Xəbər xətti
17-09-2021
16-09-2021
Yazarlar





Rublika
Arxiv
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Ən çox oxunanlar
Sorğu

Uca şairlə, uca dağı birləşdirən körpü

Baxılıb: 2197     Tarix: 06-06-2021 14:43   
Uca şairlə, uca dağı birləşdirən körpü

(Ustad Musa Yaqubun xatirəsinə)

“... Burax məni çıxıb gedim bu şəhərdən!
Çıxıb gedim öz doğıma, öz obama.
Övladları perik düşən xarabama!”


Bu dünyanın haqsızlıqlarına üsyan eləyən ustad, Xalq şairi, Xalqın Şairi Musa Yaqubun belə ölməz misralarını və “Bu dünyanın qara daşı göyərməz”, “Sən Allah özünə öyrətmə məni” və başqa yüzlərlə şerirlərini, əsərlərini daha yaradan olmayacaq. 84 yaşına cəmi 2 gün qalmış bu dünyaya “əlvida” dedi ustad şair. Köçdü haqq dünyasına. O, elə ölümü ilə də fərqləndi. Xalq şairi kimi paytaxtda, Fəxri Xiyabanda əbədi məskən tapmağa haqqı olan şair, onu elə doğulduğu, son illərini, daha doğrusu ömrünün böyük hissəsini yaşadığı Buynuz kəndində, öz həyat yoldaşının yanında dəfn olunmağını vəsiyyət etdiyinə görə, böyük Şəhriyarın adını ləyaqətlə daşıyan oğlu, ustadın bu son arzusunu da yerinə yetirdi. Yerin behiştlik olsun Ustad.

Nə var sevgidən özgə-
Başqa şeylər hədərdir.
Dünyanın ömrü eşqin
yaşamağı qədərdir.


Elə bil öz taleyinə yazmışdı bu misraları böyük Ustad. Onun da dünyası, yaşamağı ömrü qədər oldu.

Oxucular üçün daha maraqlı olsun deyə, böyük Ustadın qısa ömür tarixçəsini yazıram. Çünki çoxları bunu bilmir.

Musa Yaqub 1937-ci ilin mayın ayının 10-da İsmayıllı rayonunun Buynuz kəndində anadan olmuşdu. O, Göyçay Pedaqoji məktəbini bitirdikdən sonra Tircan kənd orta məktəbində müəllim, Buynuz kənd ibtidai məktəbində müəllim və məktəb direktoru işləmişdi. O, Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində 1967–1973-cü illərdə qiyabi təhsil almışdı. Elə həmin illərdə də Buynuz kənd 8 illik məktəbinin müdiri olmuşdu. Həmin illərdə onun yaradıcılığına oxucular tərəfindən böyük maraq yarandığına görə, Ustad sənətkar Bakıya köçərək, Azərbaycan Yazıçılar İttifaqında ( indiki Yazıçılar Birliyində) bədii ədəbiyyatı təbliğ bürosunda direktor müavini, “Azərbaycan” jurnalında poeziya şöbəsinin müdiri vəzifələrində çalışmışdı. 1978-ci ildən yenidən İsmayıllı rayonuna qayıdaraq, rayonun “Zəhmətkeş” qəzetinin baş redaktoru olmuşdu. Musa Yaqub, ədəbi fəaliyyətə çox gənc yaşlarında başlasa da onun ilk sanballı əsəri "İki qəlb, iki dünya” poeması 1957-ci ildə “Azərbaycan” qəzetində çap olunan vaxtdan müəllifə böyük uğur gətirmişdi. Elə həmin vaxtlardan da Moldova respublikasında Sovet ədəbiyyatı, Ukrayna və Özbəkistanda Azərbaycan ədəbiyyatı günlərində və digər ümumittifaq tədbirlərində iştirak etmişdi. Onun hər bir çıxışı və söylədiyi şeirlər maraqla qarşılanmışdı. O, bir müddər Azərbaycan Kommunist Partiyası İsmayıllı rayon komitəsinin büro üzvü, rayon xalq deputatları Soveti ticarət və məişət xidməti daimi komissiyasınm sədri olmuşdu. İsmayıllı rayon Xalq Deputatları Sovetinin deputatı seçilmişdi. Musa Yaqub, maraqlı şeirlərinə və ictimai fəaliyyətinə görə Mirzə Fətəli Axundov adına mükafata layiq görülmüşdü. Musa Yaqub son vaxtlar Parkinson xəstəliyindən əziyyət çəkirdi.

Altımış ildən çox Azərbaycan ədəbiyyatına layiqincə xidmət edən Musa Yaqub 24 may 2019-cu ildə “Azərbaycan respublikasının Xalq şairi” fəxri adına layiq görülmüşdü. Amma həmin vaxta qədər bu böyük Ustad Xalqın şairi fəxri adını çoxdan almışdı.

Beləliklə, İsmayıllı rayonunun Buynuz kəndində doğulan, həyatının, əmək fəaliyyətinin çox böyük hissəsini bu rayonda davam etdirən istedadlı şair rayonun ictimai həyatında çox böyük rol oynayırdı. Elə bu xidmətlərinə görə də ölkənin ən yüksək Ali qanunvericilik orqanında Milli Məclisdə İsmayıllı rayonunu təmsil etmək şərəfinə layiq görülmüşdü və millət vəkili seçilmişdi. 1990-cı illərdə kesmekeşlerlə dolu mürəkkəb bir dövrdə bəziləri kimi ikiüzlülük və digər anti-milli fəaliyyətlərə etiraz olaraq, “lənət olsun məni siyasətə cəkənlərə”,- deyərək, Milli Məclis tarixində bir ilk olaraq millət vəkili mandatından əl çəkmişdi. Və yenidən döğma rayonuna, kəndinə qayıtmişdı.

1990-cı illərdə ana dilimizdə qeyri adekvat səslənən yer, məkan, kənd adlarının dəyişdirilməsi tendensiyası vardı. Bu tendensiya çərcivəsi İsmayıllı rayon partiya komitəsinin bürosunda Buynuz kəndinin adının da dəyişdirilməsi məsələsi qoyulmuşdu. Büro üzvü kimi Musa Yaqub “Buynuz başda olur, ayrı yerdə olmur ki! Başdan da baş bir şey varmı?”,- deyərək belə bir yarı yumor, yarı ciddi arqument gətirərək bu məsələnin qarşısını almışdı.

Xalq şairi, Xalqın şairi, ustad sənətkar Musa Yaqubun dəfn mərasimində iştirak etmək mənə də qismət oldu. Pandemiya dövrü olmasına baxmayaraq, dəfn mərasiminə çox adam gəlmişdi və orada çoxlu maraqlı çıxışlar oldu.

Yazıçı, şair Seyran Səxavət müxtəlif tədbirlərdə, o cümlədən Ustadın 80 illik yubileyində söylədiyi bir fikri, dəfn mərasimində də, ancaq bu dəfə böyük bir hüznlə təkrar edərək dedi:

- Musa Yaqub dünyada yeganə insandır ki, onun şəxsi dağı var. Onun heyətindən meşəyə, həyətinin söykəndiyi dağa, “öz dağina” aparan cığır və bu cığırin keçdiyi çayın üzərində məşhur bir körpü də var.

Bəli. Musa Yaqubun yaşadığı Buynuz kəndində dağ onun həyətindəki körpüdən keçməklə başlayır. Həmin körpü dağla, Musa Yaqubun həyətini birləşdirir. Deməli, bu körpü usa dağla, uca vüraqlı şairi birləşdirirdi. Ona belə, bir-birindən maraqlı və Azərbaycan ədəbiyyat tarixində əbədilik qalacaq şeirləri yazmağa həvəsləndirirdi, ilham verirdi.

Dahi Ustad uzun illər dünyada gedən haqsızlıqları gördüyünə görə, “Bu dünyanın qara daşı göyərməz” kimi klassik şeirini yazmışdı. Bu şeirə nəzirə olaraq, yüzlərlə şeirlər yazılıb. Yəqin hələ bundan sonra da yazılacaq.

Mən həyatda nikbin insan olsam da, amma inanmıram ki, daha belə təkrarsız, bənzərsiz şeirlər yaradan sənətkar ədəbiyyatımıza gəlsin.

Siz də misraların düzülüşünə, söz altı mənalarına, obrazlı ifadələrinə fikir versəniz mənimlə razılaşacaqsınız əziz oxucular.

Leyləklərin çöp yuvası boş qalıb,
Bahar gedib, payız gəlib, qış qalıb.
Göy çəməndə ocaq yanıb, daş qalıb,
Bu dünyanın qara daşı göyərməz.

Nə o ocaq közərəsi, sönəsi,
Nə o günlər bir də geri dönəsi…
Qəm eləmə, könlümün bir dənəsi,
Bu dünyanın qara daşı göyərməz.

O gülyanaq bənddir bir xoş baxışa,
Körpə budaq əl açıbdır yağışa.
Min baharın hərarəti yığışa,
Bu dünyanın qara daşı göyərməz.

Ot göyərdib o cığırım, o izim,
Tufanlanıb çalxalanmaz dənizim.
Daha məndən sevgi umma, əzizim,
Bu dünyanın qara daşı göyərməz.

Araz boyu çox mənalar sezmişəm,
Elə bilmə əllərimi üzmüşəm.
Ürəyimə daş bağlayıb dözmüşəm,
Bu dünyanın qara daşı göyərməz.


Düz demisiniz böyük Ustad. Yer kürəsində bu qədər müharibələr baş verirsə, dəhşətli haqsızlıqlar olursa, doğrudan da bu dünyanın qara daşı çətin ki, göyərsin.

Rafiq MEHDİ


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər