Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Yanvar 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Ən çox oxunanlar
Sorğu

“Təfəkkür” ailəsinin böyük uğurları

Baxılıb: 2501     Tarix: 31-12-2020 17:11   
Qönçə Səftərova: “Mən həmişə müəllimlərimizə deyirəm ki, işin ən əsası odur ki, şagirdə qarşı qayğı və maraq olsa, həmin uşaqdan yüksək nəticələr almaq asandır”.
“Təfəkkür” ailəsinin böyük uğurları
Sumqayıtda təhsil ocaqları arasında bir təhsil ocağı da var. Bu təhsil ocağı bir vaxtlar çox maraqlı təhsil işçisi, yaxşı təşkilatçı insan olan Bəsirə xanım Ağayevanın rəhbərliyi ilə yarandığı vaxtdan seçilir, sevilir və hər il təhsilin yekunlarına görə birincilərdən biri olur.
Neçə illərdir ki, bu təhsil ocağı haqqında yazmaq istəyirdim ki, onları respublika oxucularına daha yaxından tanış edim. Axır ki, həmin xoş gün 2020-ci ilin dekabr ayının axırında yarandı.


Bildiyimiz kimi hər bir təhsil ocağının, müəssisənin ilk uğuru həmin təşkilata rəhbərlik edən birinci şəxsdən çox asılıdır. Çünki birinci şəxs savadlı, təşkilatçı, müasir zamanın tələblərini yaxşı başa düşən lider insan olanda və kollektivi öz ətrafına yaxşı toplayanda, böyük uğurlara imza atmaq olur. Bax “Təfəkkür” Liseyinin də direktoru Qönçə xanım Səftəraova ətrafına çox yaxşı komanda cəlb eləyib. Yaşlı və cavan müəllimlər əl-ələ verərək, böyük mehribançılıqla Qönçə müəllimənin rəhbərliyi ilə şagirdlərə elmin sirlərini çox yaxşı öyrədirlər. Məhz buna görə də onlardan həm valideynlər, həm şagirdlər, həm təhsil rəhbərliyi və həm də şəhər rəhbərliyi çox razılıq edir.

Müsahibəni başlamamışdan əvvəl belə qərara gəldim ki, oxucuları Qönçə müəllimə ilə daha yaxından tanış edim.

Qısa arayış: Qönçə Tahir qızı Səftərova 1983- cü ilin yanvar ayının 18-də Sumqayıt şəhərində ziyalı ailəsində dünyaya gəlib. Atası Tahir müəllim uzun illər Sumqayıtda rəhbər vəzifələrdə işləyib. Bu xidmətlərinə görə ölkə başçımız cənab İlham Əliyevin əmri ilə “Tərəqqi” medalına layiq görülüb. Qönçə xanım Sumqayıtın ən aparıcı təhsil ocağı olan Təbiət elmləri təmayüllü gimnaziyada təhsil alıb. Bu gimnaziyanı bitirən bütün şagirdlər sonra həyat yollarını böyük uğurla davam etdrirlər. Elə təkcə Sumqayıt şəhərindəki rəhbər işçilərin demək olar ki, yarısı məhz bu gimnaziyanın yetrirmələridir. Bu təhsil ocağı uzun illərdir ki, burada direktor işləyən, Əməkdar müəllim Nizami Əhmədovun rəhbərliyi ilə respublika təhsil ocaqları sırasında həmişə birinciliyi qoruyub saxlayır. Qönçə xanım da 1999-cu ildə bu gimnaziyanı bitirib, yüksək balla Azərbaycan Xarici Dillər Universitetinin ingilis dili filalogiyası fakültəsinə daxil olub. O vaxt maksimum bal 600 bal idi. Qönçə Səftərova 569 bal toplamışdı. Tale elə gətirib ki, Qönçə xanım həmin vaxtı ulu öndər Heydər Əliyevlə canlı bir görüşdə də olub. Həmin gözəl görüşü də heç vaxt unutmur Qönçə müəllimə. 2003-cü ildə bakalavrlığı bitirən Qönçə xanım, elə həmin il magistr səviyyəsinə daxil olub və 2005-ci ildə artıq fərqlənmə diplomu ilə magistr dərəcəsini alıb. Amma 2003- cü ildə bakalavr pilləsini bitirəndən sonra Qönçə xanımın pedaqoji fəaliyyəti başlayıb. Belə ki, elə həmin ildən Sumqayıt şəhər İsmət Qayıbov adına 1 nömrəli məktəbdə ingilis dili müəlliməsi kimi əmək fəaliyyətinə başlayıb. On beş il həmin tədris ocağında fəaliyyət göstərən Qönçə müəllimə, həm də ingilis dilindən repetitor kimi də öz işini davam etdirməklə bu dili şagirdlərə yüksək səviyyədə sevdirib. Çünki müasir günümüzdə ingilis dilinə maraq çox olduğuna görə Qönçə müəllimənin şagirdləri də çox olub.

Həmin vaxtı Qönçə Səftərova belə qərara gəlib ki, pedaqoqikadan uzaqlaşmamaq şərti ilə öz işini bir qədər də genişləndirsin. Və bu sahədə inzibati işlə də məşğul olsun. Həmin vaxtı Təhsil Nazirliyi direktor olmaq istəyənlər üçün kurs təşkil eləmişdi. O direktor kursunun müdavimi olmaq üçün də bir sıra imtahanlarda iştirak eləmək lazım idi. Qönçə müəllimə həmin imtahanları böyük uğurla verib, direktorluq kursuna daxil olub. Bu kursu da böyük müvəffəqiyyətlə bitirərək “Uğur” sertifikatını alıb və sonra direktor olmaq üçün imtahanda iştirak eləyib. Bu imtahan da çox məsuliyyətli və bir neçə pillədən ibarət olan imtahan idi. Ən çətin və məsuliyyətli hissəsi ikinci hissə idi. Çünki bu müsahibə hissəsidir. Burada təkcə bilik yox, həm də təfəkkür, orijinal düşüncə tərzi, gələcəkdə işləri necə qurmaq, dünya təhsili, həmin təhsilin hansı hissələrinin Azərbaycan təhsilinə inteqarasiya etməsi bacarığının yoxlanışı və sairə cavabdehli işlərdir. Qönçə Səftərova da bu imtahandan böyük uğurla çıxaraq, Sumqayır şəhər “Təfəkkür” Liseyinin direktoru vəzifəsinə təyinat alıb. Beləliklə 2017- ci ilin sentyabr ayının 1-dən burada böyük uğurla direktor vəzifəsində işləyir.


-Siz bu məktəbə təyinat alan gün keçirilən iclasda demisiniz ki, “gəlin bu məktəbi “Təfəkkür” ailəsi adlandıraq”. Bu fikir nədən yarandı?

-Mən lap uşaq yaşlarından görürdüm ki, atam harada rəhbər işləyirdisə, həmin kollektivə də özünün ailə üzvləri kimi yanaşır və onların problemini öz ailəsinin problemi bilirdi. Ona görə də uzun illər rəhbər vəzifədə işlədi və həmişə də sevildi. Mən də belə qərara gəldim ki, əgər rəhbər vəzifədə işləməyə başlayıramsa elə atamın yolunu davam etdirim. Çünki bu, ən düzgün və doğru yoldur. Həmin vaxtı da kollektivdə mehribançılıq, birlik olur. Burada təkcə müəllimlər yox, həm də şagirdlər və valideyinlər də hamısı öz istəyini, arzularını, problemlərini çəkindədən gəlib rəhbərə deyə bilirlər. Onu özlərinin doğması, əzizi, böyüyü bilirlər. Rəhbər üçün də bundan böyük mükafat yoxdur.

-Siz 18 ildir ki, təhsil sahəsində işləyirsiniz. Bir müəllimə və məktəb direktor kimi koronavirusun Azərbaycan təhsilinə vurduğu ziyanlar haqqında nə deyə bilərsiniz? Koronavirus dövründə təhsilimizi qorumaq üçün hansı işləri görmək vacibdir və lazımdır?

-Heç kim deyə bilməz ki, pandemiya, koronavirus Azərbaycan üçün fəsadsız olacaq. Təbii ki, fəsadlar var və böyükdür. Ola bilər ki, illərlə onun əziyyətindən çıxa bilməyəcəyik. Bu bəla bizim təhsilimizə, mədəniyyətimizə, idmanımıza, ölkə iqtisadiyyatına, insanlarımızın güzəranına və bütövlükdə hər sahəyə özünün zərbələrini vurub. Bu təkcə bizdə yox, bütün dünyada belədir. Belə götürəndə dünyaynın inkişaf etmiş ölkələrinin çoxundan vəziyyət bizdə daha yaxşıdır. Amma biz oturub gözləməməliyik ki, nə vaxtsa bu pandemiya qurtaracaq və biz ondan sonra işləməliyik. Bu əslində düzgün deyil. Məktəblər 2020-ci ilin mart ayının 2- dən bağlıdır. Artıq martın 4-dən onlayn dərslərə başlamışıq. Azərbaycan Təhsil Nazirliyinin gözəl bir layihəsi var. Maykrasoft Tims platformasının üzərində virtual məktəb layihəsi. Doğrudan çox gözəl bir layihədir. Biz o layihədən geniş istifadə edirik. Sonra mən fikirləşdim ki, “Təfəkkür” ailəsinin müəllimləri, şagirdləri və valideyinləri özlərini unudulmuş kimi hiss etməsinlər. Ona görə də sinif rəhbərləri ilə görüşlərimdə onlara qəti tapşırdım ki, mən sizə bütün sərbəstliyi
verirəm. Uşaqlarla, valideyinlərlə maraqlanın. Qoy uşaqlar və valideyinlər özlərini unudulmuş kimi hiss etməsinlər. Əsasən də şagirdlər görsünlər ki, biz hər an onlarla maraqlanırıq. Mən özüm də şagirdlərlə onlayn görüşlər qururam. Onların bütün problemlərini öyrənirəm və həll eləməyə çalışıram. Ona görə də qətiyyətlə deyə bilərəm ki, şagirdlərimizin ən azından 80-85 faizi virtual dərslərə cəlb olunublar. Və böyük həvəslə onlayn dərslərdə iştirak edirlər. Onu da vurğulayım ki, virtual məktəbin imkanları çox böyükdür və zəngidir. Heç bir müəllim də deyə bilməz ki, mən virtual məktəbi əla bilirəm. Burada müəllimlər üçün çox böyük bir cavabdehlik var. Burada hər müəllimin savadı, təfəkkürü, dünya görüşü, şagirdlərlə davranışı, dərs keçmək prosesi ortaya çıxır. Deməli, onlayn dərslər hər bir müəllim üçün gündəlik imtahan deməkdir. Böyük Qlileyo Qaliley deyib ki, “öyrənməsən, öyrədə bilməzsən” Ona görə də “Təfəkkür”ün müəllimləri mən başda olmaqla hər gün axtarışdayıq. Hər gün yeni fikirlər öyrənirik, virtual məktəbin özəlliklərini axtarıb tapırıq və onu dərslərimizdə tətbiq edirik. Mən həmişə müəllimlərimizə Montenin bu sözlərini deyirəm: “Siz özünüzə inanın, onda başqaları da sizə inanacaq”. Bu gözəl fikir də təhsildə çox vacibdir. Çünki müəllim həqiqətən də ziya olmalı və şagirdlərini öz ardınca aparmalıdır.

-Sizin “Təfəkkür” liseyi Sumqayıtın ən aparıcı təhsil ocaqlarındandır. Bu uğurları əldə etmək üçün hansı işləri görürsünüz? 2020-ci il qəbulunda sizin neçə şagirdiniz ali məktəblərə qəbul oldu?

-Bu qələbələr bildiyiniz kimi çox çətin bir dövrə düşdü. Yəni 2019-2020-ci ilin birinci yarım ili pandemiyaya görə çox çətin dövr oldu. Amma şükürlər olsun ki, bizim şagirdlərimiz müəllimlərinin sayəsində bu işdən böyük uğurla çıxdılar. Doqquzuncu siniflər üzrə respublikada maksimal nəticə 300 bal idi. Bu il bizim bir şagirdimiz bunu əldə edə bildi. Alsu Mehdiyeva bu nəticəni bizə göstərdi. Onunla yanaşı 297, 295, 292 bal nəticələrimiz də oldu. Bu şagirdlərin də sayı 20-yə yaxındır. Mən həmişə müəllimlərimizə deyirəm ki, işin ən əsası odur ki, şagirdə qarşı qayğı və maraq olsa, həmin uşaqdan yüksək nəticələr almaq asandır. Çünki şagird görəndə ki, onu unutmurlar, onun təhsili ilə maraqlanırlar və mənim nəticəmlə valideyinimdən başqa kimsə maraqlır, həmin uşaq oxumaq və qabağa getmək istəyir. Hər dəfə də mən onlara deyirəm ki, siz adi məktəb yox, liseyin şagirdləriziniz. Lisey şagirdi də həm tərbiyəsi, həm biliyi, həm təfəkkürü, həm dünya görüşü ilə hamıdan seçilməlidir. Şükürlər olsun ki, bu il də nəticələrimiz yüksək olub. Qəbul üzrə də yüz faiz nəticələr əldə etmişik. Şagirdlərimizdən həm respublikamızda, həm də xarici ölkələrdəki ali məktəblərə qəbul olanlar çox oldu. 650-dən yuxarı bal toplayan şagirdlərimiz də çoxdur.

-Sumqayıt təhsil ocaqları Azərbaycanın ən aparıcı təhsil ocaqlarındandır. Bu uğurun əldə olunmasında Sumqayıtın keçmiş Təhsil Şöbə müdirləri və indiki müdir haqqında nə deyə bilərsiniz?

-Çox dərin bir sualdır. Dövr dəyişdikcə hər bir dövrün rəhbəri və iş metodu da müxtəlif olub. 15-20 il bundan qabaq işlədiyi sahədən asılı olmayaraq rəhbər işçi aftoritar üsula daha çox üstünlük verirdisə, indiki dövrdə rəhbər işləməyin də forması dəyişib. Çünki biz artıq demokratiyanın elə formasına gəlib çıxmışıq ki, indi heç kimi aftoritar üsülla idarə etmək mümkün deyil. Cəmiyyət bunu qəbul etmir və belə olduqda səni bir rəhbər kimi qəbul etməyəcəklər. Hətta bu gün biznesdə, menecmentdə belə bir yanaşma var ki, lider və rəhbər arasında fərq nədədir? Cavabı delədir. Rəhbər tapşırığını verir və kənarda dayanır. Amma lider özü hamıdan qabaqda olur və hamı da onun ardınca gedir. Bax indiki Sumqayıt şəhər Təhsil Şöbəsinin müdiri Arzu xanım Alızadə əsl liderdir. Mən Arzu xanımı çoxdandır ki, tayıyıram. Biz direktor kursunda da bir yerdə oxumuşuq. Bir sıra layihələrdə də bir yerdə iştirak eləmişik. Arzu xanım gözəl insan, gözəl rəhbər və əsl liderdir. Çünki öz bacarığı, mükəmməl düşüncəsi, təfəkkürü və təhsilə qarşı orijinal düşüncəsi tərzi ilə hamıya örnəkdir. Və mən deməzdim ki, ondan əvvəlki rəhbərlər pis olub. Xeyir. Pis olmayıblar. Onlar öz dövrlərinə uyğun hərəkət ediblər və işləyiblər. Ona görə də Minarə Tahirovanın, Ofelya Babayevanın, Vidadi Bağırovun, Nizami Namazovun Sumqayıt təhsilində xidmətləri çox olub.

-44 günlük Böyük Vətən Müharibəsi Azərbaycanın Ali Baş Komandanı İlham Əliyevin və Rəşadətli Ordumuzun hünərini bütün dünyaya sübut elədi. Bir ziyalı kimi bu haqda siz nə deyə bilərsiniz?

-Mən 16 yaşımdan Yeni Azərbaycan Partiyasının üzvüyəm. Bu partiyaya da qəlbən bağlıyam. Həmişə də Prezidentimizi dəstəkləmişəm və həmişə də onun yanındayam. Bu, gəlişi gözəl olan sözlər deyil. Müharibə 54 gün, 204 gün və daha çox çəkə bilərdi. Amma mən bilirdim ki, qələbə bizim olacaq. Çünki prezidentimiz cənab İlham Əliyevə və ordumuza məndə böyük inam vardı. İnam da həyatın sərmayəsidir. Bilirsiniz də. Bu gün “mətbəx siyasətçiləri” var. Xanımlar və bəylər oturub müzakirə edirlər ki, “niyə belə elədi? Belə olmamalıdır”. Mən çalışmışam həmişə belə söhbətlərdən uzaq olum. Çünki həmişə fikirləşmişəm ki, biz bilmədiyimiz şeylər çoxdur. Prezidentimiz özü bilir nə edir. Ona görə də mən arxayın idim ki, bu məsələnin sonu müsbət olacaq və qələbə də bizim olacaq. Amma onu deyim ki, 44 gün mənim üçün çox çətin olub.

-Niyə?

-Təbii ki, orada, müharibədə olanlar mənim balalarım, qardaşlarımdır. Təbii ki, mən müharibəyə həyat yoldaşı, övlad göndərməmişəm. Amma fikirləşirdim ki, mən müharibə üçün nə etməliyəm? Şükür ki, əlimdən gələni elədim. Elədiklərimi sadalamaq istəmirəm. Çünki bunları demək artıqdır. Amma ürəyim sakitdir ki, mən də bacardığım qədər müharibə üçün iş görmüşəm.

-Qarabağ Azərbaycanın cənnətməkan guşəsidir. Bununla bağlı siz və müəllimləriniz şagirdlər arasında hansı təbliğatı aparırsınız?

-Əvvəllər çox vaxt qınaq altında olan təhsil idi. Amma əsgərlərimizin bu qələbəsi, rəşadəti sübut elədi ki, biz yüksək vətənpərvər şagirdlər yetişdirmişik. Onlarda Vətənə qarşı böyük sevgi, istək aşılaya bilmişik. Deməli, biz, pis müəllim olmamışıq. Təbii ki, ailə də uşaqlarda vətənpərvərlik hissləri yetişdirir. Amma məktəbin rolu daha böyükdür və danılmazdır. Mən 18 illik pedaqoji təcrübəsi olan müəllimə kimi düşünürəm ki, biz çox yaxşı işlər görmüşük. Qələbədən də sonra işlərimiz daha çox olacaq. Əvvəllər məktəbdə daha çox qara, üzücü tədbirlər olurdu. Çünki hər bir rayonun işğal günlərini, soyqırım günlərini qeyd edirdik. Şükürlər olsun ki, onların hamısı arxada qaldı. İndi qələbə günlərimizi qeyd edəcəyik. Təhsil Nazirliyinin də bir gözəl fəaliyyət planı məktəblərə daxil olub. Zəfərimizin tədrisdə əks olunması ilə bağlı. Biz bununla bağlı məktəbdaxili də bir plan hazırlamışıq. Bununla bağlı hətta artıq onlay tədbirlər də keçiririk. Bizim liseyin 3-c sinif rəhbəri Sevinc Əhmədəova Qubadlı ilə bağlı o qədər gözəl dərs keçib, həmin dərs respublika səviyyəsində yayılıb. Bütün məktəblər həmin dərs prosesinə baxıblar. Mən özüm Şuşanı, Kəlbəcəri görməmişəm. Mənim məktəbli balalarım da görməyib. Amma onlar internet vasitəsi ilə elə gözəl faktlar toplayaraq, elə maraqlı videoçarxlar hazırlayıblar, adama elə gəlir ki, həmin şagirdlər dünən həmin yerlərdən gəliblər. Sağlıq olsun. Həmin yerlər minalardan təmzilənədən sonra “Təfəkkür” liseyinin müəllim və şagir ailəsi gedib həmin yerləri ziyarət edəcəyik və yeni videoçarxları da elə orada canlı-canlı çəkəcəyik.

-Sumqayıt bu gün İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun sayəsində özünün intibah dövrünü yaşayır. Bu haqda bir ziyalı kimi nələri demək istərdiniz?

-Bir ziyalı və vicdanlı insan kimi bu haqda danışmamaq mümkün deyil. Cənab İlham Əliyevin mocüzə adlandırdığı bizim bulvarımız, dünyada analoqu olmayan bir yerdir. Əvvəllər Sumqayıtda getməyə yer yox idi. İndi isə Sumqayıtda gəzməli yerlər həddindən artıq çoxdur. Elə dənizkənarı parkın özündə uşaqlarımız üçün çox gözəl əyləncə yerləri, idmanla məşğul olmaq üçün trenajor yerləri, mədəniyyət ocaqları, Muğam evi, kafelər, yeməkxanalar var. Eləcə də Yeni Azərbaycan Partiyasının binası, Bayraq meydanı, bir-birindən yaraşıqlı parklar. Şahmat evi. Musiqi məktəbi. Bütün bunların tacı isə Heydər Əliyev adına muzeydir. Bu, həqiqətən də arxtektura sahəsində çox nadir bir binadır. Bütün bunlara görə də biz, Zakir müəllimə borcluyuq. Cənab Zakir Fərəcov gözəl rəhbərdir və bizim üçün bir rəhbərlik məktəbidir. Biz onun apardığı iclaslarda iştirak eləyəndə, onun iş metodu və üsulu mənə çox yaxın görünür. Deyilən hər bir fikiri çox asanlıqla əxz eləmək mümkün olur. O, həmişə deyir ki, “mən işçilərimlə həm dostam, həm də onların rəhbəriyəm. Dostluq lazım olan yerdə dostluq edirəm, iş lazım olan yerdə işimi tələb eləyirəm”. Bax buna da şəhərin indiki vəziyyəti, səliqə-sahmanı gözəl sübutdur. Zakir müəllim heç kimdən mümkün olmayan iş tələb eləmir. Çünki hər işində və əməlində doğrudur. Bax belə yerdə Həzrəti İmam Əlinin bu kəlamı yadıma düşdü: “Özü doğru olanın, sözü də, əməli də doğru olar”.

-Gələcək işlərinizin daha uğurlu olması üçün hansı işləri görməyi planlaşdırırsınız?

-Böyük ümidlə yaşayırıq ki, bu xəstəlik tezliklə keçib gedəcək. Onun ömrü qısa olacaq. Amma başa düşürəm ki, reallıq da var. Bu reallıqdan da qaçmaq olmaz. Bizim hər gün işimiz var. Bax siz indi məktəbə gəlibsiniz və görürsünüz ki, məktəb sönük bir vəziyyətdədir. Müəllimlər, şagirdlər məktəbdə yoxdur. Məktəbin binası sönük vəziyyətdədir. Burada bir mənəm və bir-iki nəfər də işçi var. Amma “Təfəkkür” Liseyi sönük vəziyyətdə deyil. “Təfəkkür” Liseyi bizik. Müəllimlər, şagirdlərdir. “Təfəkkür” ailəsidi. Hal-hazırda bütün siniflərdə çox ciddi onlay dərslər, məşğələlər, virtual görüşlər gedir. Sentyabrın 15-dən dərs cədvəlimiz necə təsdiq olunubsa, həmin təsdiq olunmuş cədvəl əsasında da dərsərimiz böyük ciddiliklə gedir. Harada internet problemi varsa, həmin dəqiqə onu da həll edirik. Təki bizim işlərimiz dayanmasın. Təki binada olan sönüklük, “Təfəkkür” Liseyində olmasın. Həyat davam edir. Atalarımız da deyib ki, “çətin günün ömrü az olar”. Qartal havada havaya, zirvədə zirvəyə alışdığı kimi, insan da çətin günlər gördükcə ona alışır və həmin çətinlikləri də dəf eləyir. Biz, “Təfəkkür” ailəsi olaraq, öz yolumuzla inamla gedirik. Atalar da deyib ki, “öz yolu ilə gedən yorulmaz”.

Ağalar İDRİSOĞLU,
Əməkdar incəsənət xadimi

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər