Xəbər xətti

Yazarlar





Rublika
Arxiv
«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Sorğu

Sabir YUSİFOĞLU: "Minib saat əqrəbinə gəlir gəzə- gəzə ölüm..."

Baxılıb: 2212     Tarix: 11-08-2018 12:01   


Tanrının sirləri çoxdur: ruh kimi, yuxu kimi, sevgi kimi, ölüm kimi və şeir kimi. Minilliklər bəs etməyib bu sirləri açıb - aşkarlasın, rəqəmlərə, düsturlara, qrafiklərə, aksiomlara çevirsinlər alimlər, professor və akademiklər. Bunları reallaşdıran can sahibləri də qeyri- ixtiyari olaraq o sirlərin daşıyıcılarıdırlar.
Bu mənada şairlər - nəzm düzənlər yox, məhz şairlər insan cildində bir sehrdirlər. Bəlkə də sehr çözmək istəyimizdəndir ki, qələmi məşəl edib bu sirrin izinə düşdüm. Sirr sahibi- Yaradan izin versə, əlimizdə olan 109 açarla 109 qapıdan keçib Sirri öyrənməyə cəhd edəcəyik. Sirrin adı belədir: Sabir Yusifoğlu. Sirli yönü isə Şairliyidir. 109 açar dediyimiz isə onun "Dünya ilə heç- heçəyəm" kitabındakı bu sayda şeirləridir.
Zərrə tamın, hüceyrə orqanizmin, övlad ailənin güzgüsü olduğu kimi şeirlər də şair ruhunun əks- sədası, baqisindən fənasına, ərşindən fərşinə körpüsüdür. Bu körpülərdən keçib ala- qaranlıq dünyamızdan Sabir Yusifoğlunun işıqlı dünyasına elə Kitabının vərəqlərilə qanadlanıb yola çıxdıq.
Azərbaycan dilimin baldan şirin şəhdi- şəkərilə, sadəliyindəki qüdrətlə yazılmış, milliliyə söykənib Vətən, İnsan və ən əsası Allah sevgisindən doğulan bu şeirlərin lirik qəhrəmanı eyni zamanda hər bir millətdən olub bəşəri səciyyə daşıyır.

Diş- dırnaqla dənə- dənə,
Yuva quran quşlar kimi
Çöp qoydum çöpün üstünə.
Dünyanın ipi üstünə
yığılan köçə gülürəm.


Və ya:

Gecələr yuxuma gəlib- gedirsən,
səhər, köynəyimin çiynində qalan
əlinə köz basar ütülü qadın.
Mən sənin olmadım, dur gəl acığa,
çəkdiyin əzabtək, ahtək, özün çək
ayağım altından kətili, qadın.

- bu misraları ingiliscə, ərəbcə, ispanca, çincə oxuyan anlayarmı ki, müəllif 1962- ci ildə Azərbaycanımızın Cəlilabad rayonunun Adnalı kəndindən göz açıb və ordan ayaq açıb Bakıya, Dnepropetrovska, Sumqayıta: dünyaya?!
Şeir yazma prosesinin ağırlığını bütün şairlər gözəl bilir. Bu yaranış anları bəzən günlər, aylar, hətta illər də ola bilir. " Şair olmaq zulumdu" deyən, " Nəsimi kimi soyulmaq" dı deyən, " Çay tərsi üzməkdi" "bir qadının doğuş sancısı" kimi əzablıdır deyən şairlər kimi S. Yusifoğlu da eyni prosesi belə yaşayır:

Nə uzun yol imiş, Allah,
qələmdən ağ vərəqəcən.
Tikanlar didir qəlbimi
bircə sözü dərənəcən.


Müşahidə etsək görərik ki, hər şairin yaradıcılığında bir və ya bir neçə bədii detal daha çox özünü göstərər. Şair istər- istəməz dönər, dolanar həmin obraza qayıdar zamanla. Kimisində bu Ay obrazıdır, kimisində Dəniz, birində Gitara (qərb poeziyasında), digərində İşıq, kimisində Saz (türk poeziyasında)və s. Sabir Yusifoğlu poeziyasında isə əksər şeirlərin ən isti yerindən bir " Soyuq keçir":

Soyuq külək ağacların
qabığını soyub keçir.
Divar kimi dostların da
arasından soyuq keçir...
*
Vətənə soyuq dəyməsin...
*
Ömrün içi də soyuqdur
Çölündə əcəl duyuqdur...
*
Yadımda bu gündə kimi,
taleyimə kündə kimi
soyuq yapılan dostları...

Şairlərin bir ortaq cəhətləri də dərd çəkməkdir,dərdgirlikdir,dərddən cücərməkdir, dərddən böyüməkdir. Digər insanlara adi görünən sınmış budaq, əzilmiş gül, küçədə ölüb qalmış it, uçmuş divar, qarşısına çixan köhnə ayaqqabı tayı şairləri asanlıqla kədərləndirə bilər. Fikrimin təsdiqi :

Ürəyimiz nə bütövdü,
nə qırıqdı qırıq kimi.
Dərdin içində oynayır
dalğa üstdə qayıq kimi.
*
Sən mənə çox fikir vermə,
Bir az köhnəlmiş kişiyəm.
Ağlına belə gəlməyən
Dərdlə yüklənmiş kişiyəm.


Çünki O- hər bir şeyə, hər bir olaya keçmişdən və gələcəkdən baxar, dünyanın hər sevincinin içində mütləq bir qəm, hər qəmin içində mütləq bir sevinc görə bilər. Ölmüş varlığın da qapanmamış gözlərinin ac quşlara yem olacağını da yalnız şairlər düşünə bilər o anda! Bəlkə buna görədir ki, qaynar həyatın giziltili soyuğunu da belə tez çəkir şair ruhu,şair canı:

Üşüyürəm, üşüyürəm...
Çəkin məni gündöyənə.
Qapanmamış gözlər qaldı
ac quşların dimdiyinə.


S. Yusifoğlu yaradıcılığında oxucu təkcə həyatın soyuq və isti cərəyanlarını hiss etmir, bu cərəyanların fonunda " ölüm", " qadın"," külək", "kölgə" , "divar" və digər obrazların özünəməxsus müxtəlif məna çalarlarında təsviri ilə rastlaşır, düşünür.Bu çalarlarla da o, oxucunu öz ardınca söz dünyasına - əslində isə sirrin mənbəyinə doğru aparır:

Köhnəldib çox təzələri,
Özü qalıb təzə ölüm.
Minib saat əqrəbinə
gəlir gəzə- gəzə ölüm...
*
Bəlkə elə isinməyə
Yer axtarır soyuq külək...
Ürəyimi - xatirələr,
Yarpaqları- külək ovur...
Bu küləkdə hönkürtüylə
Ağlasan da eşidilməz.
*
kölgələr də kölgə gəzir.
Böyüklər də, kiçiklər də
ölkələr də kölgə gəzir.


Sabir Yusifoğlunun şeirində bir obraz var ki, ən böyük dərdi də, ən böyük sevinci də, ən böyük sevgisi də ona ünvanlanıb.: VƏTƏNə. Turana sevgisi də, türklüyündən bəlirlənmiş qüruru da, azadlığa çırpıntısı da, şəhidlərə müraciəti də, təbiətə vurğunlugu da- bir Vətən Sevgisi ağacının şaxələridir, budaqlarıdır.
Yazdığı bir misrada böyük bir ölkənin gəlmişini- keçmişini tarixə, nəsillərin yaddaşına həkk edər şairlər. Hakimlər, sultanlar, iqtidar sahibləri, tac yiyələri dəyişdikcə yazılan tarix kitablarının da küləyin səmtinə dəyişdiyini hər kəs anlayır. Tarix kitabları saraylarda çalınan havaya oynar, bəlli. Ancaq şeirlərdəki poetik donlu həqiqətlər isə əsla silinib redaktə oluna bilmir: ta bayatılarımızdan bu yana poeziyada xalq olaraq tariximizin, yaşantılarımızın izi qalmaqdadır.Bu da şeirin başqa sirri, sehri,özəlliyi. Diqqət edək:

Quzeyindən soyuq gəlir,
güneyindən azan səsi.
Aranda ahlar çəkilir
yırğalanır xəritəsi.

Dərəsini, təpəsini
görən ağzı açıq qalıb.
Bu gözəlin sifətində
Şuşa boyda çapıq qalıb.


Birinci bəndi oxuyuruq və Babəkin, Şah İsmayılın və digər sərkərdələrin böyük mübarizələrlə təsdiqləyib tamlaşdırdığı torpaqlarımızın 1813- dən, 1828- dən bu yana zaman- zaman hansı parçalanmalara məruz qaldığını xatırlayırıq, Şimalın hansı soyuğundan, Cənubun hansı azanından söz açıldığını bir də dərk edir, o Soyuqdan Xocalıya qədər üşüyürük, o Cənub azanının səsinə Savalana, Təbrizə qədər qulaq veririk. "Aranda ah çəkənlər" isə yerindən- yurdundan, isti baba ocağından didərgin edilmiş soydaşlarımız olduğunu, göz işlədikcə uzanan qaçqın çadırları qurulmuş Aran rayonlarımızı yada salır. Bu nizamsızlıq, dağların arana köçməsi nəinki cəmiyyətdəki tarazlığı pozur, hətta xəritəni də yırğalayır sanki.
ŞUŞA BOYDA ÇAPIQ - necə dəqiq bənzətmədir. Çapıq - ağrıdan izdir. Çapıq- unudulmayacaq əzabdır, çapıq- utancdır,əbədi pərtlikdir, çapıq- örtülməz, yox olmaz, sahibinə daim sıxıntı verər. Şuşa da Yer üzündəki bütün azərbaycanlıların ta ürəklərinin başındakı çapıqdır: 50 milyon Şuşaçapıqlı adam. İndi gəl daşı bu dərdi, ey 50 milyonun şairi, Sabir Yusifoğlu!

Heç Allah da gözünü yayındıra bilmir,
Şəhid balasının baxışlarından!
*
Ayın neçəsidi
anası ölmüş
şəhidimizin baş daşında?!
*
Çörəyi suya batırıb
böyüyən oğul,
torpağı qanına batırdılar.
*
Atın torpağın çatına,
Yer kürəsinin altına.
Yazın bu yurdun adına
Ürəyimin ağrısını.
*
Buludlara batmış ayın
yellənən əksi bayraqda
Tör- töküntülü məmləkət,
Yurd- yuva küncdə, bucaqda.

" Yandım" deyən ümidlərin
quyuda boğulan səsi.
Qonşu uşağın ad günü,
Şuşanın anım gecəsi...

Turan sevgili şeirlərində Boz Qurd da öz ərazisindəki kimi, doğma yeri- yurdu kimi arın- arxayın gəzib dolaşar, oxucunun qarşısına çıxar. Qorxmayın şair ürəyində bəslənən bu Qurddan. O hər ürəkdə olmaz, yalnız Turan aşiqləri ilə dostluq edər. Bu Qurd qorxaqlara, vətən xainlərinə, şəhidlərin qanı səpilmiş torpaqlarda vicdansızlıq edənlərə qorxulu ola bilər ancaq.

Türkün bayrağını küləkdən öncə
Başları üstündə yellədən qandı.
Günəşdən süzülən işıq selitək,
Doğudan Batıya yol gedən qandı.
.
İçimdə yalquzaq yanğısı ilə
Ulayan həsrətdən qaynayır qanım.
Ayı- ulduzuyla göz qamaşdıran
Günəş parçasına oynayır qanım.
*
Türkün qanı axan yerdə,
Türk olduq, özgə olmadıq.
*
Yarasına köz basılar, qar dolar,
Təklənsə də, lap təklənmiş qurd olar.
Bu sevgini anlayamaz xırdalar,
Bu sevgi:Türk, bu ürək:Türk, bu can:Türk


Bədii sözdən məharətlə istifadə edən şairin şeirlərində " Qadın" obrazı ilə də maraqlı, əsil qadına yaraşan təsvirlər görürük. Qadın nazını anlamayan, o nazdan zövq almayan, sevgi deyilən odu qəlbində qorumayan,işvəli qadın baxışını, incə qadın təbəssümünü, həyata yaz çiçəkləri açdıran qadın səsini eşitməyən, dünyanın məhvəri qadının qəlbinə güc, güvən, xoş həyəcan bəxş etməyən, sevməyi bacarmayan bir kişinin belə şeir yazacağına inanmıram:

Anam,
məni bağışla,
Sənin bələyindən çıxıb
büküldüm bu qadına.
Min bir rəngə çevrilib
Çəkildim bu qadına.
*
Mən susuz səhrada karvandan qalan,
səmtini itirmiş zəvvaram sənsiz
Yaşamaq adıyla can verməkdi bu,
nə yox kimi yoxam, nə varam sənsiz.


Şair bir bənd şeir yazar, bir misra deyər, bizim kimi söz aşiqləri də o misralardan qalaq- qalaq təhlillər, araşdırmalar yazarlar, yazarlar, amma yenə də deyilmiş o bircə misranın poetik ləzzətini, dadını, yaşantısını, tükürpədən möhtəşəmliyini anladıb bitirə bilməzlər.

Susuzluqda su təki,
Bəlkə yadına düşəm.
Mənə bir məktub göndər
Bilim ki, ölməmişəm.


Sirrinə, sehrinə, hikmətinə, Şairinə Şükür İlahi!!!
Sabir Yusifoğlu şeirinin dərin fəlsəfi məna yükünü başa düşmək, onun poetizmlərdən, bədii təsvir və ifadə vasitələrindən necə yararlanmasını izləmək də zövq yaşadır oxucuya. Bu priyomları anlayan, duyan oxucu təbəqəsi üçün onun şeirlərini oxumaq ikiqat maraqlı olur. Müxtəlif şeirlərdən topladığımız bədii söz çələngindən zövq alın: " göynəyir nə qədər söz ürəyimdə", "ay ucaboy cırtdan adam", "yenə düşüb sol əlimin içində vurur ürəyim", "batan dalğaların əli göydədi", "dünya əlindən sürüşüb gözünə pis dəyəndə gəl", " səkkizinci notu gətir, bu da mənim havam deyil", "səhrada neftdən öncə çıxır müsəlman qanı", " yığıram ovcuma qarlı kölgəni" , "Albomdakı şəklimin yuxusu hürkür, qadın", " ay dərdlərin ağsaqqalı", "5,45 kimi qovacaq sona kimi xatirələr", "indi daha itirilmiş vətənəm sənsiz", " gicgahıma son güllətək sıxıb sözlərimi getdim", "ala- çiy də yemişəm, Ac dərdimlə görüşə gələn şeirlərimi"...
Əksəriyyəti sərbəst və heca vəznində yazılmış şeirlərin bir əsas özəlliyi də səmimi olmasıdır. Hər şairin şeiri elə özünə bənzəyir adətən. Sabir Yusifoğlunun da şeirləri özü kimidir məncə: sadə, təvazökar, içində fırtına saxlayan sakit dəniz misallı, guşənişinliyə meyilli, özünün yerini bilən, ləyaqətli şeirlər. İnsan daşıdığı adların, durduğu məqamların haqqını verməyə borcludur: vətəndaş kimi, valideyn kimi, övlad kimi, qonşu kimi, qohum kimi və s. Ədəbiyyatımızdakı Sabirlərlə Sabir Yusifoğlunu birləşdirən bir məqam var: " Şair" adının haqqını layiqincə verməyi bacarması. " Üzə çıxarmayın şeirlərimi, Mən şeir yazmasam nə olacaq ki!" - deyən şairə cavabım:
- Dəyərli Şair! Siz şeir yazmasaydınız dünyaya 1-0 uduzacaqdınız. Ən azından indi Siz " Dünya ilə heç- heçəyəm" deyə bildiniz. Və bunu da öz istəyinizlə demədiniz, Yaradanın izni və əmri ilə dediniz. Biz də dediklərinizi oxuyub, həqiqətən də, zövq aldıq, öyrəndik, bir az da arındıq. İlhamınız tükənməsin, qələminiz korşalmasın, qəlbinizin közü, ürəyinizin nurlu sözü sönməsin! Yazın, yaradın, Var Olun! Sabir YUSİFOĞLU: "Bu gözəlin sifətində Şuşa boyda çapıq qalıb"

Aygün Cəfərova


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər