Xəbər xətti
22-11-2021
21-11-2021
Yazarlar





Rublika
Arxiv
«    Noyabr 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu

Əli Bəy Azəri- "Çingiz Abdullayev qalmaqalı"

Baxılıb: 4251     Tarix: 09-11-2021 21:32   
Əli Bəy Azəri- "Çingiz Abdullayev qalmaqalı"
Əli Bəy Azəri


Əli bəy Azəri yazır...

Sumqayitfakt.Az yazını təqdim edir...

ADAM VAR PAYIZ KİMİDİR
Yaxud Çingiz Abdullayev qalmaqalı


“Zəfər günü”nün bir illiyi ərəfəsində “Çingiz Abdullayev qalmaqalı” gündəmi yenilədi. Son illər gündəm sürətlə dəyişdi(rildi)yindən güman etmək olar ki, bu da növbəti ssenarilərdən biridir və kampaniya xarakterli olaraq keçib gedəcək. Ortada olan cılız müzakirə və arqumentlər belə deməyə əsas yaradır. Görünür, baş bilənlər nəyin necə və niyə baş verdiyindən agahdırlar deyə məsələni görməməzliyə vurub keçirlər. Ortada tək-tək münasibət bildirənlər isə mahiyyətin ciddi olduğunu dərk edərək milli təəsübkeşlik zəminindən susa bilmir, hər hansı bir formada etirazlarını bildirirlər.

Çingiz Abdullayev


Çingiz Abdullayev Birinci Qarabağ savaşı barədə səsləndirdiyi absurd bəyanat üstündə sosial şəbəkələrdə başlayan söz qırğını səngimək bilmir. Adam ölkənin üçüncü böyük şəhəri olan Sumqayıtda kitab sərgisi zamanı gənclərlə görüşdə açıq-aşkar XX əsrin doxsanlarında (1991-1994) Dağlıq Qarabağa görə Ermənistanla Azərbaycan arasında baş vermiş müharibəni inkar edən fikir yürüdüb. “Birinci Qarabağ savaşı olmayıb, yalandır” deyib. Bu sözdən sonra hansı izahları versən, hansı aydınlatmanı gətirsən də yeri yoxdur. İyirmi minə yaxın şəhidin, dörd mindən çox itginin, doğma yurd yerlərindən zorla çıxarılaraq didərgin salınmış bir milyondan çox insanın səbəbkarı müharibə deyilsə, bəs nədir?
İctimaiyyət arasında parçalanma göz qabağındadır və dərhal diqqəti çəkir. Bir qrup adamı tənqid atəşinə tutub, dediyi sözə görə anadan olduğuna peşman etmək istəyir. Digər bir qrup da onu müdafiə etməyə, dediyi hədyan fikirə haqq qazandırmağa çalışır. Hətta "Yeni Müsavat"da gedən yazıya Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev də münasibət bildirib, AYB sədri birinci katibinin fikrini ifadə etməkdə səhvə yol verdiyini dolayısı yolla etiraf edib və məsələni dərinləşdirməmək üçün ağsaqqal missiyasını ortaya qoyub. Qəribədir! Məsələnin doğru-dürüst araşdırılmasına böyük ehtiyac yarandığı bir vaxtda nədən ört-basdır etməyə çalışırlar? Bəlkə adamı təxribata çəkiblər? Bəlkə əvvəlcədən planlaşdırılmış ssenari üzrə oyun oynanılıb? Yoxsa, adam niyə belə desin? Otuz ildə demədiyi sözləri doxsanlara məxsus pafosla niyə indi bəyanlasın?
Ölkə Vətən müharibəsini (II Qarabağ savaşını) yekunlaşdıran “Zəfər günü”nü təntənə ilə qeyd etmək ərəfəsindədir, qələbənin bir illiyini bayram kimi qarşılamağa hazırlaşırlar. Televiziya kanalları ötən ilin 27 sentyabrından – döyüş başlandığı gündən 44 günlük müharibənin hər gününü yadda saxlayan fraqmentləri təkrar-təkrar nümayiş etdirir, vətənpərvər ruhda mahnılar səsləndirir, kliplər göstərir, verilişlər nümayiş etdirir. Onsuz da həssas olan ictimaiyyəti ayıq-sayıq olmağa ruhlandırır. Belə bir həssas dönəmdə müharibələri bir-birindən ayırmağa, şəhidləri və qaziləri bölməyə, döyüşçülər arasında ayrı-seçkilik yaratmağa zərurət, görəsən, hardan və nədən qaynaqlanır?

Payız qəribə fəsildir, böyük əksəriyyət insanlar bədbinlik gətirən dövr kimi qəbul edirlər. Hava küskün, günəşin şüaları tükənib, buludlar dolub, sanki qiyamətə hazırlıq gedir. Demək çətindir, yalnız pessimist insanlar belə düşünür, yoxsa hamı? Payız axı həm də bar-bəhər fəslidir, meyvələrin çoxu məhz bu fəsildə yetişir.
Məncə, payız gözəl fəsildir, hamıya gözəl görünməsə də, bədbinliklər arasında da gözəl çağlar aramağa, duymağa əhval yaratmalısan. Bu fəsildə yaz təravəti də var, yayın qızmar istisi də - lap o qorabişirən aydakı kimi. Bəzən qışın iliyə işləyən şaxtası da hiss olunur – qurdun insan beyninə yeriklədiyi kiçik çillədəki kimi...
Payızın bir dövründə yazdakı kimi hər yan yamyaşıl dona bürünür, hətta güllər aldanaraq çiçək açır, ancaq o tər çiçəklərin bahar fəslindəki kimi ətri, təravəti olmur, gecənin sazağı bir anın içində ləçəkləri büzüşdürür. Qəflətən gəldiyi kimi qəfildən də solub gedir.
Bir ara qızmar günəş hər yeri yaydakı kimi yalayıb keçir. Deyirsən, bəs yay geri qayıdır. Şimal qonşumuz ruslar buna “babye leto” da deyirlər. Bu günədək dilimizə uyğun düzgün tərcüməsini tapa bilməmişəm.
Elə ki, küləklər şütüyür, sısqa yağışlar leysana çevrilir, düşünürsən, bu dəqiqə tufan-fırtına başlayacaq, qiyamət qopacaq, qış boranı qapıları bağlayacaq, komalar qar altında qalacaq.
Bəzi insanlar da payız fəsli kimidir, boşuna kükrəyər, özündən küyə düşər, yeri gəldi, gəlmədi, içindəki nifrini püskürüb çölə tökər; ipək-mələk kimi tanıdığın adam köpək-mələk olduğunu da göstərər. Belələrinə el arasında “dəymədüşər adamlar” da deyirlər. “Dindirmə, kalı tökülər, yetişmişi dura-dura...” Dədələrdən gəlmə sözdür, min ilin sınağından keçib.

Əvvəllər bunun çox da fərqinə varmazdım. Niyə qələm adamları həyatdan götürdükləri real hadisələri öz qəhrəmanlarının adları ilə deyil, uydurma personajlarla cəmiyyətə təqdim edirlər? Misirin adını dəyişib Dəmir yazanda, yaxud, İsgəndərin yerinə İsrafili bəzəyəndə nə dəyişir ki? Nə qədər gizlətsən belə elə ilk abzasdaca kimin kim olduğu özünü büruzə verir. Sanki Misir mətndən adamın üstünə şığıyıb; “Mənəm, Misirəm, Dəmir deyiləm, Dəmir yalançı, uydurma adımdır”, deyir.
Tez-tez əcnəbilərin hər şeyə tərs yanaşmasına rast gəlirdik. Axşamkı razılaşmanı səhər danırdılar. Gecə nə fikirləşirdilərsə, səhər başqa cür mülahizə yürüdürdülər. Ya özlərinə daha çox xeyir güdür, ya da şərikinin razılaşmasından küyə düşürdülər. Ortada heç nə olmasa belə... Siyasətçiləri də işbazları kimiydi. Bir sözü deyir, ertəsi gün dəyişərdilər. Elə indi də belədir.
“Mən belə demək istəməmişdim!”
“Mən belə deməmişdim, tərcüməçi səhv tərcümə edib...”
“Mən belə deməmişdim, fikirlərim təhrif olunub...”
“Mən başqa cür demişdim, siz səhv başa düşmüsünüz...”
Bu cür bizə yad səpdirmələr daha çox qərb sözçülərində olurdu. Özünü duruluğa çıxardanlara tezcə də inanardıq. Dilini bilmirdik axı... Həm də bizdə belə şeylər nadir hallarda olardı. Olsa da açıb ağartmazdılar. Milli-mentalitetdən abır-həya edərdilər.
Qərbin bu çoxüzlü mərəzi xeyli vaxtdır ki, azərbaycanlılara da yoluxub. Efirləri gurultusu ilə başına götürən trolların sayı yağışdan sonra peyinlikdə artan göbələklərlə sanki yarışa girib. Həftə səkkiz, mən doqquz kiminsə masqası cırılır, ya da sidik-tər qarışıq üfunət iyi verən astarı üzə çıxır. Sən demə, bu heç də göründüyü kimi aslan, şir deyilmiş, pələngin dərisinə bürünmüş görüntüsü yaratmağa çalışan çaqqalın biriymiş.

Deyirlər adının mənası “pusquda duran” deməkdir. “Zəfər günü” ərəfəsində, Vətən Müharibəsi (II Qarabağ savaşı) qələbəsinin ildönümü yaxınlaşdığı bir zamanda Sumqayıt şəhərində gənclərlə görüşdə ömründə ilk dəfə olaraq “Birinci Qarabağ savaşı olmayıb, yalandır, ermənilər tərəfdən pul ilə satın alınan rus qoşunlarıdı, rus tanklarıdı torpaqlarımızı işğal edən” kimi absurd bir fikir səsləndirən adam, bəlkə nə qədər vaxtmış marıqda yatırmış, pusquda gözləyirmiş bu anı... Cəmiyyət bütün görüşlərində olduğu kimi bu görüşündə də coşqu ilə qarşıladı onu, hətta alqışladılar da bəyanatını. Dildən pərgar ötən müddət ərzində ətrafına kifayət qədər böyük auditoriya toplaya bilib, heyranlarının sayı minlərlədir. Onu alqışlayan gənclər arasında sözsüz ki, zərif cinsin nümayəndələri istisna olmaqla, hərbi xidmət keçən də var, keçməyən də. Xüsusi olaraq hərbi xidmət keçməkdən yayınanlar da az deyil. Hətta Vətən müharibəsi (II Qarabağ savaşı) zamanı döyüş əməliyyatlarında iştirak edən və etməyənlərdən də kimlərinsə orda olması mümkündür.
Həmin görüşün çəkilişindən yalnız Çingiz Abdullayevin çıxış hissəsini kəsib yayımlayaraq qınaq obyektinə çevirənlər, görəsən, hansı məqsədlə bunu etdilər? Niyə görüşün bütün çəkilişini deyil, yalnız həmin hissəsini müzakirə (qınaq) obyektinə çıxartdılar? Qarşıdurma yaranmasa da onu qınayanlar və müdafiə edənlər kifayət qədər çoxdur və sosial şəbəkələrdə durmadan artmaqdadır. Azərbaycanda bir çox belə hadisələr kampaniya xarakteri daşıdığından bir neçə gündən sonra öləziyəcəyini proqnozlaşdırmaq mümkündür.
Onu qınayanlar rus təbiətli olduğunu, rusca düşündüyünü, yazdığı əsərlər arasında bircə nəfər də olsun müsbət azərbaycanlı obrazını yaratmadığını, indiyədək daşıdığı vəzifəyə və mövqeyə münasib heç kimin işinə yarımadığını, bircə dəfə də olsun xalqın, camaatın xeyrinə ziyalı mövqeyi nümayiş etdirmədiyini əsas gətirirlər. Xüsusən də Birinci Qarabağ savaşı zamanı yaşı imkan versə də könüllülər sırasına qoşulub torpaqların müdafiəsində iştirak etmədiyini, Moskvada keflə yaşadığını, Vətən təəssübünü çəkmədiyini vurğulayırlar.
Ölkədə baş verənlərdən xəbərsizdimi? Müharibəyə çevrilən Ermənistan-Azərbaycan münaqişəsi Moskvadan daha aydın görünmürdümü?
Onu müdafiə edənlər isə dünya şöhrətli tanınmış ziyalı olduğunu, iki yüzdən çox dedektiv romanlar müəllifi kimi Azərbaycanı dünyada təmsil etdiyini qeyd edirlər. Məxsusi olaraq 2020-ci ildə Vətən müharibəsi (II Qarabağ savaşı) dövründə Rusiya telekanallarının birində Solovyovun verilişində Azərbaycanı uğurla təmsil etdiyini, erməni və ermənipərəstləri susdurduğunu yüksək səviyyədə alqışladıqlarını bəyanlayırlar.

Adam özü də ictimai qınağın qarşısında təsirlənərək özünü duruluğa çıxartmaq istəyir. “Mən belə deməmişəm”, “Mən belə demək istəmişəm”, “Mənim qardaşım da Birinci Qarabağ savaşında, özü də Şuşada şəhid olub” kimi ifadələrlə yaxasını kənara çəkməyə çalışır.
Sözün düzü, anormal, arzuolunmaz bir vəziyyət yaranıb. Bunu Çingiz Abdullayevə görə yox, ümumiyyətlə tarix üçün qeyd edirəm. Ermənilər bu bəyanatdan özlərinə sərf edən formada uzun illər istifadə edəcəklər.

Çingiz Abdullayev


Az-çox ədəbiyyat adamı olaraq tanınan Azərbaycan Yazıçılar Birliyinin birinci katibi kimi çox mühüm bir postu tutmuş adamın belə düşünülməmiş, məntiqsiz hərəkətinə nə ad vermək olar? Axı bu cür məşhur adamlar heç vaxt düşünülməmiş addım atmazlar... Onun indiyə kimi keçirdiyi onlarla görüşdə bir dəfə də olsun anoloji hadisə baş verməyib. Hətta bir neçə il əvvəl adı “26-lar” gecə klubunun fəaliyyətində hallananda belə adam təmkin və səbrlə davrandı. İndi nə baş verib ki, o, birdən-birə bu qədər ajiotaj yaradacaq ağlasığmaz addım atıb? Bəlkə son vaxtlar siyasi arenada otuz il əvvəlki hakimiyyətdə olan “Xalq Cəbhəsi-Müsavat Cütlüyü”nün, o vaxtkı yarıtmaz müdafiə nazirinin tənqidindən cuşa gəlib nəsə demək istəyib?
Birinci Qarabağ savaşı adı altında “Atəşkəs” rejiminə qədər hərbi bölmələr arasında döyüş əməliyyatlarının getdiyi dövr, əsasən, 1991-1994-cü illəri əhatə edir. Bunun da bir hissəsi çoxlarının hesab etdiyinə rəğmən “yarıtmaz cütlüyün” payına düşürsə, digər hissəsi də “xilaskar lider”in dövrünə təsadüf edir. Baxmayaraq ki, Dağlıq Qarabağ və ətraf rayonlar həmin dövrdə işğal olundu, şanlı hərb tariximizə yazılacaq “Ağdərə” (Ali baş komandan Əbülfəz Elçibəy, baş qərargah rəisi general-leytenant Valeh Bərşadlı), “Haramı”, “Qaradiz”, “Murovdağ”, “Tərtər” (Ali baş komandan Heydər Əliyev, müdafiə naziri general-mayor Məmmədrəfi Məmmədov) kimi uğurlu əməliyyatlar həyata keçirildi.
Birinci Qarabağ savaşından onlarla irihəcmli roman (Aqil Abbas “Dolu” romanı, Aslan Quliyev “Ağrı” romanı, Fazil Güney “Qara qan” trilogiyası, Əli bəy Azəri “Hərbi Zəngilan” roman-xronikası, Vüsal Nuru “Qaraqaşlı” romanı, Nəriman Mahmud “Zəncirlənmiş ədalət” romanı, Etibar Muradxanlı “Tələbə taqımı” romanı, və s), povest, poema, yüzdən çox samballı hekayə və şeirlər yazılıb. “Fəryad”, “Dolu” kimi ondan çox film ekranlaşdırılıb. AYB birinci katibi kimi yüksək kürsüdə uzun müddət oturan bir adamın bundan xəbərsiz qalması hansı məntiqə uyğundur? Bəlkə Çingiz Abdullayevin Birinci Qarabağ savaşından yazan şair və yazıçılara qısqanclığı tutub? Niyə indiyə kimi bu mövzuda əsər yazmaq üçün ona müraciət olunmayıb? Axı o, dünya şöhrətli yazıçıdır. Azərbaycan ədəbiyyatını dünya ədəbiyyatına çıxaracaq, dünyada təmsil edəcək tək-tək yazıçılardandır. Nədən ötən müddət ərzində bunu ciddiliyə almayaraq sanki onu görməməzlikdən keçib gediblər? Heç onun yazdığı əsərlərdən hansısa bu günə kimi ekranlaşdırılmayıb da... Hər şey düşünmək mümkündür.
Elə məhz, Çingiz Abdullayevin bəyanatının ünvanı da bu deyildimi? Adam Ali baş komandanın adını çəkir, onun kitab oxuduğunu diqqətə çatdırır, öz dedektiv romanlarını mütailə etdiyini vurğulayır. Burda məqsəd nədir?

Bəlkə Sahil Babayevə rəğmən bu addımı atıb cənab Çingiz Abdullayev? Niyə də olmasın? Az qala bir ilə yaxındır ki, Sahil Babayev on minlərlə Qarabağ əlilinin (Birinci Qarabağ savaşında yaralanmış əlillərin) müavinətini (prezident təqaüdünü) dayandırıb. Gör bir nəfər əlinə qələm alıb şikayət yazaraq haqqını tələb edirmi? Onda belə bir əsaslı sual ortaya çıxır: Əgər doğrudan da Qarabağ savaşında ön cəbhədə döyüşüb yaralanmısansa, erməni yaraqlısının qabağından qaçmamısansa, nazirlik məmurunun, ya nazirliyi qoruyan polis məmurunun qabağındanmı qaçacaqsan? Mümkün variantdır ki, Çingiz Abdullayev Sahil Babayevin cavabsız və cəzasız əməlinə rəğmən bu addımı atıb. İroniya iləmi deyib, tam ciddiliyi ilə səsləndirib, bunu ayırd etmək mümkünsüzdür, bunu yalnız onun özü bilir.
Hamının probleminə can yandıran araşdırmaçı jurnalistlərin fəaliyyəti də gülməlidir. Əllərinə qələm alıb araşdırma apararaq sanballı məqalələrlə cəmiyyəti doğru-düzgün məlumatlandırmaq əvəzinə, çayxanalarda müzakirələrə üstünlük verirlər. Yaxşı halda sosial şəbəkədə iki-üç cümləlik atmacalı status yazır, ya da kimlərinsə statuslarına rəy bildirməklə işlərini bitmiş hesab edirlər. Budurmu şəffaf mübarizə?

Burda onu müdafiə edənlərin baş arqumentlərini xatırlatmamaq mümkünsüzdür. “Adam dünya səviyyəli əsərlər müəllifidir, dünya şöhrətli yazıçıdır. Hər zaman və hər yerdə Azərbaycanı uğurla təmsil etmişdir”. Ataların da bir yaxşı sözü var: “Neynirəm o qızıl teşti ki, içinə qan qusacam!” Məncə, şərhə ehtiyac yoxdur!
Çingiz Abdullayev gənclərlə görüşündəki çıxışında tam səmimidir. Bunu videoçəkilişi izləyən hər bir normal adam təsdiq edə bilər. Mən də onun səmimiyyətinə inanıram. O, Birinci Qarabağ savaşını qəbul edə bilmir. Qəbul etsəydi, ötən müddət ərzində bu mövzuda nə isə yazmalıydı. Yazıçının peşəsi yazmaqdı. Çingiz Abdullayev kimi dünya şöhrətli yazıçı Birinci Qarabağ savaşı haqqında 27 il ərzində bircə hekayə də olsun yazmayıbsa, həqiqət göz qabağındadır. Azərbaycan ədəbiyyatının dünyada belə bir dünya şöhrətli yazıçı tərəfindən tanınmasına, təbliğatına, təmsil olmasına çoxmu ehtiyac var?

Deyirlər ədəbiyyat siyasətə qarışmır. Eyni zamanda da “ədəbiyyatdan kənarda heç bir siyasət yoxdur” aksiomasını yürüdənlər də az deyil. Bəlkə, dünya səviyyəli adam bu addımı ilə siyasi gediş etmək istəyib? O boyda Moskva havayıdanmı ona “Dostluq” ordeni verib? Yoxsa, adama nə düşmüşdü belə desin? Otuz ildə bir dəfə dilinə gətirmədiyi halda başına at təpiyimi dəymişdi, oturduğu yerdə başını bəlaya salsın? Ox-yayla, qılınc-qalxanla baş verən toqquşmalardanmı, əlbəyaxa nizələnməklə savaşanlardan xəbərsizdimi o boyda truba-qradların, doludağıdan topların gurladığı müharibəni müharibə saymasın?
Suallar çoxdur, cavablarını isə tam səmimiyyəti ilə, sözsüz ki, onun özündən başqa heç kim bilmir. Həqiqət bundan ibarətdir. Həqiqət isə öz çılpaqlığı ilə heç vaxt ədəbiyyat olmur, ona mütləq əl gəzdirmək, yaradıcı zövqü və gözü ilə bəzək-düzək vurmaq gərəkdir.
İnsanlar isə öz işindədir, bir qrup qınayır, digəri haqq qazandırıb müdafiə etməyə çalışır. İndi ona nə qınaq yer eləyər, nə də müdafiəyə ehtiyacı vardır. Çünki əsl həqiqətdən hər iki tərəf xəbərsizdir, elə biz özümüz də... Yalnız ehtimal olunan mülahizələr yürüdür, müxtəlif fikir və düşüncələrin məhsulunu analiz etməyə çalışırıq.
Əsl həqiqəti isə onun kimi məşhur adalar heç vaxt açıqlamırlar. Bəzən heç ölüm ayağında da...

Bəzi adamlar payız kimidir, barlı, bəhərli, gül-çiçəkli... Gah bahara xoş gəlsin deyə yumşalır, mülayimləşir, yaşıllaşır, gül açır, gah yayın qızmarını gətirir, gah da barlı-bəhərli vaxtında acığa düşüb xəzana çevrilir, gətirdiyini də ətrafındakılara qatıb silib-süpürür. Belə adamların barının dadı, gülünün ətri olmaz.
Bəs onda sözünün çəkisi necə olmalıdır?
Əlbəttə ki, çürük meyvənin, don vurmuş gülün qiyməti qədər...
Bəzi adamlar payıza oxşayır. Hər yarpağı bir rəngə çalan ağaclarda görünən payıza... Bir az sonra həmin al-əlvan yarpaqları xəzələ çevirəcək payıza...

Birinci Qarabağ savaşı haqqında ötən illər ərzində hədyan deyənlər çox olub. Statistika göstərib ki, onların çoxu yaşı müharibədə iştirak etməyə düşsə də hardasa gizlənməyə, hər hansı bir formada yayınmağa üstünlük verənlərdir. Fərq etməz; biri çox, biri az...
Yel qayadan nə aparıb ki...



Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər