Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu

Bacı, sənin doğum gününə bir yüksəklik hədiyyə etmişəm

Baxılıb: 365     Tarix: 11-11-2021 08:40   
Bacı, sənin doğum gününə bir yüksəklik hədiyyə etmişəm


Vüsalın şəhid olduğunu yuxuda gördüm. Yuxum gerçək çıxdı. General-mayor Polad Həşimovun qisasını almaq məqsədilə çıxdığı yolun son dayanacağı Şuşa oldu. Vüsal noyabrın 8-də Şuşada şəhadətə yüksəldi. Oğlum Zəfəri şəhadəti ilə şərəfləndirən qəhrəmanlardan biridir.

Sumqayitfakt.Az bildirir ki, bunu Vətən müharibəsi şəhidi Vüsal Teymurovun anası Nahidə Teymurova deyib.

Şəhid anası övladı ilə bağlı xatirələrini fəxarətlə anladır: "General-mayor Polad Həşimov şəhid olandan Vüsal bir yerdə dayana bilmirdi. Elə deyirdi ki, bu dərdə necə dözək. Generalımızın qisası mütləq alınmalıdır. Vətən müharibəsi başlayanda isə Vüsalın səbirsizliyi daha da artmışdı. Hər gün televizorun qarşısında xəbərləri izləyir, cəbhəyə gedəcəyi günü gözləyirdi. Qisas hissi ona rahatlıq vermirdi. Bir yandan da ətrafdan eşitdiyi şəhid xəbərləri Vüsalı sarsıdırdı. Hiss edirdim ki, onun ürəyindəki atəş ancaq düşmənlə döyüşüb qisas alandan sonra sönə bilər. Nəhayət oktyabrın 5-də Vüsalın cəbhə həsrəti sona yetdi, o da torpaqlarımızı düşməndən təmizləmək və şəhidlərimizin qisasını almaq amalı ilə döyüş bölgəsinə yollandı. Vüsal şəhidlərimizin qisasını aldı, döyüş yoldaşları da onun...".

Nahidə xanım övladı ilə son görüşü belə xatırlayır: "Oktyabrın 5-də səhər 9-un yarısı böyük qardaşı ilə birlikdə hərbi komissarlığa getdi. Evdən çıxana yaxın dedi ki, "ana, acam mənə nəsə hazırla yolüstü yeyim". Mən də yüngülvari bir yemək hazırladım. Elə bilirdik ki, qayıdıb gələcək, sonra aparacaqlar. Qardaşını geri qaytardılar. Özünü isə apardılar. Övladıma doyunca sarıla, qoxusunu doyunca içimə çəkə bilmədim...

Döyüşlər vaxtı bizimlə çox danışa bilmirdi. Hər zəngində ilk soruşduğu sual bu idi: "nə qədər şəhidimiz var? Sayı məlumdurmu? Badamdara neçə şəhid gəlib?" Deyirdi, dua elə ki, hərbçilərimiz salamat qayıtsınlar. Heç vaxt qəmgin danışmır, müharibənin ağrı-acısını yansıtmamağa çalışırdı.

Oktyabrın 29-da bacısının ad günündə zəng edib təbrik etdi. Dedi ki, "Könül, sənin ad gününə bir yüksəkliyi hədiyyə etmişəm. Hərbi sirdir deyə adını demirəm". Vüsal çox diqqətcil idi. O qədər çətinliyin, mərminin, güllənin içərisində vaxt tapıb bacısının da könlünü xoş etdi. Noyabrın 1-də zəng vurub halallıq istədi. Dedi "ana, Şuşaya gedirəm, mənə halallıq ver. Şəhid ola bilərəm. Mənə nəsə olsa, başınızı dik tutarsınız. Heç vaxt mənə görə kədərlənmə, ana". Heç vaxt istəməzdi mən ağlayam. Deyirdi əgər salamat gəlsəm, iş tapıb işləyəcəyəm. Kooperasiya Universitetinin gömrük işi ixtisasını bitirmişdi, çox savadlı idi, həmin ixtisas üzrə də işləmək istəyirdi. Gözlərimlə bağlı şikayətim var. Vüsal da bunu bilirdi, deyirdi sənin gözlərini özüm əməliyyat etdirəcəyəm. Bu, Vüsalın son zəngi oldu. Bir neçə gün Vüsaldan səs gəlmədi. Dedim yəqin rabitə yoxdur, imkan olan kimi yığacaq. Noyabrın 8-də gördüyüm yuxu mənə hər şeyi agah etdi. Gördüm ki, Vüsalla bir parkdayıq. Məndən su istədi. Mən də su verdim. Sonra isə mənə əl yelləyərək, "ana, mən getdim" deyib getdi. Yuxudan durub qızıma dedim ki, Vüsal şəhid olub. Dedi ki, ağlına pis heç nə gətirmə, rabitə yoxdur deyə əlaqə saxlaya bilmir. Noyabrın 13-də isə bizə zəng edib xəbər verdilər ki, Vüsal şəhid olub. Həmin gün nəşini bizə təhvil verdilər. Vüsalı Badamdar qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn etdik. Yuxum düz çıxmışdı - Vüsal noyabrın 8-də Şuşada şəhadətə yüksəlibmiş...

Vüsalın sevdiyi qız var idi. Ona öz sevib-seçdiyi ilə toy etmək istəyirdim. Qismət olmadı. Toyuna aparacağım xonçaları məzarı üzərinə yığmışam. Vüsalın Vətən sevgisi ailəsindən, sevdiyindən üstün oldu. Hər il noyabrın 8-də oğlumu Zəfər Günü və şəhadəti münasibətilə təbrik edəcəyəm".

Şəhidin atası Zakir Teymurov da övladından fəxrlə danışır. Deyir Vüsal çox çalışqan, zəhmətkeş uşaq olub. İdmanla, futbolla məşğul olub kiçik yaşlarında. Medalları da var. Futbola marağı var idi, Nahidə xanım imkan vermədi ki, savadlısan ali təhsil al, dövlət işində işlə. Hərbçi olmaq istəsə də, anasının sözündən keçə bilmədi. Döyüş yoldaşları Vüsal haqqında o qədər müsbət danışırlar ki... Həm qürurlanırıq ki, Vüsal bir övlad kimi əziyyətimizi yerə vurmadı, həm də övlad itkisi ürəyimi yandırır. Deyirlər, Vüsal hər kəsin, yaralı döyüş yoldaşlarının qayğısına qalırmış. 70 kiloqramlıq yük daşıyırmış özü ilə. Çantasında hər cür dərman var imiş. Hansısa kənd ya yaşayış məntəqəsi azad ediləndə mütləq oradakı apteklərə girib dərman ağrıkəsici, digər tibbi ləvazimatlar götürürmüş. Səriştəsi olduğundan yaralılara ilkin tibbi yardım da edirmiş. Hər kəsə kömək edir, kimin nəyə ehtiyacı var idisə, əlində olan imkan daxilində qarşılamağa çalışırmış.

Şuşa istiqamətində üç gün ac, susuz yol gediblər. Maraqlıdır ki, Şuşanı tanımasa da, döyüş yoldaşlarına yol göstərirmiş. Onlar Şuşa istiqamətində xüsusi təyinatlı qüvvələrin arxasınca gedirlərmiş.

"Vüsal və onun döyüş yoldaşları Şuşa istiqamətində irəliləyən zaman üç dəfə mühasirəyə, pusquya düşüblər. Hətta Daşaltını keçdikdən sonra səkkiz saat mühasirədə qalıblar. Silahdaşları deyirlər ki, Vüsal mühasirədə olarkən belə əhvalını pozmayıb. Deyib-gülür, zarafat edirmiş. Döyüş yoldaşlarında ruh yüksəkliyi, yüksək əhval-ruhiyyə yaradırmış. Vüsalın sayəsində 8 saatın necə keçdiyini hiss etməyiblər. Bundan sonrakı pusqu sonuncu olub. Vüsal da, onun silahdaşları da son damla qanınadək döyüşüblər. Döyüşlər nəticəsində oğlum və bir neçə silahdaşı şəhid olub. Vüsal snayperlə vurulub. Əvvəlcə ayağından vurulsa da, ayağa qalxıb. Növbəti güllə ürəyindən dəyib və oğlum şəhid olub.

Mən fəxr edirəm ki, bu torpağın Vüsal kimi minlərlə qeyrətli övladları var. Vüsallar ölməyəcəklər, unudulmayacaqlar heç zaman. Çünki onların davamçıları olacaq gələcək nəsil yetişir".

Şəhidin valideynləri dövlət dəstəyindən razılıq edirlər. Teymurovlar ailəsi bir il ərzində səlahiyyətli qurumların nümayəndələrinin, xüsusilə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalovun onları tək qoymadığını, "YAŞAT" Fondunun məişət şəraitinin yaxşılaşdırılması məqsədilə yardım etdiyini diqqətə çatdırıblar: "Ali Baş Komandana minnətdarıq ki, şəhid ailələrindən diqqət və qayğını əsirgəmir".

Qeyd edək ki, Teymurov Vüsal Zakir oğlu 1991-ci il martın 4-də Bakıda anadan olub. 1997-2008-ci illərdə Bakı şəhərində T.Məmmədov adına 239 nömrəli tam orta məktəbdə, 2008-2012-ci illərdə Azərbaycan Kooperasiya Universitetinin gömrük işinin təşkili fakültəsində təhsil alıb. 2012-2013-cü illərdə Tovuzda yerləşən "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət keçib. Hərbi xidmət dövründə manqa komandiri olub. Vətən müharibəsində Füzuli, Xocavənd (xüsusilə Hadrut qəsəbəsi), Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa istiqamətində gedən hərbi əməliyyatlarda iştirak edib. Noyabrın 8-də Şuşa döyüşləri zamanı əbədiyyətə qovuşub. Ölkə başçısının sərəncamları ilə ölümündən sonra "Füzulinin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə" medalları ilə təltif olunub.

Sumqayitfakt.Az




Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər