Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu

Emin Səbuhu: "Ədəbiyyatın süqutu və ya Üsyanım”

Baxılıb: 3235     Tarix: 21-10-2021 13:34   
Emin Səbuhu: "Ədəbiyyatın süqutu və ya Üsyanım”
Emin Səbuhi


Ədəbiyyatın süqutu və ya “Üsyanım” - Emin Səbuhi yazır…

Sumqayitfakt.Az yazını təqdim edir.

(Publisistik yazı)

Bu yazımda ədəbiyyatın, poeziyanın və müasir dövrün gənc və yaşlı nümayəndələrinə üz tuturam. Ədəbiyyat naminə əl-ələ verib nöqsanlarımızı və çatışmazlıqlarımızı səhmana salmaq üçün çağırış edirəm, içində var olduğumuz ədəbiyyat və poeziya üçün birləşməyə dəvət edirəm. Təkliflərim və iradlarım subyektiv fikirlərimdir- razılaşan da ola bilər, razılaşmayan da, lakin hər iki mənada fikirləriniz maraqlı və vacibdir.

Suallar var ki cavabsızdır. Ümid edirəm ki, suallar cavabını tapdığı zaman “daşların”, az da olsa, “yerinə oturduğunun” şahidi ola bilərik. Bir gənc yazar və mütaliəsi geniş olan bir oxucu kimi Azərbaycan ədəbiyyatının bugünki durumu və gələcəyə olan davamlılığına şübhələrim, narahatlığım və inamsızlığım var. Cavabsız qalan suallar el birliyi ilə cavablandırılmalıdır. Zənnimcə , bu günün ədəbiyyatına çəki-düzən vermənin zamanıdır .Vaqon-vaqon cavabsız qalan suallar var, cavablandırmalıyıq. Qüsurlarımıza nəzər yetirməliyik.

Bu günün yaşlı və gənc şairləri, yazarları bu günün oxucusunu qane edirmi?

Əsrlərdən-əsrlərə, dahilərdən və dünya ədəbiyyatına adını qızıl hərflərlə yazmış Azərbaycanın nəhəng şairlərindən bu gün bizlərə əmanət edilmiş Azərbaycan ədəbiyyatını bugünki şairlər və qələm sahibləri yetəri qədər yaşada bilirmi?

Yoxsa bu əmanətə xəyanətlə cavab verilir?

Bu yarım-yamalaq ədəbi mühitdə, zəifin güclünü üstələdiyi bir məqamda bu düzənə əl gəzdirmək, güclüyə “güclü”, zəifə “zəif” demək, yəni pozulan ədalət tərəzisini tarazlamağın məsuliyyəti yaşayan qocaman və bu məsuliyyətin ciddiliyini dərindən dərk edən şairlərin üzərinə düşür. Dövlət səviyyəsində müsabiqələr təşkil olunmalı və hər bir yazarın, hər bir şairin layiq olduğu dəyər ədalətli qiymətləndirilməlidir. Əks təqdirdə, Azərbaycan poeziyasına yararlı olan gənc qələm sahibləri dəyərdən və qayğıdan kənar qalıb ruh düşkünlüyünə uğrayacaqlar.

Əziz və diqqətli oxucu, kim bu gün tam məsuliyyəti ilə təminat verə bilər ki, 100 il sonra bizdən sonra gələn nəsillərə Mikayıl Müşfiq, Hüseyn Cavid, Sabir, Səməd Vurğun kimi nəhəngləri təqdim edə biləcəyik? Ədəbiyyatın bugünki məsuliyyəti biz gənc yazarların və şairlərin çiynindədir. Təbii ki, bir gənc oxucu kimi bu suallar və bu son 20 ildə ədəbiyyatda yaranan ölüm səssizliyi ruhumu incidir. Zənnimcə, bu gün ədəbiyyatımızda qasırğadan əvvəl yaranan səssizlik və sükut ümidverici bir hal deyil.

1996-1997-ci illərə qədər insanların kitablara olan bağlılığı tamam fərqli idi. Lakin bu gün bəzi şairlər və yazarlar özlərinə təskinlik olsun deyə, tez-tez vurğulayırlar ki, bu günün insanının başı məişət problemlərinə, şəxsi maraqlara daha çox yönəlib. Xeyr. Kökündən yanlış yanaşmadır, çünki 1990-cı ildən bu günə qədər, əksinə, son 20 ili müstəqilliyə çatmış, qazanc zəif də olsa, dinc güzarana qovuşmuşuq. 1920-1995-ci illər ən ağır illər olub. Lakin bu illərdə belə, müharibəyə, aclığa və səfalətə baxmayaraq, kitabxanalarda insan sıxlığına tez-tez rast gəlinərdi. Son 20 ildəki oxucuyla o illərin oxucu çoxluğun müqayisə etsək, son illər insanların kitabdan soyuduğunun şahidi olarıq. Bu gün dəhşətli bir durumla ona görə üz-üzəyik ki, çayxanalar, bilyard salonlar, pleysteyşn klublar ağzına qədər dolu ikən kitabxanalarda ancaq kitabxananın öz işçilərinə rast gəlirik.

Oxucunun kitabdan qaçmağının, kitabdan iyrənməyinin kökündə nə durur?

Bəlkə, bu günün şairlərinin, yazarlarının gün işığına çıxartdığı əsərlər oxucunun zövqünü oxşaya bilmir?

Dünyada barmaqla sayılan altı-yeddi gözəlliyi ilə seçilən qoxu var ki, onlardan biri kitab qoxusudur. Fəlakət odur ki, bu qoxu ilə ciyərləri tanış olmayan bir gənclik yetişir. Bizim bu yolda amallarımızdan biri kitaba olan sevgini aşılamaqdır. Dəqiqdir ki, bu son 20-30 ildə insanoğlu sədaqət, vəfa, etibar, mərhəmət və sevgi adlı duyğulardan insan adı kimi istfadə etməyə başladı. Kitabdan uzaq düşdülər deyə, bəlkə də, sevgi ilə ötəri duyğuları səhv saldılar. Kitab ruhu yaxalayan bir vasitədir. Uzun illərdir, insanoğlu kitabdan ki, ayrı düşdü, dünyada bir çox hisslər adiləşdi. İnsanlar texnologiya ilə yatıb-qalxdıqca robotlaşmağa, hissizləşməyə başladılar. El içində bir söz dilimizin əzbəri olub: “Texnologiya irəlilədikcə insanlar kitabdan ayrı düşdü”. Məlum məsələdir ki, texnologiya dövründə ged-gedə dünyada ruhu oxşayan nadir qoxulardan sayılan kitab qoxusunu unudan, hətta dadmayan oxucu və gənclik yetişir.

Sual yaranır: Bu gün tarixdə yer dəyişilsəydi , bu günün gənc yazarlarının yerində Mikayıl Müşfiq, Dağlaroğlu Şücaət və sözün dəryası Bəxtiyar Vəhabzadə bugünki gün şeirlərini kitablarda, tribunalarda yox, sosial şəbəkədə, “Facebookda” və ya hər hansı bir saytda işıqlandırsaydılar, yenə milyonların sevgisini qazanmış olardılarmı?

Dərindən düşünək – bugünki günün oxucusunu kitabxanalardan və kitabdan soyudan bu gün yazılan zəif şeirlər və əsərlərdirmi? Yoxsa, gerçəkdən texnologiya bais oldu bu çöküşə?

Bu günün yazarları bizə əmanət olunan ədəbiyyatı zirvələrdə qoruyub saxlaya bilirmi? Yoxsa, qələmlər ürəksiz olub xəyanətmi edirik bu əmanətə?

Bəs sizcə, biz gələcək nəsillərə Nüsrət Kəsəmənlilər, Bəxtiyar Vəhabzadələr, Ramiz Rövşənlər yetişdirib ötürmək üçün nə kimi addımlar atmalıyıq?

Bəs sən oxucunu və sən şairi bu günün ədəbiyyatının və poeziyasının durumu qane edirmi? Vəziyyət ürəkaçandırmı?

Sizcə, biz 100 il sonra var olacaq gəncliyə tarixə iz salan əsərlər buraxmaq gücündəyikmi? Kim təminat verə bilər ki, gələcək nəsillər bu günün poeziyasından, ədəbiyyatından zövq ala biləcək?

Sizcə, bu günün istər oxucu, istərsə də şairləri bu son 20 ildə ədəbiyyatın və sözün suqutunu pozmaq üçün nə kimi addımlar atmalıdır?

Haradan və nədən başlamalıyıq? Və ya bu sükut ilə barışsaq, sonra idarəetmədən çıxmarıqmı?

Bir Azərbaycan gənci kimi ədəbiyyatdaki bu boşluğu doldurmağın, həqiqi qələm sahiblərini ədəbiyyatın və sözün xatirinə gələcək nəsillərin qarşısına əliboş və üzüqara çıxmamağımız üçün istər yaşayan yaşlı nəslin şairləri, istərsə də, gənc şairləri oxucuya şedevr əsərlər sunmaq üçün əl-ələ verməyə və bir olmağa çağırıram.

Balıq başdan iylənər.

Son illər sosial şəbəkələrdə müxtəlif saytlarda gənc qələm sahiblərinin profillərindəki paylaşdıqları statuslara nəzər yetirsək, şahidi olarıq ki, bəzi gənc yazarların və şairlərin içində Azərbaycan Yazıçılar Birliyinə (AYB) qarşı bir üsyan, bir şikayət, bir küskünlük və bir inciklik var.

Bəs bu narazıçılıq nədən yaranıb?

Gənc yazarlar nə istəyir?

Tələbləri nədir?

Subyektiv fikrimdir ki , təcili AYB-də söz sahibləri olan şəxslər və dövrümüzdə yaşayan Nəriman Həsənzadə və Ramiz Rövşən kimi poeziyanın ağsaqqaları bu küskün və narazı gəncləri AYB-yə dəvət etməli, bu incikliyin və narazıçılığın mənbəyinə varıb bu güclü gənc qələm sahiblərini ədəbiyyata və poeziyaya yönləndirməlidirlər ki, söz və şeir bu güclü qələmlərdən məhrum olmasın.

Nəriman Həsənzadə və Ramiz Rövşən


Bu incik yazarları qələm əhlinin isti ocağı sayılan AYB-dən küsdürən, ədəbiyyatdan və poeziyadan soyudan səbəblər nələrdir?

Bu narazı və küskün qələm sahibləriylə söhbətləşən zaman məlum olur ki, bu narazıçılığın mənbəyi bəzi xoşagəlməz hallardır.

1998-ci ildən bir gənc yazar kimi 22 ildir ki, şeirlərim, məqalələrim fərqli-fərqli qəzetlərdə işıqlanıb. 550 şeirin və 200-ə yaxın müxtəlif mövzularda yazılan məqalələrin müəllifiyəm. Bu 22 ildə şeir və söz müsabiqələrində dəfələrlə 1-ci yerə layiq görülsəm də, son altı-yeddi il də AYB-də tədbirlərdə, təqdimatlarda iştirak etdiyim zaman AYB-də soyuq və laqeyd münasibət ilə üzləşmişəm. Hətta 2005-2006-cı illərdə “Oxu Məni” qəzetində şeirlərim işıq üzü gördüyü zaman bölgələrdə, rayonlarda yaşayan, şeirlərimi bəyənib, hətta təbriklər yazan, hər həftə şeirlərimi həvəslə, maraqla oxuyan oxucular AYB-yə gəlib üzv oldular, mükafatlandırıldılar, lakin mən, sadəcə durub baxıram gərdişə. Baş verənlərə…

Gülməli görünsə də, AYB-də gənc vətəndaş var ki, peşəsi fotoqrafdır, lakin AYB-yə üzv seçiblər. Buradan belə çıxır ki, bunun əksinin də olma ehtimalı var, yəni hər hansı şair də istədiyi zaman Rəssamlar İttifaqına üzv ola bilər. Hər il beş-on nəfər gənc qələm sahiblərinə prezident təqaüdü ayrılır və onlar mükafatlandırılır. Dəfələrlə də olur ki, eyni gənc şair yenidən mükafatlandırılır.

Razı və narazı qələm sahiblərinin hər iki şairlərin yaradıcılığını və oxucuya sərgilədiyi şeirləri anlayışı olan oxucu mütaliə etdiyi zaman təqdim olunan mükafatla qiymətləndirilən şairlərin şeirlərinin zəifliyində və şeirlərindəki sözlərin uyğunsuzluğunda boşluğa düşürlər. Çox heyf ki, həmin gənc qələmlər layiq olmadıqları halda mükafatlandırıldıqları zaman o küskün və ruhdan düşmüş, lakin qələmi ilə mərhum şairimiz Bəxtiyar Vəhabzadənin: “Sən mənə zülm eylədin, mənə zülm yaraşır, Bir salama dəyməyən eşqə ölüm yaraşır”, – kimi oxucunu düşündürən və təsirləndirən şeirlər ortaya qoyan və poeziyanın haqqını ödəyən gənc qələm sahiblərində də düzənə üsyan və narazıçılıq yaranır.

Bəxtiyar Vahabzadə


Belə hallarda, bəlkə də, bizlər fərqinə varmadan gələcəyin istedadlarını və güclü qələmlərin ürəyini sındırmış və ruhdan salmış oluruq. Gənc qələm sahiblərinin narazı qaldığı və tələb etdikləri hallardan biri də budur: İddia edirlər ki, AYB-nin sədirliyinə təyin olunsunlar, bu gənclər daha dinamik və daha enerjili bir nəfəs gətirsinlər ədəbiyyata və poeziyaya.

Narazılıq doğuran hallardan biri də budur ki, AYB-də səlahiyyət sahibləri illərdir eyni ideya və eyni düşüncə ilə fəaliyyət göstərirlər. Məsələn, gənc bir yazar kitabını təqdim etdiyi zaman hər dəfə AYB-də eyni adam gəlib masanın başında əyləşir, kitabı çıxmış müəllifi süni və boyalanmış sözlər ilə tərif edir və təqdimat başlayandan on dəqiqə sonra “Mən başqa bir təqdimata tələsirəm”, – deyib aradan çıxır. Lakin AYB-nin sədrliyinə iddialı olan gənc qələm sahibləri hər vəchlə vurğulayırlar ki, “Biz gənclər səlahiyyət sahibi olsaq, ədəbiyyat və poeziyada yaranmış bu süqutu canlandırmağa iddialıyıq və bunu bacararıq”.

Yol versək, gənclər idarəçiliyə təyin olsa, pismi olar?

“Daydayın” belə, yüksəldə bilmədiyi “bacıuşaqları” və ya ikitirəlilik. Bəli, elə mühitlər var ki, hardasa, “dayday” və “adam” sözü yüksəkliyə qalxmaq üçün təkan olması qəbuledilən olsa da, incəsənətin, musiqinin, ədəbiyyatın və yaradıcılığın elə nöqtələri var ki, “dayday” da köməyə yetə bilmir. Çünki quyuya su tökməklə dolmaz. Ortaya əsər və şeir qoymaq üçün “dayday”a yox, fitri istedada və yaradanın lütf etdiyi ilham pərisinə mütləq ehtiyac duyulur. Tərifə layiq olmayanları “bəh-bəh”lə tərif edəndə kənardan biədəb görünür. Əsl qələm sahibi ilə “şişirdilmişlər”i müqayisə edəndə musiqi ilə müzakirə etmiş olsaq, musiqidə var Alim Qasımov, bir də var, Elariz Məmmədoğlu- bax, bunun müqayisəsi belə, gülüncdür.

Dəfələrlə göz şahidi oluruq ki, AYB-də və başqa-başqa təqdimat və tədbirlərin keçirildiyi zallarda baş tutan təqdimatlarda bir tanınmış şairin çıxışı zamanı “dayday”lıq etmək cəhdi uğurlu alınsa da, nəticə sıfıra dönür. Dəfələrlə təqdimatlarda şahidi olmuşam ki, bir tanınmış qoca şair bir gənc, “sütül” bir oğlanın kitabının təqdimatında alıb təqdim etdiyi kitabını vərəqləyəndə görür ki, yazdığı şeirlər “stoliçni” salat kimi qatma-qarışıqdır: nə əvvəli bilinir, nə də sonu. Mənasız, məzmunsuz. Sözlərin uyğunsuzluğu gözə girdiyi bir halda, qalxıb o qoca şair bu gənc oğlana, “Rəhmətlik atası gözəl şair idi” və ya “Rəhmətlik atası ilə gözəl günlərimiz olub”, – deyib boyalanmış və saxta sözlər ilə “qarışqanı fil edir”… Lakin bu nostalji düşüncəli insanlar bir gerçəyi unudurlar ki, əsər yazmaq atadan və ya anadan övlada qalan bir “obyekt”, bir “miras ” deyil ki, istifadə olunub oxucuya ötürülsün. Yaradanın seçilmiş bəndələrinə lütf olunmuş bir mükafatdır ilham pərisi. Ədəbiyyatın və poeziyanın gələcəyini bu “tapşırma”larla, “xətir”lə, şişirdilmiş təriflərlə zəlil qoyan, şikəst edən bu “Atanın dostlar”ı poeziyaya böyük zərbə vurmuş olur.

Dürüst qərarlar verilsə, ağ ilə qara seçilsə, söz sahibləri adil olsa, əminəm ki, poeziya və ədəbiyyata olan inancımız artar, bizdən 100 il sonra sonra gələn nəsillərin qarşısında başımızı dik tutmağa və rəhmət sahibi olmağa müvvəffəq ola bilərik. Əks təqdirdə, ədəbiyyat camiasında 20 ildir ki, durğunluq dövrü yaşayan poeziyamız sözün qədrini-dəyərini bilməyənlərin əlində məhv olub gedəcək. Son illər çap üzü görən kitabların müəllifi olan gənclər, əfsuslar olsun ki, kitablarının təqdimatlarına və tədbirlərinə “sünnət toyu” kimi yanaşırlar. Yəni “sən kitabının təqdimatını etdin, mən də gəldim, 5-manat verdim, aldım, getdim”. Sabah da bu gedir həmin “şair”in təqdimatına. İşıqlanan şeir kitablarının ədəbiyyata və poeziyaya faydası toxunurmu? Xeyr, toxunmur.

“Təqdimat” da desək, gülünc alınar, – “kosmetikanı üzünə səpən xanım”lar durmadan fotossesiya edirlər. Digər tərəfdən isə aiddiyyəti olmayan təriflər. Hətta elə olub ki, bu təbrik və təriflərə tamaşa etdiyim zaman şahidi də olmuşam, tərif edən mikrofondakı “dayday” vurğulayır ki, “cənab filankəsin şeirlərini oxumasam da, mükkəmməl şeirlər yazır”. Ortada göstəriş və tapşırıq var, lakin poeziyaya zərrə qədər də fayda toxunmur. Bu lazımsız təqdimatlar və sıradan yığıncaqlar nədən yaranır? Nəzarətsizlikdən. Maraqlıdır ki, ədəbi mühit deyildiyi zaman “ədəb” sözünü “ədəbsiz” sözü ilə istehzayla əvəzləyib lağlağı edən bəzi gənc qələm sahibləri niyə məhz “ədəbi mühitn” söyləndiyi zaman istehza edirlər? Səbəb nədir? Səbəb böyük şeir müsabiqələrində ədalətsiz qərar və iki ulağın arpasını bölə bilməyənlərin mükafatlandırılmasıdır. Səbəb ədalətsiz seçim və ikitirəlilikdir.

Ayaqlar baş olub, başlarsa ayaq….

Dəfələrlə şahidi oluruq ki, öz qələmi və şeirləri ilə oxucunu təsirinə salan, qələmindən Müşfiqin, Bəxtiyarın, Nüsrətin ətri gələn gənc xanım və bəylərimiz- “adam”sız, “dayday”sız istedadlarımız müsabiqələrdə, tədbirlərdə və təqdimatlarda soyuq münasibətlə qarşılanır, layiq olduğu dəyəri ala bilmirlər.



Alqışa layiq olmayanlar alqışlanır. Lakin digər tərəfdən də poeziyaya yetəri qədər qatqısı olan istedadlarımız soyuyurlar… Qəribsəyirlər… Və öz “qabıqlarına” çəkilirlər…. Beləcə, meydan qalır qurda-quşa. Bu küskünlüyə baiskar olanlar şeir-söz dünyasında öz sevgili dilbəriylə şeirlə söhbətləşən Mikayıl Müşfiq ruhlu güclü qələmə sahib gənclərimizin bir daha güllələnməyə yollanmasına vasitəçi olurlar və zərbə bir daha ədəbiyyata və sözə dəyir. Şeir yetim qalır. Siz də bir oxucu kimi hər bir gənc yazarın şeirlərini oxuyub mütaliə etdiyiniz zaman böyük boşluqla üzləşə bilərsiniz. Lakin əfsuslar olsun ki, təqdimatlarda “adam”ı olan hər kimdirsə, o, yuxarı başa keçirilir və alqışlanır.

Təbii ki, bu gün güclü və oxunaqlı yazan istər yaşlı, istərsə də gənc şairlərimiz var, lakin bu seçilmiş qələmləri ümumi hesablasaq, 50-60 nəfərə çatar. Ancaq bu rəqəm 60-70 ildən sonra gələcək nəsillərin klassikasını tamamlayarmı? Bu, sual altındadır. Zənnimcə, bu günün müasir şairləri və yazarları sayca kifayət etmir. Bir gül ilə bahar gəlməz. Daha da çoxalmalıyıq ki, yeni istedadlar, qələmlər kəşf edək. Yuxarıda vurğuladığım kimi, bu yolda əl-ələ verib ədəbiyyatın sükutunu pozmağa, süqutuna mane olmağa cəhd etməliyik. Buna görə də əllərimizi çirmələyib fikirləri müzakirə etməliyik. Bir gül ilə baharın gəldiyinə aldanmayaq. Balıq başdan iylənsə də, biz bu əyriliyi düzəltmək gücündən məhrum deyilik- yeni nəfəs, yeni gənclik önə çəkilməlidir. Ədəbiyyatımızın uğurlarını, istər daxildə, istərsə də xaricdə nümayiş etdirməliyik. Siz şeirə, sözə aidiyyatı olmayanlara “daydaylıq” etdikcə bir nüansı unudursunuz ki, elin gözü tərəzidir. Qızılı palçığa atsanız da, qızıl elə qızıldır… Zövqünün qeydinə qalan oxucu şeiri- əsəri oxuduğu zaman çox gözəl dərk edir ki, hansı qələm daha güclü, daha mənalı yazır. Ümid edirəm ki, gələcək nəsillərə tarixdə iz buraxmış şairlər və şeirlər qoyaraq tarixin və körpələrimizin önündə gözükölgəli olmarıq.
Qələminiz iti olsun.

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər