Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu

"Biz də burda əbədi deyilik"- Əlövsət Misiroğlunun xatirəsinə...

Baxılıb: 5991     Tarix: 27-05-2020 12:10   
"Biz də burda əbədi deyilik"- Əlövsət Misiroğlunun xatirəsinə...

Əlövsət Misroğlu (Əlöysət Əmrahov) doğma əmim oğludu. Bu doğmalıqda başqa bir doğmalıq da var: ikimizin də ruhu sözə köklənmişdi, sözə tapınmışdıq... Göynəyəndə, ağrıyanda sözə üz tutmuşuq. Xeyli yaş fərqimizə baxmayaraq, söz bizi çox yaxınlaşdırmışdı: dost, tay-tuş məqamına qədər.
Tez-tez zəngləşərdik, görüşərdik. İçimizdə xatirə arxivinə dönən ötənləri-keçənləri çözərdik, ədəbi söhbətlərimiz olardı. Bütün bu söhbətlərin ana xəttini isə sözsüz ki, torpaqlarımızın işğalı, yağı əlində yağmalanan yurd yerlərimizin ağrısı təşkil edərdi. O cümlədən əmim, atam barədə söhbətlər mənimçün çox maraqlı olurdu. Atam hər ikimizin ilk müəllimi olmuşdu. Atamı vaxtsız itirdiyim üçün onunla bağlı çox az xatirə var yaddaşımda. Daha çox Əlövsətin yadında qalmışdı atam, sevimli müəllimi-əmisi kimi. Onun atam barədə danışdıqları, atamla bağlı xoş sözləri maraq dairəmin işıq düşən tərəfi olurdu, dünənin yaddaşından qopan xatirə söhbətləri kövrək anlar yaşatsa da çox xoşuma gəlirdi. Əmi - müəllim sevgisi Əlövsətin hər söhbətində özünü biruzə verirdi. Sonralar atama həsr etdiyi bir neçə şeir də bu sevginin təzahürü idi. Əlövsətin vaxtsız vəfatı mənimçün həm də bir söz adamının, şair dostumun itkisi oldu.

Atamgil 3 qardaş, 3 bacı olublar. Böyük əmim Məhəmməd 1941-45-ci ilin davasından geri dönməyib. Misir əmim-Əlövsətin atası isə müharibədən sağ qayıtsa da, 30 ildən çox bədənində gəzdirdiyi qəlpələrin ağrılarından sonda dünyasını dəyişdi...
Atam və bibimin biri də vaxtsız dünyadan köçüblər. İki bibim isə, övlad dağı - Nuru ilə Tahirin itkisini görüb, Kəlbəcərin işğalının şahidi olub vəfat etdilər.
Əlövsətgil isə ailədə 6 qardaş, iki bacı olublar. Əlövsət 6 qardaşın 5-cisidi. Qardaşlardan 3-ü-Müstəcəb, Firuz və Əlövsət artıq bu gidi dünyaya "əlvida" deyib. Hamısının ruhu şad olsun.
Çoxlarımız kimi Əlövsət də orta məktəbi bitirdikdən bir müddət sonra paytaxta üz tutdu: oxumaq, işləmək üçün. Taleyini Bakıya bağladı. Sözsüz ki, burada çətinlikləri, problemləri az olmadı. Ancaq ayaqda qalmağı bacardı. İstədiklərini əldə elədi. Ayrı-ayrı sahələrdə, müxtəlif vəzifələrdə çalışdı. Və həmişə, hər yerdə özünü doğrultdu, kollektivdə, dost-tanış arasında hörmət qazandı.
Kəlbəcərin işğalı yerinə - yurduna bağıl olan bir insan kimi onu da sarsıtdı, taleyin bu acı qisməti ilə barışmadı. Ancaq o çətin günlərdə bəziləri kimi qaçıb gizlənmədi. Ona pənah gətirən insanlara kömək etdi, əllərindən tutdu. Qardaş-bacı, dost-tanış həmişə onun maddi və mənəvi dəstəyini hiss etdi. Səmimiyyəti, canıyananlığı, insanpərvərliyi onu sevdirdi, ona hörmət qazandırdı.
Əlövsət şeir yazmağa sonradan başladı. Səhv etmirəmsə, döğma yurd-yuvasının işğalından bir neçə il sonra. Kəlbəcərsizlik onu da dilə gətirdi, bu itki, bu göynərti onu da dərdinin aşiqi elədi:öz havasını çalmaq, öz şərqisini oxumaq üçün.

“Hər səhər dururam ümid içində,
Fikirim, xəyalım elə dağdadı”,-


dedi. Yurd-yuva itkisi, torpaq ağrısı içini göynətdi. Uşaqlıq və gənclik illəri keçən yerləri bir də görməyi arzuladı:

“Başlıbel, Xallanlı, Şahkərəm, Çovdar,
Yallama at minib gəzəydim sizi.
Ey cənnət məkanlar, ey gözəl dağlar,
Kaş geri qayıdıb görəydim sizi...”


Kaş... Ancaq bir də görmədi...

“Gözləyirəm vaxt gələcək
Gedəsiyəm o dağlara.
Yenə birgə qoşalaşıb
Çıxasıyam o dağlara”


Və o dağlara yenidən dönmək Əlövsət Misiroğluya nəsib olmadı.

Qısa tanıtma:Əlöysət Misir oğlu Əmrahov (Əlövsət Misiroğlu) 1950-ci il may ayının 27-də Kəlbəcər rayonunun Çovdar kəndində anadan olub. 1957-1961-ci illərdə doğulduğu kənddə lk ibtidai təhsil alıb. 1961-1968-ci illərdə qonşu Başlıbel kənd orta məktəbində təhsilini davam etdirib. İş fəalliyətinə 1975-ci ildə Nəqliyyat Nazirliyinin Kəlbəcər rayon Avtobazasında başlayıb. Sonralar Bakıda ayrı-ayrı sahələrdə müxtəlif vəzifələrdə çalışıb.
1993-cü ilin məlum işğal hadisəsindən sonra Ə. Misiroğlunun dərd qoxuyan şeirləri üzə çıxmağa başlayıb. Əlövsət Misiroğlu imzası mətbuatda və el məclislərində rəğbətlə qarşılanıb. “Kəlbəcər həsrəti”, “Qəm çələngi” , “Vətən bu dünyamdı, son məkanımdı” adlı şeirlər kitabı oxuculara təqdim olunub.
Əlövsət Misiroğlu 2015-ci il yanvar ayının 22-də vəfat edib.


Yaşasaydı bu il 70 illiyini qeyd edəcəkdik. Yəqin ki, bir az fərqli, bir az şən. Bu da qismətdə yox imiş. Məlum vəziyyətlə əlaqədar Əlövsət Misiroğlunun yubileyini layiq olduğu, geniş şəkildə qeyd emək də mümkün olmadı. Düşündüklərimizi, planlaşdırdıqlarımızı həyata keçirə bilmədik. Buna da çox təəssüflənirəm.
Əlövsət Misiroğlunun sözsüz ki, saysız-hesabsız arzuları və istəkləri yarımçıq qaldı:yazıb-yaratmaq, övladlarına bundan sonra da ata qayğısı göstərmək, nəvələrinə baba sevinci yaşatmaq, Kəlbəcərə dönmək, atasının məzarını ziyarət etmək və sairə. Ancaq “alınyazıs”nı pozmaq olmur, qismət beləymiş. Düşünürəm ki, Əlövsət Misiroğlunun ruhu bu mənada şaddı. Cəmiyyətə gərək olan, vətəninə xidmət edən 3 övlad yetişdirib. Və mən inanıram ki, övladları - Namidar, Nicat, Gültəkin onun yarımçıq qalan arzularının tamamlanması üçün əllərindən gələni əsirgəməyəcəklər.

Həyat yoldaşı Elza xanım ailə ənənələrinə sadiq qalaraq, bu gün də Əlövsət müəllimin adını uca tutur, övladları ilə birlikdə onun həyat amalı və insanlıq qayələrini davam etdirir. Ailədə adını daşıyan Əlövsət adlı nəvəsi böyüyür. Nəvə Əlövsət də babası kimi vətənpərvər, insanpərvər, qayğıkeş bir vətəndaş olaraq vətənimiz üçün xeyirli işlər görəcək və “ot kökü üstə bitər” məsəlinin növbəti nümunəsi olacaq. O cümlədən, nəslin davamçısı olan digər nəvələri də...

Mən ona da əminəm ki, biz yağı əlində yağmalanan yurd yerlərimizi azad edəcəyik və Əlövsət Misiröğlunun narahat ruhu onda daha da şad olacaq. Və arzu edirəm ki, onun növbəti doğum gününü, yubileyini özü olmasa da, ORALARDA keçirək.
Nə vaxtsa eşitmişdim:“ölüm ayrılıq deyil!” Deməli, insanların bir-birinə qovuşacağı məqam olur. Bizim hamımızın son mənzili ORADI. Ruhun şad olsun, əmioğlu, biz də burda əbədi deyilik....

Namiq Dəlidağlı

GƏLİM

Könlüm istər görmək üçün vətəni,
Gedib Kəlbəcəri dolanım gəlim.
Çatım Boyaxlıya, yorulum yolda,
Özüm dizin-dizin sürünüm gəlim.

Tərtər öz səsiylə eyləsin nalə,
Qayıdım vətənə, torpağa, elə.
Dağılmış, talanmış uçuq evlərə,
Başına yüz dəfə dolanım gəlim.

Sinəmdən getməyir vətən yanğısı,
Bu dərd xalqımıza alın yazısı.
Əlövsətəm bu qəlbimin ağrısı,
Bütöv Qarabağı qaytarım gəlim.

GƏZƏYDİM SİZİ

Başlıbel, Xallanlı, Şahkərəm, Çovdar,
Yallama at minib gəzəydim sizi.
Ey cənnət məkanlar, ey gözəl dağlar,
Kaş geri qayıdıb görəydim sizi.

Başlıbel seyidlər yurdu, məkanı,
Qonaqpərvər ağsaqqalı, cavanı.
Qonaq edər nəyə olsa gümanı,
Dünyaya nümunə verəydim sizi.

Xallanlı kəndində yaşayan kəslər,
Dünyanı dolanıb gəzib gələrlər.
Hər bir işdə alış-veriş edərlər,
Dağlarda alverə çəkəydim sizi.

Şahkərəmin turş suyunda oturub,
Göy çəməndə çəmən süfrə saldırıb.
Kabab çəkib, badələri qaldırıb
Su içməyə dəvət edəydim sizi.

Çovdar təbiətin möcüzəsiydi,
Min cürə gül-çiçək xəzinəsiydi.
Əlövsət bu kəndin öz körpəsiydi
Bircə yol bağrıma basaydım sizi.

DAĞDADI

Hər səhər dururam ümid içində,
Fikirim, xəyalım elə dağdadı.
Dedilər köçməyin kənddən köçəndə,
Bələn tər çiçəyə, gülə dağdadı.

Gözünlə baxasan gözlərin doymaz,
Yayında, qışında qar əskik olmaz.
Gözəlliyi görən gəzər, yorulmaz,
Kərəmsiz qayıtmır lələ, dağdadı.

Əlövsət, xəyallar yaylağa getdi,
Atlandı "Kəhərə", bulağa getdi.
İlk dəfə gördüyü oylağa getdi,
Sevdiyin axtardı görə dağdadı?!

GƏLƏYDİM

Çovdardan bir ata minib yallama,
Başlıbelə çapa-çapa gələydim.
Deyəydilər bu toy büsat burdadı,
Qapıdakı toy mağara gələydim.

Mənim-sənin bilməz idim heç kimi,
Yaxın-uzaq seçməz idim heç kimi,
Qəm-qüssəli görməz idim heç kimi,
Kaş yenə də o ünvana gələydim.

Təbiətin cənnətiydi dağlarım,
Xoşbəxtliyin zirvəsiydi vaxtlarım.
O qədər şən nəğməliydi baharım,
"Tərəkəmə" oynamağa gələydim.

Əlövsətə çətin gəlir şəhərdə,
Yaz gələndə lap qalıram qəhərdə,
El-obalı, qardaş-bacı bir yerdə,
Halınızı soruşmağa gələydim.

TALAN KƏLBƏCƏR

Mənim həyatımdı, mənim varlığım,
Düşmən tapdağında qalan Kəlbəcər.
On ildi gözümüz yollarda qalıb,
Vədlər də olubdu yalan Kəlbəcər.

Şahlara heç zaman əyilməz olan,
Dağları vüqarlı, əl çatmaz olan.
Oğlu da, qızı da həm qorxmaz olan,
Ev-eşiyin oldu talan, Kəlbəcər.

Özünə qalsaydı məğlub olmazdı,
Heç kimə torpağı əsir qoymazdı.
Xalqı başbilənlər allatmasaydı,
Verməzdi yağıya aman Kəlbəcər.

Qayası bir səngər olan torpağı,
Qoymazdı yaxına gəlsin bir yağı.
Əlövsət, inşallah lap Qarabağı,
Alarıq göstərər zaman, Kəlbəcər.

GÖZLƏRİM

Könlüm elə kövrək olub dindirmə,
Əlli yerdən yaş tökəcək gözlərim.
On ildir ki, vətənini görəmmir,
Belə getsə nə edəcəkgözlərim.

Hamı gözləyir ki, qurtarar dava,
"Dağılar buludlar, açılar hava"
Yenə yol gedərik üzü Murova,
Sona kimi gözləyəcək gözlərim.

Dümüşəm elimdən, obamdan uzaq,
Vətəndə vətənə olmuşam qonaq.
Sülh bağlana, el-obaya qayıdaq,
Görün necə sevinəcək gğzlərim.

Müharibə yara vurub qəlbimə.
Əlövsətəm, çarə tapın dərdimə.
Hansı günü qayıdacam kəndimə,
O torpağa su səpəcək gözlərim.

ANA

Sən məni həyata gətirdin özün,
Mən səni yaşada bilmədim, Ana!
Yüz cürə əziyyət çəkdin mənimçün,
Mənə heç əziyyət vermədin, Ana!

Ha istədim sənin nazını çəkim,
Çatmazdı heç buna mənim cürətim.
Çəkdin ev-eşiyin, yurdun həsrətin,
Heç kimə dərdini demədin, Ana!

Gözlədin sülh olar, dönnük vətənə,
Heyf ki, bu sülh də düşüb düyünə.
Əlövsətin imkan keçsə əlinə,
Aparar, vətəni görərdin, Ana!

OXU "LAÇINIM"

Məhəbbət Kazımov, oxu "Laçınım",
Dünya Laçın deyib səsləsin eli.
Məhəbbət Kazımov, oxu "Laçınım",
Dünyada düşmənin kəsilsin dili.

Məhəbbət Kazımov, oxu "Laçınım",
Dünya müsəlmanı dinləsin səni.
Sən elə oxu ki, qonşu rayonlar,
Kəlbəcər, Zəngilan eşitsin səni.

Oxu, Qubadlını haraya çağır,
Gəlsin köməyinə Şuşa, Cəbrayıl.
Hamı o səsinə olsunlar mayıl,
Xocalı, Əsgəran eşitsin səni.

Fizuli, Ağdam da eşidib gəlsin,
Yeri göylə birləşdirsin qoy səsin.
Düşməni yandırsın, yaxsın, göynətsin.
Laçın toylarında eşitsin səni.

Çıx ki, Cıdır düzə el səni görsün,
Xan əmi səsinə bir fikir versin.
Kəlbəcərdən Əlövsət sağ ol desin.
Yer üzü dinməsin eşitsin səni.

BOŞ GEDİR DÜNYA

Xəyallara dalıb fikirləşirəm,
Nə üçün yaranmış, nə edir dünya.
Haraya baxıram fəlakət, qırğın,
Özü yatratdığın qərq edir dünya.

Yağışlar leysantək yağır başlara,
Sellər insanları çırpır daşlara.
Bu mavi ekrandan baxıram hara,
İnsan əməyini məhv edir dünya.

Qasırğa yaradır zəlzələsiylə,
Uçurur, dağıdır vəlvələsiylə.
Min cürə dərd verir titrəməsiylə,
Sağalmaz xəstəlik bəş edir dünya.

Deyəsən İsrafil surun çalacaq,
Yenə də yer üstün sular alacaq.
Əlövsət, insansız özü qalacaq,
Gəldiyi kimi də boş gedir dünya.

O DAĞLARA

Gözləyirəm vaxt gələcək
Gedəsiyəm o dağlara.
Yenə birgə qoşalaşıb
Çıxasıyam o dağlara.

Gələcəkdi yaxşı zaman,
Ürəyimdə qalıb güman.
Əcəl bircə versə aman,
Dönəsiyəm o dağlara.

Yaradana ümidliyəm,
Gündə məqam gözləyirəm.
Ayaq üstü at üstəyəm,
Köçəsiyəm o dağlara.

Hüt yaylağı qəribsəyib,
Bizi hər zaman gözləyib.
Əlövsətdən söz istəyib,
Deyəsiyəm o dağlara.

Əlövsət Misiroğlu
Sumqayitfakt.Az










Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər