Xəbər xətti
26-10-2021
25-10-2021
24-10-2021
Yazarlar





Rublika
Arxiv
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Ən çox oxunanlar
Sorğu

Şuşanı görmək istəyi ilə haqq dünyasına qovuşan dostum

Baxılıb: 2312     Tarix: 24-05-2021 13:15   
Şuşanı görmək istəyi ilə haqq dünyasına qovuşan dostumKərbəlayi Nadir

(Elegiya)

Taleyin hökmünə bax. 2020-ci ilin noyabr ayının əvvəlində Kərbəlayi Nadirlə dostluğumuzun 50 illiyini qeyd edəcəkdik. Amma oktyabr ayının 23-də o, haqq dünyasına qovuşdu... Mat qalmışam. Şok vəziyyətindəyəm. Nə deyim bu yazıya?.. Qardaş qədər sevdiyim bir dostu itirmək çox çətindir...

Dostluq haqqında söz düşəndə Kərbəlayi Nadir belə deyirdi: “Dörd cür dostluq var. Dostlar var ki, yemək kimidir və sənə hər gün lazım olur. Dostlar var ki, dərman kmidir, sənə pis olanda axtarırsan. Dostlar var ki, xəstəlik kimidir, onlara pis olanda səni axtarırlar. Dostlar da var ki, onlar aldığımız hava kimidir. Onlarsız yaşamaq mümkün deyil”. Kərbəlayi Nadir! Axı bizim dostluğumuz da aldığımız hava kimi idi. Bəs indi mən sənsiz necə yaşayacam?.. Niyə təkcə biz dostları yox, bütöv bir nəsli yetim qoyub getdin?..

Oktyabr ayının 26-da sənin dünyanı dəyişməyinin üçüncü günündən sonra Sumqayıta qayıdanda, 50 il bundan qabaq səninlə tanış olmağımız və yarım əsrlik bir həyat kino lenti kimi gözlərim qarşısından keçdi... İllər nə tez gəlib keçdi qardaşım... Elə bil ki, səninlə tanışlığımız, dostluq təməlinin başlanğıcı dünən olub...

1970-ci ilin may ayı idi. O vaxt mən ordu sıralarından yenicə qayıdıb, əvvəlki iş yerim olan Masallı Rayon Texnika Birliyində (MTS-də) dispetçer kimi əmək fəaliyyətimi davam etdirirdim. Həmin ilin noyabr ayının əvvəlində yeməkxanada mənim kimi cavan, uca boylu, yaraşıqlı, danışanda gülümsünən bir oğlanla tanış oldum. Mən onu əvvəl burada görməmişdim. Məlum oldu ki, o, işə yenicə qəbul olub və o da məlum oldu ki, böyük qardaşım Balaməmmədin rəhbərlik etdiyi traktor texnikası briqadasında mühasib işləyir. Biləndə ki, Balaməmməd Şükürov mənim böyük qardaşımdır, çox sevindi. Onun yaxşı rəhbər olduğunu, işçilərə əlindən gələn köməkliyi etdiyini dedi. Onunla ilk tanışlıqdan söhbətimiz tutdu. Gördüm ki, dilli-dilavər bu oğlan Bakıda Plan İqtisad Texnikumunda təhsil alıb. Amma bununla birlikdə ədəbiyyata, incəsənətə, musiqiyə böyük marağı var. Özünü təqdim etdi. Nadir Qiyas oğlu Adıgözəlov. Fasilə vaxtı olduğuna görə biz onunla mənim işlədiyim dispetçer otağına gəldik. O, həmin vaxtı dəbdə olan gürcü mahnısı “Lalebi”ni elə peşəkarcasına, həvəslə oxudu ki, açığı onun mahnı oxumasına heyran oldum. Həmin vaxt mənim də ədəbiyyata, incəsənətə marağım böyük idi. Hətta ordu sıralarına getməmişdən əvvəl rayonun “Çağırış” qəzetində məqalələrim və “Azərbaycan pioneri” qəzetində kiçik hekayələrim də çap olunmuşdu. Şakir Həsənov və Adil Səfərovun Masallı şəhər Mədəniyyət Evində yaratdıqları Miniatür teatrında da kiçik, epizodik rollar oynamışdım. Ordu sıralarında olanda da ara-sıra kiçik hekayələr, şeirlər yazırdım. Məqsədim də Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə qədul olmaq və gələcəkdə yazıçı-jurnalist kimi fəaliyyət göstərmək idi.

Beləliklə, elə həmin gündən bizim Nadirlə dostluğumuzun təməli qoyuldu. O, səhəri günü mənə təklif etdi ki, gəl “Lalebi” mahnısını və başqa Azərbaycan, rus və digər xalqların mahnılarını duet kimi oxuyaq. Çünki mənim də səsimin olduğunu, mahnı oxumağımı Nadir dünən eşitmişdi. Mən də bizə əsgərlikdə öyrədilən bir neçə rus mahnısını və Azərbaycan xalq mahnılarını onunçün oxumuşdum. Mən razılaşdım. O, “Lalebi” mahnısının sözlərini yazıb mənə verdi. Beləliklə, biz elə həmin gündən fasilədə və işdən sonra mənim iş otağımda mahnıları zümzümə etməklə məşq etməyə başladıq. Musiqiyə, incəsənətə marağı olan və hətta musiqi alətlərində çalmağı bacaran bizim kimi həmyaşıdlarımızdan bəziləri də otağıma gəlib, bizim məşqimizə tamaşa edir və öz təkliflərini verirdilər. Bir neçə gündən, yəni artıq bəzi mahnıları tam mənimsədikdən sonra Nadir təklif etdi ki, gəlin, Masallı Rayon Texnika Birliyində bir ansambl yaradaq. Fasilə vaxtı buradakı klubda işçilərə konsert verək. Mən isə dedim ki, təkcə ansambl yox, həm də dram dərnəyi yaradıb, kiçik səhnəciklər oynayaq. Razılaşdı. Nadirin təklifi ilə bu kollektivin adını da fikirləşib tapdıq. Kollektivin adı “Traktorçu” oldu. Çünki Masallı Rayon Texnika Birliyində traktorçular daha çox işləyirdi. Biz bu təkliflə həmin vaxt Texnika Birliyi partiya təşkilatının rəhbəri Rafiq Bağırova müraciət etdik. O bizim fikrimizi çox yaxşı qarşıladı. Sonra bu fikri Masallı Rayon Texnika Birliyinin direktoru, dəyərli ziyalı Sudyef Məlikova bildirdi. Sudyef müəllim də bu təklifi çox bəyəndi və elə səhəri gün Nadirlə məni kabinetinə dəvət etdi. Bizə hər cürə arxa-dayaq olacağını dedi. Biz elə həmin gündən artıq işdən sonra Masallı Rayon Texnika Birliyinin klubunda məşqlərə başladıq. Çünki artıq ansamblın üzvləri də hazır idi. Hətta on beşdən çox mahnılar da seçmişdik. Sonra həmin vaxtı papulyar olan tamaşalardan duet səhnəciklər də seçdik və beləliklə, hər gün işdən sonra böyük həvəslə 3-4 saat məşqlər edirdik. Nadir təkcə mahnılar oxumur və həm də mənim quruluş verdiyim səhnəciklərdə maraqlı rollar oynayır və hamımızı valeh edirdi. Çünki onun arzusu aktyor olmaq idi. Biz də inanırdıq ki, o, çox tanınmış bir aktyor olacaq. Belə ki, aktyor üçün lazım olan fitri istedad, uca boy, yaxşı qaltanlı səs, hər bir fikiri aydın, obrazlı ifadə edən gözləri vardı. Fikri də 1971-ci ilin qəbulunda sənədlərini Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə vermək idi. Biz dostların arasında da yanlız Nadir evli idi. O, 1970-ci ilin avqust ayının 31-də ailə həyatı qurmuşdu.

Təxminən bir aya biz bir saatlıq maraqlı proqram hazırladıq və fasilə vaxtı bu proqramı Masallı Rayon Texnika Birliyinin klubunda göstərdik. Başda direktor Sudyef Məlikov, partiya təşkilatının sədri Rafiq Bağırov olmaqla bu tədbirə baxan bütün işçilərin çıxışımız xoşuna gəldi. Bir neçə gündən sonra biz bu proqramı rayon mərkəzindəki Mədəniyyət Evində də göstərdik. Burada da rayon rəhbərləri başda olmaqla, Sudyef Məlikov və rayonun bütün təsərrüfatlarının rəhbərləri, zəhmətkeşləri iştirak etdilər. O vaxt rayonun partiya komitəsinin birinci katibi Zöhrab Ömərov idi. O bizim çıxışımızı çox təriflədi. Elə həmin gündən rayon camaatı bizə maraqla baxmağa, küçədə görəndə salam verməyə başladı. Hamı da deyirdi ki, “başqa mahnıları və səhnəcikləri yaxşı oxuyub, oynasaz da “Lalebi” mahnısını daha peşəkarcasına, əsl gürcülərə məxsus rəqslə və həvəslə oxuyursuz”. Biz həmin gündən sonra Nadirlə hansı toya gedirdiksə, orada olanlar xahiş edirdilər ki, hökmən “Lalebi” mahnısını oxuyaq.

Hazırladığımız ilk proqram rayonda çox yüksək qarşılandığına görə, artıq rayon miqyaslı tədbirlərə bizi dəvət eləməyə başladılar və biz də həmin tədbirlərdə həm səhnəciklər oynayır və əsasən də “Lalebi” mahnısını oxuyurduq. Bu mahnı həmişə sürəkli alqışlarla qarşılanırdı. İlk çıxışımızın çox uğurlu olması bizi həvəsləndirdi və biz ikinci tədbir də hazırladıq. Bu da rayonda maraqla qarşılandı. Artıq 1971-ci il idi. Nadirlə hər ikimiz imtahanlara ciddi hazırlaşırdıq. Nadir Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə, mən isə Azərbaycan Dövlət Universistetinin jurnalistika fakültəsinə.

May ayında Nadirin ilk övladı dünyaya gəldi. Mən istəyirdim ki, adını Babək qoysunlar. Çünki həmin vaxtı Babəklə bağlı mətbuatda çoxlu yazı çap olunurdu. Amma valideynlərinin istəyi ilə, daha doğrusu həyat yoldaşı Səfurə bacının atasının istəyi ilə dünyaya gələn ilk övladlarına Rəfael adı qoydular. Lakin sonralar Kərbəlayi Nadir mənim istəyimlə dördüncü oğluna Babək adı qoydu. Artıq cavan atanın qayğıları çox idi. Ailələri də çətin dolanırdı. Nadirin qardaşları kiçik olduğuna görə, ailədə işləyən yalnız o idi. Ailə vəziyyətinin çətinliyi artıq imkan vermirdi ki, Nadir gedib ali məktəbə qəbul olsun. Çünki həmin vaxt o, gündüz şöbəsində oxumalı idi. Bəs öz ailəsini və valideynlərini, qardaşlarını kim dolandırmalı idi? Nadir çox çətin bir yolun astanaslnda qalmışdı...

Bir gün bizim onunla belə söhbətimiz oldu. Nadir təklif etdi ki, mən onun arzusunu çin etmək üçün sənədlərimi Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə verim. Əgər ora qəbul ola bilməsəm, yenidən sənədlərimi Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə verim. Belə ki, İncəsənət İnstitutunda imtahanlar universistetdən bir ay əvvəl başlayırdı. Razılaşdıq. Mən sənədlərimi Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə verdim və yüksək qiymətlərlə qəbul oldum. Beləliklə, dostumun arzusu reallaşdı. Bunu eşidən Nadir məndən çox sevinirdi. Həmin vaxtdan mənim həyatım teatrla bağlandı. Sonra da gedib Moskvada A.V. Lunaçarski adına Dövlət Teatr Sənəti İnstitutunda rejissorluq fakültəsində təhsil aldım. Oradan qayıdandan sonra bir neçə teatra rəhbərlik elədim. Əlliyə yaxın rolda çıxış etdim və 140-dən çox tamaşaya qurluş verdim. Əlbəttə, yazıçılığı, jurnalsitikanı da yaddan çıxarmadım. Çoxlu bədii əsər və mindən çox publisist yazı, məqalə yazdım. Ümumittifaq və respublika səviyyəsində xeyli mükafat və Əməkdar incəsənət xadimi kimi fəxri ad aldım. Bütün bu uğurlarıma dostum Nadir demək olar ki, məndən çox sevinirdi. Hər yerdə məni təbliğ edirdi. Rəhbərlik elədiyim teatrlarla Masallıda və bütövlükdə Cənub bölgəsində qastrollarda olanda həmişə gəlib bizim tamaşalara baxır və mənimlə fəxr elədiyini deyirdi. Mən də onunla fəxr eləyirdim. Çünki Nadir mən ali məktəbə qəbul olunadan bir il sonra qardaşım Balaməmmədin köməkliyi ilə Masallı rayon Milis (indiki Polis) şöbəsində işə düzəldi. Masallı Rayon Texnika Birliyində olduğu kimi, bu iş yerində də az bir vaxtda tanındı və özünün natiqliyinə, biliyinə, savadına, paklığına, yüksək təşkilatçılığına görə başqalarından seçildi. Həmişə rəhbərlik tərəfindən tərifləndi. Polis sistemində keçirilən bütün ictimai, siyasi tədbirlərə rəhbərliyi ona tapşırdılar. Hətta birinci Qarabağ müharibəsi vaxtı Masallıdan döyüşlərə gedən polis işçilərinə rəhbərliyi də məhz ona tapşırmışdılar. O, Şuşada , Daşaltı əməliyyatındakı döyüşlərdə iştirak etmişdi. Böyük bir möcüzə nəticəsində rəhbərlik etdiyi polisləri Daşaltı əməliyyatından sağ çıxara bilmişdi. Oradakı satqınlıq yadına düşəndə əsəbindən az qalırdı ki, ürəyi dayansın... Çünki orada özü və bir neçə polis işçisi yaralanmışdılar. Elə ürək xəstəliyini də həmin döyüşlərdə tapmışdı Kərbəlayi Nadir. O, döyüşlərdəki xidmətinə görə dəfələrlə mükafatlandırılmışdı. Qarabağ Qazısı olmuşdu. Polis işçisi kimi həmişə haqqı müdafiə etdiyinə, rayon camaatına əlindən gələn köməklikləri etdiyinə görə hamı Kərbəlayi Nadiri sevirdi və ona böyük hörmət edirdi.

O, 23 il idi ki, polis sistemindən uzaqlaşsa da hamı ona hörmət əlaməti olaraq həmişə “Rəis” deyə müraciət edirdi. Hansı tədbirə gedirdisə hamı onu böyük hörmətlə qarşılayırdı. Yaşadığı Bambaşı kəndinin və onun ətrafında olan kəndlərin ən sayılıb-seçilən ağsaqqallarından biri idi Kərbəlayi Nadir. O, Məşhəd və Kərbəla ziyarətlərindən qayıdanda demək olar ki, rayonun ən üzdə olan bütün ziyalıları, ağsaqqalları onunla görüşə, ziyarətə gəlmişdilər.

Ömrünün 72 ilinin demək olar ki, 50 ilini Kərbəlayi Nadir rayonun bütün ictimai işlərində yaxından iştirak etmişdi. Elə bir neçə il bundan qabaq Masallıda məhz Banbaşı kəndinin stadionunda keçirilən və ulu öndər Heydər Əliyevin 95 illik yubileyinə həsr olunan rayon üzrə futbol turnirinə əsas rəhbərlik ona tapşırılmışdı. Həmin futbol turniri çox yüksək səviyyədə keçirildi. Rayonun Gənclər və İdman İdarəsi Kərbəlayi Nadiri yaxşı işinə və yüksək təşkilatçılığına görə Fəxri Fərmanla mükafatlandırdı. Onun sayəsində Banbaşı kəndində idmana yüksək fikir verilirdi. Hətta stadionun yerini satmaq istəyən bir qrup dələduzla böyük mübarizə apararaq, həmin yeri bu günə kimi qoruyub saxladı Kərbəlayi Nadir. O, sadiq dost və Masallı rayonunda sayılıb seçilən ağsaqqallardan biri olduğu kimi, yaxşı ata və baba idi. O, Kərbəlayi Səfurə bacı ilə birlikdə altı övlad- 4 oğul və iki qız böyüdüb, boya-başa çatdırıblar. Onların övladları yüksək səviyyədə təhsil alıblar. Hər biri də Azərbaycan dövlətinə, dövlətçiliyinə layiqincə xidmət edirlər.

Böyük oğulları Rəfael, uzun illər Azərbaycan ordusunda layiqincə xidmət etməklə, cəbhə bölgəsində dəfələrlə düşmənlə döyüşlərə girib. 16 il səngərdə olub. O, bu gün istefada olan mayordur. Rafiq, Rauf və Babək isə iş adamlarıdırlar. Hər üçü də yüksək təfəkkürə, ağla, savada və tərbiyəyə malikdirlər. Qızı Aynurə xanım tibb bacısıdır. O biri qızları İlahə xanım isə evdar qadındır. Bu 6 övladdan Kərbəlayi Nadirin və Kərbəlayi Səfurə bacının 14 nəvəsi və üç nəticəsi var. Nəvəsi Elgünün Türkiyədə həkimlik təhsili alandan sonra Türkiyə dövlətinin təklifi ilə orada həkim işləməsinə çox sevinirdi Kərbəlayi Nadir. Onun ən böyük arzusu nəvələrinin toyunda qol götürüb, oynamaq idi. Heyf. Dostumun bu arzusu çin ola bilmədi...

Bizim onunla dostluğumuz sonra qudalığa çevrilib. Onun oğlu Rafiqlə mənim qızım Aynurə ailə həyatı qurublar və çox mehriban yaşayırlar, Həbib və Aytəkin kimi iki gül balası böyüyür.

Kərbəlayi Nadir mənim 50 illik yaradıcılıq uğuruma bir dost kimi sevinirdi. Yazdığm bədii əsərləri, publisist yazıları, məqalələri mütəmadi oxuyur və öz fikirlərini bildirirdi. Quruluş verdiyim, Azərbaycan televiziyalarının qızıl fodunda saxlanılan, hərdən televizorlarda göstərilən və videolarda olan tamaşalarımı maraqla izləyirdi. Sonra da deyirdi: “Əziz dost, çox sağ ol ki, sən mənim də arzumu çin elədin”...

Əziz dostum Kərbəlayi Nadir, sən isə vaxtından tez haqq dünyana qovuşmağınla bizim arzularımızı yarımçıq qoydun... Axı mən səni özümə arxa-dayaq bilirdim. Deməli, indi mən də təkləndim. Əsl, etibarlı, ürək dostsuz qaldım...

Masallıdan Sumqayıta gəldikcə, yol boyu bütün bunları, olub-keçənləri gözlərim qarşısında canlandırdıqca, göz yaşlarıma hakim ola bilmirəm...

Axı sənin ən böyük arzun yenidən Şuşada olmaq və oranın erməni gavurlarından təmizlənməsini görmək idi... Bir də oğlun Rafiqin Banbaşıda tikdirdiyi evin tezliklə tamamlanmasını görmək idi. Həmin evin son tamamlanma işləri sənin rəhbərliyinlə görülürdü. Sən bu arzunun çin olmasını səbirsizliklə gözləyirdin...

Bir neçə il idi ki, sən xəstə idin. Bizim təkidlərimizə baxmayaraq, öz sağlamlığının qeydinə heç cürə qalmırdın. Nəvən Elgün və Səfurə bacı ilə sentyabr ayının 5-də səni İstanbula yola saldıq. Mən də sentyabr ayının 12-də həyat yoldaşım Elmira xanımla İstanbula müalicəyə gəlməli idim. Hətta zarafatla sənə deyirdim ki, “gələcəm, orada “Lalebi” mahnısını oxuyacağıq”. Bu dəfə hər ikimiz vədə xilaf çıxdıq. Mən İstanbula gələ bilmədim və sən həkimlərin, nəvən Elgünün bütün səylərinə baxmayaraq, qardaş Türkiyədə bu dünyaya əlvida dedin... Bax bu dərd də məni möhkəm yandırır... Göz yaşlarım yanağım boyu axdıqca, ağsaqqal şairimiz, Prezident təqaüdçüsü, Əməkdar mədəniyyət işçisi Əşrəf Veysəllinin, sənin də çox sevdiyin və tez-tez dediyin “Dost” şeiri yadıma düşür. Bu şeir böyük sızıltı ilə beynimdən keçir:

Dost üçündür suyum, duzum, çörəyim,
Dostsuz insan tək barmağa bənzəyər.
Dost görəndə yumruq boyda ürəyim
Bir möhtəşəm uca dağa bənzəyər.

Dost gəlişi bayram olur deyirlər,
Köklənirik Arazbarı üstünə.
Dostluq adlı körpü düşür bir səhər
Bu dünyanın Arazları üstünə.

Taleyin hökmünə bax ki, sən Masallı rayon Banbaşı kəndindəki qəbirstanlığın düz girəcəyində, anan qədər sevdiyin qaynanan Qızxanım ananın yanında dəfn olundun. Oğlum Elnur deyən kimi: “Nadir əmi elə pak insan idi ki, bu qəbirstanlığa gələnlər, özlərindən asılı olmayaraq, ilk öncə bu qəbrin yanında dayanıb, ilk fatihəni də ona verəcəklər”. Elə bu sözləri sən də həmişə deyirdin ki, “mənim qaynanam elə pak, əməlisaleh qadın idi ki, taleyin hökmünə baxın ki, bura gələnlər ilk fatihəni ona verirlər”. Bəli, sən də həqiqətən bütün əməlləri saleh, pak insan idin, dostum, qardaşım Kərbəlayi Nadir. Allah sənə qəni, qəni rəhmət eləsin. Amma hələ də sənin yoxluğuna inana bilmirəm. Nə deyim Tanrının belə dəhşətli yazısına?..

Amma qoy sənin ruhun eşitsin ki, canın qədər sevdiyin Şuşanı rəşadətli, igid ordumuzun sayəsində 2020-ci ilin noyabr ayının 8-də yağı düşmənlərdən, erməni gavurlarından azad elədik. 2021-ci ildə, sənin anadan olduğun may ayında ölkə başçımız İlham Əliyevin böyük rəhbərliyi ilə Mədəniyyət qalamız Şuşada beynəlxalq səviyyədə, çox möhtəşəm “Xarı bülbül” festifalı da keçirdik. Bu da ermənilər üzərində bizim Mədəniyyət qələbəmiz oldu. Bu Mədəniyyət qələbəmiz də onları daha çox yandırıb-yaxdı... Mən tam inanıram ki, sənin ruhun da həmin vaxt orada idi. Sənin müqəddəs ruhun ən çox sevdiyin şəhərdə, ən çox sevdiyin “Lalebi” mahnısını zümzümə edirdi...

May ayının 25-də sənin ad günündür. Hər il həmin günü biz yığışıb sənin ad gününü yüksək səviyyədə qeyd edirdik. Bu il sənin 73 yaşın tamam olacaqdı. İndi sənin bu ad gününü sənsiz necə qeyd edəcəyik, əziz dostum, qardaşım? Bax bu məni hədsiz təsirləndirir, kövrəldir... Doğrudan da dost itgisi çox böyük dərd imiş... Bu dərd də artıq mənim ürəyimdə qubar eləyib... Ona görə də ürəyim çox ağrıyır...


Ağalar İDRİSOĞLU,
Əməkdar incəsənət xadimi


Sumqayıt şəhəri,
22 may 2021-ci il
Sumqayıt Mərkəzi xəstəxananın kareoloji şöbəsi






Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər