Xəbər xətti

Yazarlar





Rublika
Arxiv
«    Mart 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Ən çox oxunanlar
Sorğu

20 YANVARIN AĞRILI-ACILI XATİRƏSİ

Baxılıb: 3144     Tarix: 14-01-2019 22:12   
20 YANVARIN AĞRILI-ACILI XATİRƏSİ
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecəni çox narahat yatmışdım. Səhər yatağımdan qalxıb, tez eyvana çıxdım. Göyün üzü buludlu idi. Üfüqdə qalmış tünd qırmızı qızartı qara buludlara sarılıb xüsusi bir mənzərə yaratmışdı. Ala-qırmızı, topa-topa buludlar bir-birini qovurmuş kimi üfüqdən uzaqlaşır, səmada toparlaşaraq daha tünd rəngdə göy üzünü tuturdu. Havadan rütubət qoxusu gəlirdi, sanki bu qara buludlar dolu olub yer üzünə səpələnmək istəyirdilər.

Günəş hələ çıxmamışdı, bəlkə də qara buludların seyrəkləşməsini gözləyirmiş kimi üfüqdə daldalanıb qalmışdı. Buludlarsa sakitləşmək bilmirdi, sanki göy ağlamsınırmış kimi göz yaşlarını güclə sıxıb saxlayırdı. Buludlar bir qədər seyrəkləşdikcə günəş şüaları göz vururmuş kimi arabir bərq vurur, yenə buludların arxasında görünməz olurdu.

Mən həmişə bu vaxtlar qoyunları tövlədən çıxarıb növbəyə qoşmaq üçün kəndin içərilərinə aparırdım. Burada həmkəndlilərimlə görüşüb, hal-əhval tuturdum. Bu gün isə onlar məni qabaqladılar. Onların üzündə qorxu, təlaş, hərəkətlərində bir şaşqınlıq vardı. Nəsə soruşmaq istəyəndə biri:

- Müəllim, eşitmisən Bakıda qırğın olduğunu? Ruslar ordu göndəriblər. Deyirlər ki, çoxlu ölənlər var, yaralananların isə sayı-hesabı yoxdu. Niyə belə eləyirlər axı? Cavan-cavan uşaqları niyə al-qanlarına qəltan edirlər? Görən bizdən nə istəyirlər bunlar?

Mən yerimdəcə donub qaldım. Heç nədən xəbərim olmadığını desəm də, bərk qorxdum. Nə edəcəyimi bilmədim. Bakıda təhsil alan uşaqlarım bir anda gözlərim önünə gəldilər. Başım hərləndi, elə bil bir qədər əvvəl göy üzündə ağlamsınan buludlar dolu olub üstümə tökülürdü. Özümü birtəhər ələ alıb:

- Axı kim deyir bunları? Necə yəni qırğın olub? Ermənilərdi?

- Nə bilək, ay müəllim, biz də sənin kimi, dəqiq bilmirik. “Elektriçka” ilə gələn fəhlələr danışırdılar. Biz də ucundan-qulağından nə eşitmişik onu deyirik.

Tez-tələsik evə qayıtdım. Qonşuların da bu barədə danışdıqlarını görəndə, ta tabım qalmadı. Tez paltarımı dəyişib Bakıya yol aldım. Ən çox oğlum Azərdən narahat idim. İnşaat Mühəndisləri İnstitutunda oxuyurdu. Eşitmişdim ki, «Xalq cəbhəsi» adlanan qrumun üzvləri gəncləri, xüsusən də tələbələri nümayişlərə cəlb edir, könüllü qoşulanlar da olurdu. Azər də tələbə idi, ikinci kursda oxuyurdu. Yəqin ki, o da tələbə yoldaşlarından kənarda qalmazdı. Qızım Şəlalə isə Tibb Unimversitetinin sonuncu kurslarında idi. Hər ikisi Biləcərdə kirayədə qalırdı.

Mən birbaşa Bakıya – qırğının baş verdiyi XI Qızıl Ordu dairəsinə, indiki 20 Yanvar metrosu tərəfə getmək istəyirdim. Yolda maşınımızı – avtobusu saxladılar. Bakıya rayonlardan gələn maşınların buraxılmadığını bildirdilər.

Biləcərinin yoxuşunu piyada çıxmalı oldum. «Şamaxinka»ya çatanda gözlərimə inana bilmədim. Gördüklərimi sözlə ifadə eləmək mümkün deyil. Sınıq-sökük, əzik-üzük maşınlardan sanki barrikadalar düzəldilib. Asfaltın üstünə səpələnmiş dəmir, taxta, şüşə parçaları, tankların tırtılları altında əzilib bir-birinə qarışmışdı. Ətraf uzun illərdən bəri təmizlənməmiş zibilxananı xatırladırdı.

XI Qızıl Ordu dairəsinə heç kəsi buraxmırdılar. Mən məcburiyyət qarşısında qalıb Biləcəriyə qayıtdım. Uşaqlarımın kirayədə yaşadıqları evi axtarıb tapdım. Evin qapısı qıfıllı idi. Qonşulardan uşaqlarımı soruşdum. Gecə gəlmədiklərini söylədilər. Mən daha da vahimələnməyə başladım. Şübhələr beynimi sanki ovub dağıdırr, qara-qorxulu fikirlər məni rahat buraxmırdı. Əlimdən isə heç bir iş gəlmirdi. Onda mobil telefon da yox idi. Uşaqlardan necə xəbər tuta bilərdim. Fikir və düşüncələr məni ağuşuna alıb harasa aparmaq istəyir, mənsə elə halsız olmuşdum ki, bir ağır daş kimi səkiyə düşüb qaldım. Handan-hana kimsə mənə yaxınlaşdı, qolumdan tutub qaldırdı. Mənə təskinlik verməyə başladı. A kişi, səbrli ol, Allah kərimdir. Mənim qayınımın qızı da sənin qızınla oxuyur. O da gəlməyib. Yəqin ki, bir yerdədirlər. Harda olsalar indi gəlib çıxarlar. Dur, dur keçək bir stəkan çay iç, uzaqdan gəlmisən, bir az dincini al, yorğunluğun çıxsın.

Biz birmərtəbəli evə keçdik. Haqqında danışdığım adam Vaqif kişi idi. Tez çay gətirtdi. Çay içə-içə söhbətə başlayan Vaqif kişi özü də qorxu, təşviş içində idi. Ötən gecə güllə səsindən, top, fişəng atəşlərindən yata bilmədiklərini təlaşla danışırdı. Elə bu vaxt mənim arxa tərəfimdəki pəncərə şüşələrinin çiliklənib tökülməsi ilə qulağımın lap dibindən keçib, ön divarı deşən güllələrin səsi bir anda baş verdi. Allahın mənə yazığı gəlmişdi. Başımı bir az yana tərpətmiş olsaydım, narahatlığını çəkdiyim tələbə övladlarıma həsrət qalacaqdım. Özü də həmişəlik… Tez dalda yerə çəkildik... Mənə bir stəkan su verdilər. Suyu içib, oranı tərk etdik.

Bir neçə saatdan sonra Vaqif kişi xəbər gətirdi ki, tələbə qızlar bu gecə səhərə kimi yaralıları «Semaşko» adlanan xəstəxanaya daşımaqla məşğul olublar. Sənin qızın Şəlalə də orada olub. Salamatdırlar! Ancaq Azərdən xəbərləri yoxdur. Qızlar deyirlər ki, yaralıların arasında Azərə rast gəlməyiblər.

Düzü, bir qədər rahatladım. Axşama az qalırdı. Mən geri qayıtmalı, evdəkilərə bir xəbər çatdırmalı idim. Axı anaları çox nigaran idi…

Bakıdan rayonlara gedən maşınlar da yolda heç kəsi götürmürdü. Həm də əli avtomatlı hərbçilər maşınları bir-bir yoxlayıb, sonra getmələrinə icazə verirdi. Həmin hərbçilər yerli - azərbaycanlı əsgərlər deyildi. Çox qorxunc, qəzəbli simaları vardı, elə bil gözlərindən qan damırdı. Hündür boylu, iri cüssəli

idilər. Adi əsgərlərə bənzəmirdilər. Sonradan öyrənmişdim ki, onlar xüsusi təlim görmüş partizan-zabitlərmiş.

Yolu piyada getməli oldum. Xırdalan dairəsinə yaxın dəmiryolu körpüsünə çatmaqda idim. Hərbçilər bir qara minik maşınını körpünün altında saxladıb yoxlamağa başladılar, dayanıb dincimi almaq istədim. Həm də fikirləşdim ki, saxlanılan bu maşının sahibi bəlkə rəhm eləyib məni öz maşınına mindirdi. Mən bu fikirdə ikən, nə görsəm yaxşıdır? Hərbçilərdən biri avtomatı mənə tuşlayıb, «Dayanma, yoxsa güllələrəm!» deyə uca səslə üstümə çığırdı.

Düzü oradan necə uzaqlaşdığımı indi də təssəvürümə gətirə bilmirəm. Qorxu nə yaman olurmuş… Saxladılan minik maşını da yanımdan ötüb keçdi. Birtəhər Xırdalan qəbristanlığı olan təpəyə gəlib çatdım.



Hava artıq qaralmaqda idi. Yalnız təkbir gələn maşınların işığı yolu işıqlandırırdı. Yolun içi ilə getmək də təhlükəli idi. Arxadan gələn maşın adamı vura bilərdi. Kim kimə idi, kimin kimdən xəbəri olacaqdı ki?! Yoldan kənar gedəndə də adamın ayağına ilişməyən daş, kəsək, məftil və daha nələr qalmırdı. Bir neçə dəfə büdrəyib yıxıldım da. Haldan düşmüşdüm, çətinliklə nəfəs alırdım. Elə bil Allahın mənə rəhmi gəlmişdi. Bir avtobus yanımızda dayandı. Məni və yolda olan bir neçə nəfəri götürdü. Sumqayıta gedirdi. Sumqayıtın girəcəyindəki dairədə düşməli oldum. Bir nəfər də mənimlə düşdü. Rayona tərəf maşın gözləməyə başladıq. Bir tərəfdən yorğunluq, yuxusuzluq digər tərəfdən oğlum Azərdən nigarançılığım bu bir gündə ömrümü on il arxaya atdı. Özümdə deyildim. O gecə evə necə gəldiyim yadımda deyil. Səhəri öyrəndim ki, mənimlə avtobusdan düşən adam rast gəldiyi maşınla məni kəndə qədər gətirib, özü sonra Siyəzən şəhərinə qayıdıbmış.

Gecə qaranlıq olduğundan mən onu tanımamışdım. O isə məni tanıyıb, kim olduğumu bilibmiş. Bu da Allahdandır. Allah yaxşı insanları darda qoymasın.

İndi o günlərdən 29 il ötüb. Düşünürəm ki, Allah məni yenidən yaşadıb. O vəhşi hərbçilərin gülləsinə tuş gətirməyib. Bir də düşünürəm ki, düşmən gülləsindən ölsəydim onda mənim də al qanım azadlıq fədailərinin qanına – şəhidlərimizin qanına qarışardı. Özüm şəhid sayılmasaydım da, qanım Vətən torpağını qırmızı qərənfillərtək bəzəyər, qan izlərim ana torpağımızın bir hissəsində də olsa, naxış olub, qalardı. O ana qədər yaşadığım ömür, sonralar yaşadığım yüz ömrə dəyərdi bəlkə...

Bir də düşünürəm ki, Allahın mənə bəxş etdiyi bu 29 illik ömrə niyə belə acımasız yanaşıram ki... Şəhidlik də bir Allah qismətidir... Yəqin ki, Allah belə məsləhət bilib, məni bugünə qədər yaşadıb. Balalarımızın təhsili, tərbiyəsi işini davam etdirməyini rəva görüb...

...Xəyalım yenə məni çox uzaqlara çəkib aparır. Vaxtilə qardaş sovet respublikaları, sülhsevər Sovet Ordusu adlandırdığımız vəhşilərin barbarlıq

hərəkətləri gözlərimin önünə gəlir. «Böyük qardaş» dediklərimizin törətdiyi vəhşiliyi heç cür anlamaq olmur. Bu «böyük qardaş»ın əliyalın «kiçik» bacı və qardaşlarını necə qanlarına qəltan etdiyini, Bakının nefti-benzini ilə hərəkətə gələn tank, top və pulemyotların günahsız insanlara, mülki vətəndaşlara, hətta uşaqlara atəş açmalarına, yaralıları daşıyan təcili yardım maşınlarını güllə-baran etmələrinə nə ad, nə qiymət vermək olar? Bu vəhşiliyi bəşər övladı – insan adlanan məxluq edə bilməz. Bu olsa, olsa erməni terrorizminin türk xalqlarına qarşı yönəldilmiş, planlı şəkildə həyata keçirmək istədiyi mənfur siyasətinin məhsuludur. O vaxtkı Sovet imperiyasının azsaylı millətlərin azadlıq ideyalarını beşikdəcə boğmaq siyasətinin astar üzüdür. Amma buna nail ola bilmədilər, qəhrəman şəhidlərimizin qanı bahasına da olsa, biz azadlığımızı qazandıq. Şəhidlərimiz barmaqlarını öz qanlarına batıraraq, «Vətən”, “Azadlıq» kəlmələrini yazaraq, ölümsüzlüklərini əbədiləşdirdilər. Onların ruhları daima müstəqil Azərbaycanın üzərində dolaşır. Allah şəhidləmizə rəhmət eləsin. Onların ruhları qarşısında baş əymək hər bir Azərbaycan vətəndaşının müqəddəs borcudur.

Şərbətəli Mahmudov,
şair-publisist


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər