Xəbər xətti
18-10-2021
17-10-2021
16-10-2021
Yazarlar





Rublika
Arxiv
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Ən çox oxunanlar
Sorğu

İntihar çıxış yolu deyil - Psixiatr

Baxılıb: 4170     Tarix: 11-05-2021 19:49   
İntihar çıxış yolu deyil - Psixiatr
Son 20 əsr ərzində dünyada insan cəmiyyətləri inkişaf etmiş, texniki və digər tərəqqilərə nail olunmuşdur. Buna baxmayaraq, insanlar və toplumlar arasında ziddiyyətlərə, münaqişələrə son qoyulmamışdır.
Onlar bir-birindən qorunmaq üçün təkcə tikanlı məftillərlə kifayətlənmir, gərgin zehni əmək və külli miqdarda maliyyə vəsaiti xərcləməklə kütləvi qırğın silahları icad edirlər. Ətraf mühiti- suyu, torpağı, havanı çirkləndirirlər. Beləliklə, genetik, bioloji, sosial səbəblər üzündən tək və ya kütləvi şəkildə intiharlar baş verir.

Müxtəlif dövrlərdə intiharlara müxtəlif münasibətlər olmuşdur. Məsələn, qədim keltlər və şotlandlarda intihar norma kimi qəbul edilmişdir. Qədim Çində düşmən qarşısında intihar etmək intiqam almaq kimi qiymətləndirilmişdir. Qədim yaponlar intihar etməklə öz cəsarətlərini göstərmişlər. Hindistanda ərləri ölmüş qadınlar özlərini onların məzarları üstündə yandırmışlar.

İntihar ölümün əsas səbəbləri sırasında ilk onluqdadır. Buna görə də ciddi problem sayılır. Statistlər hesab edirlər ki, həmin problem hələ ciddi şəkildə araşdırılmamış və ona qarşı profilaktik tədbirlər lazımınca aparılmamışdır. Bu üzdən bəlkə də ölüm səbəbləri arasında 10-cu deyil, daha önəmli yerlərdən birini tutur. İntihar əsasən yaşı 70-dən yuxarı olan insanlar arasında geniş yayılmışdır. Amerikada 1980-ci ildən bəri hər il 30 minə qədər adam intihar edir. Bu rəqəm cinayət nəticəsində ölənlərin sayından çoxdur. Yaşlıların intiharı onunla izah olunur ki, onlar arasında daha çox depressiya və somatik xəstəliklər olur, qohumları ilə əlaqələri zəifləyir, sosial fəaliyyətləri azalır. İntihar edənlər arasında boşanan, dul və tənha insanlar da çox olur. Gənclərin intiharını isə alimlərin bir qrupu psixi xəstəliklərin sürətli inkişafı, narkotik və psixoaktiv dərmanların əhali arasında geniş yayılması, o cümlədən evdə saxlanılan silahlar və onlardan istifadənin asanlaşması ilə izah edirlər.Amerikada 15-24 yaşarası qrupda ölüm səbəbləri arasında üçüncü sıranı intiharlar tutmaqdadır.

ABŞ-la müqayisədə Kanadada intihar sayı daha çoxdur. Ən çox intiharlar baş verən ölkələr sırasında Latviya, Litva, Estoniya, Rusiya və Macarıstan da var. Ən az olanlarsa Qvatemala, Filippin, Albaniya, Dominikan Respublikasıdır. Bu isə o anlama gəlir ki, həyat şəraiti yaxşı olan ölkələrdə intiharlar daha çox baş verir. Deməli, sosial səbəb heç də əsas deyil. Səbəbi axtararkən daha çox bioloji, psixoloji, genetik, sosioloji sfera nəzərə alınmalıdır. İctimai bağları qüvvətli və ənənələrinə bağlı cəmiyyətlərdə çox vaxt intiharlar fərdi olmaqdan çox ictimai qayda olaraq vardır. Məsələn, yaponlarda qürurun qırılması nəticəsində tətbiq olunan “hara-kiri” kimi. Bu cür intiharlar “fədakarlıq intiharı” olaraq təyin edilir və intihara fərdi xüsusiyyətlərdən çox ictimai qaydalar səbəb olur.

İntihar edənlərin böyük əksəriyyətində depressiya olur. İntihara gətirib çıxaran əhəmiyyətli həyat hadisələri 30 yaş altında boşanma, rədd edilmə, işdən çıxarılma – işsizlik və sərt qanunlarla bağlı problemlər; 30 yaş üzərində isə fiziki xəstəliklərdir. Bir çox adam heç vaxt psixiatra müraciət etmir, onlara diaqnoz qoyulmur və müalicə də aparılmır. Depressiyalar sahəsində aparılan elmi-tədqiqat işləri intiharların mahiyyətini aça bilər. Digər xəstəlikər də intihar davranışına

malik olurlar. Bunlar əsasən bipolyar pozuntular, şizofreniya, qorxu və gözləmə nevrozlarıdır.

Bioloji səbəb bir nəsildən digərinə genetik üsulla ötürülür. Psixoloji səbəbə gəlincə, 20-ci əsrin əvvəllərində avstriyalı psixiatr Ziqmund Freyd bunun əsasını qoymuşdur. Bu nəzəriyyədə o, insanın öz daxilində olan aqressiyanın onun özünə yönəlməsinin rolunu izah etmişdir. Amerikalı psixiatr Karl Menenger Freydin ideyalarına yeniliklər əlavə edərək göstərmişdir ki, intiharların əsasən üç şüursuz səbəbi mövcuddur: intiqam-nifrət (öldürmək arzusu), depressiya – çarəsizlik, ümidsizlik (ölmək arzusu), günahkarlıq hissi – etdiyin hərəkətdən sarsılmaq, peşman olmaq (öldüqrülmək arzusu).

Müasir intihar nəzəriyyəsinin pioneri sayılan amerikalı Edven Şneydman intiharların bir sıra ciddi səbəblərini izah etmişdir. Bunlar dözülməz ruhi sarsıntı, ətraf mühitdən təcrid olunma və ümidsizlik hissləridir. Bütün bu problemlərin həllini yalnız intiharda görmək hissi də var. Psixoloqların böyük əksəriyyəti intiharları insan problemlərinin kömək naləsi kimi qiymətləndirirlər. Sosioloji səbəb bir çox alimlərin düşüncəsinə görə, sosial struktur və həyati dəyərlərin intiharlar reytinqinə böyük təsir göstərə bilməsini ehtiva edir.

Alimlər aşkar etmişlər ki, intihara meyilli adamlar başqalarına nisbətən elə də böyük stresslərə məruz qalmırlar. Stress mühiti hamı üçün eyni dərəcədə olur. Lakin intihara meyilli adamların şəxsiyyətində bir sıra patologiyanın mövcud olması onların stress mühitində davranmasına və problemlərini həll etməsinə mane olur. Bir məsələ var ki, hətta problemsiz ailələrdə də intiharlar baş verir. Məsələn, bu yaxınlarda Nepal kralının ailəsində baş verən intiharı buna misal göstərmək olar. Keçmişə üz tutsaq, bir çox istedad sahibinin də intihar etdiyihaqda məlumatlar toplaya bilərik: dahi rəssam Van Qoq, böyük yazıçı Ernest Heminquey və b.

Kütləvi insan intiharlarına çox nadir hallarda rast gəlinir. Onlardan ən yaddaqalanı bizim eranın 73-cü ilində İsrailin cənubunda Masad şəhərində 960 yəhudinin onların Roma imperiyasına birləşdirilməsinə etiraz əlaməti olaraq törətdikləri intihar olmuşdur. 1978-ci ildə Ceyustaunda (Qvineya) dini qrupun 900-ə yaxın nümayəndəsi onların rəhbəri Cim Consun tələbi ilə intihar edib.

İlk dəfə 1950-ci ildə Amerikada psixi sağlamlıq proqramı ilə məşğul olan həkimlər ümidsiz insanlara kömək məqsədilə etimad telefonu yaradıblar. Gün ərzində yüksək ixtisasa malik psixoloqlar növbədə olur, zəng etmiş şəxslərlə psixoterapevtik söhbətlər aparırdılar. İntiharların profilaktikası həm tibbi, həm də sosial xarakterli olmalıdır. Hər kəs intiharın mənasızlığını kütlələrə və fərdlərə aşılamalıdır.

Müqəddəs “Qurani Kərim”ə görə, intihar günah sayılır. Məhəmməd Peyğəmbər buyurub ki, canına qıymış insanların cənazə namazını qılmayın! Can bizə verilmiş əmanətdir, əmanətə xəyanət isə qəbuledilməzdir. Bir çoxları intiharı acizlik kimi dəyərləndirirlər. Bir qisim adamsa özünə qəsd edən kəsi qınamayaraq, onun başqa yolu olmadığını düşünür. Daha çox intiharın səbəbi sosial-məişət amilində axtarılır. Əslində, bu, yanlış yanaşmadır, məsələnin görünən tərəfidir. Çünki sosial-məişət amilinin müəyyən təsiri olsa da, intiharı psixoloji amillər şərtləndirir.

İnsanlar toplanan informasiyanı, necə deyərlər, xərcləməli, kiminləsə bölüşməlidirlər. Bu, artıq həyati zərurətdir. Son dərəcə zəngin və rəngarəng təəssürata, informasiyaya malik olan insan sanki bu yükdən bir qədər azad olmaq istəyir. Əks təqdirdə özünə qapanır. Bu isə insanı başqalarından ayırır, insan sosial təklik, yəni sosial təcridolunma ilə üz-üzə qalır. Bu gün belə insanlar çoxdur. Onlar adətən minlərlə adamın arasında yaşasalar da, sanki yalqızlıqdan əziyyət çəkirlər. Başadüşən kimsənin yoxluğundan gileylənirlər. Bu isə əksər hallarda əsəb pozğunluğuna səbəb olur. Təəssüf ki, bəziləri bu zaman yalnız bir çıxış yolu görürlər - intihar. Bəs, nə üçün Allahın bəxş elədiyi anadangəlmə özünüqoruma instinkti, ağrı hissinin duyulması, qorxu hissi bizdən uzaqlaşır, insan könüllü olaraq həyatı tərk etməyə qərar verir?

Freyd intiharı sosial mühitdə olan savaş və narazılıqlarla əlaqələndirirdi. Ona görə, özünəqəsd şəxsiyyətin mühitlə konfliktinin nəticəsidir. Freyd intiharı məhz “cavabı verilməmiş emosiya“ adlandırırdı. Bir sözlə, özünəqəsdi təmin olunmamış təəssüratların, arzu, istək və meyllərin nəticəsi hesab edirdi.

Dünyanın əksər psixoloqları belə bir məsləhət verirlər: özünə nə çox “olmaz”, nə də çox “olar” de. Yəni orta həddi müəyyənləşdirmək məsləhətdir. Bu, ən xeyirlisidir. Hətta “Qurani Kərim”in ayələrində insanın həyatda “orta yol” tutmasından danışılır. Bu yol ərəbcə “siratəl-müstəqim” adlanır. Namaz əhli “Fatihə” surəsini oxuyarkən gündə beş kərə bu sözü təkrar edir. Onu da deyək ki, Freydin bu nəzəriyyəsini bir çox alimlər psixologiyada inqilab kimi dəyərləndirirlər.

Psixoloqlar maraqlı bir müşahidə aparmışlar. Məlum olmuşdur ki, özünü ölümün ağuşuna atan, özünə qəsd edən insanların əksəriyyəti son anda onları kiminsə xilas edəcəyinə inanmışdır. Bəlkə də elə buna görə filosoflar intihar edən adamları üzmək bilməyən balıqlara bənzətmişlər. Yeri gəlmişkən, psixologiyada özünəqəsd edən adam suisident, özünəqəsd aktı suisid, bu sahə ilə məşğul olan adamlar suisidoloq, elmi sahə isə suisidologiya adlanır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, sui-qəsd edənlərin 15 faizini ruhi xəstələr, 10-15 faizini psixiatr nəzarəti tələb edənlər, 60-70 faizini isə praktiki sağlam şəxslər təşkil edir. Özünə qəsd etmiş S.Yesenini, V. Mayakovskini, A.Fadeyevi, E. Heminqueyi, H.Hüseynovu heç vəchlə ruhi xəstə adlandırmaq olmaz.

Nə qədər təəccüblü görünsə də, sui-qəsddə yamsılama, təqlidçilik də az rol oynamır. Psixoloji müşahidələr əsasında məlum olub ki, L.Tolstoyun “Anna Karenina”, Y.V. Hötenin “Gənc Verterin iztirabları” əsərləri sui-qəsdin artmasına səbəb olub. Rusiyada həyatından bezən rus qadınları məhz Anna Karenina kimi özlərini qatarın altına ataraq intihar edirdilər. Psixologiyada Hötenin əsərinə əsasən “Verter effekti” adlanan sindrom səbəbindən Avropanı özünəqəsd epidemiyası bürümüşdü. Fenomen o qədər güclü səviyyə almışdı ki, bir çox ölkələrdə həmin əsərin çapı və yayılması dövlət səviyyəsində qadağan edilmişdi. Ümumiyyətlə, söz sənəti sui-qəsddə mühüm əhəmiyyət kəsb edib.

Son illərin statistik məlumatlarına görə, dünyada sui-qəsd çoxalıb və “cavanlaşıb”. İntihara meyilli əhvala qarşı ən yaxşı profilaktika dərdi bölüşməkdir. Təsadüfi deyil ki, belə bir məsəl var: sevinci paylaşdıqca çoxalır, dərdi paylaşdıqca azalır.

Buna görə də ətrafdakılara mənəvi yardım göstərmək hər bir insanın borcudur. Hər kəs həyatın bu sərt, yazılmamış qanununu yadda saxlamalıdır: “Səni vursalar, tapdalasalar belə, ayağa qalx və rəli get”.İstənilən halda intihara haqq qazandırmaq olmaz. Bu yerdə ictimai qınaq əsas rol oynamalıdır. Çünki ictimai problem olan intihar önlənə biləcək bir ölüm səbəbidir.Yetər ki, zamanında fərq edilə bilsin. İntihar “mesajları” verən şəxsləri mütəxəssislərə yönəltmək yaxınlarının onlara edə biləcəyi ən böyük köməkdir.

İnsan düşünməkdə, xəyal etməkdə azaddır. Amma məsuliyyət anlayışı bütün hiss və düşüncələrdən üstündür. Deməli, insan hər düşündüyünü etməməlidir. Elə bu cəhəti onun nə qədər ağıllı, məntiqli, iradəli, bir sözlə, normal insan olduğunu göstərir.

Mayılxan TAĞIYEV,
Psixiatr, tibb elmləri namizədi,
Əməkdar həkim, “Tərəqqi” medall


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər