəmiyyətə malikdir. "Azəri" poliqrafiya müəssisəsi tərəfindən nəfis şəkildə nəsr edilmiş həmin kitabda toplanmış müxtəlif illərin yaradıcılıq nümunələri Sumqayıtın son onilliklərinin ədəbi-publisistik salnaməsi olmaqla yubilyar şəhərin ictimai-siyasi, sosial-mədəni həyatını kifayət qədər dolğun əks etdirir.

Və təsadüfi deyil ki, hər bir əsəri, xüsusilə də Sumqayıtla bağlı yazdıqları böyük maraq doğuran Eyruzun "Sumqayıtım, dünənə boylan!" kitabı oxucuların diqqətini ilk növbədə şəhərin dünəni ilə bağlı olduğuna görə cəlb edə bilmişdir. Elə bu səbəbdən idi ki, kitabın 13-cü mikrorayondakı Nizami Gəncəvi adına şəhər kitabxana-klubunda keçirilən təqdimat mərasiminə məktəblilər və tələbələrlə yanaşı kitabxananın yaşlı, "veteran" oxucuları da təşrif buyurmuşdular.

Kitabxana-klubun müdiri Zərnigar Babayeva tədbir iştirakçılarına Eyruz Məmmədovun son illər yaradıcılığı haqqında məlumat verərək bildirmişdir ki, müəllifin yeni kitabı Sumqayıtın yubileyinə çox dəyərli bir töhfədir. Kitabla tanış olanlar ötən illərdə şəhərin qurucularının və onların sonrakı davamçılarının Sumqayıtı bina-bina, məhəllə-məhəllə necə həvəslə inşa etdiklərini, keçmiş SSRİ respublikalarından, eləcə də dünyanın müxtəlif ölkələrindən gələn qonaqların bu gənclik şəhərinə, sumqayıtlıların əmək coşqunluğuna, qurub-yaratmaq eşqinə, qonaqpərvərliklərinə, beynəlmiləlçilik ruhuna heyranlıqlarını iftixarla duya biləcəklər.

Oxucuların alqışları ilə qarşılanan Eyruz Məmmədov öz çıxışında bildirmişdir ki, hələ gənc yaşlarında ikən - "Sosialist Sumqayıtı" (indiki "Sumqayıt") qəzetində çalışarkən bir jurnalist "şakəri" olaraq Sumqayıtın ilk qurucuları, tanınmış adamları, dünyanın, xüsusilə də SSRİ-nin hər yerindən şəhərə qonaq gələn elm, ədəbiyyat və incəsənət xadimləri ilə görüşərək, sanki uzaqgörənliklə onlardan öz sənət taleləri, Sumqayıt və sumqayıtlılarla bağlı müsahibələr almış və şəhər qəzetində dərc etdirmişdir. İllər ötdükdən sonra həmin müsahibələr gənclik şəhərinin dünənini bugünkü gənc nəslə bütün aydınlığı ilə göstərir. Həmin müsahibələr ilk növbədə həm də ona görə diqqəti xüsusilə cəlb edir ki, Eyruz müəllimin özünün müsahibini yaxşı tanıyaraq və bəzən də bir fanat kimi sevərək verdiyi sualların özü maraqlı, hər bir sənət adamına fərdi yanaşma, düşüncə baxımından qeyri-adidir. Bütün müsahibələrdə və kitabda dərc edilmiş digər məqalələrdə Eyruzun böyüyüb, boya-başa çatdığı bu şəhərə - doğma Sumqayıta, onun adamlarına xüsusi, sonsuz sevgisi çox aydın hiss olunur.

Kitabda kimlər və nələr yoxdur, kimlərdən və nələrdən söhbət açılmır?!. SSRİ Elmlər Akademiyasının prezidenti, böyük elmi nailiyyətlərinə görə hələ çox gənc ikən - 35 yaşında Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş Lenin mükafatı laureatı Mstislav Keldış, türk əsilli əfsanəvi ikinci sovet kosmonavtı German Titov, SSRİ-nin çox sevilən aktyorları Vsevolod Sanayev, Nikolay Olyalin, Natalya Fateyeva, Stanislav Lyubşin, görkəmli sovet bəstəkarları Tixon Xrennikov, Dmitri Kabalevski, məşhur müğənnilər Lev Leşşenko, Vaxtanq Kikabidze, Əfqanıstanın sabiq dövlət başçısı Babrak Karmalın həyat yoldaşı Məhbubə Karmal, Sumqayıtın qardaşlaşdığı Lüdviqshafenin meri Doktor Lüdviq, SSRİ-nin futbol üzrə yığma komandasının kapitanı İqor Netto, Azərbaycanımızın məşhur sənət adamları - Əliağa Ağayev, Rza Əfqanlı, Nəsibə Zeynalova, böyük vətənpərvər yazıçı Mirzə İbrahimov, şair Nəriman Həsənzadə,

Sumqayıtın ilk rəhbərlərindən olmuş Kamran Hüseynov, sumqayıtlı xalçaçı rəssam Fazil Abbasquluzadə və digərləri.

Kitabda Eyruzun ədəbi düşüncələrinə, Sumqayıt hadisələrinə, 20 yanvar faciəsinə və digər mövzularda məqalələrə də geniş yer ayrılmışdır.

Nəşrin redaktoru, tanınmış yazıçı-publisist Arif Ərşad öz çıxışında Eyruzun Sumqayıtın tarixinin müxtəlif dövrləri, onun qurucuları, sosial-mədəni inkişafında xidmətləri olmuş müxtəlif peşə adamları - istehsalat, elm, mədəniyyət, təhsil, səhiyyə nümayəndələri ilə bağlı ensiklopediya dəyərli "Sumqayıtım mənim”, "Ötən ömrün günləri”, "Qələbəyə aparan yol”, "Xatirələrdə yaşayan insan”, həmçinin bədnam qonşularımızın məkrli planları, təxribatları ilə bağlı "Ermənilərin Sumqayıtda qanlı aksiyası”, "Cinayət və cəza” və digər kitablarını yada salaraq, onların hər birində doğma şəhərə böyük, əsl oğul məhəbbəti, mənfur düşmənə qarşı dərin nifrət hissi olduğunu diqqətə çatdırmışdır.

O, xüsusilə qeyd etmişdir ki, Eyruz özünün görkəmli rejissor dostu Davud İmanovla birgə "Sumqayıtın əks-sədası” tammetrajlı, "Sumqayıtın əks-sədası-2” beş seriyalı, "Sumqayıt: Azadlığın əks-sədası” və "Sumqayıt” adlı sənədli filmlərinin də yaradıcısıdır. O, Davud müəllimlə birgə bu filmlər üzərində illərlə çalışaraq, SSRİ-nin ermənipərəst rəhbəri, daşnak separatçılarının Dağlıq Qarabağda əl-qol açmasına şərait yaratmış, böyük bir ölkəni xaosa, məhvə sürükləmiş satqın M.Qorbaçovun və onun "komanda" üzvlərinin - Y.Liqaçovun, A.Yakovlevin, Q.Razumovskinin, SSRİ Ali Sovetinun sədri A.Lukyanovun, SSRİ DTK-nın sədri V.Kryuçkovun, SSRİ Müdafiə naziri D.Yazovun, Rusiya Dumasının bədnam deputatı V.Jirinovskinin və digərlərinin Sumqayıt hadisələri və 20 Yanvar qırğını ilə bağlı müsahibə vermələrinə nail olaraq, acı tarixi həqiqətləri ortaya çıxartmağa çalışmışdır. Və xalqımızın görkəmli ziyalısı, akademik, millət vəkili Rəfael Hüseynov respublika radiosunda Sumqayıtla bağlı özünün aparıcısı olduğu "Axşam görüşləri” verilişində əbəs yerə belə bir ifadə işlətməmişdi ki, "Sumqayıt deyəndə, Eyruz yadıma düşür, Eyruz deyəndə isə - Sumqayıt". Bu, Eyruz Məmmədovun bir sumqayıtlı, Azərbycanın vətənpərvər ziyalısı, əsl vətəndaş kimi çoxillik səmərəli fəaliyyətinə verilən çox yüksək, layiqli dəyərdir.

Tədbirdə şair Asif Asiman, Elbrus Qayalı, kitabxana işçiləri, tələbə və şagirdlər çıxış edərək, Eyruzun əsərlərindən, xüsusilə də sumqayıtlıların son illərdə daha da gözəlləşərək, cazibədar olmuş doğma şəhərinin 70 illik yubileyinə həsr edilmiş “Sumqayıtım, dünənə boylan!” kitabı ilə bağlı fikirlərini söyləmiş, onun daha yüksək tirajla yenidən nəşr edilməsini təklif etmiş, tədqiqatçı yazıçıya yaradıcılığında daha böyük uğurlar arzulamışlar. Elbrus Qayalı yazıçı dostuna həsr etdiyi "Eyruz millətimin od parçasıdı!" şeirini oxumuşdur:

İlk baxışda ürəkləri duyandı,
Abır-həya, böyük-kiçik sayandı.
Cəsarəti el-obaya həyandı.
Mərdin qapısını mərd açasıdı,
Eyruz millətimin od parçasıdı!

Səyyah kimi zirvələrdən səs edər,
"Mənəm-mənəm" deyənləri pəs edər,
Bir kəlməsi milyonlara bəs edər,
Hələ şölələnib nur saçasıdı,
Eyruz millətimin od parçasıdı!

Sinəsi yurdumun tarixçəsidi,
Onun hər kəlməsi xalqın səsidi,
Sanki Qarabağın şikəstəsidi.
Hələ zirvələrə ucalasıdı,
Eyruz millətimin od parçasıdı!
Eyruz millətimin od parçasıdı!

Tədbirin sonunda Eyruz Məmmədov yeni kitabının sorağı ilə onun görüşünə gəlmiş oxucuları - məktəbliləri və tələbələri maraqlandıran suallara cavab vermiş, təbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirmişdir.

Rəhman ORXAN.






Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər