"20 ildir kirayədə yaşayıram" - Anar Nəcəfli ilə MÜSAHİBƏ » Sumqayitfakt.az
Xəbər xətti

Yazarlar





Rublika
Arxiv
«    Avqust 2018    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu

"20 ildir kirayədə yaşayıram" - Anar Nəcəfli ilə MÜSAHİBƏ

Baxılıb: 3161     Tarix: 20-04-2018 17:34   
"20 ildir kirayədə yaşayıram" - Anar Nəcəfli ilə MÜSAHİBƏ


Sumqayitfakt.Az keçmiş xəbər aparıcısı, tanınmış jurnalist, hazırda "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin metbuat.az-a verdiyi müsahibəni təqdim edir:

- Necə bir ailədə böyümüsünüz?

- 1980-ci ilin noyabrın 3-də Ucar şəhərində anadan olmuşam. Orta məktəbi bitirənə qədər orada yaşamışam. Orta məktəbi rus bölməsində oxusam da, universitetə sənəd verərkən Azərbaycan bölməsi üzrə vermişəm və Bakı Dövlət Universitetinin Jurnalistika fakultəsinə daxil olmuşam. Atam sürücü işləyib. Gözümü açandan onu sürücü olaraq görmüşəm. Anam isə konserv zavodda çalışıb. İndi hər ikisi təqaüddədirlər.

- Boş vaxtlarınızı necə dəyərləndirirsiniz?


- Əvvəl daha çox mütaliə ilə məşğul olurdum. Xüsusən də dedektiv janrında olan romanlar oxuyurdum. Amma təəssüflər olsun ki, son 10 ildir kitab oxumağım yadıma gəlmir. Çox gərgin iş rejimim olur. İşdən sonra evdəki problemlərlə məşğul oluram. Artıq vaxt qalmır. Hətta istirahət günlərində belə vaxt tapmaq olmur. Ümumiyyətlə, həftə ərzində ev ilə maraqlana bilmirəm. Düzdür, 10 il ərzində arada gənc yazarların bir iki kitabını oxumuşam. Amma tam olaraq bu işlə məşğul olmuram.

- Ən sevdiyiniz əsər hansıdır?


- Çingiz Abdullayevin "Dronqo" əsəri. O silsilədən olan romanları oxumağı sevirəm.

- Uşaqlığınız 90-cı illərin çətin dövründən keçib. O dövrdən xatirələrinizdə nələr qalıb?


- Bizim ən yaralı yerimiz Qarabağ müharibəsidir. Düzdür, mənim boya, başa catdığım rayon Qarabağdan uzaq olsa da, döyüşlərin getdiyini biz hiss edirdik. Əsgər, tank və hərbi təyyarələrin həmin istiqamətdə getdiyini görürdük. Hətta gecə vaxtı sakitlik olanda Qarabağda baş verən partlayışın səsi eşidilirdi. Çətin dövr idi. Çörək tapa bilmirdik. Rayonun özündə çörək sexi fəaliyyət göstərmədiyindən çörək Bakıdan gəlirdi. Çünki un qıtlığı vardı. Xatırlayıram, çörək qatarla gətirilib kisələrə doldurulurdu. Qatar səhər tezdən gəlirdi. Hər gün evə 1-2 çörək apara bilmək üçün gecədən növbədə gözləyirdik. Hətta o vaxt çörək satışı ilə məşğul olan xüsusi dükanlar vardı. Bizim rayonumuzda səhv etmirəmsə, 2 nöqtədə idi. Biri evimizə yaxın idi. Orada da gecədən növlər olurdu. Çünki gələn çörəkləri vağzalda ala bilməyənlər həmin dükanlara üz tuturdu. Uzun növbələr olurdu. Biz o zaman uşaq idik. Çox çətin idi.

- Tələbəlik illəriniz necə keçib?


- Tələbəlik illərim də məktəb illəri qədər maraqlı olub. İnsan ömrünün ən yaddaqalan illəri məktəb və tələbəlik illəridir. Sonradan işlə, ailəylə bağlı o qədər problemlər olur ki, insan yüklənir. Tələbəlik illərində tələbə dostlarımla birlikdə Bakıda kirayə qalırdım. 3-4 oğlan arasında evin təmizlənməsi, yemək bişirilməsi bölünürdü. Bəzən rayondan pul gəlmədiyi üçün ac qalırdıq, bəzən marşurtla universitetə getməyə pulumuz olmurdu, piyada gedirdik. Yaxud, metrodan istifadə etmək üçün bir jetonumuz olurdu. Elmlər Akademiyasından çıxa bilmək üçün metroya qədər xeyli yolu piyada getməli olurduq. Əslində, yaşadıqlarımız bizim üçün o vaxt çətin gəlirdi. Amma indi həmin xatirələr yada düşəndə maraqlı illər kimi xatırlanır.

Universitetdə oxuyanda deməzdim ki, əlaçı idim. Tələbəlik illəri idi. Dərsdən qaçdığımız vaxtlar da var idi, dərsə gəlmədiyimiz, oxumadığımız vaxtlar da. Mənə ən çətin gələn fənn Müasir Azərbaycan dili fənni idi. Çünki dediyim kimi rus bölməsini bitirmişdim. Universitetə qəbul olmazdan öncə il yarım hazırlaşmışdım. Şükürlər olsun ki, bitirdik.

- Universiteti bitirdikdən sonra hansı işlərdə fəaliyyət göstərdiniz?


- Universiteti bitirdikdən sonra hərbi xidmətə yollandım. Naxçıvanda qulluq etdim. Gələndən sonra bir müddət iş tapa bilmədim. Təxminən 2 ilə yaxın binaların tikintisində fəhləlik etdim. Belə çətin günlər olub. Sonradan ANS-də "Cinayət işi" verilişinə müxbir axtarılırdı. Müraciət etdim. Pərviz Abubəkirovla bir müddət işlədim. Sonra oradan kanaldakı digər bir verilişə "İç xəbər"ə keçdim. Orada stajçı müxbir, sonra müxbir, daha sonra isə aparıcı olaraq çalışdım. 2004-cü ildən 2007-ci ilə qədər. Sonra "Burc FM" radiosunda bir müddət xəbər aparıcısı kimi çalışdım. Xəzər televiziyası yaranandan sonra ora keçdim. Əvəllər gündüz xəbərlərinin, sonradan əsas xəbərlərin aparıcısı kimi çalışdım. 2015-ci ilə qədər. Sonra bir müddət ATV kanalında xaricdə yaşayan soydaşlarımızla bağlı veriliş hazırladıq. Həmin veriliş ayda bir dəfə yayımlanırdı. Təxminən 1 il davam etdi. Daha sonra Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən təklif gəldi. Qəbul etdim və bura gəldim.

- Ali təhsil almağınıza rəğmən fəhlə işləməyiniz sizə çətin gəlmədi?


- Ali təhsil almışam deyə oturub hansısa bir təklifin gəlməsin gözləmək, ona kimi işləməmək, valideynin əlinə baxmaq mənə uzaqdır. Bu, qadınlar üçün başadüşüləndir. Amma kişilər üçün yox. Mən elə şeyləri qəbul etmirəm. Təbiətcə müstəqilliyi xoşlayıram. Burada da özümə qəbahət görmürdüm. İşləyə-işləyə paralel olaraq ixtisasımla bağlı iş axtarırdım. Düşünürəm ki, hər bir kişi bu istiqamətdə getməlidir. O qədər elə universiteti bitirib evdə gözləyən insanlar var. İndiyə kimi gözləyirlər və iş tapa bilmirlər. Ən xırda bir şeydən də olsa yapışmaq lazımdır. Hansısa bir mərtəbəyə çıxmaq üçün insanda istək varsa, onsuz da gedib çıxacaqsan. Amma bir məsələ var. Biri var dağın zirvəsinə düz yolla çıxasan, biri də var dolanbac yollarla. Ən sonda da öz istəyinə çatacaqsan. Mən isə çalışmışam ki, hansı işi görməyimdən asılı olmayaraq yaxşı işləyim. Həm fəhlə olanda, həm müxbir, həm aparıcı, həm də indi. Bir yerdə durub, saymağı sevmirəm. Əlimdəki ilə kifayətlənmirəm. İstəyirəm ki, nəyisə öyrənim və qabağa gedim.

- Planlaşdırdığınız nöqtədəsiniz, yoxsa hədəfləriniz var?


- İnşallah, zaman göstərər. Dediyim ki, sənin indiki durduğun nöqtədən daha yüksək nöqtəyə hədəfin yoxdursa, sən elə durduğun nöqtədə qalacaqsan. Nəinki yerində saymaq, hətta geriyə düşəcəksən. Bir də görəcəksən ki, işsiz qalmısan.

- 3 övlad atasısınız. Vaxt ayıra bilirsinizmi onlara?

- İş rejimimiz gərgin olduğundan vaxt ayırmaq çətindir. Çalışıram ki ayırım. Bəzən işin stressi, əsəbi evə də yansıyır. Amma çalışıram ki, övladlarımı bu şeylədən uzaq tutum. Həftə sonları onlarla daha çox vaxt keçirməyə çalışıram. Hansısa bir rayona aparıb, bir neçə saat da olsa təbiət qoynunda vaxt keçirmələrini istəyirəm. Özüm də təbiəti sevdiyimdən, şəhəri çox xoşlamıram. Düzdür, işimiz şəhərlə bağlıdır deyə burada yaşayırıq. Amma vaxt tapdıqca imkan daxilində şəhərdən uzaqlaşıram.

- Xəzər Xəbəri tamaşaçılar sizinlə sevdi. Lakin siz aparıcılığı məmurluğa dəyişdiniz. Niyə?

- Mənim indiki işim sırf jurnalistikaya aiddir. Əvvəl televiziyaya aid idisə, indi həm onlayn jurnalistika, həm televiziya, həm radio - hamısını əhatə edir. Yeganə dövlət qurumuyuq ki, həm video, foto işlərimizi özümüz hazırlayırıq, səsləndirməmizi özümüz edirik. Burada kiçik prodakşın qurmuşuq. Həm montajımız var, həm kiçik bir səsyazma studiyamız. Çəkirik, səsləndiririk, montaj edirik. Dediyim kimi, çalışmışam ki yeniliklər olsun. Demərəm ki, məmuram, kabinetdə oturub əmr verirəm. Yox, bütün proseslərdə özüm şəxsən iştirak edirəm. Köməkçim belə yoxdur. Bu işləri görən bir kameraman, bir montajçı, bir də mənəm. Agentliyin buraxdığı jurnalı belə özümüz yığırıq.

- Gələcəkdə televiziyaya qayıtmaq istərdiz?


- Aparıcılıq elə bir şeydir ki, ondan yaxşı, gəlirli bir vəzifədə olsan belə insanı özünə çəkir. Həqiqətən də belədir. Bilmək olmaz, bəlkə də nə vaxtsa qayıtdım.

- Hazırda xəbər aparıcılardan kimləri bəyənirsiniz?


- Xəbərə aparıcıya görə baxmıram. İnformasiya almaq məqsədilə ancaq. O da ki vaxt olanda. Hazırda xəbər mənbəyimi sosial şəbəkələrdən onlayn alıram. Televiziyaya çox az baxıram. Evə gələndə düzü uşaqlar imkan vermir, cizgi filmlərə baxırlar (gülür). İndi insanlar məlumatı ən çox sosial şəbəkələrlə alır, nəinki televiziyada xəbərlərə baxaraq. Amma yaxşı xəbər aparıcıları var. Adlarını çəkmək istəmirəm. İnciyə bilərlər. Amma sırf hansısa aparıcıya görə xəbərlərə baxmıram.

- Jurnalist fəaliyyətiniz dövründə hansı mətbuat orqanları sizi qane edib, hansıları etməyib?


- Bəzi mətbuat katiblərini çıxamaq şərtilə, əvvəllər mətbuat katibləri tapmaq, danışdırmaq qeyri-mümkün idi. Hətta günlərlə axtarsan belə, tapmaq mümkün deyildi. Düzü indi də elə mətbuat katibləri var. Lakin onların əksinə, jurnalistlərə açıq mətbuat katibləri də kifayət qədər çoxdur. Mətbuat katibi olaraq jurnlaistlərin nələr çəkdiyini bilirəm.

- Jurnalistlərdən gələn ən maraqlı sual nə olub?


- Yaxın günlərdə belə bir hadisə yaşadım. Sual məndə gülüş yaratdı. Əslində, bu, jurnalistin birbaşa sualı deyildi. O, vətəndaşların müraciətini çatdırırdı. Şikayət üstü açıq olan yerüstü piyada keçidləri bağlı idi. İnsanlar şikayət ediblər ki, insanlar yağışlı havada piyada keçidindən keçərkən islanırlar. Onsuz da keçidə gəlib çatana kimi piyada islanır. Keçidin üstü bağlı, yaxud açıq olmasının nə fərqi var? (gülür)

- İdmanla aranız necədir? Hansısa futbol klubuna azarkeşlik edirsiniz?

- Sözün açığı futbolla ümumiyyətlə aram yoxdur. Uşaq vaxtı məhlədə, stadionda dostlarla oynamışam. Bəziləri kimi sırf futbol fanatı deyiləm. Amma idman olaraq üzgüçülüklə məşğul oluram. O da vaxtım olanda.

- Hansı musiqi janrını dinləyə bilmirsiniz?


- Sözün açığı bütün musiqiləri dinləməyi xoşlayıram. Klassik, pop, rep. Amma baxır necə. Milli musiqilərimizdən tutmuş, xarici mahnılara kimi bütün musiqilərə qulaq asmağı xoşlayıram. Yetər ki, zövqümü oxşasın.

- Film janrlarından ən çox nəyi bəyənirsiniz?

- Ən çox tarixi filmləri bəyənirəm.Xüsusən də qədim tarixdən olanları. Sonra fantastik janrda olanları xoşlayıram.

- Həyatınızın hansısa məqamında nədəsə insafsızlıq etdiyinizi düşündüyünüz olubmu?


- Çalışmışam ki, kiməsə qarşı pislik, insafsızlıq etməyim. Düşmənim mənə qarşı pislik, insafsızlıq etsə də, cavabında ona pislik etməmişəm. Əksinə, yaxşı nə isə etmişəm. Özümü o insan səviyyəsinə endirməmişəm. Düzdür, arada kiminsə xətrinə dəymək olur. Lakin sonradan həmin şəxsin könlünü almağa çalışmışam ki, inciklik qalmasın.

- Hansısa bir biznesiniz varmı?


- Əslində yaralı yerimə toxundunuz. Kənardan insanlar elə başa düşürlər ki, bu şəxs vəzifədə işləyirsə, onun hər şeyi var. 100% biznesi, maşını, evi var. Deməzdim kasıb, orta səviyyəli bir ailədən çıxmışam. Atamın mənə ev, maşın alacaq, oxutduracaq imkanı olmayıb. İndiyə kimi həyatda nəyə çatmışamsa, öz gücümə etmişəm. Arxamda da heç bir adam dayanmayıb. Hətta qohumlarım da belə fikirləşir. Əslində indiyə kimi kirayədə qalıram. 1998-ci ildən bu da 2018. 20 ildir kirayadəyəm. Düzdür, çalışıram ki nə isə edim. Çünki 3 uşaq böyüdürəm, onların gələcəyi var. İndi onların gələcəyi üçün çalışıram. Əlavə bir işimin olmasını istəmişəm. Amma ona imkan olmayıb. Biri var atan yaxşı işdə işləyir, sizi hər şeylə təmin edir. Belə şəraitdə qazandığın puldan nə isə ayırıb etmək olur. Məndə bunlar omadığı üçün istəsəm də alınmayıb.

- Agentliyə gəldikdən sonra hansı uğurlu işlərə imza atmısınız?

- Bura gələndə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuatla əlaqələri yox dərəcəsində idi. Sadəcə bir neçə televiziya kanalları ilə əlaqə vardı. Digər onlayn medialarla əlaqə yox idi. Agentliyə gələndən sonra bu əlaqələri formalaşdırmağa başaldım. İstər müxalif, istərsə də iqtidar yönümlü jurnalistlərin suallarını cavablandırdım. Ayrıseçkilik etmədən. Bilirsiniz, "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin gördüyü işlər göz qabağındadır, yollar göz qabağındadır. Orada nəsə gizlədəsi bir şey yoxdur. Hər kəs problemi də, yaxşını da görür. Təəssüflər olsun ki, bizim cəmiyyətdə yaxşını görmək problemi var. Həqiqətən elədir. Bütün sahələr üzrə. Azərbaycan üçün kifayət qədər xidmətləri olan hər hansı bir insanın bir səhvi olanda, onu cəmiyyətimiz və bəzi jurnalistlərimiz əllərində bayraq tutaraq məhv edir. Təəssüflər olsun ki, bu var. Mən də fəaliyyətim dövründə çalışmışam ki, kiçik səhv belə buraxmayım. Ola bilər ki, nə isə səhv edə bilərik. Nəticədə robot deyilik. Çalışmışam ki, o şeyi qoruyum.

Dediyim kimi, media qurumları ilə əlaqələri qurmağa çalışdım. İndi də işləyirik. Bu gün gördüyü işlərlə bağlı hər gün məlumat verən qurum yoxdur. Bizdə amma hər gün ən azı bir məlumat gedir. Bundan başqa, agentliklə bağlı televiziyada gedən filmlər, həmçinin jurnal və bukletləri də özümüz hazırlayırıq. İndiyə kimi agentlikdə belə miqyasda iş görülməyib. Hətta bu qurumu çox az adam tanıyırdı. Əlbəttə, görülən işlərdə rəhbərliyin rolu böyükdür.


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər