Xəbər xətti

17-03-2019

Yazarlar





Rublika
Arxiv
«    Mart 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Ən çox oxunanlar
Sorğu

Süleyman Hüseynovun "And"ı

Baxılıb: 2185     Tarix: 23-01-2019 22:28   
Bir daha Süleyman Hüseynovun "And" romanı barədə düşüncələrim
Süleyman Hüseynovun "And"ı


AND vermək və ya AND içmək kimi bir anlayışın olması hamımıza bəllidir. Amma bunların arasında bir təzad olduğunu desəm, məncə, düz olar. Belə ki, AND vermək, kimi isə özünün şəxsi maraqlarına, real olmayan bir söhbətinə və ya əməlinə riyakarcasına don geyindirməklə inandırmaqdırsa, AND içmək isə insan kimi, kişi kimi hər hansı bir işi sona çatdıracağına ləyaqətlə söz verməkdir. Və bu baxımdan AND vermək cılız insanların təsir vasitəsidirsə, AND içmək əsl kişilər üçün şərəf məsələsidir, ləyaqət-mənlik simvoludur…

Hələ uşaqlıqdan və gənclik illərimdən kitab oxumaqla aram həmişə yaxşı olub. Kitaba olan sevgim bu gün də nəinki azalmayıb, əksinə - qat-qat artıb. İlk əvvəl şəkilli nağıl kitablarından başlayaraq, sonradan hamı kimi məndə də daha sanballı hekayə, povest və roman oxumağa həvəs yarandı. İstər milli yazarlarımızın əsərləri olsun, rus və ya dünya ədəbiyyatı, istər klassiklər olsun, istər müasir yazıçılar, dəxli yoxdur, yaxşı əsərdirsə, həvəslə oxuyuram. Amma onu da qeyd edim ki, əgər bir kitabı nə vaxtsa oxumuşamsa, ikinci dəfə həmin kitabı oxumağa, hətta sadəcə vərəqləməyə vaxt ayırmıram. Bu xasiyyət yaxşıdır və ya pis, deyə bilmərəm. Şeir kitabları istisna olmaqla, çünki şeir kitablarını birnəfəsə oxumağı sevmirəm, onları bir-iki həftəyə, bəzən bir-iki aya oxuyub qurtarıram.

Evimdə 1000-ə yaxın kitabdan ibarət kitabxanamın olmasını dostlarım yaxşı bilirlər. Kitabxanam ən çox sevdiyim dostum-sirdaşımdır desəm, yanılmaram. Çünki darıxdığım və tək qalmaq istədiyim vaxtlarda belə həmişə ona güvənmişəm, əlimi ona tərəf uzatmışam. İndi də əlimi kitabxanamdakı rəflərin birinə uzadıb, səliqə ilə sıralanmış kitabların arasından birini götürdüm. Bu, yazıçı Süleyman Hüseynovun 2017-ci ildə çap olunmuş və öz şəxsi imzası ilə mənə bağışladığı “AND” romanıdır. Kitabın mənim adıma hələ 18.11.2017-ci ildə imzalanmasına baxmayaraq, nədən oxumamağım mənə qəribə gəldi. Axı, gözəl qələm sahibi, ən azından illərlə tanıdığım və yaradıcı dostluğumuz olan bir yazıçının kitabı necə ola bilərdi ki, mənim gözümdən yayınsın. Kitabın arxa tərəfindən yazıçının şəkli sanki qınayıcı nəzərlərlə mənə baxıb gülümsünürdü. Dostuma qarşı bu diqqətsizliyi heç özümə bağışlaya bilmədim. Həmin anda mən də üzümü dostumun şəklinə tutaraq elə bu dəqiqədən etibarən kitabı oxumağa başlayacağıma söz verdim. Kitabı oxuyub qurtarandan sonra da roman haqqında fikirlərimi oxucularımla bölüşəcəyimə and içdim. Və... iki gün ərzində romanı oxuyub qurtardım.



İlk əvvəl onu deyim ki, Vətənə, xalqa, ailəyə olan sevgidən, Qarabağ müharibəsindən və bu müharibənin başlanmasına səbəbkar olan qaniçən, mənfur erməni qonşularımızın alçaqlıqlarından, bizim soydaşlarımızın başına gətirdikləri müsibətlərdən, döyüş bölgərənində baş verən faciəvi hadisələrdən, Vətən-torpaq uğrunda döyüşən gənclərimizin qəhrəmanlıqlarından bəhs edən bu kitab elə ilk başlanğıcından adamı özünə bağlayır və romanın necə, hansı məcrada bitəcəyi oxucunu düşündürür. Elə bu baxımdan da oxucu tez bir zamanda kitabı oxuyub başa çatdırmağa çalışır.

Yazıçı Süleyman Hüseynovun “AND” romanında söhbət ayrı-ayrı ölkələrdə doğulmuş, sonradan bir təsadüf nəticəsində tanış olmuş iki gəncin həyatından gedir. Tale elə gətirir ki, bu təsadüfi tanışlıq ilk əvvəl dostluğa, sonradan isə ülvi məhəbbətə çevrilir. Romanın qəhrəmanı olan Seymurun Vətən uğrunda qəhrəmancasına şəhid olmasını, onun həyat

yoldaşı, milliyyətcə rus olan Aidanın isə ərinin qisasını yerdə qoymayacağına and içərək bütün əziyyətlərdən, məşəqqətlərdən və hətta əsirlikdə olarkən ağır işgəncələrdən keçməsinə baxmayaraq, öz andına sadiq qalmasını, müharibənin insanların qəlbinə vurduğu yaraların sızıltılarının yazıçı tərəfindən ürək ağrısı ilə qələmə alınmasını qeyd etməmək olmur. Valideyinlərinin şəhid olmasından sonra baba-nənəsinin himayəsində böyüyən balaca Murad sonradan təhsilini Heydər Əliev adına Hərbi Litseydə müvəffəqiyyətlə davam etdirir. Gələcəyin zabitinin Ali Baş komandanla baxışları toqquşanda bu baxışlarda qürur, sabaha inam və Vətənin keşiyində durmaqla atasının yolunu mətinliklə davam etdirmək kimi şərəfli bir hissi duymamaq mümkün deyil. Bu baxışlardakı qisas hissi, Vətəni tez bir zamanda düşmənlərdən azad etmək arzusu oxucuda inam yaradır…

Kitabı oxumayan və əldə edib oxumaq istəyində olan oxucuları intizarda qoymaq üçün romanda yazılan hadisələrdən çox danışmayacağam .Təkcə onu deyim ki mən bu kitabı oxuyarkən hadisələr sanki bir kino lenti kimi gözlərim qarşısında canlanırdı və bəzən özümü müharibənin getdiyi qızğın döyüşlərin iştirakçısı kimi hiss edirdim. Qarabağ döyüşlərindən bəhs edən kitabları az oxumayan bir adam kimi ürəklə onu söyləyə bilərəm ki, yazıçı Süleyman Hüseynovun “AND” romanı öz dramatik-psixoloji sujet xətti ilə digərlərindən fərqlənir. Ən azından ona görə ki, kitabda baş verən hadisələr oxucunu psixoloji cəhətdən qorxutmur, sındırmır, ruhdan salmır, əksinə - romanı oxuyan oxucuları rəşadətə, qəhrəmanlğa və Vətənin müdafiəsinə səsləyir. Roman yaşından asılı olmayan hər bir oxucuda Qarabağ torpaqlarının yaxın zamanlarda düşmən tapdağından azad olunacağına inandırmağı bacarır, ruh yüksəkliyi yaradır. Kitab bu baxımdan daha oxunaqlı, daha maraqlıdır desəm, yanılmaram və bu, yazıçı Süleyman Hüseynovun uğurudur.

Sonda düşünürəm ki, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə nəşr olunan “AND” romanının ssenarisi əsasında yəqin ki nə vaxtsa gözəl bir film çəkiləcək. Mən buna inanıram. Xalqımızın qəhrəmanlıq tarixini yaddaşlara köçürtmək üçün belə romanların ssenarisi əsasında fiimlərin çəkilməsinə çox ehtiyac var, hətta mən deyərdim ki, zəruridir.

Arif ƏRŞAD,
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
yazıçı-tərcüməçi.


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər