Xəbər xətti
25-09-2021
24-09-2021
23-09-2021
Yazarlar





Rublika
Arxiv
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Ən çox oxunanlar
Sorğu

Gədəbəydə Milli Qəhrəman Məzahir Rüstəmovun xatirəsi anılıb - ŞƏKİLLƏR

Baxılıb: 3148     Tarix: 06-08-2021 20:40   
Gədəbəydə Milli Qəhrəman Məzahir Rüstəmovun xatirəsi anılıb - ŞƏKİLLƏR


Gədəbəy rayonunda Azərbaycanın Milli Qəhrəmanı Məzahir Rüstəmovun xatirəsinə həsr olunan tədbirlər keçirilib.

Bu barədə Sumqayitfakt.Az Müdafiə Nazirliyinə istinadən xəbər verir.

29 il əvvəl, 1992-ci il avqustun 5-də təcavüzkar Ermənistanın silahlı qüvvələrinin hərbi birləşmələri minə yaxın canlı qüvvə, 4 tank, 14 zirehli maşın və hərbi texnika ilə Gədəbəy rayonunun Mutudərə kəndi istiqamətində hücuma keçirlər. Xalqımızın igid oğlu baş leytenant Məzahir Rüstəmovun könüllülər dəstəsi düşmənin ilk zərbəsini öz üzərinə götürərək son nəfəsə, son gülləyədək vuruşur, düşmənin hücumunu ləngidərək Mutudərə əhalisinin kənddən sağ-salamat çıxmasına şərait yaradırlar. Bu döyüşdə düşmən mühasirəsində qalan Məzahir Rüstəmov erməni quldurlarını xeyli yaxınlığına buraxaraq qumbaranı sinəsinə sıxır, özü ilə bərabər xeyli düşməni də məhv edir.
Məzahirin ölümü döyüşçülərin qəzəb hissini daha da coşdurur, onlar and içərək polkovnik Cahangir Rüstəmovun başçılığı ilə hücuma keçərək avqustun 8-də Mutudərəni və Başkəndi işğalçılardan azad edirlər.

Həmin günlərdə indiki Bakı Dövlət Universitetinin yetirməsi olan Məzahir Rüstəmovun, professor İzzət Rüstəmovun şəhid oğlunun əfsanəvi qəhrəmanlıqları barədə xəbərlər bütün ölkəni dolaşır, ona Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilir.

Bir neçə il öncə Ermənistan-Azərbaycan dövlət sərhədinin Gədəbəy rayonu istiqamətində dislokasiya olunan hərbi hissənin döyüşçüləri polkovnik Abdulla Qurbaninin təşəbbüsü ilə şəhid baş leytenant M.Rüstəmovun qanı çilənmiş döyüş mövqeyində, Mutudərə yaxınlığındakı zirvədə qaya parçaları üzərinə onun portreti olan xatirə lövhəsi vururlar. Beləliklə, neçə illərdir ki, Məzahirin şəhid olduğu gün onun ailə üzvləri, hərbi hissənin və rayon ictimaiyyətinin nümayəndələri bu zirvəyə toplaşır və unudulmaz qəhrəmanımızın xatirəsinə həsr olunan tədbirlərlə onu və döyüşçü yoldaşlarını yad edirlər.

Xatirə lövhəsi qarşısına dağ çiçəklərindən hörülmüş çələng və qərənfillər düzüldükdən sonra şəhidlərimizin xatirəsi ehtiramla yad edilib. “Vətən, sənin şəhidlərin” elegiyası dağlarda əks-səda verib. M.Rüstəmovun 32 illik ömür və döyüş yoluna nəzər salınıb.
Bu il də Müdafiə Nazirliyinin əməkdaşı, polkovnik Abdulla Qurbani anım mərasimində çıxış edərək böyük fəxarət hissi ilə deyib: “Əgər əvvəlki illərdə şəhid qardaşımız Məzahir Rüstəmovun qanı çilənən bu zirvəyə gözükölgəli gəlirdiksə, bu gün qalib ölkənin qalib vətəndaşı, qalib ordunun qalib döyüşçüsü kimi Milli Qəhrəmanımızı yad etməyə gəlmişik. Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin Hərbi Qənimətlər Parkında təltif olunan hərbi qulluqçularla görüşdə dediyi kimi təsəllimiz odur ki, torpaqlarımız azad olundu, ərazi bütövlüyümüz bərpa edildi. Eyni zamanda, təsəlli odur ki, şəhidlərimizin intiqamını biz döyüş meydanında aldıq. Şəhidlərimizin qanı yerdə qalmadı. Həm İkinci, həm də Birinci Qarabağ müharibəsinin şəhidlərinin qanını döyüş meydanında aldıq, o cümlədən günahsız insanların, Xocalı qurbanlarının, digər mülki şəxslərin intiqamını düşməndən döyüş meydanında aldıq. Biz döyüşərək, vuruşaraq, qan tökərək tarixi ədaləti bərpa etdik, ərazi bütövlüyümüzü bərpa etdik. Düşməni torpaqlarımızdan qovduq. Bu gün bütün şəhidlərimizin, eləcə də xalqımızın qəhrəman oğlu Məzahir Rüstəmovun ruhu şaddır”.

Anım tədbirində qeyd edilib ki, Məzahir Rüstəmov 1960-cı il martın 2-də Bakı şəhərində ziyalı ailəsində dünyaya gəlib. Adı Böyük Vətən müharibəsi iştirakçısı, əfsanəvi təyyarəçi Məzahir Abasovun şərəfinə qoyulub. 1977-ci ildə Nizami rayonundakı 32 saylı orta məktəbi bitirib. 1978-ci ildə indiki Bakı Dövlət Universitetinin Tarix fakültəsinə daxil olub və 1983-cü ildə təhsilini fərqlənmə diplomu ilə başa vurub. Azərbaycan Memarlıq və İnşaat Mühəndisləri İnstitutunun Fəlsəfə kafedrasında əmək fəaliyyətinə başlayıb. 1990-cı ildə Dövlət Mətbuat Nazirliyində “Xarici ölkələrlə kitab əlaqəsi şöbəsi”nin müdiri vəzifəsində çalışıb. Azğınlaşmış erməni təcavüzkarlarının Azərbaycan torpaqlarını işğal etməsi, dinc sakinlərin min bir vəhşiliklərlə qətlə yetirilməsi, Xocalı faciəsi Məzahiri daha da hiddətləndirib. Daima Vətən, torpaq, qeyrət, namus hissləri ilə yaşayan Məzahir Rüstəmov 1992-ci il martın 23-də könüllü vəzifəsini tərk edərək Milli Orduya yazılıb və ata-baba yurdu olan Şınıx cəbhəsinə yollanaraq taqım komandiri kimi döyüşlərdə iştirak edib. Qısa müddət ərzində peşəkar kəşfiyyatçı, cəsur döyüşçü, igid komandir kimi fərqlənib. Ölümündən sonra haqqında kitablar yazılıb, filmlər çəkilib. Adı vaxtilə təhsil aldığı orta məktəbə, yaşadığı küçəyə verilib. Bakıda və Gədəbəy şəhərində tunc abidəsi ucaldılıb. Qızı Təhminə indi anadır. MuradMəryəm adlı nəvələri babasının adına layiq tərbiyə edilir, boya-başa çatdırılır.

Şəhidin atası şəhid övladının da intiqamının alındığından böyük təsəlli tapdığını, Azərbaycan əsgərinin xalqımıza bəxş etdiyi qələbə sevincindən fərəhləndiyini qürur hissi ilə dilə gətirib. Ulu öndər Heydər Əliyevlə görüşlərini xatırlayıb. Ölkəmizdə şəhidlərə göstərilən böyük ehtiramdan, şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına diqqət və qayğıdan ağızdolusu danışıb. Dövlət sərhədində hər an ayıq-sayıq dayanan Vətən əsgərlərinə ata məsləhətini verib, onlara şərəfli xidmətlərində bundan sonra da uğurlar arzulayıb.

Şəhidin anası Rəfiqə xanım hər bir Vətən əsgərinin timsalında şəhid oğlunu gördüyünü və onların xidmətlərini başa vuraraq sağ-salamat ailələrinin yanına qayıdacaqlarına əminliyini bildirib.

Hərbi qulluqçular Rasim Manafov, İlqar Abdulxalıqov, Sərxan Bayramov çıxış edərək yeni yaranmaqda olan Azərbaycan Ordusuna Məzahir kimi igid zabit, Vətənimizə Məzahir kimi ləyaqətli, vətənpərvər oğul bəxş edən İzzət ataya, Rəfiqə anaya minnətdarlıq ediblər. Bu gün rəşadətli Azərbaycan Ordusunda Məzahir kimi yüzlərlə, minlərlə igid zabitlərin xidmət etdiyini və onların Müzəffər Ali Baş Komandanın əmrlərinə hər an hazır olduqlarını bildiriblər.

Şəhidin döyüşçü dostu İmran Rüstəmov Məzahirin yüksək mənəvi və iradi keyfiyyətlərindən, peşəkarlığından, Mutudərə uğrunda döyüşlərdə göstərdiyi fədakarlıqlardan danışaraq onunla bir səngərdə vuruşduqlarını iftixar hissi ilə yada salıb.

Respublikanın Əməkdar artisti, Akademik Opera və Balet Teatrının solisti, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin zabiti Cahangir Qurbanovun ifa etdiyi Üzeyir Hacıbəylinin Nizami Gəncəvinin sözlərinə yazdığı “Sənsiz” romansı tədbir iştirakçılarının böyük marağına səbəb olub.

Anım tədbirləri Gədəbəy şəhərində davam etdirilib. Azərbaycanın Milli Qəhrəmanı Məzahir Rüstəmovun şəhərin mərkəzində ucaldılan tunc abidəsinin önünə Müdafiə Nazirliyinin adından çələng qoyulub, qızılgüllər düzülüb. Abidə qarşısında keçirilən tədbirdə Müdafiə Nazirliyinin rəsmiləri, şəhidin ailə üzvləri, hərbi qulluqçularla yanaşı, Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev və veteranlar iştirak ediblər. Burada Vətənə, Müzəffər Ali Baş Komandana və rəşadətli Azərbaycan Ordusuna həsr edilən Zəfər nəğmələri ifa olunub.

Axşam hərbi hissənin ayrı-ayrı tabor və bölmələrində Gəncə Qarnizonu səyyar təşviqat dəstəsinin üzvləri Milli Qəhrəman Məzahir Rüstəmova həsr olunmuş sənədli filmlər nümayiş etdiriblər.

Sumqayitfakt.Az









Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər