Xəbər xətti
19-10-2021
18-10-2021
17-10-2021
Yazarlar





Rublika
Arxiv
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Ən çox oxunanlar
Sorğu

"Sevinə-sevinə can vermək olar, beləsi öldürə təki adamı" - Əli Nəcəfxanlı

Baxılıb: 4372     Tarix: 02-06-2021 22:30   
"Sevinə-sevinə can vermək olar, beləsi öldürə təki adamı" - Əli Nəcəfxanlı
Bu gün tanınmış şair, jurnalist Əli Nəcəfxanlının doğum günüdür. Ömrün növbəti pilləsinə qədəm qoyan Ə. Nəcəfxanlı Tanrının seçilmiş bəndələrindən- sözə könül verənlərdən oldu. Söz ona, o sözə sevgisi, sadiqliyi ilə illərdir ədəbiyyat aləminə gözəl töhfələrini verməkdədir. İstər şair, istər jurnalist kimi neçə illərdir imzasını təsdiqləyən Əli müəllim bu gün də aktiv fəaliyyətdədir. Bir-birindən gözəl şeirləri, tərcümələri, publisistik yazıları, müxtəlif mövzuları əhatə edən çoxsaylı məqalələr ilə mütəmadi oxucularının görüşünə gəlir. Bir neçə şeirlər kitabının müəllifidir. Poeziyamızda Əli Nəcəfxanlı imzası özünəməxsusluğu, fərqliliyi ilə seçilir.

Qeyd edək ki, Əli Nəcəfxanlı 1957-ci il iyunun 2-də Sumqayıtda anadan olub. Şəhərdəki 17 nömrəli orta məktəbi bitirib. Ali təhsil aldıqdan sonra bir sıra yerlərdə çalışıb. Əli Nəcəfxanlı uzun müddət AzTV-də fəaliyyət göstərib. Hazırda “Xalq qəzeti”nin Sumqayıt şəhəri və Cənub bölgəsi üzrə müxbirdir.
Regionların sosial-iqtisadi inkişafı, yaradıcı insanları ilə bağlı silsilə məqalə və oçerkləri müntəzəm şəkildə dövlət mətbuatında çap olunur. Bədii yaradıcılıq nümunələri vaxtaşırı olaraq “Azərbaycan”, “Ulduz” jurnallarında, ”Ədəbiyyat qəzeti”, “525-ci qəzet” və digər mətbuat orqanlarında dərc edilir. AYB-nin Sumqayıt bölməsinin tədbirlərində fəal iştirak edir.

Bir neçə dəfə KİVDF-nin jurnalist yazıları müsabiqələrinin qalibi olub. AJB-nin “Həsənbəy Zərdabi”, Beynəlxalq Mahmud Qaşqari Fondunun “San Yarlığı” mükafatlarına layiq görülüb. Azərbaycan Mətbuat Şurasının Diplomu, Sumqayıt Şəhər İcra hakimiyyəti başçısının fəxri-fərmanları ilə təltif edilib.
20 noyabr 2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən Əli Nəcəfxanlı “Əməkdar jurnalist” fəxri adına layiq görülüb.
Dalidag.az olaraq haqqı görən, haqqa tapınan və haqqın yanında olan dəyərli ziyalımızı doğum günü münasibətilə təbrik edir, ömrünün davamında da sözlü, şeirli olmağı arzulayır, uğuru, sevinci bol həyat diləyirik.

Sevinc Qərib

VƏTƏN

Ən gözəl pərvazım - başının üstdə,
Ən gözəl ölümüm - dizində, Vətən!
Özün sınağa çək məni bu sözdə,
Hökm də sənindir, izn də, Vətən!

Zəhərə dönübdü bu hava, bu su,
Bitib-tükənməyən ağrın, acın var.
Olsun, haqqı-sayın haramım olsun -
Neçə ki, qisasa ehtiyacın var.

İgid oğulların demə ələnmiş,
Hazıram uğrunda yüz dəfə ölüm.
Yaran bitişincə, qana bələnmiş
Lalə bitirəcək çəmənim, çölüm.

Məni əsgərlərin sırasına yaz,
Olum öz yurdumun səngər şairi.
Bircə misrası da xalqı yarıtmaz
Qeyrət tərpətməsə əgər şairi.

Göz dağı olmasam, gözümdən olum,
Üzünə yad kimi baxana, Vətən!
Sınsın dar ağacı olmayan qolum,
Səni yandırana, yaxana, Vətən!

Bələdçi gözündə gör, heç olmasa,
Yaxşı tanıyıram o dağı, düzü.
Mənə bir qumbara ver, heç olmasa,
Bir düşmən postunu dağıdım özüm.

...Ən gözəl pərvazım - başının üstdə,
Ən gözəl ölümüm - dizində, Vətən!
Özün sınağa çək məni bu sözdə,
Hökm də sənindir, izn də, Vətən!

KÜÇƏNİZDƏ

Dünyanı başıma dar eyləmişəm
Səni görmək üçün dar küçənizdə.
Şəhər sahibinin yoxdu xəbəri,
Gəzərgi bir heykəl var küçənizdə.

Küçəniz gözümdə bircə küçədi,
Ocaqca küçədi, pircə küçədi.
Vecinə gəlməzmi halım necədi?-
Üzə çıx, ruhumu sar küçənizdə.

Qonşu arasına pıçhapıç düşüb,
Söz-gap qanad açıb, uçhauç düşüb.
Üçü istəsə də, istəmir beşi,
Sirri edəcəklər car küçənizdə.

Eviniz yeddinci qatında göyün,
Pəmbə buludlardan gəlinlik geyin.
Bir az mən boylanım, bir az sən əyil,
Dərdi ürəyimdən dər küçənizdə.

DÜŞƏNDƏ

Mən bəxtimin ərköyünü deyiləm,
Alışqanam döyəclənəm, döyüləm.
Öz-özümə nə eybi var, deyirəm,
Xoşbəxtliyi xəyal eylə... düşəndə.

Babalarım Qurbanalı, Nəcəfxan,
El-obaya mərd qul olub, nəcib xan.
Mən özüm də əcəb xanam, əcəb xan-
Öcəşirəm xanla, bəylə... düşəndə.

Can atıram qanad açıb uçmağa,
Uçub, gedib uzaqları qucmağa.
Vay o gündən yer tapmayam qaçmağa
Bir araya neçə səylə düşəndə.

Ürəyimi elə üzür qayğılar,
Gözlərimdən qaçaq düşür uyğular,
Şeirimə alabəzək duyğular
Bir alaçiy ibarəylə düşəndə.

Dost dediyim car çəksə də sirrimi,
Heç yarımçıq saxlamıram virdimi.
Hicqırıram bulaqlarla dərdimi,
Hönkürürəm şəlaləylə... düşəndə.

İstəklərim isinməsə istimə,
Yana-yana kor oluram tüstümə.
Sanıram ki, toxundular şəstimə
Sözüm yerə yalan "hə"ylə düşəndə.

Əli, axtar, tap insanın xasını,
Xaslar silər qəmli qəlbin pasını.
Qızırqanma matəmini, yasını -
Düşmənə də halal eylə... düşəndə.

BELƏSİ ÖLDÜRƏ TƏKİ ADAMI

Getsə də, baxışı, gülüşü qalıb,
Alır dincliyi var nə ki adamın.
Nəzərim şəklində ilişib qalıb,
Belə də çəkərmi şəkil adamı?

Nəfəsi toxunsa, əridər daşı,
Qanlara susayıb kipriyi, qaşı.
Yaxşı ki, batmaqda deyiləm naşı -
Gözləri dənizdi, çəkir adamı.

Ay evi tikilən şəkil yiyəsi,
Yoxdu camalında zərrəcə kəsir.
Bu boyda kişinin əhədin kəsib,
Edib üz aşıqi, şəkil adamı.

Qəmin şahlığını devirmək olar,
Altını üstünə çevirmək olar,
Sevinə-sevinə can vermək olar,
Beləsi öldürə təki adamı.

VƏTƏN DAĞLARI

Ucaldım, elə ki, boyuna baxdım,
Başına dolandım, ruhuna axdım.
Mənim könül taxtım, sevgi paytaxtım,
Eşqimin bəyanı - Vətən dağları!

Hər qaya oyuğu – qala mazğalı,
Yoxuş nəfəs kəsir, eniş – qəzalı...
Güllərin şehiylə dəstəmaz alıb
Namaza dayanır Vətən dağları.

Burda arzularım haraya düşüb,
Meylim ocaq günə, pir aya düşüb...
Sərhədlər çat kimi araya düşüb,
O yanı - bu yanı Vətən dağları!

Ömürdü - qovğadan, qandan keçilir,
Ürək ağrı çəkir, candan keçilir.
Nə vaxt gen gəzilir, yandan keçilir,
Həsrətə boyanır Vətən dağları.

İgidsən, canı ver torpağa peşkəş,
Vətən qoyulmaz ki qumara, püşkə.
Uçurum dibinə helləyə, keşkə,
Vətənə qıyanı Vətən dağları!

HƏSRƏT ZƏNGİNİ

Gözümü yoluna dikmişəm sənin,
Qalmışam uçuna-uçuna, gözəl.
Gizlicə adını çəkmişəm sənin,
Pay çıxıb dilimin ucuna, gözəl.

Sanki oğurluqda yaxalanmışam,
Gözümdə gözünün izi tapılıb.
Yanlış ünvan kimi döyüb hər axşam
Sevgi məktublarım sizin qapını.

Ümid yox azalda ağrı-acını,
Bu yaşda vurulmaq yanmaq üçünmüş.
Qışda çiçək açan bar ağacının
Gülüşü gözündə donmaq üçünmüş.

Mənim saatımda axşam azanı,
Sənin saatında səhər zəngidi.
Alım qadasını yazı yazanın -
Olmuşam dünyanın həsrət zəngini.

QIZ GÖYƏ DARTINIR

Mələklər nə şirin dilə tutubdu, -
Kələklə bu qızı göyə çəkirlər.
Yerli olduğunu lap unudubdu,
Küləklər bu qızı göyə çəkirlər.

Səmənisayağı birdən boy atıb,
Get-gedə uzanan boyunan gedir.
Torpaqdan baş alıb, yerdən boy atıb
Qız göyə dartınır, göyünən gedir.

Yüz nazı, qəmzəsi, min ədası var,
Bu sayaq gedirsə, bir xətası var.
Göz dəyər, göydəcə vurula bilər,
Qanadı-inadı qırıla bilər.

Anası nə ürək eyləyib, Allah,
Çölə qoyarlarmı heç beləsini?
Yellənib hayınan, küyünən gedir,
Belə qoyarlarmı heç beləsini?

Quşlar qanadına alıb aparır,
Buludlar yanına salıb aparır,
Elə yuxarıdan gedir ki, vallah,
Göydə yaxalayar eşq beləsini.

Dönüb ucalara ucalan şara,
Küləknən oynayır zalımın qızı.
Eşqi topuğuna vurub aşkara,
Fələknən oynayır zalımın qızı.

Amandı, özünə qaytarın onu,
Özünə, sözünə qaytarın onu.
Bir az nəfəs dərsin, səngisin bir az,
Dünya dağılmaz ki... ləngisin bir az.

MƏHƏBBƏT

Bir anın fürsəti-bir ömrə naxış,
Qəfildən ruhumda yaz mehi əsib.
Məni məndən edib həlim bir baxış,
Gecikmiş sevincə könlüm tələsib.

Tellərin məst edib barmaqlarımı-
Sayaq ki,xətadı əlimdən çıxıb.
Adın ballandırıb dodaqlarımı-
Bilməyib demişəm, dilimdən çıxıb.

Hey asıb-kəsirsən,yamanlayırsan,
Yetməzmi? Qəlbimi qırırsan axı.
Nifrəti adıma ünvanlayırsan,
Nahaqdan qəsdimə durursan axı.

Sən mənim ömrümün təzə baharı,
Sevmişəm göz ilə qaş arasında.
Əriyib könlümün sırsıraları,
Gül açıb payızla qış arasında.

Canımı sıxsa da namərd qocalıq,
Bulana-bulana durula billəm.
Mənim təbim rəvan, ruhum cavandı,
Səksən yaşımda da vurula billəm.

YETƏR, QAYIDIRAM

Açdım diri gözlə bu səhəri də,
Kipriyi kipriyə vurmadım, gülüm.
Demişdim biryolluq unudacağam,
Sözümün üstündə durmadım, gülüm.

Qapıda, divarda, pəncərələrdə,
Kitabda, dəftərdə mən səni gördüm.
İşığın Ay kimi düşdü üzümə,
Bütün tərəflərdə mən səni gördüm.

Gözümdən itmədin bir an da belə,
Hissimi, duyğumu zəbt eləmisən.
Sanki ayrılanda sən bilə-bilə
Yaddan çıxmamağı əhd eləmisən.

İçdiyim şərab da kara gəlmədi,
Şüşədən, badədən baxırdın mənə.
Başımı balıncın altına saldım,
Ordan da, vay dədə, baxırdın mənə.

Bir dənəm, bir mənəm, bir də xəyalın,
Həsrətin cəhənnəm əzabı imiş.
Səni sevə-sevə tərk eləmişəm --
Bu zülüm Allahın qəzəbi imiş.

Yetər, qayıdıram bu saat, bu an,
Məni sevgimizin başına döndər.
Bir də ki, bacarsan, qapıda gözlə,
Bilim ki, sovuşdu bu qəza-qədər.

ƏLİMİ KƏS

Mən əlimi yumruq edə bilmədim,
Dərdlərimə qulluq edə bilmədim,
Beş barmaqla yola gedə bilmədim,
Əlimi kəs, əlimi.

Hər gün Tanrı dərgahına ucaldı,
Havalandl, qaxac oldu, qıc oldu.
Əlimin ki ümidləri puç oldu,
Əlimi kəs, əlimi.

Tutmamışam vətənimi, elimi,
Düşmənimə uzatmışam əlimi.
Öz əlimlə qısaltmışam dilimi,
Əlimi kəs, əlimi.

Əl açmışam, ələbaxan olmuşam,
Ələbaxan - falabaxan olmuşam,
Sədəqəyə günəbaxan olmuşam.
Əlimi kəs, əlimi.

Qarışdırıb halal ilə haramı,
Qəhr elədi əvvəlimi, sonramı.
İndi yaraq tutmağa da yaramır,
Əlimi kəs, əlimi.

Ürəyimin ağrıları dərində,
Nə olursa, mənə olur yerində.
Pöhrələyər bəlkə günün birində,
Əlimi kəs, əlimi.

Əli NƏCƏFXANLI
Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər